Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

XX əsr Qaraçay ədəbiyyatının xüsusiyyətləri və bədii təmayüllər

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI SLAVYAN UNİVERSİTETİ

Nizami Tağı oğlu Məmmədov

XX əsr Qaraçay ədəbiyyatının xüsusiyyətləri və bədii təmayüllər

Bakı - 2012

Mündəricat

 

Giriş_________________________________________________________3
XX əsr Qaraçay poeziyası: başlıca xüsusiyyətləri, əsas nümayəndələri ______6
Qaraçay ədəbiyyatında poema janrı və onun müxtəlif tipləri _____________18
Qaraçay nəsrində hərbi memuar, sənədli oçerk və povest janrı ___________23
Qaraçay ədəbiyyatında roman janrı və onun ideya, mövzu və problem
axtarışları ___________________________________________________29
Qaraçay dramaturgiyasının janr rəngarəngliyi_______________________35
Nəticə_______________________________________________________39
İstifadə olunmuş ədəbiyyat_______________________________________40


Giriş

Nəzərdən keçirdiyimiz dövrdə qaraçay ədəbiyyatının inkişafı onun janr axtarışları ilə səciyyəvidir. Bu problemin bədii həlli müxtəlif yollarla gedirdi. İlkin mərhələdə, əlbəttə, gənc qaraçay ədəbiyyatının inkişafı epik-milli ənənələrlə sıx bağlı olan tarixi keçmiş üzərində qurulurdu. 30-cu illərdən xalq yaradıcılığına marağın güclənməsi gənc ədəbi qüvvələri müxtəlif janr formalarından istifadəyə meyləndirirdi. Əlbəttə, əksər hallarda epik irsdən xalq üçün xarakterik olan qəhrəmanlıq və sosial motivlərdən istifadə olunacaq nümunələrə daha çox diqqət yetirilirdi. Bəzən də elə olurdu ki, folklor nümunələri cüzi dəyişikliklərə uğradılaraq nəşr olunurdu. Əksər hallarda gənc müəlliflər «Nart» eposuna, qəhrəmanlıq poemalarına, rəvayət-xəbərlərə, tarixi-qəhrəmanlıq nəğmələrinə müraciət edirdilər. Adını çəkdiyimiz sonuncu janra müraciət onda sosial motivlər güclü olduğundan daha çox planlı xarakter alırdı. Bəzən elə olurdu ki, gənc ədəbi qüvvələr şifahi novellaları yenidən işləməklə, onlara sosial müəyyənlik rəngi qatırdılar. Elə buna görə də folklor gənc qaraçay ədəbiyyatında müsbət qəhrəmanın tipik xarakterinin üslub axtarışlarına kömək edirdi. Bu baxımdan H.Appayevin «Qara sandıq» romanı daha xarakterik idi.
XX əsrin 30-cu illərində ədəbiyyata gələn yaradlıcı qüvvələr həm də yeni üslub, janr axtarışlarında idilər. Bununla belə sovet ideologiyasına əksər hallarda xidmət etməyə çalışan bu gənclər bədii sənətkarlıq məsələlərindən daha çox dövrün müsbət obrazını, sosial emosiyaları çağırışlar formasında ifadə etməyə üstünlük verirdilər. Estetik şüur dövrün kəskinləşən tələbləri, sinfi, sosial ziddiyyətləri heç də bütün hallarda ön plana çəkmirdi. Bu dövr və sonrakı 1980-2000-ci illər qaraçay ədəbiyyatında rus bədii sistemindən və sənətkarlarından əxz olunmuş prinsip və yanaşma üsulları daha çox özünü göstərirdi. Qaraçay yazıçılarının 40-60-cı illərdə ortaya qoyduğu nümunələrdə rus ədəbiyyatından edilmiş tərcümə əsərlərinin nəfəsi daha çox hiss olunurdu. Digər bir tərəfdən 30-cu illər gənc qaraçay sənətkarlarının yaradıcılığı əksər hallarda böyük nəsildən olan H.Urtenov və İ.Qaragetov yaradıcılığına oxşayırdı. Ən təəccüblüsü isə o idi ki, gənclər belə yaxınlaşmanı özlərinin böyük uğuru hesab edirdilər (27).
Lakin XX əsrin 30-cu illərində qaraçay ədəbiyyatının inkişafı həm də bu sahədə ədəbi janrların ortaya gəlməsini istisna etmirdi. Məlum olduğu kimi, qaraçay ədəbiyyatı 30-cu illərə qədər əsas etibarı ilə şeir nümunələrindən ibarət idi. Onun əsas nümayəndələri olan İ.Krımşamxalov, İ.Teberdiçi, H.Urtenov, İ.Qaraqetov və b. əsərləri məşhur olduğu halda tədricən həm adlarını çəkdiyimiz, həm də yeni ədəbi qüvvələrin yaradıcılığı öz sosial-ictimai istiqamətliliyi ilə fərqlənməyə başlayırdı.
Qaraçay epik poeziyası xalq yaradıcılığının keçmiş əsrlərdən gələn mürəkkəb sintezindən yaranmaqla, əsas etibarı ilə «Nart» dastanları («Nart tauruxla»), atalar sözü və zərbi məsəllər («nart sözle»), tapmacalar («elberqen comakla»), nəğmələr (cırla), nağıllar (comakla, tauruxla), əfsanələr (eski tauruxla), rəvayətlər (eski aytınla), hekayətlər (xaparla), pritça (aytıula) və s. özünü əks etdirirdi. Onlardan hər biri qaraçay epik poeziyasında müstəqil janr olmaqla, süjetində digərlərlə yanaşı, fantastik və romantik epizodlar, qəhrəmanlıq və sevgi motivləri ilə zəngin idi. Sonralar yaranmış qaraçay ədəbi janrları folklor janrlarından gələn bəzi ənənələri mənimsəməklə inkişaf edirdi. Bununla belə qaraçay ədəbiyyatının 40-60-cı illərində yaranmış janrları folklor nümunələrindən gəlməklə, məzmun və forma mürəkkəbliyi ilə seçilirdi. Çünki zəngin milli bədii ənənələrdən başqa bu janrlar həm rus, həm də Şimali Qafqaz xalqları ədəbiyyatının ənənələri əsasında inkişaf edirdi.
40-6-cı illər Qaraçay ədəbiyyatında janrlar haqqında düşünmək bizi həm də onların tarixinə müraciət etməyə sövq edir. Elə buna görə də cırları (nəğmələri) qaraçay bədii sözünün mənbələrindən biri kimi götürmək mümkündür. Bununla belə onu da qeyd etmək lazımdır ki, qaraçay ədəbiyyatında ədəbi janrlar sistemi indiyə qədər işlənməmiş, janr təyinləri isə heç də daim dəqiq və birmənalı müəyyənləşməmiş, janrın özü isə məlum olduğu kimi, inkişafda olan hadisə olduğundan hərtərəfli öyrənilməyə ehtiyaclı olmuşdur. Nəzərə alınmalıdır ki, ədəbi yaradıcılığın müxəlif kateqoriyalarının başlıca xüsusiyyətlərinin nəzərdən keçirilməsi ciddi tarixilik prinsipi əsasında olmalıdır. Buna görə də ictimai şəraitin ədəbiyyatla əlaqəsi bütün istiqamətlərdə izlənilməlidir. Ədəbiyyat ictimai ideologiya olduğundan ictimai varlığı əks etdirir və onunla əlaqəsiz heç nə mövcud deyildir. Dərk olunmalıdır ki, janrın əsasında həyat prosesində müəyyən insan tipinin, onun xarakterinin, emosiya və hisslərinin xüsusiyyətləri əksini tapır. Janr ümumi hadisə olmaqla yanaşı, həm də tarixi hadisədir, onda həm o, həm də bu cəhət öz əksini tapır, çünki ümumi həm də tarixi kimi özünü göstərə bilər (39).
Qaraçay ədəbiyyatının bütün inkişafı dövründə biz oxşar janrları görsək də, bu janrlar heç də bir-birini kor-koranə təkrarlamır, çünki hər bir yaradıcı insanın fəaliyyət və hissləri və onların məzmunu heç də bir-birini təkrarlamır. Məzmun və formasına görə müxtəlif olub, funksional baxımdan uyğun gəlsə də, onlar qaraçay həyatının bu və ya digər hissəsini tarixi proses səviyyəsində göstərir, onun mənəvi həyatının (lirik şeirlərdə daha çox) bu və ya digər məqamını, bu və ya digər həyat epizodunu (hekayə), insan taleyini nisbətən həyat hadisələrinin tam siklində təsvir edir (povest, roman), xalq həyatı axınında insan taleyinin mənzərəsini verir (roman-epopeya), keçmişi insan taleyi və xalq taleyi kontekstində dəyərləndirir (tarixi roman və tarixi dram janrı) və s. Janrların bir-biri ilə uyğunluğunu da məhz bu müstəvidə nəzərdən keçirmək lazımdır. Bununla belə bütün bu səviyyələr hər dəfə konkret və özünəməxsus tarixi prosesin səviyyəsi olmaqla, burada xüsusi ona daim yeni xarakter verən bənzərsiz ifadə olur. Bu da məhz onlar arasındakı fərqi əks etdirir. Odur ki, qaraçay yazıçılarından bir neçəsinin yaradıcılığında biz müxtəlif janrlarla qarşılaşmaqla, onların insan davranışının müxtəlif formalarına müraciət etməklə, insan xarakterinin təsvirində müxtəlif üsullardan istifadə etdiklərinin şahidi oluruq (H.Urtenov, O.Xubiyev, D.Bayqulov və b.). Qeyd etdiklərimiz heç də bizim ədəbiyyatla və janrla bağlı təsəvvürlərimizi, forma və məzmun vahidliyi müddəalarımızı dağıtmır. Janr təyininin belə ümumi funksionallığını nəzərə alaraq, qaraçay ədəbiyyatında 40-60-cı illərdə işlək olan ayrı-ayrı janrların təhlillərinə nəzər salaq.

