Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

40-60-cı illər qaraçay ədəbiyyatında janrlar

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu
Türk xalqları ədəbiyyatı şöbəsi

 

Nizami Tağı oğlu Məmmədov

 

40-60-cı illər qaraçay ədəbiyyatında janrlar

Bakı - 2012

 

 



Mündəricat

Giriş
40-60-cı illər qaraçay poeziyası: başlıca xüsusiyyətləri, əsas nümayəndələri
Qaraçay ədəbiyyatında poema janrı və onun müxtəlif tipləri
Qaraçay nəsrində hərbi memuar, sənədli oçerk və povest janrı
Qaraçay ədəbiyyatında roman janrı və 40-60-cı illər romanının ideya, mövzu və problem axtarışları
Qaraçay dramaturgiyasının janr rəngarəngliyi
Nəticə
İstifadə olunmuş ədəbiyyat

 


Giriş

Qaraçay yazılı ədəbiyyatı XX əsrin 20-ci illərindən təşəkkül tapıb inkişaf etməyə başlamışdır. Lakin yazılı ədəbi ənənələr ortaya çıxana qədər xalqın zəngin şifahi poetik örnəkləri mövcud olmuşdur. Şimali Qafqazda məskunlaşmış digər xalqlar kimi çar Rusiyası qaraçayların da mədəniyyət və ədəbiyyatının inkişafına daim maneçilik törətmişdir. Belə vəziyyət 20-ci illərə qədər davam etsə də, sonralar Sovet İmperiyası həvəslə olmasa da, bu regionda yaşayan onlarca azsaylı xalqların (abazalar, adıqlar, avarlar, darginlər, qaraçaylar, kumuxlar, inquşlar, malkarlar, noğaylar, tabasaranlar, vaynaxlar, və s.) təklif və tələbləri zorunda qalmaqla, onlara milli əlifba və yazılı ədəbiyyat nümunələri yaratmağa imkan vermişdir.
Qeyd edək ki, hələ XX əsrin ikinci onilliyində (1916) bəzi qaraçay maarifçilərinin ana dilində yazılı ədəbiyyat nümunələrini yaratma cəhdi baş tutmasa da, elə həmin ildə tanınmış mədəniyyət və ədəbiyyat xadimi İslam Teberdiçi ilk «Ana tili» («Ana dili») kitabını nəşr etməyə müvəffəq olmuşdur. 20-ci illərdə yazı əldə edildikdən sonra qaraçay ədəbiyyatında xalq həyatının müxtəlif tərəflərini əks etdirən ilk şeir nümunələri, oçerklər və hekayələr yaranmağa başlayır. Bu dövrdə yaranan ədəbi janrlar ilk növbədə zəngin folklor irsinə, türk və rus ədəbi ənənələrinin təcrübəsinə əsaslanırdı. (10, s.400; 27, s.399). Qaraçaylar uzun zaman kəsiyində ərəb qrafikasından istifadə etsələr də, Sovetin ilk illərində kiril, 1929-cu ildə latın qrafikalı əlifbaya keçdilər. Lakin belə hal uzun sürmədi. 1938-ci ildə onlar üçün yeni əlifba hazırlandı. Kiril qrafikalı bu əlifbada 38 hərf var (33, s.231).
Qaraçay ədəbiyyatının inkişafına yerli mətbuatın yaranması kifayət qədər köməklik göstərmişdir. 1922-ci ildən vilayətdə rus dilində çıxan «Taulı caşau» («Dağlı kasıbları») və 1928-ci ildən adı dəyişdirilərək çıxan «Taulı carları» qəzetləri bu istiqamətdə müsbət rol oynayırdı.
Qaraçay ədəbiyyatının ilk nümunələrini H.Urtenov, İ.Qaragetov, D.Bayqulov, H.Appayev, O.Xubiyev və b. yaradırdılar. Onlar müxtəlif ədəbi janrlarda işləmişlər. Buna baxmayaraq, XX əsrin 20-30-cu illərində qaraçay ədəbiyyatının inkişafı, yeni janrların yaranması heç də intensiv getmirdi.
1927-ci ildə Rusiyada yaranmış Proletar Yazıçıları Assosiasiyası kimi Qaraçay-Çərkəzdə də Proletar Yazıçıları assosiasiyası yarandı. Assosiasiyada «Poeziya» bölməsinə İssa Qaragetovla Asxat Biciyev, «Nəsr» bölməsinə Abdukərim Batçayev, «Teatr və dram» bölməsinə Gemma Qebenovla Abidat Botaşov rəhbərlik etmiş, 1934-cü ildən isə Assosiasiya SSRİ Yazıçılar İttifaqının Qaraçay – Çərkəz şöbəsinə çevrilmişdir. Bu təşkilatda yaxından fəaliyyət göstərən ədəbi qüvvələrin (H.Appayev, İ.Qaragetov, A.Biciyev, H.Urtenov, A.Batçayev, H.Bostanov və D.Bayqulov) iştirakı ilə 1936-cı ildə «Almanax-Karaçay Sovet xudojestvo literaturanı ülgülər» və 1937-ci ildə qaraçay şairlərinin əsərlərindən ibarət «Nazmula» məcmuələri işıq üzü görmüşdür.
Məhz elə bu dövrlərdən yazı əldə etmiş digər Şimali Qafqaz xalqlarında olduğu kimi qaraçay ədəbiyyatının inkişafı daha çox nəzərə çarpmağa başlayır. Demək olar ki, qaraçay ədəbiyyatında inkişafa meylli olan realist sənət janrlarının – şeirdən romana, romandan şeirə qədər əksər nümunələri yaradılırdı (9, s.20).
Nəzərdən keçirdiyimiz dövrdə qaraçay ədəbiyyatının inkişafı onun janr axtarışları ilə səciyyəvidir. Bu problemin bədii həlli müxtəlif yollarla gedirdi. İlkin mərhələdə, əlbəttə, gənc qaraçay ədəbiyyatının inkişafı etnik-milli ənənələrlə sıx bağlı olan tarixi keçmiş üzərində qurulurdu. 30-cu illərdən xalq yaradıcılığına marağın güclənməsi gənc ədəbi qüvvələri müxtəlif janr formalarından istifadəyə meylləndirirdi. Əlbəttə, əksər hallarda epik irsdən xalq üçün xarakterik olan qəhrəmanlıq və sosial motivlərdən istifadə olunacaq nümunələrə daha çox diqqət yetirilirdi. Bəzən də elə olurdu ki, folklor nümunələri cüzi dəyişikliklərə uğradılaraq nəşr olunurdu. Əksər hallarda gənc müəlliflər «Nart» eposuna, qəhrəmanlıq poemalarına, rəvayət-xəbərlərə, tarixi-qəhrəmanlıq nəğmələrinə müraciət edirdilər. Adını çəkdiyimiz sonuncu janra müraciət onda sosial motivlər güclü olduğundan daha çox planlı xarakter alırdı. Bəzən elə olurdu ki, gənc ədəbi qüvvələr şifahi novellaları yenidən işləməklə, onlara sosial müəyyənlik rəngi qatırdılar. Elə buna görə də folklor gənc qaraçay ədəbiyyatında müsbət qəhrəmanın tipik xarakterinin üslub axtarışlarına kömək edirdi. Bu baxımdan H.Appayevin «Qara sandıq» romanı daha xarakterik idi.
XX əsrin 30-cu illərində ədəbiyyata gələn yaradlıcı qüvvələr həm də yeni üslub və janr axtarışlarında idilər. Bununla belə sovet ideologiyasına əksər hallarda xidmət etməyə çalışan bu gənclər bədii sənətkarlıq məsələlərindən daha çox dövrün müsbət obrazını, sosial emosiyaları çağırışlar formasında ifadə etməyə üstünlük verirdilər. Ədəbi-estetik şüur dövrün kəskinləşən tələbləri, sinfi, sosial ziddiyyətləri heç də bütün hallarda ön plana çəkmirdi. Bu dövr və sonrakı 1980-2000-ci illər qaraçay ədəbiyyatında rus bədii sistemindən və sənətkarlarından əxz olunmuş prinsip və yanaşma üsulları daha çox özünü göstərirdi. Qaraçay yazıçılarının 40-60-cı illərdə ortaya qoyduğu nümunələrdə rus ədəbiyyatından edilmiş tərcümə əsərlərinin nəfəsi daha çox hiss olunurdu. Digər bir tərəfdən 30-cu illər gənc qaraçay sənətkarlarının yaradıcılığı əksər hallarda böyük nəsildən olan H.Urtenov və İ.Qaragetov yaradıcılığına oxşayırdı. Ən təəccüblüsü isə o idi ki, gənclər belə yaxınlaşmanı böyük uğur hesab edirdilər (32, s.9).
Lakin XX əsrin 30-cu illərində qaraçay ədəbiyyatının inkişafı həm də bu sahədə ədəbi janrların ortaya gəlməsini istisna etmirdi. Məlum olduğu kimi, qaraçay ədəbiyyatı 30-cu illərə qədər əsas etibarı ilə şeir nümunələrindən ibarət idi. Onun əsas nümayəndələri olan İ.Krımşamxalov, İ.Teberdiçi, H.Urtenov, İ.Qaraqetov və başqalarının əsərləri məşhur olduğu halda tədricən həm adlarını çəkdiyimiz, həm də yeni ədəbi qüvvələrin yaradıcılığı öz sosial-ictimai istiqamətliliyi ilə fərqlənməyə başlayırdı.
Qaraçay epik poeziyası xalq yaradıcılığının keçmiş əsrlərdən gələn mürəkkəb sintezindən yaranmaqla, əsas etibarı ilə «Nart» dastanları («Nart tauruxla»), atalar sözü və zərbi məsəllər («nart sözle»), tapmacalar («elberqen comakla»), nəğmələr («cırla»), nağıllar («comakla», «tauruxla»), əfsanələr («eski tauruxla»), rəvayətlər («eski aytınla»), hekayətlər («xaparla»), pritça («aytıula») və s. özünü əks etdirirdi. Onlardan hər biri qaraçay epik poeziyasında müstəqil janr olmaqla, süjetində digər məsələlərlə yanaşı, fantastik və romantik epizodlar, qəhrəmanlıq və sevgi motivləri ilə zəngin idi. Sonralar yaranmış qaraçay ədəbi janrları folklor janrlarından gələn bəzi ənənələri mənimsəməklə inkişaf edirdi. Bununla belə qaraçay ədəbiyyatının 40-60-cı illərində yaranmış janrları folklor nümunələrindən gəlməklə, məzmun və forma mürəkkəbliyi ilə seçilirdi. Çünki zəngin milli bədii ənənələrdən başqa bu janrlar həm rus, həm də Şimali Qafqaz xalqları ədəbiyyatının ənənələri əsasında inkişaf edirdi.
40-60-cı illər Qaraçay ədəbiyyatında janrlardan danışmaq bizi həm də onların tarixinə müraciət etməyə sövq edir. Elə buna görə də cırları (nəğmələri) qaraçay bədii sözünün mənbələrindən biri kimi götürmək mümkündür. Bununla belə onu da qeyd etmək lazımdır ki, qaraçay ədəbiyyatında ədəbi janrlar sistemi indiyə qədər lazımınca işlənməmiş, janr təyinləri dəqiq və birmənalı müəyyənləşməmişdir. Janrın özü inkişafda olan hadisə olduğundan isə onun hərtərəfli öyrənilməyə ehtiyaclı olduğunu isə nəzərdən qaçırmaq düzgün deyildir. Nəzərə alınmalıdır ki, ədəbi yaradıcılığın müxəlif kateqoriyalarının başlıca xüsusiyyətlərinin nəzərdən keçirilməsi ciddi tarixilik prinsipi əsasında olmalıdır. Buna görə də ictimai şəraitin ədəbiyyatla əlaqəsi bütün istiqamətlərdə izlənilməlidir. Ədəbiyyat ictimai ideologiya olduğundan onun ictimai varlığı əks etdirdiyi məlumdur və onunla əlaqəsiz heç nə mövcud deyildir. Dərk olunmalıdır ki, janrın əsasında həyat prosesində insanların, onların xarakterinin, emosiya və hisslərinin xüsusiyyətləri əksini tapır. Janr ümumi hadisə olmaqla yanaşı, həm də tarixi hadisədir, onda həm o, həm də bu cəhət öz əksini tapır, çünki ümumi həm də tarixi kimi özünü göstərə bilər (36, s.356).
Qaraçay ədəbiyyatının bütün inkişafı dövründə biz oxşar janrları görsək də, bu janrlar heç də bir-biriylə kor-koranə şəkildə üst-üstə düşmür, çünki hər bir yaradıcı insanın fəaliyyət və hissləri, onların məzmunu heç də hər zaman bir-birini təkrarlamır. Məzmun və formasına görə müxtəlif olub, funksional baxımdan uyğun gəlsə də, onlar qaraçay həyatının bu və ya digər hissəsini tarixi proses səviyyəsində göstərir, onun mənəvi həyatının (lirik şeirlərdə daha çox) və ya digər məqamını, həyat epizodunu (hekayə), insan taleyini nisbətən həyat hadisələrinin tam siklində təsvir edir (povest, roman), xalq həyatı axınında insan taleyinin mənzərəsini verir (roman-epopeya), keçmişi insan taleyi və xalq taleyi kontekstində dəyərləndirir (tarixi roman və tarixi dram janrı) və s. Janrların bir-biri ilə uyğunluğunu da məhz bu müstəvidə nəzərdən keçirmək lazımdır. Bununla belə bütün bu səviyyələr hər dəfə konkret və özünəməxsus tarixi prosesin müəyyən səviyyəsi olduğundan, burada xüsusi ona yeni xarakter verəndə bənzərsiz ifadə olur. Qaraçay yazıçılarından bir neçəsinin yaradıcılığında biz müxtəlif janrlarla qarşılaşmaqla, onların insan davranışının müxtəlif formalarına müraciət etməklə, onun xarakterinin təsvirində müxtəlif üsullardan istifadə etdiklərinin şahidi oluruq (H.Urtenov, O.Xubiyev, D.Bayqulov və b.). Qeyd etdiklərimiz bizim ədəbiyyatla və janrla bağlı təsəvvürlərimizi, forma və məzmun vahidliyi müddəalarımızı heç də dağıtmır. Janr təyininin belə ümumi funksionallığını nəzərə alaraq, qaraçay ədəbiyyatında 40-60-cı illərdə işlək olan ayrı-ayrı janrları təhlillərinə nəzər salaq.

