Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

Şimali Qafqaz türkləri: Qaraçaylar: etnogenezi, dili və etnik-milli ənənələri

Qaraçayların etnogenezi ilə bağlı ümumi qəbul edilmiş vahid yetkin konsepsiya olmasa da, XX əsrin 50-ci illərinin sonlarında Nalçik şəhərində «Malkar və qaraçaylıların mənşəyi haqqında» keçirilmiş Ümummittifaq elmi sessiyasında alimlər belə qərara gəlmişlər ki, bu iki xalq Şimali Qafqaz türkdilli və irandilli tayfalarının qarışığından əmələ gəlməklə, onların yaranması prosesində qara bulqarlarla qərbi qıpçaq tayfalarının rolu daha əhəmiyyətli olmuşdur (3, s.31).
Əlimizdə olan materiallar onu deməyə əsas verir ki, qaraçayların etnogenezi ilə bağlı iki istiqamətdə gedən axtarış və tədqiqatlardan danışmaq olar ki, onlar da əsasən yuxarıda qeyd etdiyimiz sessiyanın başlıca müddəalarına söykənir. Bu, bir tərəfdən, Y.P.Alekseyevanın, L.İ.Lavrovun, İ.M.Çeçenovun, V.M.Batçayevin və b., digər təfərdən isə yuxarıdakı konsepsiyanı yenidən nəzərdən keçirməyə istiqamətlənən U.B.Əliyevin, K.T.Laypanovun, X.M.İ.Xacilayevin, M.A.Xabiçevin, İ.M.Miziyevin, A.M.Bayramkulovun, S.Y.Bayçorovun, M.Ç.Jurtbayevin və digərlərinin nəzər nöqtələridir.
Qaraçaylar Qafqazda qədim Qafqaz köçəri qəbilələrinin İrandilli (alanlar) və xüsusən türk qəbilələrinin (bulqarlar, xəzərlər, qıpçaqlar) assimilyasiyası nəticəsində yaranmışdır. Qaraçay dili Altay dil qrupunun türk qoluna aid olan qıpçaq qrupunun qıpçaq-polovets yarımqrupuna daxildir. Dini inancları müsəlmanlığın sünni-hənəfi məzhəbidir. Digər müsəlman ölkələrində olduğu kimi qaraçayların da arasında bu gün vahabizm geniş yayılmaqdadır.
Qaraçaylar (xalqın adı «karaçaylıla», karaçay, akaraç, mukrçai, ovsu, kcaraşay, tavlı kcaraşay, Ustur Asu) – bir neçə kuşxe, qaraçay, akaraç, murkçuy, ovsi, karaşay, Ustur-Ası- tayfaları Qaraçay-Çərkəzin yerli əhalisini təşkil edir. Etnik baxımdan malkarlarla qohum xalqdır. Böyük Avropeoid irqinin Balkan-Qafqaz irqinə aiddir.
Qaraçaylılar qədim zamanlardan Kuban çayının lap yuxarılarında yaşamaqdadırlar. Bizanslar VI əsrdən başlayaraq onları Qaraçay adı ilə gah Koruçan, gah da Xoruçon adlandırmışlar.
Qaraçayları çərkəzlər «qarşağa quş-xa», minqrellər və imeretiyalılar «qaraçioli», türklər – «qara-çərkəz», daha doğrusu çərkəz (onlar məhz çərkəzlərin təəbələri olduğundan) adlandırırlar. Qaraçayların özlərinin qeyd etdiklərinə görə, bu ərazilərə çərkəzlər Kabardaya gələndən daha əvvəllər Macardan gəlmişlər. Adlarına gəldikdə isə onlar bu adı Qaraçay, yəni onların başçılarının adı Karçadan götürdüklərini iddia edirlər. Məhz bu da qaraçayların Kuban sahillərində məskunlaşdığı dövrə təsadüf edir.