XX əsr Qaraçay poeziyası: başlıca xüsusiyyətləri,
əsas nümayəndələri

20-30-cu illər qaraçay ədəbiyyatında aparıcı janr olan poeziya sonrakı illərdə də öz rolunu saxlamağa çalışmışdır. Bu dövr poeziyasında ictimai həyatda baş vermiş hadisələr onda daha çox əksini tapırdı. Şairlər heç də şəxsi, intim mövzuları əsas mövzular kimi diqqət mərkəzinə çəkmirdilər. 30-cu illərin sonlarında qaraçay poeziyasına gəlmiş yeni qüvvələr – M.Urusov, T.Borlakov, A.K.Bayqulov, A.E.Ebzeyev, O.Xubiyev, H.Bayramukova, A.Bayramqulov və b. vətən, dostluq, yeni həyat quruculuğuna həsr olunmuş, optimist ruhlu şeirlər yaradırdılar. (26, s.33)
Əlbəttə, adlarını qeyd etdiyimiz şairlərin yaradıcılığı heç də forma və məzmun baxımından yüksək sənət nümunələri hesab edilə bilməzdi. Çünki onlar bu zaman bədii yaradıcılığın kifayət qədər bütün «sirləri»nə bələd ola bilməmişdilər. Digər tərəfdən isə qaraçay poeziyası sənət aləmində yetərincə bərkiməmiş, inkişaf etməmiş, xalqların ədəbi təcrübəsinə də yiyələnə bilməmişdi. Onların yaradıcılığı hələ realist poeziya tələblərinə də müvafiq deyildi. Onlardan bəziləri (H.Urtenov, İ.Qaragetov, M. Urusov və b. çoxcildli əsərlər yazıb yaratsa da, yazı manerası, üslub deyim tərzi sanki püxtələşməmiş (27, с. 9).
40-ci illərdə qaraçay ədəbiyyatında fəaliyyət göstərən sənətkarların yaradıcılığı xüsusi əhəmiyyət kəsb edirdi. Müharibə illərində qaraçay şairləri ideya-estetik cəhətdən bir yerə yığışıb ədəbiyyatın inkişafına daha böyük təkan verməyə səy göstərirdilər. Müharibənin sınağı həm də ədəbi işin həyatla, xalqla əlaqələrinin möhkəmlənməsinə müsbət təsir edirdi. Əlbəttə, belə olduğu halda ön plana həyat hadisələrinə daha operativ müdaxilə edə bilən janrların – oçerk, lirik şeir, hekayə, bədii-publisistik əsərlər ortaya çıxır və sanki bu illər qaraçay ədəbiyyatının əsil müharibə salnamələrinə çevrilirdi. Bu dövrdə yaranan qaraçay bədii ədəbiyyat nümunələri, bir tərəfdən, xalqa vuruşmağa kömək edir, onun ideal və məqsədlərini ifadə edirdisə, digər tərəfdən, Vətən uğrunda qanından, canından, həyatından keçənlərin qəhrəmanlığını vəsf edirdi.
İkinci Dünya Müharibəsi dövründə sənətkarların başlıca silahı söz idi. Azərbaycanlı S.Vurğun, tacik M.Tursunzadə, ukraynalı P.Tıçina və M.Rılski, tatar M.Kərim və S.Hakim, litvalı S.Neriş, özbək Q.Qulam və b. ilə yanaşı qaraçay şairi O.Xubiyev, X.Canbabayev, E.Kapiyev və s. bu çətin döyüşdə Vətənə poetik sözün qüvvəsi ilə kömək edirdilər. Məsələn, Osman Xubiyev müharibənin qan-qadaları ilə ordu sıralarında üzləşir. Orduda xidmət edə-edə O.Xubiyev həm də dövrü mətbuatda operativ işlər aparmaqla məşğul olur. Demək olar ki, «Qızıl Qaraçay» («Къызыл Къарачай») qəzetinin hər nömrəsində doğma dağlardan kənar düşmüş əsgər O.Xubiyevin şeirləri, oçerkləri, hekayələri və publisistik müqalələri çap olunurdu. Yazıçının bütün yaradıcılıq vəzifələri, bütün enerjisi ümumxalq məqsədinə Hitler Almaniyası üzərində qələbəyə xidmət edirdi. O Xubiyevin şeirləri o dövr ki bütün sovet ədəbiyyatı kimi təşviqat və çağırış xarakterli idi.
Джюзген окъ тийсе келиб, Qəfil bir ox dəyib,
Джерге аудурса мени, Yerə sərsə məni,
Бауурум бла сюркелиб, Sinəm üstə sürünərək,
Къорууларма чеклени. Qoruyaram vətənimi. (16,s.59)
«Qızıl Qaraçay» qəzeti və digər mətbu orqanlarının səhifələrində nəşr olunmuş O.Xubiyevin şeir və publisistik əsərlərini oxucular daim səbrsizliklə gözləyirdilər. «Ölkənin taleyi sənin taleyindir» kitabının müəllifi N.M.Kaqiyeva qeyd edir ki, o, uşaq olarkən dağlı qadınlar arasında yeganə savadlı qadın olan anası həm O.Xubiyevin, həm də digər sənətkarların şeirlərini əməkçilərə oxuyurdu. Bu zaman qocalar və qadınlar göz yaşlarını gizlin silərək, diqqətlə qulaq asırdılar. Bu şeirləri böyüklər kimi, kiçiklər də bilirdilər.
Qəzetlərin oxunuşundan sonra qocalar və qadınlar öz evlərinə dağılışır, anamsa qızlara «Tahir və Zöhrə» və hansısa digər lirik qəhrəmanlıq poemaları oxuyurdu. Anamın səsi əsir, bəzən isə gözlərini silərək, oxumağa davam edir, biz uşaqlar isə nəfəsimizi dərərək yarıqaranlıqda sakit və qəmli səsə qulaq asa-asa hər bir dinləyicinin sifətinin ifadəsinə nəzər yetirirdik. Sonralar mən böyüyəndə bildim ki, bu bizim vilayətin faşistlər tərəfindən işğalı dövrü imiş (24, s. 61).
Qaraçay şairlərinin bu dövr poeziyasının təhlili göstərir ki, o, istər poetik – üslubi, istərsə də ideya-problematika baxımından zəngin və çoxcəhətlidir. Ana torpağa bağlılıq, insanlığa tükənməz məhəbbət, həyatsevrəlik, işğalçılığa nifrət bu əsərlərin canıdır. İlk baxışda fərdi, şəxsi bəzən intim duyğuları əks etdirən bu əsərlərdə ictimai-sosial məna və məzmun çalarları daha çox nəzərə çarpır. O. Xubiyevin ictimai-siyasi lirikasında Vətənin bu günü, onun insanları, keçmişlə müasir həyatın müqayisəli təsviri aparıcı yer tutur. Onun təsvir obyektində aydın və şaqraq bir təfəkkür tərzinin şahidi oluruq. O, süni qəlizlik, obrazlılığın mürəkkəb, fəndgir çalarlarını yaratmaq yolu ilə getmir. O.Xubiyevin bir sıra əsərləri vətənpərvərlik ideyasının son dərəcə bədii əksini parlaq nümayiş etdirir.
Qaraçay ədəbiyyatının qeyd etdiyimiz dövründəki inkişafında Osman Xubiyevin müstəsna rolu vardır.
İkinci Dünya Müharbəsi illərində o, nəinki silahla vuruşur, həm də öz alovlu sətirləri ilə düşməni əskər və şair kimi yerlə yeksan edirdi. Onun düşməni məhv etməyə çağıran şeirləri mətbuat vasitəsilə daha geniş yayılırdı. Məsələn, müharibə illərində O.Xubiyev «Къызыл Къарачай» qəzetində aşağıdakı mövzularda çıxışlar edir. «Onlar hay-küyə düşüb qaçırlar» («Ала кеслери къарадыла»-1943), «Almanlar düşünürlər» (Немцала сагъыш этедиле», - 1943). Bu çıxışlarda əsasən faşist ordusunun hay-küyə düşüb qaçmasından söhbət gedir. 1943-cü ilin sentyabrında O.Xubiyev adı çəkilən qəzetdə daha iki «İrəli» və «Poltava» şeirləri ilə çıxış etmişdi. Qələbəyə səsləyən bu şeirlər ibrətamizliyi ilə seçilməklə, həm də müdrikliyi ilə fərqlənir. Elə buna görə də O.Xubiyevin əsərləri minlərcə qaraçay oxucusunun qəlbində əks-səda yaratmaqla, mühüm ideya-tərbiyəvi əhəmiyyətə malik olmaqla, onun daha sonralar müharibə haqqında irihəcmli monumental əsərlər yarada bilməsində mühüm mərhələ oldu.
Müharibənin qızğın çağında – 1942-ci ildə qaraçay şairlərinin sırasında artıq çoxları yox idi: Həzrət Urtenov və Həsən Appayev 1937-ci ildə represiyaya məruz qalmışdılar. İsa Qaragetov, Davut Bayqulov, Məhəmməd Urusov, Həsən Bostanov, Toxtar Borlakov və b. isə Böyük Vətən Müharibəsində həlak olmuşdular.
Qaraçay ədəbiyyatının bu mərhələdə inkişafının əsas yükü də məhz O.Xubiyevin üzərinə düşürdü. O, gənc yazarların yaradıcılığı ilə yaxından maraqlanır, onların yaradıcı inkişafının qayğısına qalır, cəbhədən onlarla məktublaşır, məsləhətlərini verir və s. 4 mart 1942-ci ildə ona göndərilmiş gənc yazarların məktublarından birindəki cavaba diqqət yetirək: «Məktub yaxşı yazılmayıb, çoxlu səhvlər var. Tələsik yazma. Düşün yaz, tələsmə. Yazdığını oxu, yoxla. Belə savadsız yazmaq olmaz.
Şadam ki, sən şeir yazırsan, şeiri tələsik yazma, düşün. Yüz ortabab şeirdənsə, bir yaxşısı yaxşıdır. Yazılanı yaxşı başa düşməsən ikinci, üçüncü dəfə oxu. Qaraçay dilini əla bilmək lazımdır. Bütün qədim qaraçay nəğmələri və dastanlarını çoxlu və daim oxu. Belə olduqda mən də sənə şeir yazmağa kömək edə bilərəm» (16, s.67).
Müharibə illərində şairin qələmindən «İrəli» («Алгъа»), «Kuban» («Къобан»), «Həyəcanlı illər» («Ачыулу джылла»), «İkimiz dost kimi görüşdük» və s. kimi şeirlər çıxır. Bu şeirlərin hamısında qələbəyə inam hissi ali mənəvi-əxlaqi hal kimi göz önündə canlanır.
Müharibəyə həsr olunmuş şeirlərdə cəbhə həyatının real detalları (yanan faşist təyyarələri, əskər məzarları, almanların hay-küyə düşüb qaçması və s.) relyefli təsvir olunur. Bu tipli nümunələrdə biz, demək olar ki, quru peyzaj təsvirlərinə rast gəlmirik. Bununla belə bu tipli nümunələrdə didaktizm, sxematiklik, daim epitetlərdən genbol istifadə, şüarçılıq, uzunçuluq və s. çox rastlaşırıq. «Həyəcanlı illər» şeiri poema kimi nəzərdə tutulsa da, cəbhə şəraiti onu sona çatdırmaq imkanı verməmişdir. Çünki cəbhə həyatında bu gün aktual olan, sabah tez köhnəlirdi. Əsər buna görə də yarımçıq qalmışdır. Onu 1943-cü ildə yazmağa başlayan O.Xubiyev yalnız 1956-cı ildə sona çatdırmışdı (16, s.69).