40-60-cı illər qaraçay poeziyası: başlıca xüsusiyyətləri,
əsas nümayəndələri
20-30-cu illər qaraçay ədəbiyyatında aparıcı janr olan poeziya sonrakı illərdə də öz rolunu saxlamaqda davam edirdi. Bu dövr poeziyasında ictimai həyatda baş vermiş hadisələr onda daha çox əksini tapırdı. Şairlər heç də şəxsi, intim mövzuları başlıca mövzular kimi diqqət mərkəzinə çəkmirdilər. 30-cu illərin sonlarında qaraçay poeziyasına gəlmiş yeni qüvvələr – M.Urusov, T.Borlakov, A.K.Bayqulov, A.E.Ebzeyev, O.Xubiyev, H.Bayramukova, A.Bayramqulov və b. vətən, dostluq, yeni həyat quruculuğuna həsr olunmuş optimist ruhlu şeirlər yaradırdılar. (31, s.33)
Əlbəttə, adlarını qeyd etdiyimiz şairlərin yaradıcılığı heç də forma və məzmun baxımından yüksək sənət nümunələri hesab edilə bilməzdi. Çünki onlar bu zaman bədii yaradıcılığın bütün «sirləri»nə kifayət qədər bələd ola bilməmişdilər. Digər tərəfdən isə qaraçay poeziyası sənət aləmində yetərincə bərkiməmiş, inkişaf etməmiş, başqa xalqların ədəbi təcrübəsinə də yiyələnə bilməmişdi. Onların yaradıcılığı hələ realist poeziya tələblərinə də müvafiq deyildi. Onlardan bəziləri (H.Urtenov, İ.Qaragetov, M. Urusov və b. çoxcildli əsərlər yazıb yaratsa da, yazı manerası, üslub, deyim tərzi sanki püxtələşməmişdi (32, с. 9).
Məlum olduğu kimi, poeziya sözlə musiqinin vəhdətidir. Əsil şeiri oxuyarkən onu yetərincə mənimsəyirsən, onu müxtəlif məna və musiqi hissələrinə bölmək ehtiyacı da yaranmır. Hətta burada tədqiqat vəzifəsi kimi də məsələləri nəzərdən keçirdikdə belə bölgünü aparmaq çətin olur. Lakin keyfiyyətli alınmayan şeirləri oxuduqda bu nümunələrdəki iki vahid arasında harmoniyasızlıq nəzərə çarpır. XX əsrin 40-cı illərinin əvvəllərində ədəbiyyata gəlmiş gənc qaraçay müəlliflərinin şeirlərində məna və musiqi uyğunsuzluğu, özünü büruzə verir, tonallıq və intonasiya yetkinliyi duyulmur.
Lirik əsərlərə xas olan bir sıra əlamətlər vardır ki, burada xarakter təsvirində konkret hiss və sarsıntılar, bu təsvirin subyektivliyi, bilavasitə hiss və sarsıntılar və bu sarsıntıların fərdiliyi (emosional nitqin tipikləşmiş xüsusiyyətlərinin özünəməxsusluğu) vardır. Lirik əsərlərdə çeşidli intonasiya mövcuddur. Şeirdə müvafiq intonasiyanın yaranmasına heç də konkret poetik priyom yox, istifadə olunacaq bütün ifadə vasitələri kompleksi xidmət edir. Burada lüğət zənginliyi (metaforalar, müqayisələr, epitetlər) poetik frazada sözlərin quruluşu (inversiya, təkrirlər), ölçü, ritm, qafiyə, alliterasiya, kompozisiya və s. bərabər poetik fikir, hiss və duyğular, onların konkretliyi və aydınlığı mövcud olmalıdır.
Əlbəttə, bədii sarsıntılar heç də bədii təsvirin məqsədi kimi çıxış etmir. Bu həm də müəyyən ictimai şəraitdə yaranan ictimai əhvali-ruhiyyəni ümumiləşdirərək əks etdirir. Bununla belə bu sarsıntıların əks olunduğu konkret material ya şairi əhatə edən həyat şəraitinin xüsusiyyətləri, ya da həyatın uzaq keçmişdə olan tarixi mənzərəsinin şərti təsviri verilir.
Lirik şeirin təhlilinin mərkəzində bilavasitə onun məzmununun müəyyənləşdirilməsi, daha doğrusu, şeirdə verilmiş lirik qəhrəmanın hiss və sarsıntıları olmalıdır. Bu hiss onun konkretliyində, yəni hisslərin bütün rənglərini təsvir edib obraza çevirən canlı sözdən, söz formalarından başa düşülməlidir.
40-ci illərdə qaraçay ədəbiyyatında fəaliyyət göstərən sənətkarların yaradıcılığı xüsusi əhəmiyyət kəsb edirdi. Müharibə illərində qaraçay şairləri ideya-estetik cəhətdən bir yerə yığışıb ədəbiyyatın inkişafına daha böyük təkan verməyə səy göstərirdilər. Müharibənin sınağı həm də ədəbi işin həyatla, xalqla əlaqələrinin möhkəmlənməsinə müsbət təsir edirdi. Əlbəttə, belə olduğu halda ön plana həyat hadisələrinə daha operativ müdaxilə edə bilən janrların – oçerk, lirik şeir, hekayə, bədii-publisistik əsərlər ortaya çıxır və sanki bu illər qaraçay ədəbiyyatının müharibə salnaməsinə çevrilirdi. Bu dövrdə yaranan qaraçay bədii ədəbiyyat nümunələri, bir tərəfdən, xalqa vuruşmağa kömək edir, onun ideal və məqsədlərini ifadə edirdisə, digər tərəfdən, Vətən uğrunda qanından, canından, həyatından keçənlərin qəhrəmanlığını vəsf edirdi.
İkinci Dünya Müharibəsi dövründə sənətkarların başlıca silahı söz idi. Azərbaycanlı S.Vurğun, tacik M.Tursunzadə, ukraynalı P.Tıçina və M.Rılski, tatar M.Kərim və S.Hakim, litvalı S.Neriş, özbək Q.Qulam və b. ilə yanaşı qaraçay şairi O.Xubiyev, X.Canbabayev, E.Kapiyev və s. bu çətin döyüşdə Vətənə poetik sözün köməyi ilə xidmət edirdilər. Məsələn, Osman Xubiyev müharibənin qan-qadaları ilə ordu sıralarında üzləşir. Orduda xidmət edə-edə O.Xubiyev həm də dövrü mətbuatda operativ işlər aparmaqla məşğul olur. Demək olar ki, «Qızıl Qaraçay» («Къызыл Къарачай») qəzetinin hər nömrəsində doğma dağlardan kənar düşmüş əsgər O.Xubiyevin şeirləri, oçerkləri, hekayələri və publisistik müqalələri çap olunurdu. Yazıçının bütün yaradıcılıq vəzifələri, bütün enerjisi ümumxalq məqsədinə Hitler Almaniyası üzərində qələbəyə xidmət edirdi. O Xubiyevin şeirləri o dövr ki bütün sovet ədəbiyyatı kimi təşviqat və çağırış xarakterli idi.
Джюзген окъ тийсе келиб, Qəfil bir ox dəyib,
Джерге аудурса мени, Yerə sərsə məni,
Бауурум бла сюркелиб, Sinəm üstə sürünərək,
Къорууларма чеклени. Qoruyaram vətənimi. (22,s.59)
O.Xubiyevin «Qızıl Qaraçay» qəzeti və digər mətbu orqanlarının səhifələrində nəşr olunmuş şeir və publisistik əsərlərini oxucular daim səbrsizliklə gözləyirdilər. «Ölkənin taleyi sənin taleyindir» kitabının müəllifi N.M.Kaqiyeva qeyd edir ki, o, uşaq olarkən dağlı qadınlar arasında yeganə savadlı qadın olan anası həm O.Xubiyevin, həm də digər sənətkarların şeirlərini əməkçilərə oxuyurdu. Bu zaman qocalar və qadınlar göz yaşlarını gizlin silərək, diqqətlə qulaq asırdılar. Bu şeirləri böyüklər kimi kiçiklər də bilirdilər.
Qəzetlərin oxunuşundan sonra qocalar və qadınlar öz evlərinə dağılışır, anamsa qızlara «Tahir və Zöhrə» və hansısa digər lirik qəhrəmanlıq poemaları oxuyurdu. Anamın səsi əsir, bəzən isə gözlərini silərək, oxumağa davam edir, biz uşaqlar isə nəfəsimizi dərərək yarıqaranlıqda sakit və qəmli səsə qulaq asa-asa hər bir dinləyicinin sifətinin ifadəsinə nəzər yetirirdik. Sonralar mən böyüyəndə bildim ki, bu bizim vilayətin faşistlər tərəfindən işğalı dövrü imiş (22, s. 61).
Qaraçay poeziyası müharibə dövründə gözəlliyə, azadlığa, həyatın estetik axarına yer verir, lirikada doğma yurda bağlılıq, onun azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə daha çox əsərlər həsr olunurdu. Təsadüfi deyildir ki, müharibədə təkcə Belarus partizan dəstələrinin tərkibində onlarla qaraçay oğulları – Osman Kasayev, Əskər Barxozov, Yunus Qaragetov, Kiçibatır Xairkizov, Həzrət Uzdenov, Əli-Soltan Əliyev, Muradin Hacayev, Səid Qorxmazov, Abdul-Kərim Şamanov, Tugan Uzdenov və b. vuruşurdular.
Qəddar müharibə illərində qaraçay şairləri insanların qəhrəmanlığını vəsf etməklə, heç bir zaman həmin dövrdəki kimi xalq mübarizəsi və həyatı ilə belə yaxın əlaqədə olmamış, Vətəni işğalçılardan azad etmə onun başlıca mövzusuna çevrilməmişdi. Müharibə illəri həm də qaraçay etnik-milli şüurunda vətənpərvərlik ideyalarının təkamülü dövrü hesab edilməlidir.
Müharibə milli vətənpərvərliyin, milli düşüncənin ön plana çıxmasına şərait yaradırdı. Elə buna görə də qaraçay poeziyasının 1940-1960-cı illər ərzində mövzu, problematika və sənətkarlıq baxımından keçdiyi yol çətin, keşməkeşli və ziddiyyətli olduğu qədər də zəngindir. Bu dövr poeziyasında çağdaş həyat hadisələrinə poetik münasibətlə yanaşı, dünyanı dərk və s. müəyyən pozitiv məqamlar da qeyd olunmalıdır.
Müharibənin ilk illərindən lirikanın mövzusu da ciddi şəkildə dəyişdi. Vətənin taleyi ilə bağlı məsuliyyət, ilk məğlubiyyətlərin acıları, düşmənə nifrət, qələbəyə inam və s. qaraçay sənətkarlarının şeirlərinin, nəğmələ-rinin, poemalarının, mahiyyətinə hopurdu. Belə bir dövrdə O.Xubiyev yaradıcılığında biz vətənpərvərlik mövzusuna xüsusi marağın şahidi oluruq. Bu zaman onun səsi daha yüksəkdən eşidilirdi.
Qaraçay şairlərinin əsərlərində, demək olar ki, dövrün problemləri əksər konkret xarakterik detalları ilə təsvir olunmuş – fərdi insan taleyindən tutmuş, xalqın tarixi, ölkənin taleyi və bəzən isə bütün planetin panoramlı mənzərəsi yaradılırdı. Bu istiqamətdə O.Xubiyev və digər şairlərin yaradıcı təkamülü daha çox diqqəti cəlb edirdi. O.Xubiyev 40-cı illərə kimi onun poetik yaradıcılığı üçün xarakterik olan çoxsaylı assosiativ ifadə tərzindən daha ciddi və sadə ifadə tərzinə keçir. Poeziyasında intim lirikadan yüksək pafoslu sosial-fəlsəfi düşüncələr üstünlük təşkil edirdi.
