Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

Qazax ədəbiyyatı şifahi poetik yaradıcılıqla
yazılı ədəbiyyat mərhələsində

Qazax ədəbiyyatının tarixi kökləri qədimdir. Onun ən başlıca xüsusiyyəti şifahi xalq yaradıcılığı ənənələrinə bağlı olmasındadır. Bu ədəbiyyatın təşəkkül və inkişafında mühüm rolu xalq nəğməkərları- akınlar, jirşı və jıraular oynayırdılar. Qazaxların şifahi yaradıcılığında xalqın ürək çırpıntıları, milli müstəqillik uğrunda mübarizə, onun adət-ənənələri, düşüncə tərzi, nəğmələri, rəvayətləri, əfsanələri, nağılları, qəhrəmanlıq və epik poemaları, atalar sözü, zərbi məsəlləri öz əksini tapmışdır. Qazax folklorunda sözün həqiqi mənasında nəsildən nəsilə verilən incilər vardır. Qazax xalqının mənəvi zənginliyi içində “Alpamış”, “Qoblandi-batır”, “Yer-Turqın”, “Qəmbər” və s. kimi yadellələri lənətləyən epik poemalar; sevgi, dostluq, sadiqlik və s. kimi keyfiyyətləri aşılayan liro-epik “Kozı-Korpeş” və “Bayan-Slu”, “Qız-Jibek”, “Ayman-Şolpan” və b. poemalar; “Beket haqqında dastan”, “İsatay və Məhəmbət”, “Utegen” və s. kimi tarixi poemalar vardır.
Tükənməz bulaq olan qazax folkloru yüzillərlə xalqın ərzində mənəvi ehtiyaclarını ödəməkdə davam etdi. Onun zəngin növ və janrlarında xalq həyatının müxtəlif tərəfləri əks olunurdu.
Dövrümüzə qazaxların əcdadları tərəfindən yaradılmış çoxsaylı atalar sözü, zərbi məsəlləri, ibarəli deyim və duyumları gəlib çatmışdır. Qazax folklorunda atalar sözü və zərbi məsəllər xalq hikmətinin ən mühüm janrlarından biri kimi möhkəmlənmişdir. Qazax folklorunda, onun mərasim məişət poeziyasında, nəğmələrində və deyimlərində, nağıllarında və tapmacalarında və s. növ və janrlarında qədim dövrün izləri qalmışdır. Şifahi poetik ənənələr qədim dövrün tanınmış nəğməkarlarının adını tarixə həkk etmişdir. Məsələn, bütün türk xalqlarının möhtəşəm yaradıcılığı olan “Kitabi-Dədə Qorqud” eposunda Qorqud - nəğməkar və musiqiçi, ilk əfsunçu melodiya və nəğmələrin yaradıcısı kimi təqdim olunur . Başqa sözlə desək, qazax torpaqlarının coğrafi hədlərində yaranmış Qorqud nəğmələri Azərbaycan torpağında “Kitabi-Dədə Qorqud”un formalaşması ilə başa çatır . Şifahi poetik yaradıcılıq yaddaşında bir sıra nəğməkarların Atalıq, Sıpar-jırau, noğay filosofu Həsən-Qayğı və b. adını saxlamışdır.
Sonrakı əsrlərdə, xüsusən XVI, XVII, XVIII əsrlərdə qazax xalq yaradıcılığında patriarxal ənənələrin gücü olduqca böyükdür. Folklor gündəlik məişət və mərasimin daimi iştirakçısıydı. Onun müxtəlif janrları ailə və ictimai həyatın bütün sahələrinə nüfuz edirdi. Məişət folklorsuz, poetik ənənələrsiz dərk edilmirdi. Kütləvi folklor, onun gündəlik vəziyyəti gerçəkliklə əlaqədə idi: hamı poeziyaya rəğbətlə yanaşır, bəzən nəğmə qoşur, bəzən atalar sözü, aforizmlər işlədirdi... İmprovizasiyalı mətn və improvizatorların sayı bilinmirdi. XVII-XVIII əsrlər improvizatorları sırasında qazax səhrasında xüsusən akın və jıraular seçilirdi. Onlar özlərini geniş repertuarlı improvizator-nəğməkarlar kimi təstiqləyirdilər. Dövrün akınları folklorla yaxından tanış olmaqla yanaşı, həm də nəslin, şəcərinin bilicisi sayılırdılar. XVIII əsrdə qazax səhrasında qazaxların mənşəyi ilə bağlı çoxsaylı rəvayət və əfsanələr populyar idi. XIX əsr XX əsrin əvvəlləri qazax şıfahi poeziyasında yeni dövr başlamışdı. Şifahi poeziya ictimai həyat və məişətdə gedən yeni hadisələrin şahidinə çevrilirdi, Qazaxstan Rusiya imperiyası tərəfindən istismar olunduqdan sonra (XIX əsrin 60-cı illəri) folklorun məzmunu, janrların tərkibi, onlar arasında mövcud olan münasibət və formalar da dəyişikliyə məruz qaldı. Odur ki, XIX əsrin ortaları qazax ədəbiyyatında, həm də yeni bir inkişaf dövrünün başlanğıcı kimi nəzərdən keçirilməlidir
XIX əsrin ikinci yarısına qədər qazaxların yazılı ədəbiyyatı mövcud deyildi. Bu dövrə qədər onların poetik sənəti yalnız şifahi şəkildə inkişaf etmişdi. Savadsızlığın tam hakim olduğu bir şəraitdə qazaxların şifahi yaradıcılığı xüsusi əhəmiyyətə malik olmaqla xalq üçün bədii ədəbiyyatı əvəz edirdi.
Əlbəttə, qazax folklorunun necə və nə zaman yaradılması ilə bağlı məsələ bu günə qədər açıq qalır. Bununla belə tarixçilər qeyd etdiyi kimi məsələ qazaxların etnogenezi ilə sıx bağlıdır. Eyni zamanda son dövrlərə qədər bu problem mübahisəli olmaqla hələ də tam həllini tapmamışdır. Bir şey məlumdur ki, qazax xalqı müasir Qazaxstan ərazilərinə köçmüş qeyri həmcins türk və monqol qəbilələrindən yaranmışdır. Alimlərin fikrincə yaranan xalqın nüvəsini qıpçaqlarla bərabər, həm də usunlar, kanqlılar, konratlar, kireylər, naymanlar, jalairlər və başqaları təşkil etmişdir. Etnogenez prosesi XVI əsrin sonlarına qədər davam etmişdir.