Əlbəttə, qaraçay şairlərinin müharibəyə belə münasibəti heç də boş yerə özünü əks etdirmirdi. Çünki müharibə başlayan ilk dövrlərdə yüzlərlə qaraçaylılar könüllü olaraq onun od-alovuna özlərini atmağa hazır idilər. Tibb məktəbindən 344 nəfər könüllü L.M.Dovatorun süvari korpusunda vuruşmağa razı olmuşdu. On minlərlə qaraçay oğulları və qızları cəbhədə vuruşmuşdular. Qaraçaylılar Moskva və Sankt-Peterburqun müdafiəsində, Stalinqrad döyüşlərində, Qafqaz uğrunda vuruşlarda iştirak etmiş, Ukraynanın, Belarusun, Pribaltikanın, azad olunmasında qəhrəmanlıq göstərmiş, faşistlərin Polşa, Çexiya, Slovakiya, Avstriya, Yuqoslaviyadan qovulmasında və onların öz doğma paytaxtı Berlində darmadağın edilməsində iştirak etmişdilər. Onlarla qaraçaylı dövlətin ən yüksək mükafatlarına Qızıl ulduz, Qızıl Bayraq, Şöhrət Ordeninə, Vətən müharibəsi, Aleksandr Nevski Ordeninə, Sovet İttifaqı Qəhrəmanı, digər orden və medallara layiq görüldülər (8, s.4-8).
Müharibə mövzusuna həsr olunmuş əsərlər sırasında müəllif fərdiliyi ilə seçilən N.Bayramukovanın, O.Xubiyevin, S.Kapayevin, H.Ebzeyevin və digərlərinin əsərlərini nümunə gətirmək olar ki, bu əsərlərdə düşmənlə ümumxalq mübarizəsinin doğru-dürüst mənzərəsi yaradılmışdır. Bu müəlliflərin əsərlərində qəhrəmanlığın kütləvi xarakteri ilə yanaşı qaraçay xalqının uyğun milli portreti yaradılır. Qaraçay xalqını müharibədə təsvir edən yazıçılar hadisələrə əsasən doğru-dürüst baxış əks etdirməyə çalışırdılar. «Əmanət», «Sehirli iynə», «Adamlar», «Körpü», «Bolsulu Təzəsu» və s. əsərlərdə qəhrəmanların daxili inamı əks olunurdu.
Qaraçay ədəbiyyatındakı poetik əsərlər üçün uzaq və yaxın keçmişin hadisələrinin əks olunması başlıca fakt kimi diqqət çəkirdi. Milli ədəbiyyatın inkişafında 50-60-cı illər poeziya və nəsrin daha keyfiyyətli şəkildə formalaşması ilə yadda qalırdı. Elə bu dövrdə qaraçay ədəbiyyatında o zamana qədər məlum olmayan janrlar – tənqid və ədəbiyyatşünaslığın ortaya çıxması özünü büruzə verirdi (17, s.165).
Qaraçay ədəbiyyatının inkişafı qaraçay xalqının tarixi taleyi kimi heç də 40-60-cı illər dönəmində uğurlu olmamışdır. Məlum olduğu kimi, XX əsrin bu dövrü Sovet ideologiyası və siyasətinin oturaşdığı illərdir. Bu dövrdə yaşayıb yaradan şairlərin yaradıcılığı dövlət quruluşunun və ideologiyasının eynidir. Böyük Bolşevik devrimi, Kızıl Bayrak, Yeni Sovyet Hayatı, Lenin və kommunist Partiye övqü, Milletlerin kardeşligi və dostluğu və s. Bu dönemin en önemli özelligi, 1930-lu yılların ortalarında seslerini duyurmağa başlayan Halimat Bayramın, Osman Hubiy ve Hezret Semen gibi genc ədəbiyyatçıların yazılı Karaçay edebiyatına yeni bir cizgi getirmeleridir (31, s.226). Adları çəkilən müəlliflər şeir yazmağa başladıqları ilk illərdən nəinki yalnız Sovet mövzusunda şeirlər yazmış, həm də qeyrət və vicdan səsinə qulaq asaraq lirik şeirlərində yurd, millət, təbiət və s. kimi mövzuları ön plana çəkmişlər. Belə ki, qaraçay ədəbiyyatının o dövrdə daha çox tanınan təmsilçisi Həlimət Bayramukova Sovet dönəminin qorxunc şəraitinə baxmayaraq «Qaraçay ailəsi» («Kъarçanın ailesi») kitabında digər qaraçay şairlərindən fərqli olaraq heç kimdən qorxub-çəkinmədən etnik-milli adətlərin ortadan götürülməsinə qarşı çıxmış, onların qorunulması uğrunda mübarizə aparmışdır. Təəssüf ki, H.Bayramukova və O.Xubiyev kimi düşünən sənət adamları poeziya və nəsr janrında xalq üçün aktual olan mövzuları işlədikləri zaman 1943-cü ildə qaraçay türklərini Orta Asiyanın müxtəlif ərazilərinə sürgün etdilər. Elə buna görə də qaraçayların sürgün dövründəki yazılı ədəbiyyatı onun ölü dönəmi kimi nəzərdən keçirilməlidir. Çoxlu sayda qaraçay ədəbiyyat xadimləri və ziyalıları müxtəlif bəhanələrlə həbs olunaraq işgəncələrə məruz qalmışlar. Bəziləri ölüm pəncəsindən xilas olsalar da, Orta Asiyanın iqlim və iqtisadi baxımdan ən əlverişsiz regionlarında dağınıq halda həyat uğrunda mübarizə aparmışlar. Dözülməz şəraitdə həyat tərzi keçirmələrinə baxmayaraq, qaraçay şairləri malkar şairləri ilə birgə bir neçə şeir antologiyaları – «Həyatımızın bayrağı» («Çaşavuzun bayrağı»), «Bizim sözümüz» («Bizni sözübüz»), «Birlikdə nəğmə oxuyaq» («Birge cırlayık») və s. hazırlayıb yaymağa müvəffəq olmuşlar. Bu dövrün tanınmış şair və yazarları sırasında Umar Əliyev, Əbdulkərim Bayqulov, Şəhərbiy Ebzeyev, Toktar Boгlakov, Məhəmməd Orusov, Həlimət Bayramukova, Osman Xubiyev, Həzrət Semyonov, Əzəmət Suyunçev, Seit Layranov, Məhəmməd Çotçayev, Məhəmməd Xubiyev, Nasu Abayxanov və b. əsərlərində dövrün ideoloji ştampını əks etdirməyə səy göstərmişlər. (31, s.226)
Qaraçaylılar 50-ci illərin ikinci yarısından sürgün həyatını başa vurub doğma yurda qayıtdıqdan sonra H.Bayramukova və O.Xubiyev kimi istedadlı söz sahibləri ana ədəbiyyatın inkişafı uğrunda daha çox çalışdılar. Vətənə döndükdən sonra onların əsərlərinin başlıca mövzusu doğma yurdla bağlı sevinc hissləri daha üstünlük təşkil edirdi. Lakin bununla belə Sovet ideolji maşınının kifayət qədər ciddi işlədiyindən burada şairlərin Sovetlər ölkəsinə minnətdarlıq və sədaqətlə yanaşmaları da nəzərdən qaçmırdı. Sürgündən qayıtmış qaraçay şairlərinin birgə nəşrə hazırlayıb yaydıqları «Ürək nəğmə söyləyir» («Cürey cırlaydı» - 1957) şeir antologiyasında bu tipli minnətdarlıq hissi diqqəti cəlb edir. «Ədalət məhv olmur. Kommunist Partiyasının köməyi sayəsində uzun müddətdən sonra Qaraçay qəzetləri yenə ana dildə yayılmağa, uşaqlarımız doğma ana dillərində ünsiyyətdə olmağa və nəğmələr söyləməyə başladılar. Qaraçay ədəbiyyatı yenidən yaradıldı. Bu əminlik eyni zamanda bütün xalqın ümidvarlığıdır» (31, s.226).
***
Tanınmış qaraçay şairi M.Batcayevin «Düşüncələr» (7) şeirlər toplusunda yer almış poetik nümunələr bir sıra keyfiyyətləri ilə diqqəti cəlb edir. İlk növbədə burada toplanmış nümunələr heç də yersiz deklamasiyadan ibarət olmayıb, işıqlı poetik fikirlər təsvirindən ibarətdir. Ən başlıcası odur ki,bu şeirlərdə ritorik ifadələr yox, fikirlərin özünəməxsus konkret məzmunu mövcuddur. Elə bu da məcmuədə yer almış şeirlərin kompozisiya nöqteyi-nəzərdən yüksək şəkildə təşkil olunmasını sübut edir. Şair poetik fikrin təqdimində müstəqildir. Belə nümunələr sırasında «Ağ durna tək…», «Kartof kolu», «Əgər çoban», «Əgər qarmon…», «Mənim qoca babam», «Doğulmuş ölümdən yan keçə bilməz», «Əgər həyatını necə lazımdır qurmuşamsa…, Mübarizə et, dəniz…», «Heyifslənmirəm», «Moruq», «Xoşbəxtlik», «Mən gedərəm», «Dəniz mənim dostumdur», «Dur, mənim Alaqaşım», «Əgər vicdanımı ləkələsəm», hətta bəzi yumoristik, məzhəkə və zarafat xarakterli «Ayı balası», «Qonşunun aulu», «Buzov əmdi qurtardı» və s. bədii baxımdan öz həyatiliyi ilə fərqlənir. Məsələn, M. Batçayevin «Əgər qarmon…» şeirinin başlıca məzmunu Nazim Hikmətin «Mən yanmasam, sən yanmasan…» şeirinin mahiyyətinə uyğun verilmişdir:
Ocaq qazanı qaynatmırsa,
Yanmalıdırmı ocaq?
Ulduz səmanı işıqlandırmırsa,
Məgər ulduzdurmu, bu?
Yol səni çağırmırsa,
De, bəs nə üçündür yol?
Nümunə gətirdiyimiz bu parçada şairin qoyduğu sual elə insanın dünyada, cəmiyyətdə rolu məsələsi qədər aktualdır. Əlbəttə, müəllifin istəyinə görə həyatda nə varsa öz funksiyasını, təyinatını doğru-dürüst yerinə yetirməlidir. Lakin bununla belə şairin deyim, ifadə tərzi heç də Nazim Hikmət deyimi səviyyəsinə çata bilmir.
XX əsrin 40-60-cı illər poeziyasının orijinal təfəkkürlü sənətkarlarından biri Nazir Xubiyevdir. 60-cı illərin ortalarında «Aşırım» adlı şeirlər kitabında (18) onun xeyli maraqlı əsərləri təqdim olunmuşdur. Düzdür, 40-60-cı illər Sovetlər İttifaqında Lenin ideyalarının tüğyan etdiyi dövr olduğundan N.Xubiyevin bir sıra şeirləri («Lenin», «Partiya» və s.) mövzu və ideya baxımdan bu gün oxucu diqqətini o qədər də cəlb etmir. Müraciət edəcəyimiz aşağıdakı iki bənd dediklərimizi bir daha yaxşı təsdiqləyəcəkdir:
Lenin - sən günəş Lenin – sən işıq,
İşıq saçırsan. Yerin xobəxtliyisən.
Lenin sən həyat Lenin – sən bayraq,
Hey yaşayırsan Göyə qalxırsan
N.Xubiyev bu sətirlərdə lenin obrazını heç də adekvat yaratmağa müvəffəq ola bilməyib. Poetik obrazda primitivlik, yeknəsəklik hiss olunur. Buna görə də şairin bu tipli örnəkləri məzmun, mahiyyət, struktur və obrazlılıq baxımdan qüsurlu hesab edilməlidir. Məsələnin bu cəhətinə qaraçay tənqidi də vaxtı ilə diqqət yetirmişdir (27, с. 50).
Lakin N.Xubiyevin digər şeirlərini – «Dumanlı göl», «Mənim ana dilim», «Təyyarədən baxarkən», «Kiçik çay» və s. oxuyarkən biz quru təsvirçilyiin və deklarativliyin şahidi olmuruq. «Mənim ana dilim» şeirindən bir fraqmentə baxaq:
Səndə anamın südü, səsi,
Səndə doğma elin sönməz həvəsi.
Qanadların cəsur qartal qanadı,
Yazda gülünün rəngi özündən alar yadı.