Qeyd etdiyimiz kimi, qaraçayların etnogenezinin formalaşmasında tunc dövründən bu ərazilərdə yaşayan yerli Qafqaz qəbilələri, eləcə də gəlmə alanlar, bulqarlar və qıpçaqlar (polovestlər) iştirak etmişlər. Monqol dövrünə qədər qaraçaylar Alan qəbilə ittifaqının tərkibində olmuşlar. Monqol yürüşündən sonra qaraçayların əcdadları Mərkəzi Qafqazdakı dağlar arasındakı dərələrə sıxışdırılıb çıxarılmışlar.
Qaraçaylar əvvəllər Xurzuk, Kuban və Teberda sahillərində Elbrusun şimal hissəsinin aşağılarında Minqi-tau adlanan ərazilərdə yaşamışlar. Onlar nəinki Qafqaz xalqlarının, həm də dünya xalqlarının ən gözəl simalısı, türk xalqlarının ən gözəl görkəmini özündə birləşdirmiş və əks etdirmişlər. Bədən quruluşu etibarı ilə qaraçaylar olduqca cəlbedici, sifətcə gözəl, qara iri gözə malik olmaqla ağ dərilidirlər. Onlarda noğaylar kimi geniş, girdə sifətli insanlara rast gəlmək olmur. Yəni bu günün özündə noğaylarla bir ərazilərdə yaşasalar da, onların bu irqilə qarışıqlığını görmək mümkün deyildir. Bununla belə qaraçay dili malkar və çegem dili ilə qohum olmaqla, noğay türklərinin dilinə çox yaxındır və çərkəz dilini də yaxşı bilirlər.
Qaraçay dili türk dillərinin qıpçaq qrupuna aiddir. Bu ad XX əsrin 50-ci illərindən işlənməyə başlanmışdır. Göstərilən dövrə qədər isə o dağlı-tatar, dağlı-türk, tatar-cığatay adlanmışdır. Türkiyədə də bu dildə danışan iyirmi min qaraçay köçəriləri yaşamaqdadırlar. Qaraçaylar eyni dil, mədəniyyət və tarixi paylaşan, fəqət siyasi səbəblərdən iki ayrı bölgədə yaşayan türk boyudur. Qaraçay... adı bu türk boyunun yaşadığı... bölgənin adı olmaqla, qaraçaylar... ortaq qəbilə adı olaraq taulu (dağlı) adından istifadə etmiş və dillərinə də tav dil (yəni dağlı dili) deyirlər.
Qaraçay bölgəsi Qafqazın ən yüksək zirvəsi Elbrus dağının qərbindəki Kuban, Hurzuk, Teberda, İncik, Gögətey, Maara, Arxız vadilərinin içindədir. Qaraçayların siyası sərhədlərini ayıran elə bir hədd yoxdur.
Qaraçay... türkcəsi tarixən iki muxtəlif dialektə ayrılmışdır. Bunlar ilk baxışda nəzərdə tutulmuş qaraçay və malkar dialektləri deyildir. Çünki Qaraçay bölgəsində və Malkar torpaqlarındakı Bashan, Çegem vadilərində ünsiyyətdə olunan dil bir-birindən fərqli deyildir. Qaraçay... xalqının yüzdə doxsanı tərəfindən istifadə olunan bu dialekt qaraçay-malkar yazı dilini meydana gətirir. Az sayda insan tərəfindən istifadə olunan bu dialekt isə Malkar bölgəsinin Çerek vadisində istifadə edilməkdədir. Holam və Bızınği vadilərində istifadə olunan dil də Çerek dialektinə aiddir (4, s.167). Adından göründüyü kimi, bu dildən iki etnos-qaraçaylar və malkarlar istifadə edirlər. Qaraçay-malkar dili əsasən Kabardin-Malkar Respublikasında və Qaraçay-Çərkəz Respublikasında, Orta Asiya, Qazaxıstan, Türkiyə və ABŞ-da yayılmışdır (2, s.390). Qaraçay-malkar leksikası doğma türk lüğət fondu ilə yanaşı, həm də ərəb, fars, rus dilindən alınmış sözlərdən istifadə etməklə inkişaf edir. Bu dilin lüğət arsenalında həm də kabardin-çərkəz və osetin dillərində işlədilən sözlərdən istifadə edilir. Qaraçay-malkar ədəbi dili 1920-ci illərdən mövcud olmaqla «çokat-jokat» dialekti əsasında formalaşmışdır. Qaraçay-malkar dilinin ilk latın və kiril əlifbası əsasında işlənib hazırlanması 1880-cı illərə təsadüf etsə də, ilk kitab ərəb əlifbası əsasında 1905-ci ildə nəşr olunmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər qaraçay-malkar dili latın qrafikası əsasında, 1937-ci ildən (Malkariyada), 1938-ci ildən (Qaraçayda) rus qrafikası əsasında olmuşdur.