Qazax folkloru öz yaranış və təşəkkülündə şifahi-poetik yaradıcılıq və türk yazılı abidələrinin ənənələrinə söykənmişdir. Belə möhtəşəm abidə Mahmud Kaşığarinin üç cildlik “Divani-luğat-if türk” əsəridir. Bu lüğətdə Kaşğar türk-uyğurların mükəmməl qrammatikası əksini tapır. Bundan başqa qədim türk qəbilələrinin, qazaxların sələflərinin, folklor nümunələri həm də, qıpçaq (kuman) abidəsi olan “Kodeks Kumanikus” da yaşamaqdadır.
Bütün bunlarla yanaşı qazax ədəbiyyatı tarixinin ən möhtəşəm dövrü XIX əsr hesab olunur. Məhz bu dövrdə qazax folkloru ən mükəmməl səviyyəsinə gəlib çatır. Bu dövrdə formalaşan yazılı ədəbiyyat, həm də akın poeziyasının inkişafına güclü təkan verdi. Qazax xalqının mənəvi həyatında akınlar mühüm rol oynayırdılar. Virtuoz sənətkarlıq hazırcavablıq, bilik və bacarıq nümayiş etdirməklə, ifa etdirdikləri nəğmə-aytıslarda onlar yüksək nümunəli musiqi əsərləriyaradırdılar. Qeyd etmək kifayətdir ki, XIX əsrdə Dövlət Babatayev (1802-1872), Şortanbay Kanayev (1818-1881), Birjan-sala (18341897), Axan-sere (1843-1906) və d. bu kimi tanınmış akınlar yazıb yaratmışlar. Onların ifa etdikləri əsərlərdə qazax cəmiyyətində gedən proseslər əks olunur, daha qlobal problemlərin kökünə nəzər salınır, əksər hallarda keçmiş tərənnüm olunur, yaşadıqları çağa birmənalı münasibət ifadə olunmurdu.

 

 

 

Cambul Cabayevin yaradıcılığı
(1846-1845)
Cabayevdən (1846-1945) Akın yaradıcılığından söhbət düşmüşkən böyük qazax akını Cambul danışmağa ehtiyac vardır. Cambul Cabayev dahi Abayın həmyaşıdıdır. Demək olar ki, o, düz bir əsr ömür sürmüşdür. Kasıb qazax ailəsində doğulmuş akın köç zamanı Cambul dağının ətəklərində dünyaya gəlmişdir. Onun adı da bu dağın şərəfinə belə adlandırılmışdır. Bu haqda Cambul “Mənim həyatım” poemasında məlumat verir. Cambul erkən yaşlarından şeir qoşmağa başlamışdır. Erkən şeirlərində o geniş sosial ümumiləşdirmələr edə bilməyə müvəffəq olmuşdur. Əsərlərində tarixi şəxsiyyətlərin fəaliyyətinə qiymətini pərakəndə xalq realizmi mövqeyindən verməyə çalışmışdır. Əsərlərində xalqı ona zülm edənlərə qarşı mübarizəyə səsləmişdir. Bununla belə düşünmək olmaz ki, Cambul sosial-fəlsəfi ruhlu şeirlərini lap elə əvvəlcədən yüksək səviyyədə yazmışdır. Öz dövrünün akınları ilə poetik yarışa girən Cambul rəqibləri kimi tayfa təsəvvürlərindən çıxış etmişdir. Yarışma, deyişmə tipli şeirlərində o, öz tayfasının var-dövlətini və gücünü tərənnüm edir, onun var-dövlətini digər döşmən tayfalardan 1902-ci ildə Dosməhəmbət adlı akın-molla ilə deyişmədə Cambul onun kimilərin istismarçı qüvvələrə xidmət etdiyini qeyd edir və bildirir ki, xalq yumruq kimi birləşdikdə Dosməhəmbət kimilərin onu istismar etməsinə son qoyulacaqdır.
O dövrün feodal tayfa başçılarının tərəfdarı olan məhşur Gülməmbətlə deyişməsində də Cambul əsil demokrat kimi mübarizə aparır. Gülməmbətlə aytıslarda böyük akın özünün həqiqətən də xalq nəğməkarı olduğunu bildirir.
Cambul bütün yaradıcılığı ilə çarizmə qarşı çıxış edirdi. 1913-cü ildə bütün qəza hakimiyyətlərində Vernı şəhərinə (indiki Alma-Ata) tanınmış akınları Romanovlar ailəsinin 300 illik tarixi şərəfinə nəğmə qoşmağa dəvət edərkən Cambul imtina etmiş, əvəzində 1916-cı ildə qazaxların arxa cəbhədə əzablı işlərə cəlb edilməsi ilə bağlı üsyanda iştirak edərək “Qara fərman” nəğməsini yazmışdır. Bu nəğmədə akın çar fərmanının qəddarlığını, bəylərin fürsətdən istifadə etmə davranışlarını tənqid etmişdir. Göründüyü kimi, Cambul yaradıcılığı xalq həyatı ilə sıx bağlı idi. Xalq onu ürəkdən sevirdi. Cambul yaradıcılığı daim ölkənin ictimai və mənəvi diqqəti mərkəzində dururdu. 1938-ci ildə Cambulun yaradıcı fəaliyyətinin 75-ci ildönümünə dair yubiley şənlikləri keçirildi. Ona dünyanın müxtılif guşələrindən təbrik teleqramları gəlirdi. Onların sırasında fransız yazıçısı Romen Rollan, belorus yazıçısı Yanka Kupala və b. akın haqqında sözləri daha alovlu idi. XX əsrdə, onun 30-40-cı illərində şairin yaradıcılığı daha da inkişaf edir, püxtələşirdi. Bu dövrlərdə qələmə aldığı “Mənim vətənim”, “Sevinc nəğməsi”, “Ütegen-batır”, “Suranşı-batır” və digər əsərləri lirik-epik planda qələmə alınmaqla, mifoloji, əfsanəvi və realist planda obrazlı şəkildə təsvirlərə üstünlük verilərək olanlara qarşı qoyur.