Qaraçay şairlərinin bu dövr poeziyasının təhlili göstərir ki, o, istər poetik – üslubi, istərsə də ideya-problematika baxımından zəngin və çoxcəhətlidir. Ana torpağa bağlılıq, insanlığa tükənməz məhəbbət, həyatsevrəlik, işğalçılığa nifrət bu əsərlərin canıdır. İlk baxışda fərdi, şəxsi bəzən intim duyğuları əks etdirən bu əsərlərdə ictimai-sosial məna və məzmun çalarları daha çox nəzərə çarpır. O. Xubiyevin ictimai-siyasi lirikasında Vətənin bu günü, onun insanları, keçmişlə müasir həyatın müqayisəli təsviri aparıcı yer tutur. Sənətkarın təsvir obyektində aydın və şaqraq bir təfəkkür tərzinin şahidi oluruq. O, süni qəlizlik, obrazlılığın mürəkkəb, fəndgir çalarlarını yaratmaq yolu ilə getmirdi. O.Xubiyevin bir sıra əsərləri vətənpərvərlik ideyasının son dərəcə bədii əksini parlaq nümayiş etdirməkdədir.
Qaraçay şairlərinin bu və ya digər lirik əsərlərinin kamilliyindən danışdıqda əsas şərt kimi məna və emosiyanın vəhdəti ortaya qoyulmalıdır. Ruhu və düşüncəni oynadan həqiqi poetik misralar yalnız bu iki cəhətin qırılmaz sintezi, bir-birilə möhkəm vəhdəti nəticəsində yarana bilər. Sənətkar oxucuların həm zehninə, həm də duyğularına eyni dərəcədə təsir etmək istəyirsə, sənətin həmişə vacib və müasir səslənən bu ümdə tələbinə ayrıca diqqət yetirməli, özünün bütün poetik imkanlarına, bu səviyyədən yanaşmalıdır. O.Xubiyevin məna və emosiya dolu lirikası da belədir. Orijinal üslublu, dövrün aktual problemlərini çözməyə çalışan şair həssas və qaynar temperamentli yaradıcı şəxsiyyət idi. O.Xubiyev yaradıcılığında biz sənətin, poeziyanın, demək olar ki, bütün komponentlərini, istər məzmun-ideya, istərsə də forma və estetik çalarlar baxımından uğurlu ifadə edildiyinin şahidi oluruq.
40-60-cı illər qaraçay poeziyasında müasirlərin sevgisi, arzusu və düşüncələri, ruhi aləmini də sənətkarlar uyğun verməyə can atırdılar. Lakin qaraçay şairləri bəzən mövzunun yüksək şairanə həllini tapmaq əvəzinə, yüngül və müasir söz yığınlarından ibarət ifadələrə üstünlük verir, bir-iki bayağı epizodu şeirin infrastrukturuna daxil etməklə, məsələni bitmiş hesab edirdilər. Yaddan çıxarılırdı ki, müasir məzmunlu ictimai lirika formayla məzmunun mükəmməl poetik vəhdətini yaratmalıdır.
Misralardakı məna, səmimiyyət, hiss və fikrin təzə-tərliyi, söz və kəlmələrin ritmik və ahəngdar düzülüşü şeiri daha oynaq və oxunaqlı edir.
Məlum olduğu kimi, sadəlik sənətin başlıca göstəricidir. O poeziyanın da, lirikanın da canıdır. Əsas etibarı ilə daha çox novatorluğa can atan bədii təfəkkür sahibləri iş prosesində yalnız dərin fəlsəfi mənalar, pak və ülvi duyğular, yüksək bəşəri hisslər, bakirə fikirlər kəşf etmək hədlərində qapanıb qalmır, həm də onların ifadəsi üçün müvafiq bədii forma axtarırdılar.
Yuxarıda qeyd etmişdik ki, qaraçay ədəbiyyatının təhlilə cəlb etdiyimiz dövrünün inkişaf konturlarını əsasən 30-cu illərin sonlarında sənətə gələn şairlər müəyyən edirdi. Onların da sırasında Osman Xubiyev, Həlimət Bayramukova və b. daha çox fərqlənirdilər. Lakin eyni zamanda bu dövrdə ədəbiyyata gəlmiş Azamat Suyunçev, Nazir Xubiyev, Davut Kubanov, Həzrət Semyonov, Berger Batçayev, Hüsey Canbayev və b. yaradıcılığı da bədii sənətin inkişafına müəyyən müsbət təsir göstərirdi.
Osman Xubiyevin 1957-ci ildə nəşr olunmuş «Zaman» məcmuəsində şairin içində zamanın döyünən nəbzini, onun irəliyə doğru hərəkətini sezmək mümkündür. Proqram xarakterli «Təkşırım» şeirində arzularıyla gələcəyə can atan şair yerin və insanın simasında bir dəyişmələr izlənildiyini təsvir edir. Bütün bu məsələlər öz müasiri əməkçi insanın təsirini göstərməklə, o, bu inkişafda hər hansı bir şırım açmış insanın rolunu göstərməyə çalışır. Bu da təbii idi. Çünki 50-ci illərin ikinci yarısında müasirlik və novatorluq ətrafında gedən mübahisələrin mərkəzində poeziyanın yeni ictimai-əxlaqi mühitin dolğun, hərtərəfli əks olunması məsələsi dayanırdı. Bu mübahisələrdə başlıcası ondan ibarət idi ki, müasirlik və novatorluq problemi dövrün təkcə hadisə və faktlarının sadalanması və qeydə alınması məzmununda başa düşülmürdü. Müəlliflərin əksəriyyətini düşündürən məsələ, müasirliyin poeziyada ideya-estetik mənasının və sərhədlərinin genişliyini nəzərə almaqdan asılı idi. Belə mövqedə dayananlar müasirlik dedikdə poeziyanın faktik hadisəsini yox, epoxanın mahiyyətini, məzmununu açmaqla bağlı bacarığa üstünlük verirdilər və «müasirlik» anlayışını «carilik», «operativlik» və «aktuallıq» anlayışlarından daha tutumlu və dərin bir anlayış hesab edirdilər (31).
Sovet ədəbiyyatına daxil olan digər ədəbiyyatlarda olduğu kimi qaraçay ədəbiyyatında gedən ictimai-sosial dəyişikliklər, məzmun və ideya yeniləşməsi 60-cı illərdə də novatorluq, ənənə və müasirlik anlayışlarını bədii-estetik fikrin, diqqət mərkəzinə çəkirdi. Bu isə öz növbəsində həmin kateqoriyalar haqqında yenidən danışmaq, hərtərəfli elmi-tədqiqat işləri aparmaq üçün əsaslı bünövrə yaradırdı. Əlbəttə, novatorluq heç də bədii əsərin texniki tərəfinin, forma xüsusiyyətlərinin yeniliyi şəklində başa düşülməsi deyildir. O daha geniş estetik anlayışdır. Buraya ilk növbədə əsərin bədii fikirdəki yenilik tələbi daxildir. Əsl novatorluq ənənənin mütərəqqi cəhətlərinə söykənir, onun üzərində dayanır, onu təkmilləşdirir, ənənəni yeni inkişafaistiqamətləndirir, poetik yüksəliş üçün zəmin hazırlayır. Bir də nəzərə alınmalıdır ki, bədii yaradıcılığın kateqoriyaları bir-birilə üzvi surətdə bağlıdır. Ənənə novatorluqla, novatorluqsa müasirlik kateqoriyasından kənarda mövcud deyildir.
Söylədiklərimiz qaraçay poeziyasında nəzərdən keçirdiyimiz dövr sənətkarların yaradıcılığında yeni mərhələyə qədəm qoymuş müasirlik öz hədlərini forma və məzmun cəhətdən müəyyən mənada inkişaf etdirməyə borclu idi.
Qaraçay ədəbiyyatının qeyd etdiyimiz dövründəki inkişafında bu aspektdə Osman Xubiyevin müstəsna rolu vardır.
İkinci Dünya Müharbəsi illərində o, nəinki silahla vuruşur, həm də öz alovlu sətirləri ilə düşməni əskər və şair kimi yerlə yeksan edirdi. Onun düşməni məhv etməyə səsləyən şeirləri mətbuat vasitəsilə daha geniş yayılırdı. Məsələn, müharibə illərində O.Xubiyev «Къызыл Къарачай» qəzetində aşağıdakı mövzularda çıxışlar edirdi: «Onlar hay-küyə düşüb qaçırlar» («Ала кеслери къарадыла»-1943)», «Almanlar düşünürlər» (Немцала сагъыш этедиле», - 1943). Bu çıxışlarda əsasən faşist ordusunun hay-küyə düşüb qaçmasından söhbət gedir. 1943-cü ilin sentyabrında O.Xubiyev adı çəkilən qəzetdə daha iki «İrəli» və «Poltava» şeirləri ilə çıxış etmişdi. Qələbəyə səsləyən bu şeirlər ibrətamizliyi ilə seçilməklə, həm də müdrikliyi ilə fərqlənir. Elə buna görə də O.Xubiyevin əsərləri minlərcə qaraçay oxucusunun qəlbində əks-səda yaradıb, mühüm ideya-tərbiyəvi əhəmiyyətə malik olmaqla, onun daha sonralar müharibə haqqında irihəcmli monumental əsərlər yarada bilməsində mühüm mərhələ oldu.
Müharibənin qızğın çağında – 1942-ci ildə qaraçay şairlərinin sırasında artıq çoxları yox idi: Həzrət Urtenov və Həsən Appayev 1937-ci ildə repressiyaya məruz qalmışdılar. İsa Qaragetov, Davut Bayqulov, Məhəmməd Urusov, Həsən Bostanov, Toxtar Borlakov və b. isə Böyük Vətən Müharibəsində həlak olmuşdular.
Qaraçay ədəbiyyatının bu mərhələdə inkişafının əsas yükü də məhz O.Xubiyevin üzərinə düşürdü. O, gənc yazarların yaradıcılığı ilə yaxından maraqlanır, onların yaradıcı inkişafının qayğısına qalır, cəbhədən onlarla məktublaşır, məsləhətlərini verir və s. 4 mart 1942-ci ildə ona göndərilmiş gənc yazarların məktublarından birindəki cavaba diqqət yetirək: «Məktub yaxşı yazılmayıb, çoxlu səhvlər var. Tələsik yazma. Düşün yaz, tələsmə. Yazdığını oxu, yoxla. Belə savadsız yazmaq olmaz.
Şadam ki, sən şeir yazırsan, şeiri tələsik yazma, düşün. Yüz ortabab şeirdənsə, bir yaxşısı yaxşıdır. Yazılanı yaxşı başa düşməsən ikinci, üçüncü dəfə oxu. Qaraçay dilini əla bilmək lazımdır. Bütün qədim qaraçay nəğmələri və dastanlarını çoxlu və daim oxu. Belə olduqda mən də sənə şeir yazmağa kömək edə bilərəm» (22, s.67).
Müharibə illərində şairin qələmindən «İrəli» («Алгъа»), «Kuban» («Къобан»), «Həyəcanlı illər» («Ачыулу джылла»), «İkimiz dost kimi görüşdük» və s. kimi şeirlər çıxır. Bu şeirlərin hamısında qələbəyə inam hissi ali mənəvi-əxlaqi hal kimi göz önündə canlanır.
Hitlerçilərin yürüşünün işğalçı xarakteri şair tərəfindən daxili təlatüm kimi qəbul olunur. Buna görə də o, faşistlərin tezliklə məhvinə çağırır. «Qoy bizim əmin-amanlıq olan» aullarımız faşistlər üçün cəhənnəm olsun, cəlladlara yazığımız gəlməsin».
Онгсузубузгъa Bizim qoca, uşaqları
Къара кийдириб, Qara geydirib,
Юй, кенюр къоймай Evlərimizi kim yandırıb,
Чаrыб, кюйдюрюб, Körpülərimizi kim uçurub,
Артыкълыкъ етиб Üstümüzdə ağalıq edib,
Тиширыулагъа Qadınlarımıza
Эллерибизге Aman verməyibsə
Зорлукъ джетдириб, Bizim dinc aullarımızı
Азаб бергеннге Dağıdıb viran edibsə -
Салмагъыз кечим!... Yazığınız gəlməsin.

