Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

Harid Fədai: Kuzey Kıbrıs Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı

Kuzey Kıbrıs Türk Cumhuriyyəti neçə onilliklərdir yunan əsarətindən və nəzarətindən xilas olaraq Türkiyə Respublikası ilə birbaşa əlaqələr qurub müstəqil istiqamətini müəyyənləşdirməklə, öz siyasəti, iqtisadiyyatı ilə yanaşı, həm də mədəniyyətin, elmin, təhsilin, ədəbiyyatın da inkişafını prioritetli sahələr kimi diqqət mərkəzində qoymağa önəm verdi. Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycanda nümayəndəliyi olsa da, Kıbrıs mədəni-ədəbi həyatının müxtəlif tərəfləri, onun inkişaf yönləri haqqında respublikamızda məlumatlar olduqca azdır. Bunanla belə Kuzey Kıbrıs türk mədəniyyəti və ədəbiyyatı da ümumtürk mədəniyyətinin və ədəbiyyatının tərkib hissəsi kimi öyrənilməyə və təbliğ edilməyə ehtiyaclıdır. Bu baxımdan, Kıbrıs türklərinin mədəniyyətinin, folklorunun, etnoqrafiyasının, ədəbiyyatının bəzi məqamları ilə bağlı məlumatları oxuculara çatdırmaq, heç şübhəsiz ki, Azərbaycanda maraqla qarşılana bilər.
Kıbrıs türklərinin mədəni-ədəbi həyatının araşdırılması, öyrənilməsi və nəşri yönündə Harid Fədainin apardığı işlər xüsusilə təqdirəlayiqdir. Harid Fədai Kuzey Kıbrısda nəinki folklor, etnoqrafiya, klassik ədəbi nümunələr araşdırıcısı kimi, həm də şair, radio və televiziya qurucusu, jurnalist, dəyərli ədəbiyyatşünas kimi tanınmaqdadır. Fikrimizcə, Harid Fədaidən danışdıqda, onun yaradıcılığını bir neçə mühüm baxış bucaqlarından təsnif etmək və dəyərləndirmək olar:
1. Kıbrıs Türk kültürünün başlıca xüsusiyyətlərini araşdıran materialları;
2. Kıbrıs Türk dastanlarının təhlili;
3. Kıbrıs Türk yazılı ədəbiyyatı nümunələrinin öyrənilməsi;
4. Kıbrıs Türklərində islam mədəni-mənəvi ənənələrinin tədqiqi;
5. Türkologiyaya dair araşdırmaları;
6. Harid Fədainin şeir yaradıcılığı;
7. Kıbrısda nəşr olunan mətbuat orqanlarının inkişaf istiqamətlərinin təhlili və s.
Ümumiyyətlə, Harid Fədai yaradıcılığı çoxşaxəliliyi və çoxaspektliyi ilə səciyyəvidir. Heç şübhəsiz ki, onun yaradıcılığının göstərdiyimiz yönlərdən hər birində araşdırmağa və öyrənməyə böyük ehtiyac vardır.
Qeyd etmək lazımdır ki, Harid Fədainin Kıbrıs Türk kültürünün müxtəlif tərəflərini öyrənən ikicildlik «Bildiriler - 1» (Lefkoşa, 2002) və «Bildiriler - 2» (Lefkoşa,2003),Nazim Kaytaz-zadənin«Yadigar-ı Muhabbet» romanı(Lefkoşa,2004), «Yadigar-ı Muhabbet»lə bağlı «Sözlük» (Lefkoşa, 2004), Kıbrıs Türk Kültürünün işıqlandırılmamış problemlərini çevrələyən «Makaleler - 1» (Lefkoşa, 2005), Əhməd Raikin araşdırmalarını özündə əks etdirən «Əski şeyler» (Lefkoşa, 2006), və s. kitabları nəinki Kıbrıs və Türkiyədə, həm də digər türk dövlətlərinin oxucuları arasında geniş yayılmış və müəllifinə hörmət qazandırmışdır. Harid Fədaini Azərbaycanda da tanıyırlar. Belə ki, o, «Ədəbiyyat qəzeti»nin redaksiya şurasının üzvü olmaqla, dəfələrlə Bakıda Türkologiya, Folklorşünaslığa, Etno-mədəni problemlərə həsr olunan Beynəlxalq Konfrans və Simpoziumlarda iştirak etmiş, maraqlı məruzələri ilə yadda qalmışdır. Harid