Cambul yaradıcılığına o dövrün böyük akını Suyum bəyin təsiri böyük olmuşdur. Cambul Suyumbəy akının şəyirdi olduqdan sonra onun şöhrəti bütün qazax səhralarına yayılır. Tezliklə böyük ad-san sahibi olan Cambul Suyumbəylə görüşür və ona uğurları haqqında danışır. Suyumbəy isə ondan qalıb aşağıdakıları bildirir: ”Sən digərlərinin melodiyasına uyursan. Bu pisdir. Böyük akın öz səsinə malik olmalı, yeri öz arşını ilə ölçməlidir. Hər bir sözün xəncər kimi kəsməlidir. Heç vaxt riakarlıq etmə. Sözü suyu kəhrizdən çıxaran kimi öz ürəindən çıxar . ”
Tədqiqatçıların fikrincə Cambul müəlliminin dediklərindən lazımi nəticə çıxarmış və onu bu mühüm məsləhətlərinə daim əməl etməyə çalışmışdır. Otuz yaşlarına yaxın Cambul öz ideya mövqeyinə malik olmuşdur. Bu dövrdə qələmə aldığı əsərlərində köhnə metodlu müsəlman məktəblərində mövcud təlim sistemini (“Şikayət”), kasıblığı (“Kasıbın payı”), səhra üsuli-idarəsini (“Şaltabəyə”, “Mankəyə”, “Mirzəbəy volostunun başçısına”) tənqid atəşinə tutur. Cambul öz sərt və aydın ictimai mövqeyini böyük satirik qüvvəyə malik olan obrazlarda ifadə etməyə çalışmışdır.
XX əsrdə Cambul- şair kimi sanki yenidən doğuldu və o, böyük bədii müvəffəqiyyətlər, həm də xalq məhəbbəti əldə etdi. Cambul Cabayevin əsərləri nəinki qazax səhralarını, həm də bütün dünyanı dolaşmaqla dlinya xalqlarının sevimli sənətkarlarından birinə çevrilirdi. Qazax folklorunun yaradıcıları və daşıyıcıları nağılçılar, eposçu-dastançılar, akınlar, hazırcavablar, məişət hekayətlərini nəsildən nəsilə ötürənlərnolmuşlar. Böyük maarifçi Çokan Valixanova qədər qazax folklor yaradıcıları və qazax folkloru xüsusi olaraq öyrənilməmişdir. Bununla belə məhz həmin dövrlərdən V.V. Radlov, Q.N. Potanin, A.A. Divuyev, M.V. Qotovitski, A.A.Livanovski, Ç.Ç.Valixanov və d. epik nəğməkarların yaradıcılığına kifayət qədər diqqət yetirmişlər .
Adlarını çəkdiyimiz bu şərqşünas-alim və türkoloqların qazax xalq bədii sözünün toplanması və nəşr edilməsində son dərəcə büyük rolu olmuşdur. Qazax folkloru üzrə materiallar ilk dəfə akademik V.V.Radlovun “Xalq ədəbiyyatı nümunələri” (Sankt-Peterburq, 1870) kitabında təqdim olunmuşdur. Qazax poeziyası nümunələri böyük alim və etnoqraf Ç.Ç.Valixanov tərəfindən XIX əsrin 60-cı illərindən yığılmış və elmi dövriyyəyə daxil edilmişdir. Bu ensiklopedik dünyagörüşlü insan qazax folkloru ilə çoxsaylı qiymətli fikirlər irəli sürülmüşdür.
Böyük qazax pedaqoqu İbray Altınsarın tərəfindən də xalq poeziyasının çoxsaylı nümunələri toplanmış və onların ən yaxşıları qazax dilində yazılmış “Qırğız müntəxabatı” kitabına daxil edilmişdir. Qeyd edək ki, “Qırğız müntəxabatı ” kitabı ilə qazax yazılı ədəbiyyatının əsası qoyulmuşdur.
XIX əsrin 80-ci illərinin sonlarından tanınmış qazax akınlarının poetik məcmuələri nəşr olunmağa başlayır. XX əsrin əvvələrindən isə xalq və bədii söz yaradıcılığı ilə bağlı nəşrlərin sayı artır. Belə ki, 1909-cu ildə Peterburqda qazax ədəbiyyatının klassiki Abay Kumanbayevin şeirlər məcmuəsi nəşr olunur.1913-cü ildə isə qazax nasiri S.Kubeyevin Qazanda “Qalın mal” (“Kalım”) - o dövr qazax ədəbiyyatının ilk böyük nəsr əsəri işıq üzü görür.
XX əsrin ilk onilliklərindən başlayaraq qazax yazılı ədəbiyyatı daha böyük temp ilə inkişaf edirdi. XX əsrin 20-ci illərindən xalq təhsili şəbəkələri inkişaf edir, çoxsaylı təhsil vasaitləri və dərsliklər işıq üzü görür, qazax ədəbiyyatı sistemli və ardıcıl inkişaf yoluna qədəm qoyur. Əlbəttə, XX əsrin əvvəllərinə qədər qazax ədəbiyyatı problemləri ilə heç kim, demək olar ki, məşğul olmamışdır və qazax ədəbiyyatının inkişaf istiqamətləri heç bir monoqrafik və ya tədqiqat əsərində və ya elmi xülasə şəklində ictimaiyyətə təqdim olunmamışdır. Ortada olan adda-budda xarakreli materiallar isə qazax yazılı ədəbiyyatının xarakreik xüsusiyyyətləri haqqında heç də dolğun təsəvvür yaratmırdı. Şifahi poetik irs, akın-improvizatorların yaradıcılığı XIX əsrin birinci yarısından yeni qazax ədəbiyyatının yaranması və təşəkkülü üçün münmit şərait yaratdı. Demokratik ruhlu yeni şairlərin yaradıcılığında fqazax xalq ədəbi dili inkişaf etməyə başladı. Yeni istiqamətli ədəbiyyatın parlaq nümayəndələri M.Ütəmisov (1804-1846), Ş.Jarılqasov (1806-1867), S.Aronov (1823-1896), M.Azamatov (1823-?) və b. vrdı. Bu dövr qazax poeziyasının mühüm keyfiyyətlərindən biri həyat hadisələrinin doğru-dürüst təsviri tuturdu. Lakin bu da qeyd edilməlidir ki, bu şairlərin əzmkarlığına baxmayaraq, onların yaradıcılığı yüksək realist cizgilərdən kənarda idi. Faktik olaraq o şairlərin yaradıcılığında realizmin cücərtiləri hiss olunurdu. Və, qeyd edək ki, bu cücərtilər XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində Çokan Valixanov, İbray Altınsarın, Albay Kunanbayev kimi maarifpərvər yazıçıların yaradıcılığında yüksək zirvəsinə çatdı.