Parçadan göründüyü kimi yaralı yurd obrazı şair qəlbini həyəcanlandırır və onu düşməndən qisas almağa çağırır.
Müharibəyə həsr olunmuş şeirlərdə cəbhə həyatının real detalları (yanan faşist təyyarələri, əskər məzarları, almanların hay-küyə düşüb qaçması və s.) relyefli təsvir olunur. Bu tipli nümunələrdə biz, demək olar ki, quru peyzaj təsvirlərinə rast gəlmirik. Bununla belə bu tipli nümunələrdə didaktizm, sxematiklik, daimi epitetlərdən genbol istifadə, şüarçılıq, uzunçuluq və s. çox rastlaşırıq. «Həyəcanlı illər» şeiri poema kimi nəzərdə tutulsa da, cəbhə şəraiti onu sona çatdırmaq imkanı verməmişdir. Çünki cəbhə həyatında bu gün aktual olan, sabah tez köhnəlirdi. Əsər buna görə də yarımçıq qalmışdır. Onu 1943-cü ildə yazmağa başlayan O.Xubiyev yalnız 1956-cı ildə sona çatdırmışdı (22, s.69) Əsərdə müxtəlif üslublardan istifadə özünü büruzə verir. Əgər onun birinci hissəsi and, çağırış, temperament dolu sətirlərdən ibarət olub, xalqın faşistlərlə mübarizəyə köməyə canatması, doğma yerlər haqqında fikir əksini tapıb, alovlu hisslər özünü əks etdirirsə, əsərin ikinci hissəsi sanki tamamilə fərqlidir, burada şairin hissləri soyuq, xeyli şeylər yaddan çıxmış, fikirlər dumanlı təqdim olunur. O.Xubiyev müharibədən olanların bir hissəsini yaddan çıxarmaq istəyirsə, digər bir hissəsinin müasirlik baxımdan əhəmiyyətli olduğunu vurğulamağa çalışır.
O.Xubiyevin bu dövrdə yaranan əsərləri təsvirçilik, bayram marşı və parad əhval-ruhiyyəsini əks etdirir, «Həyəcanlı illər» şeirində biz bər-bəzəkli frazalar, hay-küylü effekt, əsil vətəndaşlıq qayəsinin konyukturaya qurban verildiyini, üslubun yalançı novatorçuluqla əvəzləndiyini, deklarativ vədlər ortaya qoyulduğunu , şair səsindəki bəsit notların, sırf zahiri epitetlərin özünü nümayiş etdirdiyini görürük.
O.Xubiyevin müharibədən sonrakı əsərlərinin əksəriyyəti xeyirin şər üzərində qələbəsinə həsr olunmuşdur. Belə olduqda nəinki onun şeirlərinin məzmunu dəyişir, həm də əsərlərindəki poetik ton xeyli dərəcədə başqalaşır. Şeirləri yaz küləyi kimi təzə-tər peyzajla rayihələnir, doğma torpağın təmizliyi, gözəlliyi onun mahiyyətinə hopur. Yenidən doğulmuş torpaq obrazı göz önündə canlanır.
Əlbəttə, qaraçay şairlərinin müharibəyə belə münasibəti heç də boş yerə özünü əks etdirmirdi. Çünki müharibə başlayan ilk dövrlərdə yüzlərlə qaraçaylılar könüllü olaraq onun od-alovuna özlərini atmağa hazır idilər. Tibb məktəbindən 344 nəfər könüllü L.M.Dovatorun süvari korpusunda vuruşmağa razı olmuşdu. On minlərlə qaraçay oğulları və qızları cəbhədə vuruşmuşdular. Qaraçaylılar Moskva və Sankt-Peterburqun müdafiəsində, Stalinqrad döyüşlərində, Qafqaz uğrunda vuruşlarda iştirak etmiş, Ukraynanın, Belarusun, Pribaltikanın azad olunmasında qəhrəmanlıq göstərmiş, faşistlərin Polşa, Çexiya, Slovakiya, Avstriya, Yuqoslaviyadan qovulmasında və onların öz doğma paytaxtı Berlində darmadağın edilməsində iştirak etmişdilər. Onlarla qaraçaylı dövlətin ən yüksək mükafatlarına Qızıl Ulduz, Qızıl Bayraq, Şöhrət Ordeninə, Vətən müharibəsi, Aleksandr Nevski Ordeninə, Sovet İttifaqı Qəhrəmanı, digər orden və medallara layiq görüldülər (11, s.4-8).
Buraya onu da əlavə edək ki, Hitler və polis qarnizonlarını məhv edən və Belarusun geniş rayonlarına nəzarət edən Sovet İttifaqı Qəhrəmanı Osman Kasayevin partizan polku 1944-cü ilin fevralına qədər 27 düşmən qarnizonunu məhv etmiş, 100-dən artıq iri diversiyalar həyata keçirmiş və əməliyyatlar aparmış, 4 minə qədər faşisti darmadağın etmişdir. Osman Kasayevin partizanları düşmənin arxa cəbhəsində 20 kilometr dəmiryolu partlatmış, 118 düşmən avtomobili, 300 motosikl və velosiped, 3 tankı sıradan çıxarmış, 6 təyyarə, 34 Hitlerçi dəmiryol eşelonun döyüş texnikası və düşmən əskərləri ilə məhv etmişdir. Polkun partizanları 3 dəmiryolu və 66 şosse körpülərini göyə sovurmuş, 13 iri anbar yanacaq saxlancını partlatmışlar (11, s.9-10).
Müharibə mövzusuna həsr olunmuş əsərlər sırasında müəllif fərdiliyi ilə seçilən N.Bayramukovanın, O.Xubiyevin, S.Kapayevin, H.Ebzeyevin və digərlərinin əsərlərini nümunə gətirmək olar ki, bu əsərlərdə düşmənlə ümumxalq mübarizəsinin doğru-dürüst mənzərəsi yaradılmışdır. Bu müəlliflərin əsərlərində qəhrəmanlığın kütləvi xarakteri ilə yanaşı qaraçay xalqının uyğun milli portreti yaradılır. Qaraçay xalqını müharibədə təsvir edən yazıçılar hadisələrə əsasən doğru-dürüst baxış əks etdirməyə çalışırdılar. «Əmanət», «Sehirli iynə», «Adamlar», «Körpü», «Bolsulu Təzəsu» və s. əsərlərdə qəhrəmanların daxili inamı əks olunurdu.
Buradan poema fəslinə H.Bayramukovanın «Zəlihət» poemasında qaraçay qızı partizan Zəlihət Erkənovanın rus partizan qızı Zoya Kosmedemyanskaya ilə müqayisə olunur. Onların qəhrəmanlığı mənəvi-əxlaqi dəyərlər baxımından qiymətləndirilir. Zəlihət və Zoyanın qəhrəmanlığı şairənin hiss və duyğularının xüsusi şəkildə təcəssümünə uçuş verir. Müharibə mövzusuna həsr olunmuş əsərlərin qəhrəmanları və aparıcı obrazları nəinki cəbhədə vuruşanlar, həm də arxa cəbhədəki qocalar, qarılar, qadınlar və uşaqlardır (13, s.80-81).
Müharibədən sonrakı illərdə qaraçay poeziyası inkişaf etməyə meylli idi. O formaca mükəmməlləşdikcə, fikri ifadə etmək baxımdan daha da dərinləşirdi. Vətəndaş poeziyası yeni keyfiyyət səviyyəsinə qalxırdı. Hər bir şair öz səsinə, öz dəst-xəttinə, öz manerasına malik olsa da, onları Vətənə məhəbbət hissi, zamanın döyüntüsünü tutma və cəmiyyətdə öz rolunu aydın dərk etmə və s. birləşdirirdi.
Qaraçay poeziyasının inkişafında yeni dövr şairin xalq qarşısında öz məsuliyyətini dərk etməsi ilə xarakterizə olunur. Bu dövr poeziyasının başlıca qayəsi mühüm mənəvi-əxlaqi və estetik problemlərin qoyulması və həll edilməsi idi. Belə tendensiya tanınmış qaraçay şairəsi H.Bayramukovanın yaradıcılığında əksini daha inamlı şəkildə tapırdı. İncə və dərin hissli lirik H.Bayramukova əsərlərində müasirlərinin fikir və duydğularını əks etdirməyə müvəffəq olurdu:
Zamanın nəğməsi,
Şairin qəlbi.
Şairin ürəyi,
Zaman ələyi.
– deyə müəllif yazır və şairin müasir dünyada yerini və mövqeyini bu şəkildə ifadə etməyə çalışırdı.
Qaraçay ədəbiyyatındakı poetik əsərlər üçün uzaq və yaxın keçmişin hadisələrinin əks olunması başlıca fakt kimi diqqət çəkirdi. Milli ədəbiyyatın inkişafında 50-60-cı illər poeziyası daha keyfiyyətli şəkildə formalaşması ilə yadda qalırdı. Elə bu dövrdə qaraçay ədəbiyyatında o zamana qədər məlum olmayan janrlar – tənqid və ədəbiyyatşünaslığın ortaya çıxması özünü büruzə verirdi (18, s.165).
Qaraçay ədəbiyyatının inkişafı qaraçay xalqının tarixi taleyi kimi heç də 40-60-cı illər dönəmində uğurlu olmamışdır. Məlum olduğu kimi, XX əsrin bu dövrü Sovet ideologiyası və siyasətinin oturaşdığı illərdir. Bu dövrdə yaşayıb yaradan şairlərin yaradıcılığı dövlət quruluşunun və ideologiyasının eynidir. Böyük Bolşevik devrimi, Kızıl Bayrak, Yeni Sovyet Hayatı, Lenin və kommunist Partiye övqü, Milletlerin kardeşligi və dostluğu və s. Bu dönemin en önemli özelligi, 1930 yılların ortalarında seslerini duyurmağa başlayan Halimat Bayramın, Osman Hubiy ve Hezret Semen gibi genc ədəbiyyatçıların yazılı Karaçay edebiyatına yeni bir cizgi getirmeleridir. (37, s.226). Adları çəkilən müəlliflər şeir yazmağa başladıqları ilk illərdən nəinki yalnız Sovet mövzusunda şeirlər yazmış, həm də qeyrət və vicdan səsinə qulaq asaraq lirik şeirlərində yurd, millət, təbiət və s. kimi mövzuları ön plana çəkmişlər. Belə ki, qaraçay ədəbiyyatının o dövrdə daha çox tanınan təmsilçisi Həlimət Bayramukova Sovet dönəminin qorxunc şəraitinə baxmayaraq «Qaraçay ailəsi» («Kъarçanın ailesi») kitabında digər qaraçay şairlərindən fərqli olaraq heç kimdən qorxub-çəkinmədən etnik-milli adətlərin ortadan götürülməsinə qarşı çıxmış, onların qorunulması uğrunda mübarizə aparmışdır. Təəssüf ki, H.Bayramukova və O.Xubiyev kimi düşünən sənət adamları poeziya və nəsr janrında xalq üçün aktual olan mövzuları işlədikləri zaman 1943-cü ildə qaraçay türklərini Orta Asiyanın müxtəlif ərazilərinə sürgün etdilər. Elə buna görə də qaraçayların sürgün dövründəki yazılı ədəbiyyatı onun ölü dönəmi kimi nəzərdən keçirilməlidir. Bu dövrdə çoxlu sayda qaraçay ədəbiyyat xadimləri və ziyalıları müxtəlif bəhanələrlə həbs olunaraq işgəncələrə məruz qaldılar. Onlardan bəziləri ölüm pəncəsindən xilas olsalar da, Orta Asiyanın iqlim və iqtisadi baxımdan ən əlverişsiz regionlarında dağınıq halda həyat uğrunda mübarizə aparmışlar. Dözülməz şəraitdə həyat tərzi keçirmələrinə baxmayaraq, qaraçay şairləri malkar şairləri ilə birgə bir neçə şeir antologiyaları – «Həyatımızın bayrağı» («Çaşavuzun bayrağı»), «Bizim sözümüz» («Bizni sözübüz»), «Birlikdə nəğmə oxuyaq» («Birge cırlayık») və s. hazırlayıb yaymağa müvəffəq olmuşlar. Bu dövrün tanınmış şair və yazarları sırasında Umar Əliyev, Əbdulkərim Bayqulov, Şəhərbiy Ebzeyev, Toktar Boгlakov, Məhəmməd Orusov, Həlimət Bayramukova, Osman Xubiyev, Həzrət Semyonov, Əzəmət Suyunçev, Seit Layranov, Məhəmməd Çotçayev, Məhəmməd Xubiyev, Nasu Abayxanov və b. əsərlərində dövrün ideoloji ştampını əks etdirməyə səy göstərmişlər. (37, s.226)
Qaraçaylılar 50-ci illərin ikinci yarısından sürgün həyatını başa vurub doğma yurda qayıtdıqdan sonra H.Bayramukova və O.Xubiyev kimi istedadlı söz sahibləri ana ədəbiyyatın inkişafı uğrunda daha çox çalışırdılar. Vətənə döndükdən sonra onların əsərlərinin başlıca mövzusu doğma yurdla bağlı sevinc hissləri daha üstünlük təşkil edirdi. Lakin bununla belə Sovet ideolji maşınının kifayət qədər ciddi işlədiyindən burada şairlərin Sovetlər ölkəsinə minnətdarlıq və sədaqətlə yanaşmaları da nəzərdən qaçmırdı. Sürgündən qayıtmış qaraçay şairlərinin birgə nəşrə hazırlayıb yaydıqları «Ürək nəğmə söyləyir» («Cürey cırlaydı» - 1957) şeir antologiyasında bu tipli minnətdarlıq hissi diqqəti cəlb edir. «Ədalət məhv olmur. Kommunist Partiyasının köməyi sayəsində uzun müddətdən sonra Qaraçay qəzetləri yenə ana dildə yayılmağa, uşaqlarımız doğma ana dillərində ünsiyyətdə olmağa və nəğmələr söyləməyə başladılar. Qaraçay ədəbiyyatı yenidən yaradıldı. Bu əminlik eyni zamanda bütün xalqın ümidvarlığıdır». (37, s.226)
Heç şübhəsiz ki, bu tipli fikirlərin səsləndirilməsi həm də qaraçay xalqının 15 ilə yaxın sürgün həyatı yaşadığı dövrdə rastlaşdığı məhrumiyyətlərlə, ölüm-dirim mübarizəsi apardığı çətin məqamlara görə ortaya atılırdı. Lakin bu da qeyd olunmalıdır ki, bu dövrdə tanınmış söz sahibləri ilə yanaşı qaraçay ədəbiyyatına yeni qüvvələrdə də qədəm qoyurdu. Onların sırasında Nazir Xubiyev, Gülinə Sılpağarova, Husey Cavbayev, Bilal Appayev, Musa Batcayev, Nəzifə Kaqiyeva, Soslanbek Bayçorov, Həzrət Akbayev, Albert Uzdenov, Mediha Şormanova, Bəydimat Keçerukova və b. yaradıcılığı daha çox diqqət mərkəzinə düşürdü. Bu dövrdə İkinci Dünya Müharibəsi mövzusunda yazılmış əsərlərin sayı kifayət qədər çoxdur. Müharibənin qan-qadası, insanlara gətirdiyi bəlalar qaraçay şairləri tərəfindən yetərincə relyefli verilirdi. 40-60-cı illərdə yazıb yaratmış şairlərdən bir neçəsinin əsərlərini bir qədər ətraflı təhlillərə cəlb edək və Musa Batçayev, Həlimət Bayramukova, Əhməd Kubanov, Bilal Appayev, Berger Batçayev, Nazir Xubiyevin poetik yaradıcılığındakı dinamik dəyişmələri izləyək.
***
Tanınmış qaraçay şairi M.Batcayevin «Düşüncələr» (8) şeirlər toplusunda yer almış poetik nümunələr bir sıra keyfiyyətləri ilə diqqəti cəlb edir. İlk növbədə burada toplanmış nümunələr heç də yersiz deklamasiyadan ibarət olmayıb, işıqlı poetik fikirlərin təsvirindən ibarətdir. Ən başlıcası odur ki,bu şeirlərdə ritorik ifadələr yox, fikirlərin özünəməxsus konkret məzmunu mövcuddur. Elə bu da məcmuədə yer almış şeirlərin kompozisiya nöqteyi-nəzərdən yüksək şəkildə təşkil olunmasını sübut edir. Şair poetik fikrin təqdimində müstəqildir. Belə nümunələr sırasında «Ağ durna tək…», «Kartof kolu», «Əgər çoban», «Əgər qarmon…», «Mənim qoca babam», «Doğulmuş ölümdən yan keçə bilməz», «Əgər həyatını necə lazımdır qurmuşamsa…, Mübarizə et, dəniz…», «Heyfslənmirəm», «Moruq», «Xoşbəxtlik», «Mən gedərəm», «Dəniz mənim dostumdur», «Dur, mənim Alaqaşım», «Əgər vicdanımı ləkələsəm», hətta bəzi yumoristik, məzhəkə və zarafat xarakterli «Ayı balası», «Qonşunun aulu», «Buzov əmdi qurtardı» və s. bədii baxımdan öz həyatiliyi ilə fərqlənir. Məsələn, M. Batçayevin «Əgər qarmon…» şeirinin başlıca məzmunu Nazim Hikmətin «Mən yanmasam, sən yanmasan…» şeirinin mahiyyətinə uyğun verilmişdir:
Ocaq qazanı qaynatmırsa,
Yanmalıdırmı ocaq?
Ulduz səmanı işıqlandırmırsa,
Məgər ulduzdurmu, bu?
Yol səni çağırmırsa,
De, bəs nə üçündür yol?
Nümunə gətirdiyimiz bu parçada şairin qoyduğu sual elə insanın dünyada, cəmiyyətdə rolu məsələsi qədər aktualdır. Əlbəttə, müəllifin istəyinə görə həyatda nə varsa öz funksiyasını, təyinatını doğru-dürüst yerinə yetirməlidir. Lakin bununla belə şairin deyim, ifadə tərzi heç də Nazim Hikmət deyimi səviyyəsinə çata bilmir.
M.Batçayevin «Heyfslənmirəm» şeiri daha çox obrazlılığı ilə fərqlənir. Burada poetik fikir məntiqli, dürüst və orijinaldır. Şair dağ zirvəsində oturub vadiyə, onu əhatə edən aləmə tamaşa edir, Qərar tutduğu yer isə boranlı, çovğunludur. Lakin bu onu narahat etmir və hesab edir ki, «mənim evim ulduzlara yaxındır». Elə buradaca «Qarağat» şeirində dağın lap zirvəsində qayaları dəlib, oradan qarağatgülü boylanır. Lakin şairi külək çox narahat edir, qurd kimi uğuldayan külək onun meyvələrini uçuruma sovurmaqdadır. Və şairə görə heç bir yolçu ona yaxın düşüb meyvələrindən üzə bilmək imkanına malik olmayacaqdır. Belə olduqda şairi bir sual düşündürür. «Əgər heç kimə gərəkli deyilsənsə, daşların bağrını yarıb əzablar içində yaşamağa niyə can atırsan?».
Göründüyü kimi, hər iki şeirdə motiv və fikirlər bir-birinə uyğun və yaxın olmaqla, inamlı ifadə olunmuşdur. Hər iki şeirdə şairin fərdi müşahidə və arzuları yer alır. M.Batçayevin «Arzu» şeirində də biz orijinal ifadələrlə rastlaşırıq.
Göz yaşı tək təmizdir,
Yağışın damçıları.
Pəncərəmdən o yuyur,
Ora qonan tozları.