Qaraçay oxucuları tərəfindən əsərləri hərarətlə qarşılanan Həlimət Bayramukovanın bu dövrdə yazıb-yaratdıqları doğma poeziyanın inkişafında önəmli rol oynamışdır. Bu baxımdan onun həm «Ocağın tüstüsü» kitabında toplanmış, həm də digər nümunələr daha diqqətə layiqdir (4).
Dağlara onların əlçatmaz zirvələrinə, sıldırım qayalarına, buz bulaqlarına şairlər çoxsaylı əsərlər həsr etmişlər. Qaraçayların məskunlaşdığı Şimali Qafqaz da öz dağları, zirvələri, qayaları ilə neçə-neçə şairlərin ilham mənbəyi olmuşdur. Elə H.Bayramukova da dağları özünəməxsus şəkildə vəsf edir.
Dağlar dedi: «Oxu bizə,
Biz də səninçün oxuyaq,
Mən dağımdan oxudum,
Dağım dağı haqda yox,
Dağın haqda oxudum.
Dağlar qəzəbləndilər,
Susub-oxumadılar.
Baxışları buludlara dikildi.
Yəqin nəğmə dağlarınkı deyildi.
Parçadan göründüyü kimi, H.Bayramukova burada quru ştamp, ritoriklikdən kənardır. Sətirlərdə fikir dərinliyi orijinal deyim tərzi ilə həmahəngləşir. Parçanın «Dağlar dedi»: «Oxu bizə» hissəsində şair dağların obrazını, bir tərəfdən, canlılaşdırır, digər tərəfdən, ona xüsusi ifadəlilik verir. Sonra isə şairin oxuduğu nəğmə sanki dağların xoşuna gəlmir (çünki o, öz dağı haqqında oxumaq istəyir), şairə belə etmək düzgün olmadığını hiss edən dağlar da, ondan utanıb «baxışlarını buludlara dikir», orada gizlətməyi üstün tutur. Bir qədərdən sonra yenə də nəğmə oxumağa üstünlük vermək lazımdır. Dağlar şairi yenə də oxumağa dəvət edir. Bu dəfə şair dağlara onların şöhrəti, yüksəkliyi haqda oxuyur. Lakin dağlar yenə də susur, oxumurlar. Dağlar buzlar altında qalır, yenə bu nəğmədən isinmirlər. Dağlar onu nəğmə oxumağa dəvət edir.
Sanki bu nəğməyə musiqi də qoşmağa hazırdır. Buna görə o, yenidən oxuyur. Nəğmə bir qədər dəyişir. Bu dəfə nəğmə vadilərin qəddar və vicdanlı sakini haqqındadır…». Burada dağlarla şairə arasında bir razılıq, dostluq, qarşılıqlı ünsiyyət yaranır:
Sevincin gizlətmədi,
Xorla bir yerdə dindi.
Qarla od şahlığına –
Qaldırdı dağlar məni.
Buradan belə bir məlum həqiqət ortaya çıxır: şair doğulub boya-başa çatdığı vətənindən ilham almaqla onun bütün hiss və duyğularını ifadəçisinə çevrilir. H.Bayramkovanın şeirinin ritmi, intonasiyası, ayrı-ayrı sözlərin və ifadələrin təkrarlanması orijinal pafoslu, emosional baxımdan daha zəngin və inandırıcı fikrin ortaya çıxmasına səbəb olur.
H.Bayramukovanın əsərlərində fikir dəqiq və poetik ifadəsini tapa bilir. Poetik axtarışlar digər şeirlərdə də uğurla davam etdirilir. «Qırxıncı illərin qızları», «Biz əsil həyata qədəm qoyduq…», «Torpaq…», «Bacımın son nəfəsi…», «Həmin insan», «Soyunmuş qızın statuyası», «Ayaqyalın bütün dünyanı gəzərdim», «Həyat döyüşdür», «Ocağını qoru…», «Teatrda repetisiya gedirdi…», «Avqust» və s. məhz belə yüksək sənətkarlıqla qələmə alınmışdır.
***
Nəzərdən keçirdiyimiz dövrdə yazıb-yaradan ədəbi şəxsiyyətlərdən biri də Əhməd Kubanovdur. Onun digər şeirlərində olduğu kimi «Görüş» adlı şeirlər kitabında həyata, onun mahiyyətinə, insan xarakterinin fərdi xüsusiyyətlərinə özünəməxsus baxışı əksini tapır. Şeirlərinin ümumi ruhu insanın həyata vurğunluğu, onun sevinc və düşüncələri, inamı və s. bağlıdır (2). Ə.Kubanovun adını çəkdiyimz kitabındakı şeirlərlə tanış olarkən biz həyatı varlığı ilə sevən və onun problemlərinə sinə gərə bilən insanla rastlaşırıq. Şairin həyata münasibəti nikbindir, onu heç bir şey - hətta ölüm belə qorxuda bilməz. Əsərlərində qaldırdığı problemlər dərinliyi ilə yanaşı, həm də məzmunludur. Onun poeziyasının ən mühüm xüsusiyyəti – həyata inamın ifadəsidir.
Ə.Kubanov yaradıcılığında daimi mövzulardan biri olan xoşbəxtliyə yetişmə özünəməxsus intonasiya ilə açılır. Bu baxımdan onun «Aylar, günlər keçir…», «Qoca bağban», «Günəşi sudan doydurmaq…», «İkiüzlü» və s. şeirlər səciyyəvidir. «Dağ qartalının yuvası…» şeirində isə şair insanda azadlıqsevərliyi, itəatkarsızlığı, cəsurluğu, əyilməzliyi tərənnüm edir. Onun bu tipli şeirlərində olan hər nə varsa (şair ideyasının açılması üçün ortaya qoyulmuş kompozisiya, obraz tamlığı və s.), hamısı ətraf aləmin adekvat təsviri və qavrayışına estetik baxımdan uyğundur.
***
50-60-cı illər qaraçay şairləri sırasında Bilal Appayevin 1964-cü ildə Çerkesskdə ana dilində nəşr etdirdiyi «Ata yurduma» («Ata curtha») adlı şeirlər kitabı qeyd olunmalıdır. Yeri gəlmişkən qeyd edək ki, Bilal Appayev Qaraçayın Üçkökən şəhərində anadan olmuş, digər qaraçay ziyalı və şairləri kimi sürgün həyatı onun da taleyindən yan keçməmişdir. Lakin azsaylı türk xalqlarının reabilitasiyasından sonra o da doğma yurda qayıtmış Qaraçay-Çərkəz Dövlət Universitetinin Dil-Ədəbiyyat Fakültəsini bitirmiş, 1983-1985-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun dramaturgiya bölməsində ixtisasını artırmışdır. Qaraçayda yaşadığı dövrdə «Lenin bayrağı» («Leninni bayrağı»), sonra isə «Qaraçay» qəzeti ilə yaxından əməkdaşlıq etmişdir.
B.Appayevin toxunduğu bütün mövzular, demək olar ki, diqqətəlayiqdir. Məsələn, şairin «Xəstəxanada» sikli öz faktoqrafikliyi ilə yanaşı, həm də poetik vüsəti ilə oxucu yaddaşına həkk olur. Şeirdə emosional təsvir yetərincə güclüdür.
Bilal Appayevin insanın iç dünyasına ekskurs etməsi şeirlərinin əksəriyyətində relyefli görünür. Bu səpkidə onun «İkinci qarşılaşma», «Ürək», «Sən aydınlıq günümsən» daha çox diqqəti cəlb edir. «İkinci qarşılaşma» şeirindən bir parçanı təqdim edək:
Sənin izini arayırdım, Xatirə aynasında sənə baxıb,
Gəzdiyin yerlərdə. Gözümü açan olmadı.
Sən gözümə görünürdün, İllərimi keçirdim,
Zor günlərimdə. Başqasına isnişmədim.
(31, s.551)
Bu nümunələrdə şairin ideyadan qaynaq alıb gələn fikirləri təcəssüm olunana qədər sanki uzun və əzablı bir yol qət edir. Şeirdə hisslər canlı, düşüncəli və düşündürücüdür. Poetik fikir, lirik hisslər parçada uğurla realizə olunur. Şeirlərində B.Appayev mürəccəd obrazlılığı və faktoqrafikliyi daim dəf etməyə çalışır. Əlbəttə, belə vəziyyət gənc dağlı şairlər üçün çətin olsa da, onlar təbii olaraq, ənənəyə istiqamətlənməyə üstünlük verirdilər. Nəzərdən keçirdiyimiz illərdə qaraçay şeiri müvafiq inkişafa istiqamətlənməklə, milli ədəbiyyatın ümumi bədii səviyyəsini özündə əks etdirmə yönündə irəliləyişini davam etdiridi.