XIX əsr qazax ədəbiyyatının uğurlu inkişafı onun xalq həyatı ilə əlaqəsində,qazax cəmiyyətinin sosial-tarixi şəraiti ilə şərtlənirdi. Xalq çar məmurları və yerli feodallar tərfindən istismara məruz qaldığından, son dərəcə amansız vergi verməyə məcbur edildiyindən sosial, milli və siyasi zidiyyətlər artırdı. Yerli hakimiyyət orqanları və çar hökümətinə qarşı barışmaz münasibət son həddinə çatırdı.
1836-1837-ci illərdə Qərbi Qazaxstanda, Bukeyev Ordasında Məhəmbət Ütəmisov və İsatay Taymanovun anti-feodal və anti müstəmləkə üsyanı qalxdı. Üsyançılarla Cahangir xan tərəfdarları arasında döyüşlər getdi. Buna baxmayaraq çar dəstələrinin köməyilə üsyan yatırılır. İsatay Taymanovla Məhəmbət Ütəmisov bir qrup üsyançı ilə Yaik çayının sol sahilinə keçmiş, yenidən güc yığıb hücuma keçsələr də, 1838-ci ildə tam məğlubiyyətə uğrayır İsatay Taymanov isə döyüş meydanında öldürülür.

 


XIX əsr qazax ədəbiyyatı
Məhəmbət Ütəmisovun yaradıcılığı
Məhəmbət Ütəmisov Qərbi Qazaxstanda anadan olmuşdur. Hələ yeniyetmə yaşlarından poeziya və jırau yaradıcılığına böyük maraq göstərmişdir. Ağıl, kamal, istedadı və təfəkkürü ilə fərqlənən Məhəmbəti Bukeyev Ordasının xanı Cahangir onu oğlunun ustadı kimi sarayda saxlamaq qərarına gəldi. Daha doğrusu,onu saray şairi etmək istəyi Cahangirə nəsib olmur. Çünki o, Məhəmbət xana xidmətdən boyun qaçırdığından, Cahangirin xoşu gəlməmişdir. Şair satira, sarkazm dolu “Məhəmbət Cahangir xana dedi” adlı şeir ilə çıxış etdi və o, xalq arasında populyarlığa səbəb oldu. Məhəmbət sonralarda xanın iç üzünü açan , onun ədalətsiz hərəkətlərini təqdir edən sultanları, çar məmurlarını ifşa edən şeirlər yazır. Təsadüfi deyildir ki, 1836-cı ildə Qərbi Qazaxıstan ərazisində antifeodal və antimüstəmləkə üsyan qalxan zaman Məhəmbət İsabəy Taymanov tərəfində vuruşaraq üsyançılara kömək edir. Məhəmbət Ütəməsov zorzkılığa və özbaşınalığa qarşı mübarizə aparmış insanlardan olmuşdur. XIX əsr qazax ədəbiyyatında o, vətəndaş lirikası, yüksək vətənpərvərlik ruhu ilə seçilmiş sənətkarlardan idi. Onun yaradıcılığı dövrünün ictimai- sosial həyatı ilə sıx əlaqədə idi.
Məhəmbət Ütəmisov yaradıcılığının başlıca mövzusu xan hakimiyyətinə qarşı mübarizədən ibarətdir. Məhəmbətin şeirlərində İsabəy Taymanovun başçılığı altında üsyanın əsas məqamları əks olunmuşdur. “Çapar, atını sakitləşdirməyincə,” “Mənim berkutum,” “İsabəyin döyüşü,” “Yürüşə çağırış,” “Bizim işimizə qara nər gərək” və s. şeirlərdə Məhəmbət düşmənlərə qarşı vuruşur, mübarizəni, onların qəhrəmanlığını vəsf edir.
Məhəmbət qazax ədəbiyyatı tarixində ilk dəfə olaraq müsbət mübariz- qəhrəman obrazının, İsabəy Taymanov üsyanının başçısının (şairin öz müasirinin) tarixi şəxsiyyət kimi portretini yaratmışdır. Əksər şeirlərində sənətkar bu xalq üsyanında İsatayın yerini və rolunu qeyd edir.
Məhəmbət Ütəmisov şifahi xalq yaradıcılığı ənənələri üslubunda İsatayı epik batırları təsvir etmək üslubunda mühüm bədii vasitələrdən istifadə edir. Belə demək mümkünsə Məhəmbət folklorla yazılı ədəbiyyat arasında dayanmış şairlərdən olmaqla, bir tərəfdən, qəhrəmanı ənənəvi folklor vasitələri ilə, digər tərəfdən, onun portretinə çoxsaylı realist xüsusiyyət və cizgilər əlavə etməklə verir.
Məhəmbətin əsərlərində üsyançıların haqq işinə inam ifadə olunur. Əsərləri ilə o, qazax ədəbiyyatında vətəndaş, siyasi lirikanın əsasını qoymuşdur. Sənətkarın sosial-siyasi motivli şeirləri mövzu və ideya, bədii ifadə imkanlarına görə olduqca gözəldir. Nikbinlik, vətənpərvərlik despotizmə nifrət hissini ifadə etmək bacarığa görə vətəndaş-qəhrəmanlıq romantizmi üslubunda yazılmışdır. Məhəmbət Ütəmisovun şeirlərində çoxsaylı sosial-siyasi rəngli söz və ifadələrlə rastlaşırıq- “qəhrəman”, “batır”,”bayraq”, “döyüşə Çağırış”, “yürüş”, “müharibə günlərində”, “döyüş”, “iradə”, “azadlıq”, “quldarlıqla döyüş”, “əsir”, “xalq”, “xalq yaddan çıxıbsa, nə deyən”, və s.
Məhəmmbət Ütəmisovun xeyli sayda şeirləri də vardır ki, onlar məzmunca ifadəli, formaca isə gözəldir. Bunlar əsasən fəlsəfi xarakrerli şeir-düşüncələrdir. Məhəmbət yaradıcılığı ilə qazax ədəbiyyatında realizm astanasında dayanmışdır. XIX əsrin ikinci yarısı qazax ədəbiyyatının inkişafına Məhəmbət Ütəmisov yaradıcılığı kifayət qədər təsir göstərmişdir.