Özümü dərk edəndən,
Arzu qanadındayam.
Gərək elə davranım,
Mənə «sağ ol» desinlər.

Nə olar – elə olsun,
Olum yağış damcısı.
Qoy yer üzündən silim,
Harda var ləkələri.
Şeirin ideyası sanki öz-özündən doğulur və uğurlu detalların köməyi ilə oxucuya çatdırılır. Şair burada başlıca məqsəd kimi xeyirxahlıq etməyindən danışmır, bəzən hər hansı arqumentasiyaya ehtiyac olmasa da, hər halda şairin yer üzündən iyrənc, pis nə varsa, hamısını yumağa hazır olması maraqlı ifadələrlə təqdim olunur. Yaxud aşağıdakı sətirlərə diqqət yetirək:
Бек сууукъма, Üşüyürəm mən,
Арыгъанма, Yaman yoruldum,
Арыгъанма, Yaman yoruldum,
Ачма. Acmamışam.
Кеб айланыб, Hey veylləndim,
Къайтыб келдим, Qayıdıb gəldim,
Къайтыб келдим, Qayıdıb gəldim,
Къачма!. Qaçma!
Parçada M.Batçayevin daxili ruhi və fiziki yorğunluğu, əgər hər hansı təqsiri varsa, onu dərk etməsi və onun bağışlanılması, xoşbəxtliyə can atmasının nə dərəcədə mümkünlüyü son dərəcə maraqlə şəkildə verilir. Şair insanın daxili aləmində gedən mürəkkəblikləri məhz bu şəkildə açmağa çalışır.
M.Batçayevin oxucu diqqətini cəlb edən şeirləri ilə yanaşı, yaradıcılığında elə nümunələr də vardır ki, onlar müəllif dəst-xəttinə, obrazlar aləminə müəyyən dərəcədə xələl gətirir. Onların sırasında «Əgər vicdanını ləkələsən», «leyləklər», «Yaxşı yaşa, ya da pis…» və s. şeirlərin adlarını çəkə bilərik. Bu şeirlərdə müəllifin bəzi deyimləri poetik baxımından heç də ovxarlı hesab edilə bilməz. Məsələn, «Qocalıqdan əldən düşsəm də, ürəyim bu həyatdan ayrılmaq istəmir» kimi fikir, yaxud «Əgər arzularına çatmasan, həyat dadsızdır; əgər hər şeyi rahat əldə etsən, arzu ucuzlaşır» kimi poetik formullar bu nümunələrin məzmun və mahiyyətinə kölgə salır. Lakin bir şeyi qeyd etmək lazımdır ki, «Düşüncələr» məcmuəsinin adı onun məzmununa yetərincə müvafiqdir. M.Batçayev «Düşüncələr»də həyatın ortaya atdığı minlərlə suallara cavab tapmağa çalışdığından daim düşüncələrinə uçuş verir.
XX əsrin 40-60-cı illər poeziyasının orijinal təfəkkürlü sənətkarlarından biri Nazir Xubiyevdir. 60-cı illərin ortalarında «Aşırım» adlı şeirlər kitabında (6) onun xeyli maraqlı əsərləri təqdim olunmuşdur. Düzdür, 40-60-cı illər Sovetlər İttifaqında Lenin ideyalarının tüğyan etdiyi dövr olduğundan N.Xubiyevin bir sıra şeirləri («Lenin», «Partiya» və s.) mövzu və ideya baxımdan bu gün oxucu diqqətini o qədər də cəlb etmir. Müraciət edəcəyimiz aşağıdakı iki bənd dediklərimizi bir daha yaxşı təsdiqləyəcəkdir:
Lenin - sən günəş, Lenin – sən işıq,
İşıq saçırsan. Yerin xobəxtliyisən.
Lenin sən həyat, Lenin – sən bayraq,
Hey yaşayırsan. Göyə qalxırsan.
N.Xubiyev bu sətirlərdə lenin obrazını heç də adekvat yaratmağa müvəffəq ola bilməyib. Poetik obrazda primitivlik, yeknəsəklik hiss olunur. Buna görə də şairin bu tipli örnəkləri məzmun, mahiyyət, struktur və obrazlılıq baxımdan qüsurlu hesab edilməlidir. Məsələnin bu cəhətinə qaraçay tənqidi də vaxtı ilə diqqət yetirmişdir (32, s.50).
Lakin N.Xubiyevin digər şeirlərini – «Dumanlı göl», «Mənim ana dilim», «Təyyarədən baxarkən», «Kiçik çay» və s. oxuyarkən biz quru təsvirçilyiin və deklarativliyin şahidi olmuruq. «Mənim ana dilim» şeirindən bir fraqmentə baxaq:
Səndə anamın südü, səsi,
Səndə doğma elin sönməz həvəsi.
Qanadların cəsur qartal qanadı,
Yazda gülünün rəngi-özündən alar yadı.
Əlbəttə, burada şair elə bir poetik kəşfə imza atmasa da, onun əsərin infrastrukturuna cəlb etdiyi ifadələr xalq təfəkkürü bulağından su içdiyindən diqqəti daha çox cəlb edir. Şair burada tez-tez «Sevən dağlı ürəyim», «Mənim Qaraçayım», «Mənim dağlarım», «Mənim buludlarım», «Mənim xalqım» kimi epitetlərdən də uğurla istifadə edir. Bu isə şairin ruhən xalqına, doğma torpağa, insanların daxili aləminə daha yaxın olduğunu əks etdirir. Nazir Xubiyevin «Aşırım» adlı şeirlər kitabındakı (16) maraqlı nümunələrdən biri «Marux aşırımı qəhrəmanlarına» adlanır. Burada şair qeyri-ənənəvi priyomlardan istifadə etməklə, uğurlu poetik və masştablı obraz yarada bilir. N.Xubiyev şeirin kiçik bir hissəsində əsərin ümumi fikrini konkretliklə ifadə etməyə səy göstərir:
Döyüşdünüz, arxada gizlənmədiz,
Daşlardan keçərək düz irəli getdiniz.
Əlbəttə «döyüş» sözü burada söz xatirinə işlədilməmişdir. Çünki, doğrudan da qoçaq qaraçay balası nəhəng qayanı özündən arxada qoyub düşmənlə üz-üzə durmağa daha böyük üstünlük verdiyindən şairdə vətənpərvərlik hissi xüsusi şəkildə tüğyan edir. Yəni şair mükəmməl poetik obraz yaradır. Şeirin digər bir strofasına diqqət yetirdikdə burada əsil poeziya nümunəsinin şahidi oluruq:
Didildi, dağıldı, bilmədi nədir,
Qar, çovğun, borandan kəfən tikildi.
Dağlar göz yaşına aram vermədi,
Buzlaqlar titrədi - qayaların dodağı əsdi.
Göründüyü kimi, bənddə bədii təsvir vasitələrindən geniş istifadə edilmişdir. Bədii təsvir elementlərindən çeşidli istifadəyə nail olan müəllif dağlarda gedən dramatik mübarizəni bütün kəskinliyi əks etdirir. Şair qar sularından yaranmış gölməçələrdə «çovğundan tikilmiş kəfən»ə bürünmüş döyüşçülərin meyitlərini, qarların əriməsini isə kəfənlərin yırtılması kimi təsvir etməklə, bu şəhidlərə göz yaşı tökən qayaların lərzə gəldiyini, buzların əridiyini, dağların çaylar kimi çağlayıb gözlərinin yaşardığını olduqca inamlı poetik assosiasiyalarla oxucuya təqdim edir.
***
Qaraçay oxucuları tərəfindən əsərləri hərarətlə qarşılanan Həlimət Bayramukovanın bu dövrdə yazıb-yaratdığı doğma poeziyanın inkişafında önəmli rol oynamışdır. Bu baxımdan onun həm «Ocağın tüstüsü» (7) kitabında toplanmış, həm də digər nümunələr daha diqqətə layiqdir.
Dağlara onların əlçatmaz zirvələrinə, sıldırım qayalarına, buz bulaqlarına şairlər çoxsaylı əsərlər həsr etmişlər. Qaraçayların məskunlaşdığı Şimali Qafqaz da öz dağları, zirvələri, qayaları ilə neçə-neçə şairlərin ilham mənbəyi olmuşdur. Elə H.Bayramukova da dağları özünəməxsus şəkildə vəsf edir.
Dağlar dedi: «Oxu bizə,
Biz də səninçün oxuyaq,
Mən dağımdan oxudum,
Dağım dağı haqda yox,
Dağın haqda oxudum.
Dağlar qəzəbləndilər,
Susub-oxumadılar.
Baxışları buludlara dikildi.
Yəqin nəğmə dağlarınkı deyildi.
Parçadan göründüyü kimi, H.Bayramukova burada quru ştamp, ritoriklikdən kənardır. Sətirlərdə fikir dərinliyi orijinal deyim tərzi ilə həmahəngləşir. Parçanın «Dağlar dedi»: «Oxu bizə» hissəsində şairə dağların obrazını, bir tərəfdən, canlılaşdırır, digər tərəfdən, ona xüsusi ifadəlilik verir. Sonra isə şairin oxuduğu nəğmə sanki dağların xoşuna gəlmir (çünki o, öz dağı haqqında oxumaq istəyir – N.T.), şairə belə etmək düzgün olmadığını hiss edən dağlar da, ondan utanıb «baxışlarını buludlara dikib», orada gizlətməyi üstün tutur. Bir qədərdən sonra yenə də nəğmə oxumağa üstünlük vermək lazımdır. Dağlar şairi yenə də oxumağa dəvət edirlər. Bu dəfə şairə dağlara onların şöhrəti, yüksəkliyi haqda oxuyur. Lakin dağlar yenə də susur, oxumurlar. Dağlar buzlaqlar altında qalır, yenə bu nəğmədən isinmirlər. Dağlar onu nəğmə oxumağa dəvət edir.
Sanki bu nəğməyə musiqi də qoşmağa hazırdır. Buna görə o, yenidən oxuyur. Nəğmə bir qədər dəyişir. Bu dəfə nəğmə vadilərin qəddar, lakin vicdanlı sakini haqqındadır…». Burada dağlarla şairə arasında bir razılıq, dostluq, qarşılıqlı ünsiyyət yaranır:
Sevincin gizlətmədi,
Xorla bir yerdə dindi.
Qarla od şahlığına –
Qaldırdı dağlar məni.
Buradan belə bir məlum həqiqət ortaya çıxır: şair doğulub boya-başa çatdığı vətənindən ilham almaqla, onun bütün hiss və duyğularının ifadəçisinə çevrilir. H.Bayramkovanın şeirinin ritmi, intonasiyası, ayrı-ayrı sözlərin və ifadələrin təkrarlanması orijinal pafoslu, emosional baxımdan daha zəngin və inandırıcı fikrin ortaya çıxmasına səbəb olur.
Ümumiyyətlə, H.Bayramukova yaradıcılığında qaraçayların mənəvi aləminin tam şəkildə təsviri görünür. Bu kontekstdə «Görünməyən əllər…», «Poeziyaya xidmət et…», «Dağlarda astadan oxumaq…», «Bir ovuc torpaq…» şeirləri xüsusilə səciyyəvidir. Məsələn, «Dağlarda astadan oxumaq….» şeirindən bir parçaya baxaq:
Mənasızdır:
Dağlarda astadan oxumaq.
Əks-sədası olmaz,
Dağlar onu eşitməz,
Meşələr onu eşitməz.
Meşələr yarpaq qulaqlarını
Açmaz.
Qartal dağlarda uçuşunu
Ləngitməz…
Şeirdə istifadə olunmuş sözlər adi və sadə olsa da, bu ifadələr son dərəcə isti, incə və emosional səslənməklə, həyat həqiqətlərinə adekvat səslənir. Şeirdəki lirizm əsas etibarı ilə müəllifin yazı manerası və əsərin xarakterindən asılıdır. Burada frazaların quruluşu, ritmi, poetik detalları, predmetindən tutmuş şeirdə nə varsa, ideyasına qədər hamısı onun professional poetik texnikasında özünü göstərir. H.Bayramukovanın əsərlərində fikir doğru-düzgün poetik ifadəsini tapa bilir. Poetik axtarışlar digər şeirlərdə də uğurla davam etdirilir. «Qırxıncı illərin qızları», «Biz əsil həyata qədəm qoyduq…», «Torpaq…», «Bacımın son nəfəsi…», «Həmin insan», «Soyunmuş qızın statuyası», «Ayaqyalın bütün dünyanı gəzərdim», «Həyat döyüşdür», «Ocağını qoru…», «Teatrda repetisiya gedirdi…», «Avqust» və s. məhz belə yüksək sənətkarlıqla qələmə alınmışdır.
***
Nəzərdən keçirdiyimiz dövrdə yazıb-yaradan ədəbi şəxsiyyətlərdən biri də Əhməd Kubanovdur. Onun digər şeirlərində olduğu kimi «Görüş» adlı şeirlər kitabında həyata, onun mahiyyətinə, insan xarakterinin fərdi xüsusiyyətlərinə özünəməxsus baxışı əksini tapır. Şeirlərinin ümumi ruhu insanın həyata vurğunluğu, onun sevinc və düşüncələri, inamı və s. bağlıdır. (26). Ə.Kubanovun adını çəkdiyimz kitabındakı şeirlərlə tanış olarkən biz həyatı varlığı ilə sevən və onun problemlərinə sinə gərə bilən insanla rastlaşırıq. Şairin həyata münasibəti nikbindir, onu heç bir şey - hətta ölüm belə qorxuda bilməz. Əsərlərində qaldırdığı problemlər dərinliyi ilə yanaşı, həm də məzmunludur. Onun poeziyasının ən mühüm xüsusiyyəti – həyata inamın ifadəsidir.
Digər qaraçay şairlərinin yaradıcılığı üçün xarakterik olan həyat proseslərinin dərindən dərk olunması, onun qavrayışına səthi baxış Əhməd Kubanov yaradıcılığı üçün səciyyəvi deyildir. Çünki Kubanov istedadlı şair kimi nə haqda yazmaqla bağlı nə mövzu, nə süjet axtarmır, yazmağa özünü zorlamır. Hər halda şeirlərlə tanışlıq onun belə bir falsifikasiyadan kənarda olduğunu təsdiqləməklə, ən yaxşı yaradıcılıq nümunələrində şairin təvazökarlığı, hisslərin emosionallığı oxucunun gözü qarşısında canlandırır:
Çarın zorun görməmişəm,
Bədənimə dəmir qandal geyməmişəm,
Əfəndi təlimi görməmişəm,
Şallağını yeməmişəm.
Varlı, knyaz yəhərləyib-yüyənləyib,
Məni çapa bilməyib.
Sevinir, fəxr edirəm xalqımla –
Mən azad ölkənin oğluyam.
Qaraçay ədəbiyyatında «köhnə» ilə «yeni»nin mübarizəsini təcəssüm etdirmə və bəzi hallarda onları bir-birinə qarşı qoyma uzun zaman kəsiyində populyar idi. Ə.Kubanovda da bu mövzuya münasibət özünəməxsus və təbiidir. Şair həyat hadisələri və insan xarakterlərinin çoxşaxəliliyindən yaxşı xəbərdardır. Bu xüsusiyyət Ə.Kubanovun «Qaranlıq gecədə mənim qapımı…» adlı şeiri psixoloji həyatiliyi, harmoniyası, intonasiyası, kompozisiya tamlığı ilə seçilən düşündürücü nümunələrdəndir:
Qaranlıq gecədə mənim qapımı,
Kimsə döydü astadan.
«Gəl, daxil ol» - dedim mən,
İçəri girdi kədər.