Fədai hər dəfə Bakıya gələndə ədəbiyyat, sənət adamları ilə görüşər, türk mədəniyyətinin, folklorunun, ədəbiyyatının inkişafı ilə bağlı orijinal fikir mübadiləsi edər, ortaq dəyərlərimizin tədqiqi məsələsindən ağızdolusu danışar, xoş təəssüratlar yaradar. Harid Fədai ünsiyyətə açıq insandır. O, həmsöhbətini diqqətlə dinləməyi bacarmaqla, öz fikir və mülahizələrini də sadə, rəvan, aydın elmi dildə digərlərinə çatdıra bilmək ustasıdır. Bu, son dərəcə təvazökar və eləcə də türk mədəniyyətinin müxtəlif tərəflərini tarixi-xronoloji və nəzəri-metodoloji aspektdə öyrənən belə bir insanla dəfələrlə görüşlərimiz, fikir mübadilələrimiz olmuşdur. Hətta biz üç-dörd il bundan öncə onunla bir müsahibə aparıb, «Ulduz» jurnalının səhifələrində çap da etdirmişdik. Harid Fədai ilə bu aralarda şəxsən görüşməsək də, yazışmalarımız, əlaqələrimiz sonralar da davam etməkdədir. O, mənə yuxarıda adlarını çəkdiyim və çəkmədiyim kitablarını göndərmişdir. Orada təqdim olunmuş materialların hamısı ilə tanış ola bilmək mənə müyəssər olmuşdur.
Harid Fədainin XX əsrin 50-ci illərindən başlayaraq iyirmidən artıq kitabı Lefkoşa, İstanbul, Ankara və digər şəhərlərdə işıq üzü görmüşdür. Bu yorulmaz tədqiqatçı müxtəlif ölkələrdə keçirilən simpozium və konqreslərdə tutarlı mülahizələr irəli sürmüş, elmi arqumentasiyaları ilə başqalarının hörmətini qazanmışdır. Harid Fədainin «Kıbrıslı Aşıq Kenzi Divanı», «Fethiyye-i Cezire-i Kıbrıs», «Lefkoşa Mevlevi hanesi», «Kıbrıs efsaneleri», «Türkiye Dışındakı Türk Edebiyatları Antolojisi – 9», «Kıbrıs Türk Edebiyatı», «Hatıralar, Fadil Niyazi Korkut», «Kandi Divanı-l Qazeller», «Yadigar-ı Muhabbet, Nazim Kaytaz-zadə M.Nazım» və başqa əsərləri Kıbrıs mədəniyyətinin və ədəbiyyatının müxtəlif dönəmlərini və problemlərini işıqlandırmaq baxımından əvəzsiz axtarışlar kimi dəyərləndirilməlidir. Göründüyü kimi, Harid Fədainin türk kültürünü öyrənmək istiqamətində xidmətləri yetərincədir.
Harid Fədai 1930-cu ildə Lefkedə anadan olmuşdur. Lefkoşa liseyini bitirdikdən sonra Qaradağ-Lefke bölgəsindəki Kıbrıs Mədəni Şirkətində rəssam yardımçısı işləmişdir. 1951-1953-cü illərdə Ankara Qazi Egitim Enstitüsü Türkçə bölümünü bitirdikdən sonra 1953-1956-cı illərdə Baf Türk Kollecində müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1956-1960-cı illər ərzində İstanbul Universitesi Ədəbiyat Frkültəsi Türk dili və Ədəbiyatı bölümündə təhsilini davam etdirmişdir. 1960-1963-cü illərdə o, həm Kıbrıs Egitim Dairəsində türk dili və ədəbiyyatı müfəttişliyində işləyə-işləyə, həm də Türk Ögretmen Kollecində müəllimlik etmişdir. Elə bu vaxtlardan Harid Fədai Kıbrıs Cumhuriyyəti Radio-Televiziya qurumunda Radio proqramları üzrə müdir köməkçisi, 1964-1968-ci illər arasında Lefke Sancaq Radiosu müdirliyi, 1969-1971-ci illər ərzində Bayraq Radio Proqram əmirliyi, 1972-1983-cü illərdə idarə etmə işləri üzrə müdir yardımçılığı kimi vəzifələr daşıya-daşıya, araşdırmaçılıq fəaliyyətini davam etdirmişdir.
Bayraq Radio-TV Qurumundakı fəaliyyətindən sonra o, 1983-1988-ci illərdə Kamu Hizməti Komisyonu Dairəsində çalışmışdır.