 

Çokan Valixanov
(1835-1865)

Çokan (əsil adı Mühəmməd-Həkəfiyyə, Çokan adını ona anası vermişdir) Çingiz ulı (oğlu) Valixanov qazax xalqının mədəniyyəti tarixinə maarifçi-demokrat, səyyahı, tarixçi, etnoqraf, eposşünas və folklorşünas kimi daxil olmaqla, onun tarixi dönəmində önəmli rol oynamışdır. Cəmi 30 il ömür sürmüş (1835-1865) bu böyük maarifçi doğma xalqının mədəniyyəti tarixində əvəzsiz irs qoyub getmişdir.
Kokçetav (Göycədağ- N. T.) vilayətinin Kuşmurun qəsrində anadan olmuş Çokan Orta Qazax Cuzu Ablay xanın nəslimdən olmaqla, kazak hərbi məktəbində təhsil aldıqdan sonra baş sultan vəzifəsində xidmət etməklə polkovnik rütbəsinə qədər yüksəlmiş və dövrünün ən qabaqcıl ziyalılarından biri kimi tanınmışdır.
Kiçik Çokanın mənəvi inkişafına nəinki Ayxanımın (1783-1851) təsiri böyük olmuşdur. Dövrünün ağıllı və uzaqgörən insanlardan olan bu qadın bir neçə şərq dillərini bilməklə yanaşı, həm də tarixi rəvayətlər və əfsanələri yaddaşında yetərincə nsaxlamışdı. Ayxanın yaşadığı dövrdə Qazaxstanın ictimayi-siyasi həyatında yaxından onun iştirak etmiş, Peterburqda fəaliyyət göstərən Xarici İşlər Nazirliyinin Asiya Departamenti və Sibir Komitəsi ilə yazışmalar aparmışdır. Akad. Semyonov-Tyanşanski bu ziyalı qadına xüsusi hörmət bəsləmiş, hətta Aleksandr ona böyük diqqət yetirmiş qırğız səhrasında onun üçün ayrıca ev tikilməsini tapşırmış, elə Çkanın özü də bu evdə dünyaya göz açmışdır. Çokanın xalq ədəbiyyatına olan böyük marağı da məhz Ayxanın nəinki ona söylədiyi nağıllar, əfsanələr, hekayələr əsasında formalaşmışdır.
Aul məktəbində oxuyub yazmağı öyrəndikdən sonra Çokan 1847-1853-cü illər arasında Omsk Kadet Korpusunda təhsil almışdır. Yeri gəlmişkən qeyd edək ki, bu təhsil müəsisəsi o dövrdə Sibirin ən gözəl təhsil ocaqlarından biri olmaqla, onu “maarif və vətənpərvərlik mərkəzi” adlandırmışlar. Çünki bu korpusdan olduqca böyük ziyalılar o cümlədən Q.N.Potanin, Mərkəzi Asiya və Monqolustan üzrə tanınmış səyyah J.M.Jadrinsev, böyük alim A.F. Aunenski və başqaları məhz bu ocağın yetirmələridir .
Omsk Kader korpusunda təhsil aldığı dövrdə Ç.Valixanov özünü istedadlı gənc kimi nümayiş etdirməklə yanaşı həm də doğma xalqının tarixi, folkloru ilə yaxından maraqlanmış qazax səhralarının bəzi rayonlarının topoqrafiyasını öyrənmiş, bəzi çertiyojlar hazırlanmış, memarlıq abidələrinin şəkillərini çəkmişdir. Təsadüfü deyildir ki, o erkən yaşlarından özünü səyyahlığa hazırlamış, Pallas, Riçkov, Levkin, Velyaminov-Zernov və digər çoxsaylı müəlliflərin kitabları ilə tanış olmuşdur.
Kadet Korpusunda təhsilini başa vurduqdan sonra o, əvvəl Sabir Kazak ordusu kavaleriyasında xidmət etmiş, sonra Qərbi Sibir General Qubernatorluğunda xidmətini davam etdirmiş və ömürlük arzusunun ardınca gedərək 1854-1857-ci illərdə Semireçya, Tarbaqatay, Mərkəzi Qazaxstan, Qırğızıstanı gəzir, böyük coğrafiyaşünas-alim P.P.Semyonov Tyanşanski ilə çiyin-çiyinə işləyir. Təsadüfi deyildir ki, Çokanın bu bacarığını və biliyini o yüksək qiymətləndirmişdir.
Ç.Valixanovun maarifçi-alim kimi formalaşmasında o dövrdə yaşamış elm vəmədəniyyət xadimlərinin rolu böyük olmuşdur. Onların sırasında Q.N.Potenin, İ.M.Berezin, V.P.Vasilyev və A.N.Beketov kimi şərqşünas-alimliklə yanaşı, böyük yazıçı F.M.Dostoyevski sürgündə olmuş S.F.Durov və başqalarının rolu qeyd edilməlidir. Hətta F.M.Dostoyevski Ç.Valixanov haqqında olduqca yüksək fikirlər söyləmişdir .
Ç.Valixanov elmi maraqları rəngarəng olan alimlərdəndir. Onun əsərlərində tarix, etnoqrafiya və digər elmlərin problemləri ilə anaşı xalq poetik yaradıcılığının inkişafı məsələləri, qazax nəğməkar şairlərinin sənətkarlığı, ədəbiyyatşünaslığın müxtəlif problemləri əsas yer tutur. Üçcildlik “Qazax ədəbiyyatı tarixi” kitabının ikinci cildinin müəllifi U.T.Duşenbayevanın fikrincə Ç.Valixanovunədəbiyyat məsələlərini əhatə edən bu və ya digər problematikalar şərti əlaraq üç qrupa bölünə bilər .
Birinci qrupa “Qazax xalq poeziyasının formaları haqqında” yazılmış məqalə toplayıb nəşr etdirdiyi poetik mətnlər daxildir.
İkinci qrupa folklor və poetik materiallara qismən söykənən bədii nümunələrinnn tarix elmi və etnoqrafiya baxımından öyrənilməsi aiddir ki, buraya “Böyük qırğız-kaejsak” ordasının rəvayət və əfsanələri”, “XVIII əsr batırları haqqında tarixi rəvayətlər”, “Qırğızlarda şamanlıq izləri” və s.