Mən özümdə deyildim,
Kədər qarsmışdı məni.
Bu sübh tezdən qapımı,
Döydü yenə bir kədər.

«Kimsən, çəkil get!» - dedim,
Yerimdən tərpənmədim,
Sonra bilib öyrəndim,
Xoşbəxtlik əldən gedib.
Nümunə gətirdiyimiz parçadan göründüyü kimi şairin düşünülməmiş hansısa hərəkəti, hissslərinin özbaşınalığı, aramsızlığı relyefli təqdim olunmuşdur.
Ə.Kubanov şeirlərində deklarativlikdən kənardır, oxucularla öz hiss və təcrübəsi ilə bölüşən şair, həm də ona düşünmə üçün imkanlar verir. Axı hər bir kəsə öz qeyri-dürüst addımını düzəltmək heç də asan iş deyil, çünki səhvlərin heç də hamısı bir-birinə oxşamır, təmkinli, səbirli, götür-qoylu olmaq heç də hamılıq iş deyil. Lakin insan öz davranışını idarə edə bilməlidir, deməli, onların idarə olunması həm də həyatını, öz xoşbəxtliyini idarə edə bilmək deməkdir. Elə Ə.Kubanovun «Qaranlıq gecədə mənim qapımı…» şeirindən gələn fikir və duyğular da bundan ibarətdir.
Əhməd Kubanov yaradıcılığında insanın tərbiyə olunma motivi xüsusi yer tutur. Problem onun tərəfindən müxtəlif bucaqlardan işıqlandırılır. Bu baxımdan «Səhv» şeiri səciyyəvidir. Kubanov şeirdə bir qədər təmsilvari təsvir tərzinə üstünlük verir. Axsaq qoyun ağrıdan təngə gəlmişdir. Digər qoyunlarsa ona necə kömək edəcəklərini bilmir. Bu zaman ağzı yerlə sürünə-sürünə gələn bir quzu özü də bilmədən gəlib ona toxunur. Əzabdan cana doymuş qoyun acıqlanıb quzunu yerə çırpır. Lakin quzunun kor olduğunu görən qoyun vurduğu yeri-dili ilə yalayır. Müəllif göstərir ki, pislik heç də həmişə bilərəkdən edilmir. Həssassızlıq nəinki özgələrinə, həm də özünə ziyan gətirir.
Ə.Kubanov yaradıcılığında daimi mövzulardan biri olan xoşbəxtliyə yetişmə özünəməxsus intonasiya ilə açılır. Bu baxımdan onun «Aylar, günlər keçir…», «Qoca bağban», «Günəşi sudan doydurmaq…», «İkiüzlü» və s. şeirlər səciyyəvidir. «Dağ qartalının yuvası…» şeirində isə şair insanda azadlıqsevərliyi, itəatkarsızlığı, cəsurluğu, əyilməzliyi tərənnüm edir. Onun bu tipli şeirlərində olan hər nə varsa (şair ideyasının açılması üçün ortaya qoyulmuş kompozisiya, obraz tamlığı və s.), hamısı ətraf aləmin adekvat təsviri və qavrayışına estetik baxımdan uyğundur. Şeirin əsas məzmunu aşağıdakılardan ibarətdir. Dağ qartalı yuvasından uçub getdiyi zaman ildırım onun yuvasını yandırır və qayada odla aşağıdakıları həkk edir: «Əgər aşağı enməsən səni həmişə belə tale gözləyəcək». Qartal öz kədərini yaddan çıxarıb düşmən xislətini lənətləyir. Sonrasa o buludları yara-yara daha da yüksəklərə uçur. Qartalın dalınca baxan qaya kədərə bürünür. Çünki qartalın yuvası qayanın sinəsinə sıxılmaqla, sanki onun köksündə təzə güllə yarası kimi tüstülənir. Qartalın ardınca qorxunc qışqırtılar yüksəlsə də, o daha da ənginliklərə uçur. İldırımsa bu kiçik canlının nə qədər məğrur olduğunu başa düşə bilmirdi. Lakin qartalı yüksəkliklərdə izləyən ildırım yorğun olsa da, çatıb odu ilə onu öldürür. Şeirdə dağ qartalının nəhəng bəd qüvvəyə qarşı necə sinə gərməsi, məğrurluqla onun qarşısında necə durması ilə yanaşı, həm də qartalın məhvi yüksək qiymətləndirilir.
Təəssüf ki, Əhməd Kubanov şeirlərinin hamısını heç də eyni yüksək emosional əhval-ruhiyyə ilə yaratmır. «Çiçəyin ölümü», «Almacıq», «Gəlirlər, gedirlər…», «Qaranlıq dar evdə…», «Lermontov haqqında xatirələr» və s. öz bənd, qafiyə, ölçü və s. baxımdan orijinal olsa da, sənətkarlıq nöqteyi-nəzərdən onlarda bəzi qüsurlar vardır. Ə.Kubanovun kitabında bəzən elə şeirlərə rast gəlinir ki («Dağlarda», «Oxuyun, dostlar!», «Öz borcumu yerinə yetirərəm» və s.), ritorik səslənməklə, mövzu baxımdan orijinal deyildir. Bununla belə məna və formanın imkanları, bənd, sintaktik-üslubi və qafiyə axtarışları nöqteyi-nəzərdən Ə.Kubanovun diqqətçəkən xeyli nümunələri olmaqla, öz poetik xüsusiyyətləri ilə maraq doğurur.
***
50-60-cı illər qaraçay şairləri sırasında Bilal Appayevin 1964-cü ildə Çerkesskdə ana dilində nəşr etdirdiyi «Ata yurduma» («Ata curtha») adlı şeirlər kitabı qeyd olunmalıdır. Yeri gəlmişkən qeyd edək ki, Bilal Appayev Qaraçayın Üçkökən şəhərində anadan olmuş, digər qaraçay ziyalı və şairləri kimi sürgün həyatı onun da taleyindən yan keçməmişdir. Lakin azsaylı türk xalqlarının reabilitasiyasından sonra o da doğma yurda qayıtmış, Qaraçay-Çərkəz Dövlət Universitetinin Dil-Ədəbiyyat Fakültəsini bitirmiş, 1983-1985-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun dramaturgiya bölməsində ixtisasını artırmışdır. Qaraçayda yaşadığı dövrdə «Lenin bayrağı» («Leninni bayrağı»), sonra isə «Qaraçay» qəzeti ilə yaxından əməkdaşlıq etmişdir.
Qaraçay ədəbiyyatında B.Appayev heç də yalnız şair kimi tanınmamışdır. Şeir yaradıcılığı ilə yanaşı o, incə yumor hissi və həcvedici məqamları özündə əks etdirən pyes, dram və nəsr əsərləri müəllifi kimi də məşhur olmuşdur. B.Appayevin əsərləri 30-dan artıq müxtəlif dillərdə səsləndirilmişdir. Onun poeziyasında emosional ovqat və romantik vüsət ön plandadır. B.Appayevin əsərlərində yaradıcı əmək,doğma diyarın gözəlliyi, təbiət təsvirləri və s. aparıcı yer tutur. Məsələn, «Zəmilərin dəniz kimi «dalğalanır», «Ormanların yaşıl ipəklə örtülmüşdür» kimi ifadələr Qafqaz təbiətini özünəməxsus epitetlərlə bəzəyir. Onların köməyi ilə müəllif oxucuda maraqlı hiss, duyğu və assosiasiyalar yaratmağa can atır.
B.Appayevin toxunduğu bütün mövzular, demək olar ki, diqqətəlayiqdir. Məsələn, şairin «Xəstəxanada» sikli faktoqrafikliklə yanaşı, həm də poetik vüsəti ilə oxucu yaddaşına həkk olur. Şeirdə emosional təsvir yetərincə güclüdür. Burada daha təsirli keçmiş cəbhəçinin müharibənin qanlı-qadalı illərindən salamat çıxmış insanın ayağının amputasiya olunmasıdır. Şair bununla müharibənin faciəvi yaddaşa çevrilməsini doğru-dürüst verməyi bacarmaqla aşağıdakı nəticəyə gəlir:
Bütün bunlar olmamaqçün,
Gücümüzlə, hamımız
Çalışıb gecə-gündüz,
Sülhü qoruyaq gərək, - deyə hökm verir.
Şeirin son iki sətrində isə:
Müharibə nədir, o necə olur?!
Nəsillər lüğətlər açsınlar gərək.
B.Appayev özünün lakonik «Qiymətli zaman» şeirində xeyli uğurlu poetik-fəlsəfi assosiyayialar yaradır.
Baxıram qolumdakı saatıma -
Necə aramsız gedir.
Heç inanmıram ki, bax, bu döyüntü -
Mənim həyatımın bir hissəsidir.

Sanki elə gəlir – zaman tez gedir,
Təbiət tərəfdən bir hesab gəlir.
Odur ki, diqqətim daha da artır,
Saatsa ömrümdən keçən əsrdir.
Düzdür, saatın həyatımızda yeri və dəqiqlərin necə keçməsi özü-özlüyündə yeni bir şey deyildir. lakin B.Appayev şeirdə effekti artırmaqla inamlı bədii detallardan istifadə etməklə, müəyyənuğura imza ata bilir («Heç inanmıram ki, bax, bu döyüntü, mənim həyatımın bir hissəsidir»). Məhz bu sətirləri şeirin emosional nüvəsi, poetik fikirin mərkəzi və onun yaranması üçün mühüm bir məqam kimi dəyərləndirmək olar. Burada fikir mütəhərrikliyi lirik poeziyanın fikirdən təcəssümə doğru hərəkəti kimi dərk olunur. Bu baxımdan şairin «Qadınlar» şeirindən bir parçaya nəzərə salaq:
Çiçəklər tək gözəllik gətirib
Tamaşadır yurdumuza da.
Xoş arzu, xoş umudlar,
Doğuldu könlümüzdə.

Qismətiniz təməlli,
Siz uğurlu anasız.
Uşaqlarınız gülümsəyir,
Evə güc verirsiniz.

Nur çöhrəniz bütün vaxt,
Bizlərə işıq verir.
Sevginizsə güc verib,
Cəsur irəli gedir.

Yolumuza aydın günəş işıq verib,
Bizə qanad verirsiniz, qadınlar.
Bizdən çox sevə bildiyinizdən
Sizi daha çox sevirik qadınlar.
(37, s. 550-551)
Bilal Appayevin insanın iç dünyasına ekskurs etməsi şeirlərinin əksəriyyətində relyefli görünür. Bu səpkidə onun «İkinci qarşılaşma», «Ürək», «Sən aydınlıq günümsən» daha çox diqqəti cəlb edir. «İkinci qarşılaşma» şeirindən iki bəndə baxaq:
Sənin izini arayırdım, Xatirə aynasında sənə baxıb,
Gəzdiyin yerlərdə. Gözümü açan olmadı.
Sən gözümə görünürdün, İllərimi keçirdim,
Zor günlərimdə. Başqasına isnişmədim.
(37, s.551)
Bu nümunələrdə şairin ideyadan qaynaq alıb gələn fikirləri təcəssüm olunana qədər o, sanki uzun və əzablı bir yol qət edir. Şeirdə hisslər canlı və düşündürücüdür. Poetik fikir, lirik hisslər parçada uğurla realizə olunur. Şeirlərində B.Appayev mürəccəd obrazlılığı dəf etməyə çalışır. Əlbəttə, belə təsvir tərzi gənc dağlı şairlər üçün asan olmasa da, onlar belə yenilikləri tətbiq etməyə üstünlük verirdilər. Nəzərdən keçirdiyimiz illərdə qaraçay şeiri müvafiq inkişafa istiqamətlənməklə, milli ədəbiyyatın ümumi bədii səviyyəsini özündə əks etdirmə yönündə irəliləyişini davam etdiridi.