Qaraçay ədəbiyyatında poema janrı və onun müxtəlif tipləri

Qaraçay ədəbiyyatında poema janrının inkişafını Şimali Qafqaz xalqları ədəbiyyatında bu janrın inkişaf özünəməxsusluğu ilə eyniləşdirmək daha məqsədəuyğundur. Belə ki, bu ədəbiyyatlarda XX əsrin 20-ci illərindən başlayaraq milli əlifbanın yaranması tədricən müxtəlif ədəbi-poetik janrların inkişafına öz təsirini göstərir və analoji estetik təcrübədən istifadə olunurdu. Problemin müxtəlif rakusrlardan öyrənilməsi Şimali-Qafqaz xalqlarının ədəbiyyatlarında XX əsrin ikinci yarısında aktuallaşmış qaraçay, malkar, noğay, kumux, çərkəz, kabardin şairlərinin əsərləri əsasında nəzərdən keçirilmiş, bir sıra maraqlı nəticələr əldə edilmişdir. Qaraçay ədəbiyyatşünaslığında məsələ ilə bağlı tanınmış tədqiqatçı və qaraçay ədəbiyyatı janrlarının inkişaf istiqamətlərini dərindən təhlil etmiş A.Qarayevanın araşdırmaları daha çox obyektivliyi ilə seçilsə də, problem fundamental şəkildə Fatimə Uzdenovanın «Şimali-Qafqaz ədəbiyyatlarında poema: janr paradiqmasının formalaşması» kitabında araşdırılmışdır (32, s.3).
XX əsrin 40-60-cı illərində yaranan qaraçay poeması dövrün və xalqın ruhunu əks etdirən mövzuların seçimi və epik məzmunun şərti kimi personaj təsviri və hadisələrin təqdimatında mühüm məqamları ortaya qoymağı ön plana çəkməli idi. Qaraçaylar yazı əldə etdikdən sonra poema bu ədəbiyyatın aparıcı janrına çevrilib bir sıra dəyişikliklərə məruz qalsa da, iki mühüm məzmun strukturu nüvəsini qoruyub saxlamağa müvəffəq olmuşdur. Xalqın taleyi və bu taleyə yaradıcı şəxsiyyətin münasibəti.
Qaraçay ədəbiyyatında ənənələrin sintezi milli poemanın xarakterik xüsusiyyətidir. Nəzərə alaq ki, bu mürəkkəb sintez nəinki doğma ədəbi ənənələrdən, həm də rus, şərq və türk ənənələrindən qaynaqlanırdı. Qaraçay poeması digər ədəbiyyatların ən yaxşı ənənələrini əxz etməklə, dövrün təklif və tələblərinə uyğun formalaşırdı. Bəlkə də qaraçay poemasının bu dövrdəki axtarışları, həm də novatorluqla nəticələnməyə istiqamət götürmək idi. Beləliklə, qaraçay poemasında xalqın, keçmiş cəmiyyətin vəziyyəti, onun inkişaf yolu yenidən nəzərdən keçirilirdi. Bəzən aktual mövzulu əsərlər ortaya çıxırdı. Bununla belə mövzuların aktuallığı materialın və problematikanın yeniliyi ilə sonuclanır və buna görə də janrın bu dövrdəki inkişafındakı yenilikləri ümumiləşdirmək lazım gəlirdi.
XX əsrin 30-cu illərinə nisbətən 40-60-cı illər qaraçay poeması daha intensiv inkişafa meylli olmuşdur. Bu dövrdə epik poema özünəməxsus süjet xəttinin genişlənməsi, bədii ifadə vasitələrinin rəngarəngliyi ilə xeyli dərəcədə zənginləşmişdir. Epik poemada yeni qəhrəman obrazı yaratmaq cəhdini biz nəinki qaraçay ədəbiyyatında, həm də noğay şairləri İ.Mirzəyev, M.Kurmanəliyev, qaraçaylar İ.Qaragetov, H.Urtenov, D.Bayqulov, malkar A.Budayev, kabardin Ə.Sogensukov və A.Keşokovda görürük (32, s. 45).
Əlbəttə, qaraçay şairlərinin poema janrına yiyələnməsi heç də asan olmamışdır. Yeni kompozisiya, priyom və üsulları, obrazlar, rənglər, üslublar, dünya ədəbiyyatında işlənilmiş estetik təcrübənin əldə olunması bədii cəhətdən mükəmməl epik əsərlərin yaranmasına istiqamətləndirirdi. Bunlara misal olaraq D.Bayqulovun «Şamay əvvəl və indi», «Məryəm və əfəndi», H.Urtenovun «Əfəndi və ölüm» və s. poemalarını göstərmək olar.
Əlbəttə, 40-cı illərdə qaraçay ədəbiyyatında olduğu kimi, Şimali Qafqaz ədəbiyyatlarında epik poema janrı bir qədər zəifləmişdi. Bunun da obyektiv səbəbləri vardı. Belə ki, müharibə dövründə ortaya çıxmış daha operativ və mobil janrlar – təşviqat xarakterli publisistik poeziya epik poemanı önləmək və lirik poemanın irəliləməsinə səbəb oldu. «Qızğın hadisələr dövründə… Blok və Mayakovskidən başlayaraq… epos daha çox lirik məzmunla doldurularaq və bu iki növün müxtəlif formalarına yiyələnməklə, sırf lirik poema xüsusiyyətlərinə malik olur» (6,s. 179).
Digər ədəbiyyatlarda olduğu kimi epik poemaya qayıdış qaraçay ədəbiyyatında da 50-60-cı illərdən baş verir. Xüsusən 60-cı illərdə epik poemanın tematik diapozonu genişlənir. Qaraçay və noğay ədəbi prosesinə yaxından bələd olan tədqiqatçılardan biri bununla bağlı yazırdı: «Müəlliflər həyatın əksər tərəflərini, insanın mənəvi dünyasının zənginliyini çevrələməklə əsərləri üçün materialı həyatın özündən, gerçəklikdən, öz xalqının mənəvi irsindən götürməyə çalışırdılar» (23, s.125). Qaraçay şairləri tarixin ənginliklərinə, folklora müraciət etməklə, həyat hadisələrini əsərlərinin mahiyyətinə hopdurmağa çalışırdılar. Belə olduqda qaraçay epik poeması «rasional təfəkkürü» əks etdirməklə, gerçəkliyə heç də yalnız romantik baxış ifadə etmir. Bu baxımdan A.Suyunçev və M.Xubiyevin əsərləri xüsusilə qeyd olunmalıdır.
Burada H.Bayramukovanın poetik yaradıcılığının bəzi məqamlarına diqqət yetirmək yaxşı olardı. O, qaraçay şairlərindən poeziyada öz poetik «mən»ini tam şəkildə ifadə edə bilən, mənəvi həyatının maraqlı məqamlarını təhlillərə cəlb etməyə daha çox meylli olan epik-lirik amplualı müəlliflərdəndir. Onun poeziyasında quru patetika, ritorika və pafosla rastlaşmırıq. Əvəzində isə bu yaradıcılığın mərkəzində ürək hərarəti, incə yumor, elegik hisslər daha böyük üstünlük təşkil edirdi.
H.Bayramukovanın «Zəlihət» poemasının bəzi təfərrüatlarına nəzər salaq. 1963-cü ildə qələmə alınmış bu əsər Qaraçayda partizan dəstələrinin hitlerçilərlə mübarizə tarixini əks etdirən konkret fakt və hadisələrdən qaynaqlanır. Poemanın diqqət mərkəzində qoçaq qaraçay partizan qadını Zəlihət Erkənovanın bioqrafiyasının müxtəlif epizodlarıdır. Zəlihət faşistlər tərəfindn faciəvi şəkildə həlak olur. Onun mübarizəsinin və ölümünün bəzi mühüm epizodları H.Bayramukovanın bu dövrdə qələmə aldığı qaraçay ədəbiyyatında yeni janrın – tarixi – qəhrəmanlıq poemasının ortaya çıxmasına səbəb olur. Poema poeika cəhətdən mükəmməldir, onun fərdiləşdirilmiş və geniş obrazlar sistemi, detallaşdırılmış süjet xətti mövcuddur. A.İ.Qarayevanın təbirincə desək «Şairə heç bir zaman özü haqqında belə obrazlı və emosional, həyatın özü tərəfindən qavrayışını poemanın birinci fəslində verdiyi kimi etməmişdir. Birinci şeirlər məcmuəsində yer almış fraqmentar lirik düşüncələr poemada məntiqli və geniş olmaqla, vahid sistemə düzülür» (20, s.434).
Bu dövrlərdə H.Semyonovun «Cazuv ayla» («Yaz ayları»), «Qərib Kursk» və «Nur qığılcımları»; Ə.Əhmədovun «Yaz gəldi» və «Həmzət batır»; B.Appayevin «Ata curtha» («Ata yurduna») və «Kucur adamla» («Qərib adamlar») və s. kimi əsərlər ortaya çıxmışdır.
Qaraçay ədəbiyyatşünaslığı qaraçay xalqının və söz sərraflarının başına gətirilən bu müsibətlərə uzun zaman kəsiyində münasibət bildirməsə də, tənqidçi F.T.Uzdenova «Şimali Qafqaz ədəbiyyatlarında poema. Janr paradiqmasının formalaşması» əsərində onunla bağlı bəzi mülahizələr söyləyərək qeyd etmişdir ki, müasir Şimali Qafqaz poemasının bədii arsenalında, xüsusən qaraçaylara diqqət yetirməmək düzgün olmazdı. Çünki onların mövzusu yetərincə zəngin və aktualdır (32, s. 76-77).
İgidləri Sovet torpağı, rus torpağı uğrunda qələbə üçün vuruşan qaraçaylar heç təsəvvür etmirdilər ki, onların xalqının taleyi ilə bağlı cəbhəyə düzgün məlumat ötürülmüşdür. Bu barədə A.Akbayevin «Güllələnmiş şəfəqlər» poeması uğurlu və yetkin məlumatlar verir. Digər bir sənətkar S.Qurtuyevin poemasının qəhrəmanı Alim də - əfsanəvi təyyarəçi vahiməli Leninqrad gecələrində qanı bahasına döyüşlərə girərkən xəbərsiz idi ki, «ölüm bütün bir xalq üzərində qanadlarını açmışdır»…»
Əldən düşmüş insanları apardılar,
Bədbəxt zamanın felinə saldılar,
Qayalarsa uzaqlarda yetim qaldılar… (32, s.76)
Qaraçayların sürgün olunması məsələsi xalq üçün ciddi sınaq olmaqla, onlara siyasi,iqtisadi və mənəvi sahələrdə böyük bədbəxtliklər gətirdi. Qaraçay mədəniyyəti, o cümlədən ədəbiyyatının inkişafı bu illər ərzində süni şəkildə dondurulurdu. Odur ki, qaraçayların deportasiyası mövzusu ən aktual mövzulardan biri olmaqla, həmin dövrün poetik-bədii mənzərəsini də obyektiv şəkildə yaratmağa və realiyalara söykənərək təsvir etməyə ehtiyac duyur. 60-cı illər Qaraçay poeziyasında, o cümlədən poemasında bunu açıq şəkildə etmək mümkün olmasa da (çünki həmin dövr sovet təbliğat maşınının operativ işlədiyi zaman idi), sonrakı dövrlərdə «Sууугъан oжжагъа» («Soyumuş ocaq») şeirlər və poemalar məcmuəsi, A.Türkliyevin «Qaraçay sevgim və ağrılarım» kitabları Vətən – Qürbət oppozisiyası üzərində qurulmaqla formalaşırdı. (13, s.47).
A.Turkliyevin yaradıcılığında sürgün dərin fəlsəfi ideyalarla zəngindir. Poemada («O cəhənnəmdən çıxmışdır») alliterasiya, hiperbolizasiya priyomlarından istifadə şairin daxili hiss və çırpıntılarına böyük emosionallıq verir, onun doğma yurdla bağlı kədərini yetərincə relyefli ifadə edirdi.
Qaraçay ədəbiyyatında poema – ithaflarla qəhrəmanın bioqrafiyasına da xeyli yer verilməkdədir. Bu sırada A.Teppeyevin «Kъург koмиссар» («Polad komissar»), D.Mamuyevanın «Dжашла аугъан джерледе гокка хансла джыларла» («Uşaqların məhv olduğu yerlərdə güllər ağlayır»), S.Qurtuyevin «Alim» kimi əsərlərinin adlarını çəkmək olar.
Qaraçay ədəbiyyatıda lirik-monoloji poemadan yoğrulmuş xatirə-poemaları da nümunə göstərmək olar. Onlara bariz nümunə kimi qaraçay şairəsi A.Urusovanın «Cогъулмагъан къылкъобуз» («Susmayan qopuz») poemasıdır. Müəllif poemanı özünün doğma qardaşı xalq yaradıcılığı nümunələrinin ilk not yazıya alınmasını həyata keçirən, qaraçay musiqi folklorunun banisi, bəstəkar İshaq Urusova həsr etmişdir. Böyük Vətən Müharibəsi başladığından not yazısına alınmış yaradıcılıq nümunələrini İshaq Urusov nəşr etdirməyə müvəffəq olmur. Sonralar bunu qardaşın əvəzinə, onun bacısı Əminət Urusova həyata keçirir. 5 iyul 1941-ci ildə bacısına müraciət edib doğmaları ilə vidalaşarkən İshaq demişdir. «Əgər ölsəm, əvəzimdə qoy əsərim yaşasın…»
40-60-cı illər qaraçay ədəbiyyatında poema janrının inkişafını nəzərdən keçirərkən, onun müxtəlif müəlliflərdə müxtəlif tiplərinə müraciət olunduğunu görürük. Mənəvi problemlərin çoxşaxəliliyi və estetik axtarışların rəngarəngliyi poemanın üslub polifonizmini ortaya qoyur.
Bu janrın XX əsrin 30-cu illərində inkişafı, yuxarıda söylədiyimiz kimi, qaraçay şairlərini dramatik poema (liro-dramatik – H.Urtenov «Safiyət», D.Bayqulov «Şamay əvvəl və indi» və s.) tipinə üstünlük verdiklərini sübut edir.
40-60-cı illərdə, konkret olaraq Böyük Vətən Müharibəsi dövründə və sonralar qaraçay poeması ballada tipli qəhrəmanlıq nəğməsi ilə yaxınlaşır. Mənəvi problemlər üzərində qurulmuş bu əsərlər qəhrəmanların şəxsi taleyini, onların xarakterinin dərinliyini açmağa istiqamətlənir.