Üçüncü qrupa isə sərt ədəbiyyat məsələləri aid olan əsərlər aiddir ki, onlar həm də Ç.Valixanovun poetik sənətlə bağlı söylədiyi fikirləri əhatə edir. Buraya “Qırğızların şəcərəsi”, “Cunqariya oçerkləri”, “Qırğızlar haqqında qeydlər” və s. daxildir.
Yuxarıda təsnif edilmiş qruplara nəzər saldıqda aydın görmək olar ki, Valixanovun tədqiqatlara cəlb etdiyi elə bir folklor nümunəsi və materialı yoxdur ki, burada hər hansı ədəbi məsələlər öz əksini tapmasın.
Ç.Valixanov xalq nəğmələri, rəvayət və əfsanələrlə yeniyetmə yaşlarından sistemli və ardıcıl məşğul olmuşdu. Tədqiqatçının maraqları haqqında onu yaxından tanıyan insanlar, yuxarıda adını çəkdiyimiz Q.N.Potanin və digərləri ağız dolusu danışırdı. Məsələn o qeyd edir ki, Ç.Valixanov söhbət zamanı bu və ya digər fikrinin təsdiqini nəğmə mətnlərindən və şeirlərdən gətirilmiş nümunələrlə möhkəmlədərək, qazax adət-ənənələrində atalar sözü və zərbi məsəllərinə, nağıl və əfsanələrə müraciət edirdi. Ç.Valixanov yaradıcılığının tədqiqatçısı A.X.Marqulan yazırdı: “Şair və dastançılardan Çokanın yanında daha çox Şoje, Tokjan, Orembay, Arestanbay, şairə Həjər-qız məhşur nəğməkar Salamın nəslindən olan Soker-jırau olurdu. Çokan aulda olan vaxt atası Çingiz daim oraya tanınmış nəğməkarlar dəvət edərdi ki, o, onların nəğmələrini qələmə alsın. Valixanov Şərq və Qərb ədəbiyyatını yaxşı bilirdi. Onun bu bacarığı haqqında akad. Semyonov-Tyan-Şanski və Q.N.Potanin danışmışdılar. Ç.Valixanov rus ədəbiyyatı nümayəndələrinin yaradıcılığı ilə tanış idi. V.Q.Belinski, N.Q.Çerneşevski, N.A.Dobrolyubov kimi demokratik düşüncəli ziyalı və alimlərin əsərlərini öyrənməklə, “Sovremennik” və “Oteçestvennıye zapiski” jurnallarındakı məqalələri oxuyur, müvafiq qeydlər aparırdı. Təsadüfi deyildir ki, Valixanovun əsərlərində biz tez-tez tarixçi, səyyah-tədqiqatçılarla yanaşı, həm də Ç.Dikkens, J.Sand, N.Qoqol, Şərq ədəbiyyatından Firdovsi, Nəvai, Hafiz, Cami və d. adları ilə rastlaşırıq.
Ç.Valixanovun əsərləri ilə tanış olduqca biz onun ədəbiyyata sonsuz səriştəli marağı olan tədqiqatçı düşüncəsini görürük.
Əksər tədqiqatlarında Ç.Valixanov ədəbi-bədii hadisələrin mahiyyətinə daxil ola bilmə istəyi ilə, həm də tarixi-ədəbi prosesin özünəməxsuslsğunu dərk edib, aydın publisistik pafosu saxlaya bilmək, obrazlı ifadə tərzinə üstünlük verdiyinin şahidi oluruq. Məhdud yazılı ədəbiyyat nümunələri ilə rastlaşdıqda isə o, xalq poetik yaradıcılığı bulağından qidalanmağa üstünlük vermiş, öz fikir və mülahizələrini tarixi-etnoqrafik müddəalara söykənərək sübuta yetirməyə çalışmışdır. Ç.Valixanov ədəbiyyatı cəmiyyətin mühüm sosial, idealoji və mənəvi silahı kimi görmüş və adi insanlarla bəylər, sultanlar və hökmdarların maraqlarının zidiyyətdə olduğunu yəqin etmişdir. Təsadüfi deyildir ki, Ç.Valixanov elmi tədqiqatlarında, publisist çıxışlarında daim çar mütləqiyyətininmürtəce mahiyyətini pisləmiş, yerli feodalların qəddarlıq və özbaşınalığını, din xadimlərin ikiüzlülüyünü tənqid atəşinə tutmuş, əməksevər və zəhmətkeş xalqın maraq və ehtiyaclarını qorumağa çalışmışdır.
Təbirincə desək “O öz xalqını çox sevirdi... Ona xeyirxahlıq diləməklə, öz xalqının gələcəyinə xidmət etmək onun böyük arzusu idi” . Ç.Valixanov demokratik ideyalarını və inamını da çox böyük gücü ilə, heç kəsdən çəkinmədən ortaya qoyurdu. Ç.Valixanov əsl vətənpərvər-maarifçi idi. Onu yaxından tanıyan Q.Potaninin
Ç.Valixanov qazaxların poetik sənətində xalq müdrikliyini, onun istedad və gücünü görürdü. O, şifahi xalq yaradıcılığının məzmun və forma zənginliyi haqqında danışdıqda, həm də onun yüksək bədii keyfiyyətlərini qeyd edirdi. Hətta Məhkəmə islahatları haqqında “Qeydlər” əsərində o, islahatların mahiyyəti və tərkibi, iqtisadi və sosial tərəfləri haqqında danışmaq, və xalq kütlələrinin maraqlarını müdafiə etməklə, islahatlarda xalq tələblərinin nəzərə alınması və bu islahatların insanların məişətinin yüksəldilməsinə kömək etməsinin nəzərə alınmasını ön plana çəkirdi. Daha sonra bildirirdi ki, qazax xalqının gələcək inkişafı üçün bütün ümüdləri vardır və burada aparıcı amillərdən biri kimi o, zəngin xalq ədəbiyyatı nümunələrinə istinad edirdi.
Ç.Valixanovun ədəbiyyatla bağlı zəngin fikirlərini biz həm də onun “Qırğız şəcərəsi” tapa bilirik. Burada qazaxların poetik sənətə meylliliyi, xalq nəğməkarlarının yüksək improvizasiyalı istedadı, şifahi poeziyanın xalq həyatında yerinə yetirdiyi böyük rol təstiq olunurdu. Valixanov tarixi rəvayətlərə böyük diqqət yetirməklə, onların məzmununun rəngarəngliyini və zənginliyini, xüsusən tarixi rəvayətlər, Ç.Valixanovun fikrincə sadəliyinə və aydınlığına görə son dərəcə yüksəkdə durur. Bu fikirləri söyləyərkən o Əbülqazinin, Rəşid-əd-dinin və digərlərinin tarixi əsərlərindən çıxardığı nəticələrə əsaslanırdı .