Qaraçay ədəbiyyatında poema janrı və onun müxtəlif tipləri
Qaraçay ədəbiyyatında poema janrının inkişafını Şimali Qafqaz xalqları ədəbiyyatında bu janrın inkişaf özünəməxsusluğu ilə eyniləşdirmək daha məqsədəuyğundur. Belə ki, bu ədəbiyyatlarda XX əsrin 20-ci illərindən başlayaraq milli əlifbanın yaranması tədricən müxtəlif ədəbi-poetik janrların inkişafına öz təsirini göstərir və analoji estetik təcrübədən istifadə olunurdu. Problemin müxtəlif rakusrlardan öyrənilməsi Şimali-Qafqaz xalqlarının ədəbiyyatlarında XX əsrin ikinci yarısında aktuallaşmış qaraçay, malkar, noğay, kumux, çərkəz, kabardin şairlərinin əsərləri əsasında nəzərdən keçirilmiş, bir sıra maraqlı nəticələr əldə edilmişdir. Qaraçay ədəbiyyatşünaslığında məsələ ilə bağlı qaraçay ədəbiyyatı janrlarının inkişaf istiqamətlərini dərindən təhlil etmiş tanınmış tədqiqatçı A.Qarayevanın araşdırmaları daha çox obyektivliyi ilə seçilsə də, problem fundamental şəkildə Fatimə Uzdenovanın «Şimali-Qafqaz ədəbiyyatlarında poema: janr paradiqmasının formalaşması» kitabında daha çox diqqət çəkir (38, s.3).
Əlbəttə, burada məqsəd heç də adlarını çəkdiyimiz ədəbiyyatlarda poemanın keçdiyi çətin və ziqzaqlı yola nəzər salmaq, Şimali Qafqaz ədəbiyyatşünaslığının bu janrın öyrənilməsində uğur və uğursuzluqlarını göstərib ortaya çıxarmaq yox, 40-60-cı illərdə qaraçay ədəbiyyatında bu janrda yaradılmış nümünələri təhlil obyektinə çevirib, onlar haqqında fikir və mülahizələr irəli sürməkdən ibarətdir. Təhlilə cəlb edəcəyimiz dövr Qaraçay poemasında mürəkkəb yaradıcı mərhələ olduğundan, təbii ki, bütün mövzu, hadisə, əsər və müəlliflərin adını tam şəkildə çevrələmək də mümkün deyildir. Buna görə də burada biz ilkin vəzifə kimi 40-60-cı illərdə yaranmış poemaların ümumi mənzərəsini açmağa çalışmaqla, onların yaranma və inkişaf qanunauyğunluqlarını göstərməklə, konkret bədii materiallar əsasında, poemanın janrdaxili növlərini qeyd etməyə nail olmağı qarşımıza məqsəd qoymuşuq. Qeyd edək ki, qaraçay ədəbiyyatı, digər qonşu ədəbiyyatlar kimi, ümumədəbi prosesdən heç də kənarda qalmırdı. 2011-ci ildə yerinə yetirdiyimiz verdiyimiz plan işində qeyd etmişdik ki, qaraçay ədəbiyyatında poema janrı yalnız XX əsrin otuzuncu illərində təşəkkül tapmağa başlamışdı. Əlbəttə, həmin dövrdə yaranan poema nümunələrinin heç də hamısı yüksək bədii parametrlərə cavab vermirdi. Çünki siyasi sistem elə qurulmuşdur ki, cəmiyyətin mənəvi həyatının bütün sferaları həddən artıq siyasiləşmiş və ideologiyalaşmışdır. Digər bədii nümunələr kimi qaraçay poeması da, bu xəstəlikdən kənarda qala bilməmişdi. Bu janrda ortaya qoyulmuş nümunələrin əksəriyyətində birtərəfli təsvir, sxematizm, şablonçuluq və s. mövcud idi. Bəzi hallarda isə şəxsiyyətin təsvirində nivelirçilik, təqlidçilik, obrazlarda yeknəsəklik, nitq formalarının etnik-milli ənənələrdən kənarlaşması və s. qabarıq görünürdü.
Eyni zamanda burada «poema» sözünün özünün hansısa cəzbedici mahiyyət daşıdığını da vurğulamağa ehtiyac vardır. Bu digər ədəbiyyatlarda olduğu kimi qaraçay ədəbiyyatında da belədir. Qaraçay poeması müasir yazılı bədii ədəbiyyatın, müasir qaraçay ədəbi janrlarının əsasını təşkil edir desək, yanılmarıq. Bəzən poema mühüm uğurlara imza atdığına görə eposla uyğunlaşmaqla xalq tarixi, xalq və insan taleyinə yaxınlaşır. (24, s.3)
Digər böyük və zəngin ədəbiyyatlarda geniş və hərtərəfli şəkildə öyrənilməsinə baxmayaraq, qaraçay ədəbiyyatında ədəbi janrlar sistemi hələ də yetərincə işlənilməmiş, onların janr təyini birmənalı şəkildə müəyyənləşdirilməmiş, janrın özü isə, bilindiyi kimi, inkişafda olan hadisə kimi daim diqqəti cəlb etməkdədir. Qaraçay poeması, onun tarixi inkişafı janrın meyl və hərəkətini əks etdirməklə, zənginləşməsini də sübut edir. Daha doğrusu, poema gerçəkliyin məzmunu ilə insan həyatının vəhdətini özündə əks etdirən maraqlı yaradıcılıqdır.
Qaraçay ədəbiyyatında poema janrı üzərində düşünərək, onun bədii özünəməxsusluğunu göz önündə canlandırıb, tarixi-mədəni və ədəbi prosesdə əhəmiyyət və rolunu müəyyənləşdirib, janrın inkişafının perspektiv və mahiyyətini göz önünə gətirərkən iki əsas məqamı nəzərə almağa ehtiyac vardır. Birinci poemanın məzmununu təşkil edə biləcək tarixi hadisələrin masştabı əsərin mahiyyətindəki epikliyə təsiri, ikinci isə poemada təhkiyəçinin lirik hiss-həyəcanlarının və ürək çırpıntılarının, hadisələrə və personajlara münasibətinin əsərə emosional bütövlük verməklə, oxucu qəlbinə yol tapması, onun hiss və duyğularını hərəkətə gətirməsini nəzərə almaq lazımdır.
XX əsrin 40-60-cı illərində yaranan qaraçay poeması dövrün və xalqın ruhunu əks etdirən mövzuların seçimi və epik məzmunun şərti kimi personaj təsviri və hadisələrin təqdimatında mühüm məqamları ortaya qoymağı ön plana çəkməli idi. Qaraçaylar yazı əldə etdikdən sonra poema bu ədəbiyyatın aparıcı janrına çevrilib bir sıra dəyişikliklərə məruz qalsa da, qeyd etdiyimiz iki mühüm məzmun strukturu nüvəsini xalqın taleyi və bu taleyə yaradıcı şəxsiyyətin münasibətini qoruyub saxlamağa müvəffəq olmuşdur.
Akad.L.İ.Timofeyev müasair poemadan bir janr kimi danışarkən qeyd edirdi ki, müasir poema liro-epik janrın iri forması olmaqla, süjetli-təhkiyə təşkilli şeir əsəri, şeirlə yazılmış povest, yaxud romandır. Qeyd edək ki, janrın imkanlarını ortaya çıxarmaqla müasir qaraçay poeması özündə bədii strukturun çoxtipliliyini əks etdirir: süjet-təhkiyəli poema əsasən obyektiv-epik vasitələrlə ətraf aləmin və qəhrəmanların obrazlarını yaratmaqla, konkret hadisələrin təsvirinə tuşlanır, şeirlə-dram aydın süjet və kompozisiyaya malik monoloji poema və bir də ayrı-ayrı lirik şeir-fraqmentlərindən ibarət vahid bədii ideya ilə təhkiyəçi obrazını birləşdirən poeziya və lirik nəsri poema kompozisiyası formasında sintez edən strukturdur.
Qaraçay poeması nəzərdən keçirdiyimiz dövrə qədər H.Urtenov, D.Bayqulov və başqalarının timsalında hələ XX əsrin 30-cu illərindən ardıcıl və şərəfli bir yol keçmişdir.
İnkişafda olan tarxi-ədəbi janr kimi poema nəzərdən keçirildikdə biz bir sıra mürəkkəb və sona çatdırılmamış nəzəri məsələlərlə rastlaşırıq: poema nədir, janr nədir, poemanın janr və növ təsnifində yeri və rolu nədən ibarətdir? Onların həlli, əlbəttə, ədəbiyyatşünaslıqda növ və janrların bütöv nəzəriyyəsinin, anlayış və kateqoriyaların yoxluğu ilə şərtlənir.
Qaraçay ədəbiyyatında poema janrının inkişafı D.Bayqulovun («Şamay əvvəl və indi»), H.Urtenovun («Safiyət») yaradıcılığında ortaya qoyulur. Yeri gəlmişkən, qeyd edək ki, qaraçay ədəbiyyatında digər Şimali Qafqaz ədəbiyyatlarında olduğu kimi poema müxtəlif – lirik, süjetli-təhkiyə, lirik-qəhrəmanlıq elementlərini və formalarını özündə formalaşdırmaqla inkişaf edirdi.
Nəzərə almaq lazımdır ki, janr dialektikası şüurun inkişafının, ilk növbədə estetik şüurun qanunauyğunluqlarından ayrılmazdır. Məlumdur ki, hər bir tarixi mərhələ öz estetik idealları və zövqü ilə seçilməklə, həm də eyni zamanda baxışlar, növlər və janrlar sistemidir. Buna görə də XX əsrin 40-60-cı illərində ortaya çıxmış janr və üslub axtarışları həmin dövrdə yaradılan çoxmillətli ədəbiyyatların yaradıcı metodunun inkişafından kənarda dərk oluna bilməz. Çünki ideya-estetik prinsiplər ümumi inkişafın dinamikası kimi çıxış edirdi.
Qaraçay ədəbiyyatında ənənələrin sintezi milli poemanın xarakterik xüsusiyyətidir. Nəzərə alaq ki, bu mürəkkəb sintez nəinki doğma ədəbi ənənələrdən, həm də rus, şərq və türk ənənələrindən qaynaqlanırdı. Qaraçay poeması digər ədəbiyyatların ən yaxşı ənənələrini əxz etməklə, dövrün təklif və tələblərinə uyğun formalaşırdı. Bəlkə də qaraçay poemasının bu dövrdəki axtarışları, həm də novatorluqla nəticələnməyə istiqamət götürməkdə idi. Beləliklə, qaraçay poemasında xalqın keçmişi, cəmiyyətin vəziyyəti, onun inkişaf yolu yenidən nəzərdən keçirilirdi. Bəzən aktual mövzulu əsərlər ortaya çıxırdı. Bununla belə mövzuların aktuallığı materialın və problematikanın yeniliyi ilə sonuclanırdı. Bu isə öz növbəsində janrın bu dövrdəki inkişafındakı yenilikləri ümumiləşdirməyi gündəmə gətirirdi.
Əlbəttə, poemanı epos və liro-eposla əlaqələndirənlər heç də səhv etmirlər. Poema janrı epik mahiyyətli roman, lirik, yaxud dramatik formalar daxilində müxtəlif ideyaların əks olunması deyil, həm də hər bir formada tarixi konsepsiyanı özündə əks etdirən əsrin və dövrün nüvəsini təşkil edən təfəkkür üslubuna çıxışdır. Eyni zamanda bunu da yadda saxlamaq lazımdır ki, poema janrı öz modifikasıyalarında epik başlanğıclı sabit bir şeydir. Və eyni zamanda bu da nəzərdən qaçırılmamalıdır ki, poema epik janr olmaqla, müasir praktikada liro-epikdir. Bütün bunlarla yanaşı poemada, hər şeydən öncə, xarakterlər olmalıdır. Xaraktersiz bu tipli nümunələr poema yox, balladadır. Poemada xarakterlər iştirak edir, lakin o həm də hadisələr inkişaf edən şəraiti də nəzərə alır. Əlbəttə, qaraçay poeması milli-tarixi, yaxud ontoloji problematikalı müəllif ideyası ilə əlaqəli və yüksək fəlsəfi-estetik səviyyəli bədii ümumiləşdirməli həcmli şeirdə qələmə alınmış mükəmməl nümunə olmaqdan xeyli kənarda qalmışdır. Lakin bu da var ki, janr baxımından poema öz təbiəti etibarı ilə qeyri-həmcins və qeyri-standart tipli olmaqla, sırf təsnif olunmayan çoxtipli bədii struktur olub, növ və janr strukturlarının qarışması və bir-birinə üzvi surətdə bağlanması kimi də nəzərdən keçirilməlidir.
Qaraçay ədəbiyyatında özünü etdirən humanizm ənənələri XX əsrin əvvəllərində və sonralar yaranan poemaların da mahiyyətinə hopmuşdur. Bu baxımdan «Ayçayaq» poeması dağlı qızının gözəlliyinə həsr olunmuş lirik sevgi nəğməsi kimi diqqəti cəlb edir:
Aycayaq, sənin qar tək ağappaq,
Qamətin naxışlı dəsmalın altda
Gəzsən bütün Teberdanı,
Sənin telinə oxşar hanı, Aycayaq?
Yaşayıram mən tənha. Uzaqda -
Mənim qəmgin daxmam.
Nəğmələrdə sevgi və kədər,
İmkan verin səmalara qalxım,
Səma çadırını özüm sovurum,
Qartal qanadın verin,
Aycayaq, işıqlı düzə aparım.
Poemanın məzmunu kasıb cigit oğlanın gözəl Aycayaqa məhəbbətinin müxtəsər tarixçəsidir. Poemada çoxsaylı sevgi macəraları və çırpıntıları ilə bağlı rəngarəng obrazlar, cavanlığın incə hisslərə söykənən kədər motivi və s. yetərincə relyefli verilir. «Aycayaq» poema-nəğməsi qaraçay lirik poeziyasının layiqli nünunəsi hesab edilməklə, bu gün də Qaraçayda gənclərin dilindən-ağzından düşmür. Qaraçay ədəbiyyatında bütün inkişafı boyu epik poemanın yüksəlişləri və enişləri olmuşdur. XX əsrin 30-cu illərinə nisbətən 40-60-cı illər qaraçay poeması daha intensiv inkişafa meylli olmuşdur. Bu dövrdə epik poema özünəməxsus süjet xəttinin genişlənməsi, bədii ifadə vasitələrinin rəngarəngliyi ilə xeyli dərəcədə zənginləşmişdir. Epik poemada yeni qəhrəman obrazı yaratmaq cəhdini biz nəinki qaraçay ədəbiyyatında, həm də noğay şairləri İ.Mirzəyev, M.Kurmanəliyev, qaraçaylar İ.Qaragetov, H.Urtenov, D.Bayqulov, malkar A.Budayev, kabardin Ə.Sogensukov və A.Keşokovda görürük (38, s. 45).
Əlbəttə, qaraçay şairlərinin poema janrına yiyələnməsi heç də asan olmamışdır. Yeni kompozisiya, priyom və üsulları, obrazlar, rənglər, üslublar, dünya ədəbiyyatında işlənilmiş estetik təcrübənin əldə olunması bədii cəhətdən mükəmməl epik əsərlərin yaranmasına istiqamətləndirirdi. Bunlara misal olaraq D.Bayqulovun «Şamay əvvəl və indi», «Məryəm və əfəndi», H.Urtenovun «Əfəndi və ölüm» və s. poemalarını göstərmək olar.
Davud Bayqulovun «Şamay əvvəl və indi» poeması ciddi, lirik-publisistik əsər təsiri bağışlamaqla, yeninin bərqərar olub özünə yer tutması pafosu ilə zəngindir. Süjet baxımından onun İ.Qaragetov poeması ilə yaxınlığını görmək mümkündür. İlk növbədə bu yaxınlıq hər iki şairin əsərlərinin «Taulu caşau» («Dağlı həyatı») qəzetinin səhifələrində vaxtı ilə bir qolçomağın öz nökərini balta ilə doğraması haqda çıxan qeydlərdən sonra qələmə alındığı bildirilir. O dövrdə bu fakt Qaraçayda geniş ictimai rezonansa səbəb olmuşdur. Biz bununla bağlı H.Urtenovun «Бай бла батрак» («Bəy və nökər») poemasının və digər əsərlərinin nəylə bağlı yazılması haqda danışmışdıq. Bundan başqa H.Urtenov bir ifşaedici monoloq şeirində («Batrakı didib doğramayana») də məsələyə bir də toxunmuşdur.
D.Bayqulovun poemasının nüvəsində Şamay və onun ürəkaçmayan taleyi dayanır. Bütün ömrünü bəyə xidmət edib bircə inək də olsa, almağa ümid edən Şamay qoca çağında xəstələndikdən sonra bəy tərəfindən aldadılır və o, evinə əliboş qayıdır. Şairin öz dağlı qəhrəmanın çətin taleyini detalları ilə qələmə alması təhkiyəni D.Bayqulovun ilkin yaradıcılığı dövründən fərqləndirməklə, əsəri mozaiklikdən, eksklüzivlikdən kənarlaşdırır və biz bunu «Bəymirzənin həyatı» haqqında söhbətdə də yaxşı görürük.