Harid Fədai bir müddət Girnə Amerikan Unievrsitetində (1992-1993) koordinatorluq etdikdən sonra Lefke Avropa Universiteti ilə Doğu Akdənz Universitesi Kıbrıs Araşdırmaları mərkəzində Türk dili ögretim Görevlisi və araşdırma Görevlisi olaraq çalışmaqdadır.
Kuzey Kıbrıs türk kültürünün dərindən araşdırılması istiqamətində apardığı fəaliyyətə görə ona bu ölkənin və Türkiyənin müxtəlif təşkilatları tərəfindən ödüllər verilməsi ilə nəticələnmişdir. Belə ki, o, müxtəlif illərdə, məsələn, 1987-ci ildə Lefkoşa Türk Bankası Kültür Sənət Ödülü, 1998-ci ildə Mərmərə Universitesi Türkiyat Araşdırma və Uyğulama Mərkəzi Bilim ödülü, 2002-ci ildə İstanbuldakı Türk Kültürünə Hizmət Vakfının Türk Dünyası Türk Dili Şərəf Ödülü, 2004-cü ildə Samtay Vakfı Araşdırma Kitab Ödülünü və s. almışdır.
Yeri gəlmişkən bildirmək istəyirik ki, Kuzey Kıbrısda fəaliyyət göstərən Samtay Vakfı Araşdırma kitab ödülü bu ölkənin mədəniyyətinin və ədəbiyyatının təbliği sahəsində son dərəcə böyük xidmət göstərən araşdırıcılara verilir. Samtay Vakfı Proqram və Yayın Koordinatörü Bülənt Fevzi oğlu «Kıbrıs Türk Kültürü Məqalələri - 1»-ə görə Harid Fədainin araşdırmalarını dəyərləndirərərk onların təşkilatının Harid Fədaiyə ödül verilməsindən məmnun olduqlarını adı çəkilən kitabın girişində xüsusi vurğulayır. Samtay Vakfı başkanı Sunna Atun isə bu Vakfın nə məqsədlə yaradıldığını və hansı mərama xidmət etdiyini oxuculara müxtəsər şəkildə çatdıraraq yazır: «Samtay Vakfı 21 ocak 2001 tarihinde başlamış bir vakıftır. Bu tarih, ayni zamanda, Samtay Vakfının Kıbrıs Türk kültür ve sanatına hizmet için, kuruluşunu ve açılışını, kamoyuna duyurduğu tarihdir de...
Samtay Vakfı, 2-nci Araştırma Kitab Ödülünü isə bu yıl (2004) hepimizin yakından tanıdığı degerli Araştırmacı-Yazar və Türkolog Sn. Harid Fəadiyə verməkten büyük onur və mutluluk duyulmaktadır» (Bax: Kıbrıs Türk Kültürü Makaleleri – 1, - Lefkoşa, 2005, s.IV).
Bütün söylədiklərimiz bir daha təsdiqləyir ki, doğrudanda Harid Fədai türk mədəniyyətinin öyrənidməsi və təbliği ilə bağlı son dərəcə məhsuldar işləyən araşdırmaçılardandır.
Harid Fədai «Bildirilər»də Kuzey Kıbrısda məlum olan bir sıra dastanların həm orijinal mətnini, həm də onlar haqqında fikir və mülahizələrini irəli sürmüşdür. Burada «Halid Arabın Destanı», «Dr.Behiçin Destanı», Kuzey Kıbrıslılarda ilk roman «Yadigar-ı Muhabbet», «Dasitan-ı Vehhabi», «Dasitan-ı Vehhabi ve Mehmed Ali-Paşa», «Reşidinin Destanları», «Dasitani-ı Akka», «Əhməd-i Yasəvi ilə Yunus Emrede Dervişler», «Kıbrıs Türk Edebiyatından Misyonerlikle İlgili İki Hikaye» və s. əsərlər və materiallar toplanmışdır. Samtay Vakfı kitabında isə «Müfti-Raci Efendinin bir Qazılı», «Leylı-i Visal» (yarımçıq roman), Kıbrıslı Aşık Kenzinin dastanları, Kıbrıs dastanları haqqında mülahizələr təqdim olunmuşdur. Ardıcıl olaraq Harid Fədai və Kuzey Kıbrıs Türk Cumhuriyyətinin mədəni-ədəbi həyatını işıqlandıran mənbə və əsərlərə söykənərək Azərbaycan oxucularına məlumat vermək zəruridir.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.