Ç.Valixanov “Cunqariya oçerkləri”ndə isə xalq qəhrəmanlıq eposu məsələlərindən, onun tarixi mahiyyəti, xəlqiliyi, bədii özünəməxsusluğu və s. haqqında danışır. Ç.Valixanovun xalq eposu ilə bağlı “qazax qəhrəmanlıq eposununmühüm örnəkləri noğaylı eposuna aid edilməlidir (XIV,XV,XVI)” fikri bu günə qədər diskussiyalara səbəb olsa da, tədqiqatçılar axtarışında əsas etibarı ilə ona istinad etməkdə davam edirlər.
Ədəbiyyat məsələlərini nəzərdən keçirən Ç.Valixanov onun tarixi ilə şərtləmək poetik mədəniyyəti özü və xalq poeziyasının özünəməxsusluğu ilə əlaqədə olduğunu qeyd edirdi. Xalq poeziyasında daha geniş yayılmış formalara gəldikdə isə jırın yeddi-səkkiz hecalıq reçitativin qəhrəmanlıq eposunda geniş istifadə edildiyini göstərməklə, həm də lirik poeziyada, xalq poemalarında bu reçitasiyadanjoktan (ağlayış-nəğmələr), onbir hecalıq olen qara olen (sadə nəğmə) şerlər və kayım olendə (yəni müşairə tipli nəğmələrdə) istifadə olunduğunu müəyyənləşdirir. Tədqiqatçı qazax poeziyasında janr prinsiplərinin konkret bölgüsünü və əsərin ritminin quruluşunu göstərir. Qazax poeziyasının şeir formalarına gəldikdə isə Ç.Valixanov burada iki-yeddi-səkkizlik şeir (jır) və onbir hecalıq şeir (olen) fərqləndirməklə, onlar arasındakı fərqləri yetərincə açmağa müvəffəq olur. “Jır rapsodiyadır. Jırlamaq feli isə reçitativlə danışmaq deməkdir” . Valixanovun fikrincə onbir hecalıq şeir qazax poeziyasında XIX əsrin ortalarında son dərəcə geniş yayılmışdır. Bu forma bütün yeni şairlər tərəfindən indi həm improvizasiya, həm də poemalarla bağlı istifadə edilir... Məşhur Canak tərəfindən olen formasında Kuzu-Kurpeç və Bayan Slu poeması mənə məhz bu formada söylənilmişdi . Poemanın başlanğıc strofasından nümunə gətirərkən Valixanov onbir hecalıq şerin ritmik özünəməxsusluğundan söhbət açarkən onun ərəb poeziyası ölçülərindəki fərqlərə nəzər salmışdır.
Valixanovun qazax poeziyasında strofika forması və qafiyədən istifadə ilə bağlı müşahidələri də yetərincə maraqlıdır. Elə buradaca tədqiqatçı qazax nəğməkarlarının improvizasiya ustalığının mahiyyətini açmağa xidmət edəsi mülahizələrirəli sürür. Qazax poemaları müxtəlif variantlarda mövcud olduğundan, o, bütün variantların təhlillərə cəlb edilməsinin tərəfdarı idi. Odur ki, “Kuzu-Kurpeç və Bayan Slu” poemasını təhlilə cəlb edərkən o Canak və Şoje kimi nəğməkarlarla yanaşı, həm də digər nəğməkarların variantlarından istifadə edirdi. Qazax poemalarını və digər şifahi xalq yaradıcılığı nümunələrinitəhlil edərkən o, həm də qazax xalq incəsənətinin digər xalqlarını incəsənəti ilə uyğun məqamlarını ortaya qoymağa çalışırdı. Bu tipli ədəbi-bədii hadisələrin oxşarlıq məqamları nəzərdən məqamları nəzərdən keçirilərkən “Kuzu-Kurpeç və Bayan Slu” poemasını Orta Asiya xalqlarında da olduğunu və eləcə də bu poemanın motivlərinin Orta Asiyanın bütün tatar-monqol qəbilələrində, məkan və zaman fərqləri ilə mövcud olduğunu qeyd edirdi .
Ç.Valixanov “Koroğlu” eposunun qazaxlar arasında geniş yayılmasından da danışmışdır. Məlum olduğu kimi bu oxşarlıq sonrakı dövr Azərbaycan, qazax, özbək, türkmən, Anadolu türkləri alimləri tərəfindən yetərincə araşdırılmış və təsdiq edilmişdir . Ç.Valixanov “Koroğlu ” eposunun əvvəlki dövrlərdə yayılmasının onun qərb epik ənənələri, o cümlədən “Odisseya”dan təpəgöz adamyeyən Polifem obrazı ilə oxşar cəhətlərini qeyd etmişdir.
Ç.Valixanovun folklorşünaslıq sahəsində ən böyük xidmətlərindən biri kimi onun qırğız qəhrəmanlıq eposu “Manas”ın ilk tədqiqatçısı kimi tanınmışdır. “Manas”ı “İliada” ilə eyni sırada görməklə bərabər, həm də o, bu abidənin dünya əhəmyyətli olduğunu söyləməklə, “Manas”ın momental ictimai və tarixi planlı xarakterini də qeyd etməyi yaddan çıxarmır. Ç.Valixanov haqlı olaraq göstərir ki, “Manas” bütün qırğız miflərinin, nağıllarının, rəvayətlərinin ensiklopedik məcmuyu olmaqla bir şəxsin simasında batır Manasda özünü əks etdirmişdir. Elə buna görə də Ç.Valixanov onu səhra İliadası adlandırır. Qırğızların həyat tərzi, adət-ənənələri, əxlaqı, coğrafiyası, dini və təbabət təfəkkürü və beynəlxalq münasibətləri məhz bu nəhəng epopeyada özünü əks etdirmişdir . Ayrı-ayrı rəvayət və əfsanələrdən,şeir və nəğmələrdən ibarət olan “Manas” sonralar epik dəyişikliklərə məruz qalaraq püxtələşmiş və mükəmməlləşmişdir. Tədqiqatçı bütün bunlarla yanaşı eposda əksini tapmış, onun mahiyyətinə bəzən yad ünsürlər gətirən süni məqamları nəzərdən keçirərək belə hissələrə öz eposşünas qiymətini vermişdir. Ç.Valixanov “Manas”ı nəinki tədqiq edir, həm də onun bəzi parçalarının tərcüməsi üzərində də işləyirdi. Məsələn, böyük folklorşünas “Kunotay xanın ölümü və onun mərasimi” hissəsini rus dilinə tərcümə etmişdir.