Qaraçay nəsrində hərbi memuar,
sənədli oçerk və povest janrı

Böyük Vətən Müharibəsi digər xalqlarda olduğu kimi qaraçayların da bu sahədə ciddi sınağı və mənəvi bütövlüyünün göstərici olaraq ortaya çıxdı. Xalqın düşmənə qarşı nifrət hissi günü gündən yüksəlməyə başladı. Müharibə insanların xarakterinə, mənəvi və həyat təcrübəsinə ciddi təsir etməklə, onların mənəvi baxımdan daha da bərkiməsi, mətinləşməsi üçün zəmin yaratdı. Hitlerçilər Şimali Qafqaza yaxınlaşdıqca (avqust, 1942) qaraçaylılar doğma aulları tərk edib dağlara çəkilərək, düşmənlə ölüm-dirim mübarizəsinə qalxmağa üstünlük verdilər. Bütün bunlar xalqı düşmənə qarşı müsəlləh əsgərə çevirdi. Dağlılar faşistlər əleyhinə mitinqə yığışdılar. Mitinqdə böyük Azərbaycan şairi Səməd Vurğun alovlu bir nitq söyləyərək dedi: «Qoy yaddaşlarımızda dahi xələflərimizin – Tariyelin..., Babəkin və Koroğlunun ölməz obrazları yaşasın! Qoy əlçatmaz Qafqaz dağlarının dibsiz dərələri alman işğalçıları üçün qəbirə çevrilsin». Dağıstanın xalq şairi Həmzət Sadasa isə bu çətin günlərdə dağlıları vahid hərbi düşərgədə birləşməyə çağırdı. Bütün bunlar xalqın mübarizə əzminə kifayət qədər təsir etdiyindən, mövzu qaraçay nəsrində müxtəlif janrlarda – hərbi oçerk, hekayə, povest və romanda öz əksini tapmağa istiqamətləndi (24, s.16).
Qaraçayların doğma yurda qayıdışından sonra Sovet dövlətçiliyinə və Partiyaya ikili münasibət özünü göstərirdi. Eyni zamanda ictimai-siyasi vəziyyət o qədər gərgin idi ki, qaraçay söz adamları ölkə rəhbərlərinin bütün haqsızlıqlarına baxmayaraq, siyasi hakimiyyətin davranışını təqdir etməyə çalışırdılar. Hətta Sovet rəhbərlərinə minnətdarlıqlarını bildirdilər (31, s. 226). Həqiqətdə isə vəziyyət tamamilə bambaşqa idi. Bu tipli minnətdarlıqlar dekorativ xarakter daşıyırdı. Lakin bütün hallarda sovet siyasət maşını öz işini görürdü. Təqiblər, ciddi senzura qaraçayların düçar olduğu faciələri qələmə almaq üçün imkan vermirdi. Xalqın gözü qorxudulmuşdu. Eyni zamanda qaraçay ədəbiyyatında müharibə mövzusuna müraciət, yuxarıda adlarını qeyd etdiyimiz müəlliflərdən başqa, hələ 50-ci illərin sonlarında geniş və dərin həllini tapa bilməmişdi. Yalnız sonrakı dövrlərdə (məsələn, 60-cı illərdə) hərb mövzusuna müraciət güclənir. Onun izahında qaraçay ədəbiyyatının inkişafının maraqlı qanunauyğunluqları müşahidə olunur və onda ümumi 60-cı illər çoxmillətli sovet ədəbiyyatı üçün özünəməxsus meyl formaları özünü əks etdirirdi (19, s. 4).
Burada onu da qeyd etmək yerinə düşər ki, müharibədəki «səngər gerçəkliyi»nin doğru-düzgün yaradılması, həm də müəlliflərdən problemin geniş tarixi üfüqlərinə dərindən diqqət yetirməyi tələb edirdi. Buna görə də müharibə zamanı min bir məhrumiyyətlərə (əsir düşənlər, həlak olanlar, konslagerlərdə ömür çürüdənlər və b.). düçar olmuş insanların dramatik taleyini təsvir etməyə istiqamətlənən əsərlər müharibə dövrünün müxtəlif məqamlarını göz önündə əks etdirməyə üstünlük verirdi. Müharibə ilə bağlı dövrü mətbuatdakı nümunələrlə yanaşı, həm də xeyli məqalə, material və kitablar işıq üzü görürdü. Onların sırasında tank ordusu polkovniki Harun Boqatıryovun «Vətən uğrunda» («Эсре тюшюрюуле») və Seit Laypanovun «Qaraçay oğlu – Belorusiya qəhrəmanı» («Къарачайны уланы – Белоруссияны джигити») sənədli oçerki (bu kitab ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Osman Kasayevə həsr olunmuşdur) (2;26;11;12), N.Ebzeyevin «Munir» və «Бычакъны ауузунда» («Bıçağın ağzında») povestlərini qeyd etməliyik.
Harun Boqatıryov «Vətən uğrunda» hərbi-memuarında kəndlərdən, qəsəbələrdən və şəhərlərdən baş alıb gedən döyüş yolunu qələmə almaqla, Rossoşidən Xarkova qədər, Kursk qövsü, Dnepr, Kiyev, Sumı, Fastov, Jitomir – Berdiçev əməliyyatları, Çexiya, Slovakiya, Avstriya və Berlində gedən döyüşləri bütün təfərrüatları ilə qələmə alır. Almanların hər bir qarış torpaq uğrunda vuruşduqları zaman onların necə müqavimət göstərməsini, hər gün onlarca kilometrlərlə məsafələr qət etdiklərini, Berlinə necə gedib yetişdiklərini və 21 aprel 1945-ci ildə Berlini nə vəziyyətdə gördüklərini, Berlinin necə yandığını, şəhəri hər saatda neçə-neçə təyyarələrin bombalamasını və oraya minlərcə mərmilərin düşməsini sənədli və bədii nöqteyi nəzərdən uğurla təsvir edir.
Kitabın qələmə alınması ilə bağlı S.Laypanov 1965-ci ildə əsərinin baş qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı adına ölümündən sonra layiq görülərkən əsərin necə yazılmasına bir tarixi oçerklə başlamışdır. Belə ki, S.Laypanovu 1958-ci ilin fevralında «Къызыл Къарачай» qəzeti Böyük Vətən Müharibəsi illərində onun Belorusiyanın Mogilyov vilayətinə partizan hərəkatı ilə bağlı material yığmaq üçüın ezamiyyətə göndərmişdir. Eyni zamanda buna qədər qaraçay oğlu Osman Kasayevin Mogilyov meşələri ətrafında qəhrəmancasına vuruşduğu da məlum idi. Həm də Osman Kasayevin partizan dəstəsindəki fəaliyyətinin ayrı-ayrı epizodları ilə bağlı hekayələr Əzəmət Suyunçev tərəfindən rayon qəzeti səhifələrində yer almışdır.
S.Laypanov Mogilyovda olduğu zaman 121-ci Qızıl partizan polkunun keçmiş partizanları, həmyerlisinin döyüşçü dostları ilə görüşür və onlardan Osmanın dəstədəki fəaliyyəti ilə bağlı materialları dövlət və onların şəxsi arxivlərindən əldə edir. O, Moqilyovda Osmanın məzarını ziyarət edir. Mogilyovdan səhra və arxiv materialları yığdıqdan sonra Minskə, digər arxivlərdə işləməyə gedir. Bu materiallar Osman Kasayev kimi şəxsiyyətin və qəhrəmanın xarakterini təsvir etməyə imkan verir (19, s.40-54).
Arxiv sənədlərinin digər üçüncü qrupunda Moqilyovda partizan hərəkatının inkişafı ilə bağlı işğalçıların aktları, yaddaş üçün qeydləri, sərəncamları və s. yer alır.
Kitabda Osman və onun döyüşçü dostlarından 15 müxtəlif fotoqrafiya-illüstrasiyalar vardır. Kitabın nəticə hissəsi əvəzinə müəllif «Mogilyovskaya pravda» qəzetindən götürdüyü «Qaraçay oğlu – Belorusiyanın qəhrəmanı» məqaləsinin tərcüməsini verir və sonra elə onu bu adla da adlandırmağı qərara alır (19, s.66).
S.Laypanovun kitabı öz nəşri ilə böyük ictimai rezonans doğurur. O qaraçay oğlu Belorus qəhrəmanı O.Kasayevin igidliyi haqqında inandırıcı və diqqəti cəlb edən mənbəyə çevrilir.
Sənədli materiallar əsasında qələmə alınmış əsərlər sırasında digər qaraçay yazıçısı Hənəfi Evzeyevin «Munir» və «Bıcağın ağzında» povestlərini qeyd etmək olar. Qeyd edək ki, Hənəfi Evzeyev müharibənin ilk illərindən sonuna qədər onun yaxından iştirakçısı olmuşdur. O, Cənub, Birinci Belarus, Birinci Ukrayna cəbhələrində kəşfiyyatçı, tankəleyhinə mərmiatan, özüyeriyən artilleriya qurğusunun komandiri, alay komandiri, özüyeriyən artilleriya batareyasının komandiri kimi döyüşmüşdür. Müharibə qurtardıqdan sonra da o, tankəleyhinə ordu sıralarında xidmət etmiş, dövlətin altı müxtəlif mükafatlarına layiq görülməklə, mayor rütbəsində ordudan tərxis olunmuşdur.
Təbii ki, H.Evzeyevin müharibədəki özü döyüş təcrübəsi, hərbi təəssüratları adları çəkilən povestləri yazmaq üçün mühüm material kimi xidmət etmişdir. Məsələn, «Munir» povesti Evzeyevin yaxın silahdaşı qaraçay inqilabçısı Səid Xəlilovun kiçik oğlu Munir Xəlilova həsr olunmuşdur.
Müharibənin ilk dövrünün əsil mənzərələri və hadisələr xeyli dərəcədə təhrif olunur. Müharibə ilə bağlı hiss və qayğılar illüstrativ xarakterlidir. Burada eyni zamanda müharibə gerçəkliklərinin bədii tədqiqi də görünmür. Daha doğrusu, Ebzeyev bu əsəri ilə müharibənin təsvirinə yeni heç nə gətirməyə müvəffəq olmamışdır.
Biz yuxarıda Ebzeyevin digər bir povestinin – «Бычакъны ауузунда» («Bıçağın ağzında») adını da çəkmişdik. Elə buradaca qeyd edək ki, «Munir»ə nisbətən bu əsər daha uğurludur. Burada müəllif ona məlum olan hərbi materiallardan maraqlı şəkildə istifadə etmişdir.
Povestin avtobioqrafikliyi müəllifin tankəleyhinə artilleriyada, tank ordularında xidmətini, döyüş texnikasını, tankçıların hərbi məişətinin spesifik xüsusiyyətlərini, tank ekipajının həyatını professional səviyyədə bilməsi ilə bağlıdır. Povestdə təsvir olunan hadisə və təfərrüatların həqiqətə uyğunluğu oxucuda şübhə doğurmur (12, s.79-105).
Əsərin başlıca süjet xətti leytenant Oqnevin tank ekipajında xidmət edən qaraçaylı Biynöger və İsmayılın həyatının döyüş epizodlarından ibarətdir. Əsərin ekspozisiyasında tankçıların meşədə hücumdan qabaq düşərgələri təsvir olunur. Konfliktin zavyazkasında kombriq Boqatıryovun əmri ilə tankçıların Vajnı Xutoru uğrunda döyüşə girməsi göstərilir. Hadisələr ən gərgin nöqtəyə Oqnenin döyüş zamanı su dolu arxa düşdüyü və oradan özü müstəqil olaraq çıxa bilməyəcəyi zamanı çatır. Burada alman tankının komandiri Lyutsın ağılına Oqnevin tankını bütün ekipajla ələ keçirib, onu alman tank hissəsinin komandirinin yanına yedəkdə aparma fikri gəlir. Lakin bu anda Oqnevin ekipajının gözlənilmədən göstərdiyi qəhrəmanlıq əsərə yetərincə maraqlı rəng qatır. Lyutsın tankı Oqnevin tankını yedəkdə çıxardığı zaman sürücü-mexanik üçüncü sürətə keçirib düşmən tankına ciddi zədə yetirir, düşmən tankının sürücüsü idarəetmə şitinə elə zərbə ilə dəyir ki, o, şüurunu itirir və Oqnevin tankı idarəetməni itirən alman maşınını da öz mövqelərinə dalınca dartır. Faşistlər əsir düşürlər. Mayor Lyuts isə intihar edir…
Göründüyü kimi, povestin süjetində hadisələr kifayət qədər sürətli, lakonik olmaqla, həm də sərgüzəştli xarakterə malikdir. Oxucunun gözləri qarşısında hərbi-sərgüzəştli janr göz önündə canlanır. Bu isə qaraçay ədəbiyyatında Böyük Vətən Müharibəsi mövzusunun yeni planda işlənməsini göstərir. Lakin bu elementlərin qaraçay ədəbiyyatında həmin dövrə qədər olmadığı qənaətini yaratmır. H.Ebzeyevin povesti sadəcə olaraq bu ənənəni inkişaf etdirir. Məsələn, Ə.Batçayevin «Əhməd-Batır» pyesi də sərgüzəşt xarakterlidir. Sərgüzəşt elementlərini biz D.Kubanovun «Dağlarda səs» kitabında da tapırıq. H.Ebzeyevin «Bıçağın ağzında» povesti bu ənənələri müəyyən şəkildə davam etdirsə də, təqliddən kənardır. Qəhrəmanların xarakteristikasına gəldikdə isə, qeyd etməliyik ki, onlar əsərdə tipik hərbi-sərgüzəştli povest üçün xarakterikdir. Həm də bu xarakteristikalar əsərdə olduqca lakonikdir. Məsələn, Oqnev tank komandiri kimi xarakterzə olunur. Çətin vəziyyətlərdə əsərdə biz onun qətiyyətli, insanların taleyinə məsuliyyətli münasibətini görürük. O, daim cəsur, enerjili olmaqla, ən çətin anlarda soyuqqanlılıq nümayiş etdirəndir.
Müəllifin əsərdə təqdim etdiyi bir sıra obrazlar yetərincə özəl və maraqlıdır. Məsələn, …Biynöqer zarafatcıl, mətin xarakterli və soyuqqanlıdır. Öz duzlu-məzəli zarafatları ilə dostlarının əhvalını gümrahlaşdırmağı, onları həvəsləndirməyi bacarır. Sanki Biynöqer böyük rus şairi A.Tvardovskinin «Vasili Tyorkin» epopeyasındakı baş qəhrəman Tyorkini xatırladır. Bununla belə Biynöqer haqqında deyilənləri, biz Ostap Kiriçenko və İsmayıl haqqında söyləyə bilmərik. Bizə belə gəlir ki, müəllif onların fərdiləşdirilmiş obrazına lazımınca diqqət yetirməmişdir. Eyni zamanda söylədiklərimiz əsərdən gələn müsbət ovqata da qətiyyən mane olmur.
Bununla belə H.Ebzeyevin «Bıçağın ağzında» povestini Qaraçay ədəbiyyatında Böyük Vətən Müharibəsinə həsr olunmuş kəşf kimi qiymətləndirmək də düzgün olmazdı. Bu povest Qaraçay ədəbiyyatı üçün bədii tamlığı, mükəmməl kompozisiyası və süjetin ustalıqla qurulması ilə əlamətdardır.
H.Ebzeyevin adını çəkilən iki povestinin təhlili bədii yaradıcılıqda uğur və uğursuzluqların səbəbləri ilə bağlı, ibrətamiz nəticələrə gəlməyə də xeyli dərəcədə əsas verir. Əgər «Munir» povestində müəllif maraqlı özünəməxsus materialı janrın qanunlarına tabe edə bilməməklə, mövzuya məsuliyyətsiz münasibət bəsləyib, tələsənliklə ortaya qoyub uğursuzluğa düçar olmuşdursa, ikinci «Bıçağın ağzında» povestində hərbi lətifə ciddi konfliktli bir əsərə çevrilməklə, qaraçay ədəbiyyatının inkişafına müsbət təsir göstərmişdir.