Qaraçaylar da qədim dövrlərdə digərləri kimi bütpərəst olmuşlar. Onlar XVII əsrdə İsaq Əfəndi tərəfindən (kabardin mollası – N.T.) islamlaşdırılmışlar. Nisbətən gec islamlaşmalarına baxmayaraq, qaraçaylar Quranın qayda-qanunlarına daim ciddi şəkildə əməl edər, islamın digər xüsusiyyətlərini qoruyar, namaz qılar, ibadətlə məşğul olar, gündəlik Allaha dua edər, oruc tutarlar, zəkat verərlər.
Qaraçaylar xaraktercə olduqca emosionaldırlar. Ümumiyyətlə, onları dünyanın ən sivil xalqları sırasına aid etmək daha düzgün olar. Onların arasında böyük-kiçik yeri, böyüklərə hörmət, tərbiyə məsələlərinə daim ciddi diqqət yetirilmişdir. Qaraçaylar həm də olduqca səxavətli, nəcib insanlardır. Onlar kasıblara, zəiflərə əl tutmaqdan həzz alandırlar. XIX əsrin əvvəllərində Şimali Qafqazda rus hərbi xidmətində bu ərazilərdə iki ildən artıq mühəndis-topoqpaf kimi işləmiş milliyyətcə alman, rus ordusunun general-leytenantı İohann Blaramberqin yazdığına görə qaraçaylar «öz ağalarına tabe olmaqla, hörmət göstərər, onların əmrlərinə hazır və onu dəqiqliklə yerinə yetirərlər. Kasıblara mümkün qədər kömək edərlər… Onlar qonşuları çərkəzlər və abxazlar kimi quldurluğa meylli deyillər, oğurluq etməsi, yalan danşıması haqda nadir hallarda eşitmək olar. Onlar son dərəcə zəhmətkeş olmaqla, əsasən kənd təsərrüfatı ilə məşğul olurlar» (4,s.310).
Qaraçaylar varlıları «biy» adlandırırlar. Ən tanınmış bəylər sırasında Krım Şamaxalov, Urusbiyev, Mudari və digər ailələrdən olanların adını çəkmək olar. Xalq nə onlara, nə də uzdenlərə – zadəganlara heç zaman vergi ödəməzmiş. Lakin belə bir qaydada mövcud olmuşdur ki, «biy»lərə lazım olduqda hər hansı kənd sakininin atı götürülər, işlərini başa çatdırdıqdan sonra nəzərdə tutulmuş vaxta geri qaytararlarmış. Bununla belə qaraçaylar XIX əsrdə kabardin knyazlarına (bəylərinə) mütləq vergi ödəməliymişlər. Göründüyü kimi qaraçayların olduqca maraqlı etnogenezi, adət-ənənələri, etnik-milli xüsusiyyətləri və s. cəhətləri vardır ki, onların müasir türkoloji araşdırmalarda dərindən təhlilinə ehtiyac vardır.Biz gələcəkdə ardıcıl olaraq problemin dərindən çözülməsinə diqqət yetirmək fikrindəyik.

İstifadə olunmuş ədəbiyyat
1. Бларамберг И. Историческое, топографическое, статистическое, этнографическое и военное описание Кавказа. – М., Изд. Надыршин А.Г., 2005.
2. Большая энциклопедия.. В шестидесяти двух томах, Т.20. – М, «Терра», 2006.
3. Материалы научной сессии по проблеме происхождения балкарского и карачаевского народов.- Нальчик, 1960.
4.Tavkul Ufuk. Karaçay-Malkar dilinin dialektleri. –Türk dünyası araştırmaları. Nisan,89.59.10 yıl.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.