Böyük qazax alimi A.X.Marqulan vaxtı ilə Ç.Valixanovun bir qərğız dastançısından yazdığı “Manas” variantını tapmışdır. Bu ədəbiyyatşünasın fikrincə Valixanov adı çəkilən variantdan öz tədqiqat işi prosesində istifadə etmişdir. A.X.Marqulan yazırdı: “Görünür, bu epos onu müşayiət edən bir qırğız yaxud qazax cigiti tərəfindən Valixanov üçün qələmə alınmışdı. Mətndə onun dastançının dilindən başa düşmədiyi sözlərlə bağlı Valixanovun əlavələri var. Güman etmək olar ki, Valixanov onları yenidən nəzərdən keçirməklə, bəzi şübhəli yerləri dastançının təkrar ifası ilə yenidən yoxlamışdır ” .
Valixanov “Manas” qəhrəmanlıq eposunun ikinci hissəsi “Semetey” dastanının tədqiqi ilə də məşğul olmuşdur. O, dastanın bu hissəsini qırğız “Odisseya”sı adlandırmışdır. “Manas”ın adekvat dərk olunması üçün Valixanov Qırğızıstanın müxtəlif yerlərində olmaqla, xalqın adət-ənənəsi, həyat ukladı, təfəkkür və məişəti ilə yaxından tanış olmuşdu. “Manas”ı dərindən tədqiq edən Ç.Valixanov eposda qırğız və qazax xalqının, onların dost münasibətlərinin etnogenetik tellərlə bağlı olduğunu söyləmişdir. Eposun müxtəlif xüsusiyyətlərini araşdıran Valixanov həm də qırğızların şifahi-poetik sənətinin janr formalarını, hekayələri, rəvayətləri, əfsanələri, nağılları, sosial məişət xarakterli və məzmunlu nəğmələri də araşdırmağa çalışmışdır.
Ç.Valixanov qələmə aldığı əsərlərində nəinki folklorşünas, eposşünas, etnoqraf, ədəbiyyatşünas kimi, həm də alovlu publisist kimi çıxış edir. Valixanov publisistikası üçün tarixə, xalqın sosial həyatına, qazax cəmiyyətinin gələcəyinə istiqmətlənən maraq özünü əks etdirir. Bu böyük maarifçi-demokratın etik-estetik və fəlsəfi baxışları onun “Məhkəmə islahatları qeydlərində” parlaq əksini tapmışdır.
Valixanovun yol oçerklərində biz yumorla haşiyələnmiş çoxsaylı səhifələrlə rastlaşırıq ki, bu ifadələrdə müqayisələrin obrazlılığı və gözlənilməzliyi, deyim tərzi, ifadə rəngarəngliyi müəllifin geniş ədəbi erudisiyasında xəbər verir.
Ç.Valixanov, yuxarıda qeyd etdiyimiz kimi, həm də əvəzsiz coğrafiyaşünas və etnoqraf idi. İssıkqul gölünün Şərq sahillərinə səyahət edən Ç.Valixanov qırğız çölləri haqqında böyük və geniş coğrafi, etnoqrafik və tarixi materiallar təplanması haqqında akad. Semyonov-Tyan-Şanskinin təklifi və təkidi ilə gənc alim 1857-ci ildə Peterburqda fəaliyyət göstərən Rus Coğrafiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdir. Elm kəhkəşanında Ç.Valixanovun ən böyük müvəffəqiyyəti onun 1858-1859-cu illərdə Qaşqariya ekspedisiyası olmuşdur ki, burada o, “Altışəhər, yaxud Çinin Nan-lu əyalətinin altı şərq şəhərlərinin vəziyyəti haqqında” qeydləridir ki, bu o dövr üçün əsil coğrafi kəşf kimi dəyərləndirilirdi. Valixanovun bu əsəri dünya elminin ən böyük nailiyyətlərindən biri kimi göstərilirdi. Əlbəttə, Çinin adı çəkilən şərq əyaləti uzun zaman kəsiyində kəşf edilməmiş və hətta italiyalı Marko Polo, hollandiyalı Qoes kimi səyyahların da cəhdləri, Konolli, Stodtart, Şlaqintveyt və digərləri də bura ilə bağlı əsaslı heç nə edə bilməmişdilər. Çünki bu vilayətlərin hökmdarları özgə ölkələrdən ora ayaq basanları edam edirdilər. Ç.Valixanov isə buraya Alimbay tacir adı altında daxil ola bilmiş, on ay ərzində o, bu oyunu oynayaraq materiallar əldə etmiş və toplanan materiallar, Valixanovun elm sahəsindəki bu qəhrəmanlığı Rusiyada, İngiltərədə, Almaniyada geniş yayılmışdır. İngiltərə, Almaniya jurnalları Valixanovun cəsurluğundan yazır və onun Qaşqariyada olmasını böyük qəhramanlıq kimi qiymətləndirirdi.
Təssüf ki, erkən ölüm Ç.Ç.Valixanovun çoxşaxəli və rəngarəng məhsuldar yaradıcılıq fəaliyyətini yarımçıq qoymuşdu. O, 30 yaşında həyatdan getmiş və Altın-Emel dağının ətəklərindəki yolun kənarında Alma-Atadan təxminən 250 min aralıda dəfn olubmuşdur. Az ömür sürməsinə baxmayaraq Ç.Valixanovun elmi axtarışları yuxarıda adlarını çəkdiyimiz elm shələri üçün əvəzsiz olmuş, onun yaradıcılığı dünya şərqşünaslığına, türkologiyasına, dastanşünaslığına, folklorşünaslığına dəyərli töhfə kimi qiymətləndirilmiş, nəinki Qazaxstanda, Orta Asiyada, Rusiyada, həm də Şərqdə, Qərb ölkələrində geniş yayılmış, müəllifə böyük nüfuz gətirmişdir.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.