Qaraçay ədəbiyyatında roman janrı və onun ideya, mövzu və problem axtarışları


Qaraçay ədəbiyyatında roman mənbəyini əsasən İslam Xubiyevin «Həsənin evlənməsi» (1928), «Dağlı tarixçəsi» kimi nəsr əsərləri və Davud Bayqulovun «Bəymirzənin həyatı» (1931) nağıl-hekayəsi , H.Bostanovun mətbuatın vəzifələri və inkişafı oçerkindən, Osman Xubiyevin «Abrek» (1936) povestindən götürür. 30-cu illərin ortalarında H.Appayevin işıq üzü görmüş «Qara sandıq» romanı qaraçay ədəbiyyatında bu janrın əsasını qoydu və sonrakı dövrlərdə (əsasən 50-60-cı illərdə) romanın inkişafı üçün bədii-estetik kursu müəyyənləşdirdi.
Bu magistraldan çıxış edərək biz qaraçay nəsrində roman janrının təşəkkülünü izləmək üçün yeri gəldikcə D.Kubanovun «Dağlarda səs», M.Bayçorovun «Böyük Qaraçayda», H.Bayramukovanın «Dan ulduzu», O.Xubiyevin «Əmanət» və digər əsərləri təhlillərə cəlb etməklə, bu müəlliflərin yaradıcılığının bu janrı formalaşmasında necə böyük rolu olduğunu vurğulamağa çalışacağıq. Onların roman janrında qələmə aldıqları əsərlərinin hər birinin xalqın etnik-milli şüurunun inkişafında böyük xidmətləri vardır. Əlbəttə, xalq taleyi və etnik-milli şüur məsələsi ilk olaraq geniş və dərinləşdirilmiş müstəvidə H.Appayevin «Qara sandıq» romanında əksini tapmış, sonrakı 50-60-cı illər nəsrində xüsusi olaraq geniş planda işlənilməyə başlamışdır. Bir məsələni də qeyd edək ki, bu əsər məzmun, ideya orijinallığına, obrazlar qalereyasının rəngarəngliyinə görə maraqlı nümunə olsa da, o vaxt sona çatdırılmamış qalmışdı. Və qaraçay nasirlərinin yeni nəsli, məsələn, D.Kubanov özünün «Dağlarda səs» əsəri ilə H.Appayevin «Qara sandıq» romanıyla süjet etibarı ilə səsləşən möhtəşəm bir roman ortaya qoya bilmişdir (18, s.212).
XX əsrin 60-cı illəri qaraçay ədəbiyyatında yeni mərhələdir. Çünki məhz O.Xubiyevin «Əmanət», D.Kubanovun «Dağlarda səs», M.Bayçorovun «Böyük Qaraçayda», H.Bayramukovanın «Dan ulduzu» və b.romanları məhz bu dövrdə nəşr olunmuşdur. Sosial mahiyyət və epik məzmunla doldurulmuş bu əsərlərdə müəlliflər Qaraçay tarixini, maraqlı obrazlar və təbiət təsvirləri ilə zəngin olan lövhələri göz önünə gətirməklə, həm də həmin illər üçün xarakterik olan inqilabi olaylara və qaraçaylıların ruslarla dostluğuna kifayət qədər yer ayırmışlar.
Ümumiyyətlə, qaraçay nəzəri-tənqidi fikrində bu ədəbiyyatda roman janrının təşəkkülü, formalaşması və inkişafı ilə bağlı A.L.Qarayeva, S.Akaçiyeva, N.M.Kaqiyeva və başqaları kifayət qədər mülahizələr bildirmişlər. Onlardan S.Akaçiyeva «Qaraçay romanı Janrın təşəkkülü və inkişafı» adlı sanballı monoqrafiyasında üç müxtəlif («Qaraçay nəsrinin yaranması və inkişafı tarixindən», «Qaraçay romanının tarixi məsələləri və tipologiyası», «Qaraçay romanın poetikası») fəsillərdə bu ədəbiyyatda roman janrının özəl xüsusiyyətlərinə, onun digər xalqların ədəbiyyatından olan eyni janrla səsləşməsinə nəzər salır, bir sıra köklü məsələlərlə bağlı mülahizələr bildirir, obyektiv nəticələrə gəlir (1).
D.Kubanovun «Dağlarda səs» romanının problematikasını, süjet və obrazlar sistemini nəzərdən keçirdikdə onun tarixi-inqilabi mövzuya həsr olunduğunu görürük. Roman özündə bir sıra sosial problemləri əks etdirdiyindən, burada məhz sosial konfliktin qoyuluşu da maraqlıdır. Romanın birinci hissəsi oxucuları abreklərin inqilaba qədərki, ikincisi isə – Birinci Dünya Müharibəsi, inqilab, 1917-ci il, Petroqrad həyatı və vətəndaş müharibəsini əks etdirir.
D.Kubanovun «Dağlarda səs» romanı çoxplanlı və mürəkkəb bir əsərdir. Burada bir sıra süjet xətləri, məsələn, abrek taleyi ilə bağlı (Biynöqer, Badimat, İbrahim, Qanamat), varlılar Qiyamət, knyazlar Qanşaubiy və Elmirzə, əfəndi Mühəmmət – Emin, kasıb ailələri Əhməd, Həsənbəy, Mələxan, çar məmurları və nökərləri Biymirzə, Taybiy, Mazan, polislər Matay və Katuk, satqınlar Cankəz və Tokal, jandarm zabiti Reyzin, pristavlar Afanas və Larin, şöbədəki adsız ataman və s. görürük.
D.Kubanovun roman janrının inkişafındakı rolundan danışdıqda onun Böyük Vətən Müharibəsinə həsr etdiyi «Экu заман» («İki zaman») əsərindən də söhbət açmağa ehtiyac duyuruq. «İki zaman» həcm etibarı ilə üç kitab altı hissədən ibarət roman olmaqla, müharibə dövrünün ön cəbhə və arxa cəbhədə olmuş hadisələrini çevrələyərək, bu hadisələrin çoxsaylı personajların taleyində və mənəvi həyatında necə əks olunduğunu göstərir (21).
Romanın ikinci kitabında Qaraçayın işğal dövründə çətin şəraitdə yaşaması, insanların belə vəziyyətdə davranışları, əksəriyyətinin silahı əlindən qoymayıb, partizanlığa keçməklə, faşistlərlə fəal mübarizəyə qalxması təsvir olunur.
Əsərdə yer almış Yunus, Nurxan, Əhməd, Rəşid, Toxtar, Loğman, Kanitat, Vasya Ryabunov, Rodionov, Mərcan və b. müəllifin ideyalarını bədii baxımdan doğru-düzgün yerinə yetirə bilən obrazlar kimi səciyyəvidir.
Romanın üçüncü kitabında D.Kubanov Cənub cəbhəsində gedən proses və hadisələri əks etdirir. İkinci kitabda hadisələr 1942-43-cü illəri çevrələyirsə, elə bu dövrdən sonra Nazirin Perekop, Sevastopol, sonra Belorusiya döyüşlərində iştirakı qələmə alınır. Elə buradaca Bela və Nazirgilin ailəsinin azad olunmuş Qaraçayda necə yaşadıqlarını, hansı intriqalarda bulunduğunu görürük. Bu isə onu göstərir ki, romanın başlıca süjet xəttində mühüm yeri Nazir və Bela münasibətləri tutur. Əsərin kompozisiyasındakı ikiplanlılıq da elə burada ortaya çıxır.
D.Kubanovun «İki zaman» romanının problematikasını nəzərdən keçirən A.Qarayeva, romandakı bütün obrazlar sistemini iki qrupa bölür: burada, bir tərəfdə, dinc həyat tərzi və yeni, işıqlı gələcək uğrunda mübarizə aparanlar (Nazir, onun ailəsi, döyüş dostları, Bela və onun ətrafı); digər tərəfdə, onlara qarşı dayanan obrazlar qrupu, qəlbi alçaqlıq və düşmənçilik hissi ilə yoğrulmuş, tarixin təkərini geriyə döndərməyə çalışanlar; polis administrasiyası, Vətən satqınları (Toxtar, qızı Kanitat və b.) (19).
Romanın əksər epizodlarının əsas məzmunu qəhrəmanların həyatını, hadisələr üzərində düşüncələri və s. göstərməyə istiqamətlənmişdir. Belə təsvir əsərə həm də müəyyən dərəcədə sünilik gətirir.
M.Bayçorovun «Böyük Qaraçayda» romanına gəldikdə isə bu əsər qaraçaylıların inqilaba qədərki həyatının daha yadda qalan mənzərələrini təsvir edir. Romanın əsas personajları qaraçay xalqının və həyatının müxtəlif prototipləri olmaqla, xalqın tarixi həqiqətlərinin daşıyıcısı kimi çıxış edirlər (1, s.38).
Romanda çoxsaylı personajlar iştirak edir. Bununla belə onlardan hər biri o qədər uğurlu rənglərlə təsvir edilir ki, onların baş qəhrəman, yaxud epizodik personaj olmasından asılı olmayaraq, oxucu yaddaşında özünə yer alırlar. Belələrinə nümunə kimi balerina Yelena Terexova, müğənnilər Vera Jareçnaya, Kita Mejevitskaya, tələbə Aleyniçenko, osetin qızı Əminət, arabaçı-çərkəz Həbij, kabardin Karmayev, tacir Ənvər, gimnaziyaçı Murad və başqaları aid edilməlidir.
Müəllif əsərdə Qaraçay varlılarını knyaz Dudarka – hacı, arvadı Minət, oğlu Zəkəriyə, Əli-hacı, onun arvadı Çokay, tacir Ənvər, Leon Krımşamxalov timsalında təqdim etmişdir.
İstismarçılara qarşı qaraçay xalqının ən yaxşı və mübariz nümayəndələri dayanır. Bunlar Peterburq universitetinin ərəb dili müəllimi, Qaraçayda ilk gizli inqilabi dərnəyin təşkilatçısı Süleyman Murad, məktəb xadiməsi Ölməz, həkim Xalid Erkənov, müəllim Abidat, Əminət Yepxiyeva, Həzrət Hacıyeviç, İlyas, Nənə Tokov, İmmolat Xubiyev Hurzukda kasıbların varlılara qarşı hərəkatına rəhbərlik edənlərdir.
Romanda müsəlman ruhanilərinin nümayəndələrinin obrazları da mühüm yer tutur. Onların sırasında knyaz Dudarka – hacı və Əli hacı obrazları daha koloritli yaradılmışdır. Onların hər ikisi aul adamları arasında özlərini əməli-saleh göstərib məsciddə xidmət edib, aul uşaqlarına mezirtədə (mədrəsədə) təlim versələr də, gizlində əyyaşlıq və alçaqlıqla məşğul olurlar. Yüksək ruhani adı altında gizlənən bu şəxslər özlərini günahsız və müqəddəs kimi qələmə verməklə, aul sakinlərinin bəlasına çevrilmişlər.
Qaraçay ədəbiyyatının inkişafında, onun bədii problemlərinin həllində H.Bayramukovanın mövqeyi daha üstündür. Bu müəllif doğma ədəbiyyatda poeziya janrında kifayətqədər uğurlar qazaqmasına baxmayaraq, nəsr sahəsində də müvəffəqiyyətləri yetərincə və təqdirəlayiqdir. 60-cı illərdə H.Bayramukova bir sıra hekayələr («Ayran», «Qırcın», «Dağlı qadını haradadır?», «Asinin məktubu», «Qadının hekayələri», «Qara don» və s.), «Karçi ailəsi», «Mənim nəğməm», «Ataların anası» kimi lirik reportajlar və bir sıra romanlar qələmə alır. Onlardan birincisi «İllər və dağlar» (3) romanı nəşr olunduğu vaxtdan oxucular və tənqidçilər tərəfindən hərarətlə qarşılanmışdır. Bu əsərdə müəllif dağlı ziyalısının təşəkkülü problemini diqqət mərkəzinə çəkməyi qarşısına məqsəd qoymuşdur. Bundan sonra müəllif qələmə aldığı «Dan ulduzu» (Çolpan) da təxminən eyni məsələləri diqqət mərkəzinə çəkməklə, onu daha aktual problematika ilə yükləyir. Bu, ilk növbədə müəllifin nasirlik ustalığının artması ilə əlaqələndirilməlidir.
Əsərin «Dan ulduzu» adlanması həm də Qaraçay dağlarında yeni həyatın doğulmasını simvolizə edir. H.Bayramukovanın bu romanı qaraçayların feodalizmdən yeni bir tarixi-inqilabi mərhələyə qədəm qoyduğu dövrə həsr olunmuşdur (5). Məhz elə bu kontekstdə xalq taleyi probleminə nəzər salınır.
H.Bayramukovanın «Dan ulduzu» romanı obrazlar baxımından da zəngindir. Burada oxucunun yaddaşına birdəfəlik həkk olan Cansox çoban, varlı Dobay, gənc Soslan, epizodik personajlar kimi əsərin infrastrukturunda özünə yer alan Çora, Zülgərneyn, alim Yusif, kumux qızı Məryəm, çar məmuru Vaso İrakliyeviç Qaqua, general qızı Elizabet və b. maraqlı tərzdə təqdim olunmuşlar.
H.Bayramukova əsərdə dağlı qızının psixologiyasını ümumbəşəri və sosial aspektlərdə açmağa müvəffəq olur. Məhz elə buna görə də müəllif əsərlərində qadın probleminə daha çox yer ayırır və bunu nəinki Qaraçayda, həm də bütün Şimali Qafqazda əvvəllər qadının sosial vəziyyətini əks etdirmək baxımdan təsvir edir. Biysoltan knyazın qızı Fatimənin romanda təqdimatı H. Bayramukovanın daha böyük uğuru hesab edilməlidir (1, s.47). Öz valideynlərindən fərqli olaraq knyaz qızı nəinki zənginliyinə və savadlı olduğuna görə sadə insanları saymır, əksinə onlara daha çox yaxınlaşır. Sadəlik bu knyaz qızının ən mühüm cəhəti kimi diqqəti daha çox cəlb edir. Fatimənin tipik keyfiyyətlərinin doğru-dürüst açılması, xarakterinin möhtəşəmliyini əks etdirmək üçün onun sevgi tarixçəsi verilir. O, Qasımı sevdiyi halda, tezliklə özünün razılığı olmadan Səlimgeriy adlı kişiyə verilməsi onu dəhşətli hala salır. Daim atasına müntəzir olsa da, artıq ona inanmır və səadəti uğrunda özü mübarizəyə qoşulur. Belə vəziyyət onu daha qorxmaz və cəsur edir. Səlimgeriyə nifrət, Qasıma məhəbbət onun həyatının mənasına çevrilməklə, onu sevgilisinə qarşı addım atmağa sövq edir. Bununla da o, patriarxal ənənələrə qarşı sanki üsyan edir.
Trilogiyanın ikinci kitabı 1963-cü, üçüncü kitabı isə 1965-ci ildə çapdan çıxmışdır. Üçüncü kitab yeni ailə mövzusuna, əxlaq və qadının cəmiyyətdə yeri, əməkçi insanların – heyvandarların həyatına, aullarda yaşayan insanların düşüncəsində hələ də köhnəliyin qalıqlarının mövcudluğuna həsr olunmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, O.Xubiyevin «Əmanət» epopeyası (14) qaraçay ədəbiyyatında ilk trilogiya kimi analoqu yoxdur. Və əsərin nəşri Qaraçayda böyük mədəni hadisə kimi qiymətləndirilmişdir. O.Xubiyev qaraçay ədəbiyyatının elə bir uğurlu sənətkarlarındandır ki, milli ədəbiyyatşünaslıq və tənqid ona kifayət qədər diqqət yetirmiş, haqqında onlarla məqalələr, dissertasiyalar və monoqrafiyalar yazılmışdır. Bu kontekstdə biz N.M.Kaqiyevanın «Ölkənin taleyi – sənin taleyin» (16) və Z.B.Şamanovanın «Osman Xubiyev yaradıcılığı qaraçay ədəbiyyatının epik ənənələrinin formalaşması işığında» əsərlərini (28) qeyd etməliyik.
Ümumiyyətlə, O.Xubiyev qaraçay ədəbiyyatı, mədəniyyəti, maarifi, jurnalistikası və nəşriyyat işi sahəsində əvəzsiz şəxsiyyət olmuşdur.
O.Xubiyevin «Əmanət» trilogiyası qaraçay ədəbiyyatında hələ ki müharibə mövzusuna həsr edilən ən monumental əsər kimi qalmaqdadır. Bu isə qanunauyğundur, çünki roman elə bir dövrdə qələmə alınmışdır ki, bu zaman müəllif otuz ildən artıq idi ki, ədəbiyyatda «külüng» vurmaqla, həyat və yaradıcı təcrübəsini zənginləşdirmişdi. Və bu trilogiyanın ortaya çıxması Osman Xubiyevə sanki ikinci dəfə – yenidən yazıçı kimi doğulmağa vəsiqə vermişdi.
«Əmanət» trilogiyasının baş qəhrəmanı konkret götürülmüş şəxsiyyət yox, xalqın özüdür. Trilogiyanın başlıca ideyası xalqın heç də yalnız düşmən üzərində səhrada qələbəsi yox, həm də ictimai, siyasi, mədəni kontekstdə qələbəsidir.
Əgər trilogiyanın ilk iki kitablarında müharibədə xalqın qələbəsi, onun mənəvi-əxlaqi gücü və s. göstərilirsə, üçüncü kitabda qəhrəmanların bu və ya digər hərəkət və davranışları diqqət mərkəzinə çəkilir. Müəllif qəhrəmanlarının daxili təkamülünü digər aspektlərlə yanaşı, həm də psixoloji cəhətdən yetərincə əsaslandırmağa çalışır.
Trilogiyanın üçüncü kitabını diqqətlə təhlil edən N.M.Akaçiyeva «Əmanət»i rus ədəbiyyatında ailə xronikası janrının geniş yayılmış tipii ilə müqayisə etməklə, bir ailənin cəmiyyətin tarixi, onun hərəkəti və mübarizəsi ilə bağlamağa meyllidir (16, s.157). Trilogiyanın məhz üçüncü kitabında yazıçının həyat gerçəkliklərinə adekvat münasibəti, realizm ustalığı hiss olunmaqla, onun metodunda yeni cizgilər meydana çıxır. Bu da, heç şübhəsiz ki, müəllifin öncül baxışları, qəhrəmanlarının münasibətlərində dərin sosial-psixoloji halları əks etdirmə bacarığı, bütün bunların həmin dövrün ictimai hadisələri ilə uzlaşdıra bilmə tərzindən irəli gəlir.
Romanda biz çoxsaylı obrazlarla qarşılaşırıq. Onlardan bir neçəsini biz əvvəlki iki kitablardan – Həsən Sokolov, Baldan, Safiyət, Musa, Candet, Umar və b. tanıyırıqsa, üçüncü kitabda biz sağıcı Taycan, müəllimə Lyubov Petrovna, veterinar, həkim Taysoltan, həkim Esen və onun arvadı Novruz, Taybiy və b. ilə rastlaşırıq.

Qaraçay dramaturgiyasının janr rəngarəngliyi

Qaraçay ədəbiyyatşünaslığında poeziya və nəsr müxtəlif rakurslardan təhlillərə cəlb edilsə də, dramutrji janr bu günə qədər lazımınca tədqiq olunmamış qalır. Bununsa səbəbləri aydındır. Çünki adları çəkilən növ və janrlara nisbətən dramatik növ XX əsrin 20-ci illərinin sonu – 30-cu illərin əvvəllərinə qədər həm ənənələri olmamış, həm də zəif templə inkişaf etməyə başlamışdır. Dramaturgiyanın ədəbi növ və janr kimi öyrənilməsi B.Borlakovun «Qaraçay – malkar müharibəyə qədərki dramaturgiyası» əsərindən mənbəyini götürür (9). Bu kitab üç fəsildən (I fəsil - Qaraçay-malkar dramaturgiyasının yaranması – burada qaraçay – malkar folklorunda teatrallaşmış oyunlarda dramaturgiya; II fəsil – Dram-sosial-məişətobrazları, Vətəndaş müharibəsi haqqında dramlar, tarixi dramlar; III fəsil - «Komediya» janrı nəzərdən keçirilir) ibarət olmaqla, burada qaraçay dramaturgiyasının inkişaf yoluna nəzər salınır və müəllif qaraçay – malkar dramaturgiyasının inkişaf qanunauyğunluqları, onun xalq yaradıcılığı ilə əlaqələri və xalq həyatının müxtəlif problemlərinə müraciəti araşdırılır.
Qeyd edək ki, qaraçay malkar dramaturgiyasının ilkin mənbəyi şifahi xalq yaradıcılığı olmuşdur. Qaraçayların müxtəlif mərasim, nağıl, nəğmə və s. dram janrına daxil olan elementlər özünü göstərirdi. İlk dövrlərdə teatr işinin təşkili bu regionda son dərəcə çətin idi. Nə yetkin dram əsərləri, nə dramaturqlar, nə rejissor kadrları, nə də aktyorlar yox idi (29, s. 26). XX əsrin 20-ci illərinə qədər həm də bütün Şimali-Qafqazda olduğu kimi Qaraçayda, «teatr», «pyes», «tamaşa» kimi anlayışlar da məlum deyildi. Teatr funksiyasını «tauruxçu» (nağılçı) və cırçılar (nəğməkarlar) yerinə yetirirdilər.
Qaraçay dramaturgiyasının tarixi kökləri əmək bayramları elementlərində özünü göstərirdi. Məsələn, biçin zamanı bu prosesi təşkil edən rəhbər (tamada) və ona köməklik göstərən ağsaqqal dərin təfəkkürü, ağılı və hazırcavablığı ilə fərqlənməklə kloun kimi xalqı əyləndirirdi.O, həm də Azərbaycan teatrlaşdırılmış tamaşalarındakı kimi «təkə» rolunu oynayırdı. «Təkə» çıxış zamanı keçi başına qara keçədən keçirilmiş maskalı, ağzı, gözü və qırmızı materialdan tikilmiş burnu, ağ saqqalı, keçədən buynuzları olurdu. «Təkə» oyun zamanı xüsusi ustalıq, ağıl və çoxbilmiş təsiri bağışlayırdı. Bundan başqa teatrallaşmış oyun elementləri qaraçayların digər mərasimləri – xor nəğmələri «inar» və «küyü» də müşahidə olunurdu. Toy mərasimlərində «kübürçək oyun»unda gənc oğlanla gənc qız üz-üzə oturur, qalan oğlan və qızlar onların ətrafında rəqs edirdilər. Digər bir teatrallaşmış oyun kumuxlardakı kimi «süydüm tayak» (sevdiyim dayaq, ağac) mövcud idi. Bütün bunların hamısı sonralar qaraçay ədəbiyyatında dram janrının yaranmasına şərait yaradırdı.
Qaraçay dramaturgiyası 30-cu illərin əvvəllərində özfəaliyyət, dram dərnəklərinin və kollektivlərinin dövrün aktual problemlərinə müraciətlə yadda qalırdı. Nəzərdən keçirdiyimiz dövrdə A.Botaşevin «savadlı və sadasız qadın» («Cahil tişiriubla oxuqan tişiriu»), A. Akabayevin «Qaranlıqdan işığa», Z.Bulqakova və M. Bayqulovun «İşıqlı həyata» əsərlərində dramatik konfliktin məişət və sosial zəmində baş verdiyi göstərilirdi.
Qemma Qebenov «Eski adetle, colla» («adət və qanunlar») pyesində dağlı qadının ailədə və cəmiyyətdə yeri və mövqeyi məsələsini diqqət mərkəzinə çəkir və qızın kalıma (başlığa) verilməsinə etiraz səsini ucaldır. Vaxtı ilə Kislovodskda tamaşaya qoyulan «Əski adət və qanunlar» dramının iştirakçısı olan Qemma Qebenov «Qaraçay-malkar müharibəyə qədərki dramaturgiya» əsərinin müəllifinə ünvanladığı məktubda (1 dekabr 1972-ci il) tamaşanın müvəffəqiyyətindən, Fatimatın (baş qəhrəmanın) özünü güllələdiyi zaman zalın hönkürməsindən, özünün də ağlamasından danışmışdır.
Qemma Qebenovun bu məktubunda tamaşada tanınmış rus yazıçısı S.Serafimoviçin öz xanımı, Umar Əliyev və digər yazıçıların iştirakından və pyesin onların da xoşuna gəldiyindən söhbət açılır (3, s. 35). Bu dövrdə Kislovodskda oynanılan pyeslər arasında M.Borlakovun altışəkilli «Nasıbsız karaçaylı qız» («Bədbəxt qaraçay qızı») dramı maraqlıdır. Əsər dağlı qaraçay qadınının taleyinə həsr olunmuşdur. Müharibəyə bir neçə gün qalmış R.Qelyayev əvvəlki qaraçay dramaturqları kimi ənənəvi patriarxal-dini mövzuya müraciət edir. R.Qelyayev əsəri əvvəl Murad haqqında trilogiya kimi nəzərdə tutub, onu Vətəndaş müharibəsinə kollektivləşmə dövründə göstərmək fikrində olsa da, onun arzusu həyata keçməmiş qalmışdır. Qelyayev 1943-cü ildə cəbhədə həlak olmuş, pyesin əlyazması isə itirilmişdir. Elə həmin dövrdə prof. M.S.Qriqoryev və İ.Bazorkin bu pyeslə bağlı maraqlı məqalələrlə çıxış etmişlər.
Nəzərdən keçirdiyimiz illərdə Batçayev «Əhməd- Batır» pyesi ilə çıxış edir. Əsərin başlıca ideyası kasıbların və batrakların yeni hakimiyyət uğrunda mübarizəsini əks etdirmək idi. Pyes müəllif tərəfindən sosial-psixoloji dram kimi nəzərdən tutulmuşdu.
Müharibəyə qədərki qaraçay dramaturgiyasından söhbət açarkən burada tarixi mövzuya xüsusi önəm verildiyini qeyd etməyə ehtiyac vardır. Bu baxımdan B.Çotçayevin «Urlannqam Murat» («Oğurlanmış Murad») pyes-xronikası maraq doğurur.
Qaraçaylar arasında uşaqların oğurlanması və onların qul kimi satılması XVI-XIX əsərlərdə geniş yayılmış hadisə idi. Pyesdəki hadisələr XIX əsrin sonu XX əsrin əvvəllərində Osman adlı kasıb bir kişinin üç yaşlı oğlu oğurlanmışdır. Pyesin birinci şəklində uşağın oğurlandığı dəhşətli mənzərə göstərilir. Birinci şəkillə ikinci arasında 8 aya yaxın bir vaxt keçir. Sonra hadisədən bir neçə il keçir. Üçüncü şəkildə müəllif batrakların Əli tərəfindən amansız istismar olunduğunu göstərir. Nəhayət, Əli Muradı başqa bir bəyə qoca bir inəyə satmaq istəyir. Eyni zamanda bu arada Murad həm də sağ-salamat qalmış valideynlərinin yanına qayıtmaq istəsə də, onun ləyaqəti həddən artıq alçaldığından və ondan heyvan kimi istifadə etdiklərindən o, belə bir vəziyyətə qarşı mübarizə aparmağa nə səy göstərmir, nə də qadir deyildir.

Nəticə
Beləliklə, 40-60-cı illər qaraçay ədəbiyyatının janr xüsusiyyətlərini nəzərdən keçirərkən biz aşağıdakı mənzərənin şahidi olduq.
40-cı illərdə qaraçay xalqının və onun ziyalı təbəqəsinin başına gətirilən müsibətlər onun bədii nümunələrinin məzmun, ideya və mahiyyətində əksini tapıb, söz, sənət adamları Sovet dövrünün özünəməxsusluğunu, xalqlar dostluğunu, lenin, kommunust ideyalarını tərənnüm etməyə, partiyaya, rəhbərlərə minnətdarlığı diqqət mərkəzinə çəksə də, bəzən dövrün xeyli problemlərinə də münasibəti göstərirdi.
40-60-ci illər qaraçay ədəbiyyatında ən inkişaf etmiş ıanr poeziya idi. Lakin buna baxmayaraq, 30-cu illərə nisbətən 40-60-cı illərdə qaraçay nəsri də kifayətqədər intensiv inkişaf yolundaydı. Bu baxımdan N.Bayramukova, O.Xubiyev, S.Laypanov, D.Kubanov və b. yaradıcılığı mövzu, ideya, məzmun və problematika baxımından daha çox diqqət mərkəzinə düşürdü. Qaraçay bədii söz ustaları doğma ədəbiyyatın janrlarının inkişafına əsərləri ilə təkan verməkdə davam edirdilər.

Истифадя олунмуш ядябиййат
1. Акачиева С. Карачаевский роман. Становление и развитие жанра. Черкесск, Карач. – Черкес. отд.Ставр.книж.изд-ва, 1980.
2.Багъатырланы Х. Эсге тюшюрлюле. Черкесск., Карачай-Черкес китаб издательство, 1963.
3. Байрамукова Х.Б. Годы и горы. Роман. Кн.:1. Черкесск, 1964.
4. Байрамукова Х. Дым очага. Черкесск, Карач.-Черкес. Отд.Ставр. книж. Изд-ва, 1968.
5. Байрамукова Х.Б.Чолпан. Роман. Черкесск, 1970.
6. Банкетов А.М. Лирика в эпосе //Обогащение метода социалистического реализма и проблема многообразия советского искусства. М., Мысль, 1967
7.Батчаев М. Раздумья. Стихи Черкесск, Карач.- Черкес.отд. Ставр.Книж.изд-ва, 1968.
8. Боташев М.А. Карачаево-Черкессия в годы Великой Отечественной войны// Материалы областной научно-теоретической конференции. 1977г. Черкесск, Карач.-Черкес.отд.Ставр.книж.изд.-ва, 1982.
9. Борлаков Б.К. Карачаево-балкарская довоенная драматургия Черкесск, Карач.-Черкес. отд.Ставроп. книж.изд-ва, 1975.
10. Джанибекова П.А.- Х.Тема Великой Отечественной войны в литературе, искусстве и научных исследованиях// Карачаево-Черкессия в годы Великой Отечественной войны. Черкесск, 1982.
11. Эбзеланы Х. Мунир. Черкесск, 1966.
12. Эбзеланы Х. Бычакъны ауузунда. Эки повесть. Черкесск, 1966.
13. Хаджиева Т.М.Тема вселения в поэзии Кайсына Кулиева// Сборник материалов научно-практической конференции, посвященной 80-летию со дня рождения Кайсына Кулиева. Нальчик, Эльфа, 1998.
14. Хубийланы О. Аманат. Роман. I китаб. Черкесск, 1959, II китаб, 1961.
15. Хубиев Н. Перевал. Стихи. Черкесск, Карач.-Черкес отд.Ставр. книж. изд-ва, 1965.
16. Кагиева Н.М. Судьба страны – судьба твоя. Очерк творчества. Черкесск, Карач.-Черкес. отд. Ставр. книж.изд-ва, 1973.
17. Карачаево-Черкессия за полвека. 1922-1972. Черкесск, Карач. Чер-кес.отд.Ставр. книж.изд-ва, 1972.
18. Караева А.И. Очерк истории карачаевской литературы. М., Наука, 1966.
19. Караева А.И. О военной прозе в современной карачаевской литературе. Черкесск. Карач.-Черкес. отд. Ставр. книж.изд-ва, 1971.
20. Караева А.И. Карачаевская литература // История многонациональной советской литературы. Т.5 М., Наука, 1974.
21. Къобанланы Д. Эки заман. Роман.китаб, Черкесск, 1965, II китаб, 1966, III китаб, 1968.
22.Кубанов А. Встреча. Стихи. Черкесск. Карач.-Черкес. отд. Ставр. книж.изд-ва, 1970.
23. Курмангулова Ш.А. Национальная эпическая традиция и современная ногайская поэма// Современный литературный процесс. Герой и время. Сборник научный трудов. Черкесск, 1988.
24. Лайпанланы С. Бир кун сыртда. «Биринчи атламла» məcmuəsi. Черкесск, 1958.
25. Лайпанланы С. Къарачайны уланы – Белоруссияны джигити. Черкесск, 1964.
26. Ортабаева Р.А.- К. Азрет Уртенов. Жизнь и творчество. Черкесск, Карач. – Черкес. отд. Ставр.книж.изд-ва, 1971.
27. Поэзия и условная поэтика. Статьи и рецензии. Ставрополь, Ставропольское книжное издательство, 1973.
28. Шаманова З.Б. Проза Османа Хубиева в свете формирования эпических традиций карачаевской литературы. Черкесск, 2002.
29. Шортанов А. Театральное искусство Кабардино-Балкарии. Нальчик, Кабард.-Балкар. книж.изд-во, 1961.
30. ТимофеевЛ.И.Основы теории литературы. М., Просвещение, 1971.
31. Türkiyə Dışındakı Türk Edebiyatları Antolojisi (Nesir-Nazım). Ankara, T.С.Kültür Bakanlığı, 2002.
32. Узденова Ф.Т. Поэма в литературах народов Северного Кавказа. Формирование парадигмы жанра. Нальчик, Полиграфсервис и Т., 2001.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.