Къыш аяз кечелени узагъына, Qış zamanı ayazlı gecədə,
Тохтамай чёземчилик эте эди. O, aramsız gəzərdi:
Тюшюб къалыб ол залимни тузагъына - İstismar cələsində,
Кеrе-кюн къыйынлыкъда эм ачлыкъуа, Yaza qədər beləydi.
Кёб кере кюнлени ашыра эди, Gecə-gündüz aclıqda,
Алай бла ауру анны къуршалаб, Günlərin keçirirdi.
Сюегине, джимчине орналды. Bir gün gəldi xəstəlik,
Сакъатсыз санларын кемириб-талаб, Canın tutdu birdəfəlik.
Адам тёзмез кибик халда къыйналды. Sağ canın əlindən aldı,
Özü pis günə qaldı.
…. Qurban bayramı gəlir. Molla məsciddə qurbanın təmizləşdirici, paklaşdırıcı gücündən danışır. Şamayın mal-heyvanı olmadığından, o, varlı Murada kömək etmək məqsədi ilə müraciət edir. O, isə öz növbəsində əvəzində Şamaydan oğlunu verməsini tələb edir. Şərt həddən artıq ağır olduğundan bu ili qurbansız keçinməyi qərara alır. Lakin mürtəce ruhanilər onun belə etməsi ilə razılaşmayıb Şamayı Muradın şərtinə razı olmağa vadar edirlər.
Poemanın digər fəsillərində (IV-VII) müəllif mürtəce din xadimlərini ifşa edir. Qaraçay ədəbiyyatında din xadimlərinin ifşası hələ İ.Qaragetovun «Komsomolçunun molla ilə mübahisəsi» və D.Bayqulovun «Məryəm və ölüm» poemalarında əks olunmuşdur. Bundan başqa H.Urtenovun «Yadda saxla!», «Əfəndi və ölüm» poemalarında da bu tipli mövzuya relyefli münasibət ifadə olunmuşdur. D.Bayqulovun Şamay haqqında poemasının xeyli üstün cəhətlərinə baxmayaraq, əsərdəki obrazların bəzən şişirdilmiş şəkildə verilməsi, ötərgi süjet xəttinə malik olmasına, poemada çoxsaylı dramatik kolliziyalara baxmayaraq, ümumi fonun yetərincə ifadəli olmadığını diqqət mərkəzinə çəkməklə, onu epik poemaya aid edirlər. (3, s.61). Yeri gəlmişkən qeyd edək ki, bu əsərlər sırasında olan digər poemalar da bədii cəhətdən heç də qüsursuz deyildir.
Əlbəttə, 40-cı illərdə qaraçay ədəbiyyatında olduğu kimi, Şimali Qafqaz ədəbiyyatlarında epik poema janrı bir qədər zəifləmişdi. Bunun da obyektiv səbəbləri vardı. Belə ki, müharibə dövründə ortaya çıxmış daha operativ və mobil janrlar – təşviqat xarakterli publisistik poeziya epik poemanı önləməsinə və lirik poemanın irəliləməsinə səbəb oldu. «Qızğın hadisələr dövründə… Blok və Mayakovskidən başlayaraq… epos daha çox lirik məzmunla doldurularaq və bu iki növün müxtəlif formalarına yiyələnməklə, sırf lirik poema xüsusiyyətlərinə malik olur». (4,s. 179)
Digər ədəbiyyatlarda olduğu kimi qaraçay ədəbiyyatında da epik poemaya qayıdış 50-60-cı illərdən başlanır. 60-cı illərdə epik poemanın tematik diapozonu xüsusən genişlənir. Qaraçay və noğay ədəbi prosesinə yaxından bələd olan tədqiqatçılardan biri bununla bağlı yazırdı: «Müəlliflər həyatın əksər tərəflərini, insanın mənəvi dünyasının zənginliyini çevrələməklə, əsərləri üçün materialı həyatın özündən, gerçəklikdən, öz xalqının mənəvi irsindən götürməyə çalışırdılar». (25, s.125). Qaraçay şairləri tarixin ənginliklərinə, folklora müraciət etməklə, həyat hadisələrini əsərlərinin mahiyyətinə hopdurmağa meyyli idilər. Belə olduqda qaraçay epik poeması «rasional təfəkkürü» əks etdirməklə, gerçəkliyə heç də yalnız romantik baxış ifadə etmirdi. Bu baxımdan A.Suyunçev və M.Xubiyevin qaraçay poemasının inkişafında rolu xüsusilə qeyd olunmalıdır.
Böyük Vətən Müharibəsinin məşəqqətlərini əks etdirmək baxımından liroepik poema nəinki qaraçay ədəbiyyatında, həm də digər Şimali Qafqaz ədəbiyyatlarında aparıcı mövqeyə malik idi. Əgər Həlimət Bayramukova dövrün ziddiyyətlərinə həsr olunan «Zəlihət» poemasını yazmışdırsa, S.Kapayev «Kırlu», Q.Qurtuyev «Meşə gözətçisi» poemalarını oxuculara təqdim etmişdilər. Bütün bu poemaların diqqət mərkəzində sənədli materiallar dayanırdı. Müəlliflər əsərlərdə döyüş epizodları və maraqlı səhnələr yaratmaqla, hadisələrdə iştirak etmiş insanların adekvat poetik obrazlarını sərgiləməyə çalışırdılar.
Burada H.Bayramukovanın poetik yaradıcılığının bəzi məqamlarına daha dərindən diqqət yetirmək məqsədə uyğundur. O, qaraçay şairlərindən poeziyada öz poetik «mən»ini tam şəkildə ifadə etməyi bacaran, mənəvi həyatının maraqlı məqamlarını təhlillərə cəlb etməyə daha çox meylli olan epik-lirik amplualı müəlliflərdəndir. Onun poeziyasında quru patetika, ritorika və pafosla rastlaşmırıq. Əvəzində isə bu yaradıcılığın mərkəzində ürək hərarəti, incə yumor, elegik hisslər daha böyük üstünlük təşkil edir.
H.Bayramukovanın 1963-cü ildə qələmə alınmış «Zəlihət» poeması Qaraçayda partizan dəstələrinin hitlerçilərlə mübarizə tarixini əks etdirən konkret fakt və hadisələrdən qaynaqlanır. Poemanın diqqət mərkəzində qoçaq qaraçay partizan qadını Zəlihət Erkənovanın bioqrafiyasının müxtəlif epizodlarıdır. Zəlihət faşistlər tərəfindən faciəvi şəkildə məhv edilir. Onun mübarizəsinin və ölümünün bəzi mühüm epizodları H.Bayramukovanın bu dövrdə qələmə aldığı qaraçay ədəbiyyatında yeni janrın – tarixi – qəhrəmanlıq poemasının ortaya çıxmasına səbəb olur. Poema poetika cəhətdən mükəmməldir, onun fərdiləşdirilmiş və geniş obrazlar sistemi, detallaşdırılmış süjet xətti mövcuddur. A.İ.Qarayevanın təbirincə desək «Şairə heç bir zaman özü haqqında belə obrazlı və emosional, həyatın özü tərəfindən qavrayışını poemanın birinci fəslində verdiyi kimi etməmişdir. Birinci şeirlər məcmuəsində yer almış fraqmentar lirik düşüncələr poemada məntiqli və geniş olmaqla, vahid sistemə düzülür». (20, s.434).
Qeyd edək ki, H.Bayramukova 1963-cü ildə nəşr olunmuş başqa bir «Şeirlər» məcmuəsində şair və poeziya mövzusuna daha yaxından toxunur. Bu məcmuədəki nümunələrdə şairin vətəndaş mövqeyi ilə intim-lirik başlanğıc xüsusilə diqqət çəkir. Elə buradaca vətənpərvərlik motivlərinin işlənməsi («Doğma Qaraçay silsilələri») daha relyefli, dərindən və ətraflı bədii-poetik həllini tapır. Elə bu məqamdan da H.Bayramukovanın yaradıcılığı nəinki qaraçay, Şimali Qafqaz, həm də o dövrki çoxmillətli sovet ədəbiyyatında öz təsdiqini tapır.
Qaraçay diro-epik poemasının mövzu diapazonu olduqca geniş və çoxşaxəli olduğundan onun araşdırılması daha dərinləşdirilmiş şəkildə aparılmağa layiqdir. Çünki XX əsrin 30-cu illərinin sonu – 40-cı illərin əvvəllərindən Şimali Qafqazda yaşayan türk xalqları sovet ideologiyasının, Stalinin repressiya siyasətinə məruz qalmış və qaraçaylar öz doğma yurdlarından Qazaxstan səhrasına, Qırğızstan və Orta Asiya çöllərinə sürgün edilmiş, onminlərə insanlar olmazın məhrumiyyətlərinə düçar olmuşlar. 50-60-cı illərdə, və sovetin bu dövrə qədər və sonra tüğyan edən siyasəti dövründə qaraçayların belə məhrumiyyətlərə düçar olmasına bir qayda olaraq göz yumulmuş, tarixi, coğrafi, etnoqrafik ədəbi əsərlərin səhifələrində onların nəşr olunmasına qadağalar qoyulmuşdur. Siyasi sistem elə çevik işləyirdi ki, qaraçay xalqının başına gətirilən bu müsibətlərin üstündən sükutla keçməyə çalışılırdı. Elə buna görə də qaraçayların həyatı yalnız müsbət fonda təsvir etməyə məcbur edilirdi. Reallıqda isə vəziyyət tamamilə başqa cür idi.
Problemin nədən ibarət olduğu adekvat dərk olunsun deyə, burada bəzi təfsilatlarla oxucuları tanış etməyə ehtiyac duyuruq. Biz yuxarıda Sovet İmperiyasının türk xalqlarının diskriminasiyasına yönəlmiş siyasətindən söhbət açmışdıq. Burada isə onu qeyd edək ki, Sovetlərin yeni yarandığı dövrdə Stalin və onun silahdaşları eyni kökdən olan qaraçayları və malkarları zəiflədib özünə tabe etmək üçün Qaraçaylar Çərkəzlərlə Malkarları Kabardinlərlə birləşdirib Muxtar statuslu bölgələr yaratdılar. Qaraçay – malkarların iştisadi, siyasi, mədəni həyatında baş verə biləcək yüksəliş və onlardakı təşkilatlanma, vahid amal uğrunda mübarizə rus siyasətçilərini razı salmırdı. Hələ vaxtı ilə Qaraçay-malkarlar, ümumiyyətlə, bolşevik siyasətini nə müdafiə edir, nə də bəyənirdi. Buna görə də xalqın mübariz ziyalıları, elm adamları, şair və yazıçıları məhrumiyyətlərə düçar edilir, güllələnirdilər.
Böyük Vətən müharibəsi başlayan zaman qaraçay –malkarlarla NKVD birlikləri arasında şiddətli çarpışmalar cərəyan etməkdə idi. Sovet ideologiyasına itaətsizlik qaraçaylara baha başa gəldi. Çünki bu ideologiya qaraçayların mənəvi-əxlaqi dəyərləri ilə ciddi ziddiyyət təşkil edirdi. Elə buna görə də hələ 1930-cu ildə qaraçay-malkarların Sovet sisteminə qarşı üsyanı başlamışdı. Baksan, Çegem, Holam və digər dağlıq ərazilərə malkarlar nəzarət edirdilərsə, Mikoyan –Şəhər (o vaxt Karaçayevsk belə adlanırdı – N.T) və Nərsənə (Kislovodsk) əraziləri qaraçayların nəzarətində idi.
Vəziyyətin gərgin olduğunu anlayan Sovet höküməti strateji planlarını dəyişdirərək özəl mülkiyyətin geri veriləcəyi ilə bağlı qaraçay-malkar ərazilərinə təyyarələrlə vərəqələr yaydı. Stalinin bu manevri yaxşı bəhrəsini verdi. Qaraçaylar və malkarlar aldadıldı. Az sonra isə xalqın əlindən silahlar yığıldı. İnsanlar dağlardan qeri – evlərinə çəkildilər. Bundan sonra rus əsgərləri silahlı əməliyyatlara başladılar. Təkcə bu illərdə 3000-dən artıq qaraçay-malkar edam edildi. Hətta 30-cu illərin ortalarından sonra sovet rəhbərləri qaraçay kommunistlərini də tutub edam etdilər. Qaraçay xalqının ziyalı təbəqəsi tamamilə məhv edildi.
1942-ci ildə almanlar Rostova girdikdən sonra Şimali Qafqaz ərazilərini də ələ keçirdilər. NKVD birlikləri dağlara çəkilib almanlarla vuruşmaq istədiyi vaxt onları burada gözləyən qaraçay-malkar döyüşçüləri yerlə yeksan edir və, beləliklə, ruslar məğlubiyyətə uğradıqlarından bölgəni tərk etməyə məcbur olurdular. Almanlar buraya girdikdən sonra qaraçay-malkarların dininə, adət-ənənələrinə, özəl mülkiyyətinə sayğı ilə yanaşacaqlarını bəyan edirlər. Bağlanılmış camilər, məscidlər yenidən açılır, kolxozlar dirçəldilməyə başlayır. Lakin tezliklə vəziyyətin rusların xeyrinə dəyişməsi nəticəsində almanlar yenə də buradan geri çəkilməyə məcbur olurlar. Qızıl Ordu əskərləri Qaraçay-Malkar ərazilərini təyyarə, tank və toplarla ələ keçirilməklə, kəndləri, şəhərləri viran qoymuşdular.
1943-1944-cü illərdə Stalinin ardıcıl olaraq verdiyi dörd qərar və sərəncamlarla qaraçay və malkarlar sürgün edildilər. Qərar və sərəncamların icrası hətta insanlar yatıb dincəldikləri vaxtlarda icra olunurdu. Qaraçay-malkar oğulları Sovet ordusu sıralarında almanlara qarşı vuruşduğu anda onların nənələri, babaları, bacıları, qardaşları, arvad-uşaqları stansiyalarda mal-heyvan aparılan vaqonlara doldurularaq haraya getdiklərindən xəbərsiz olmaqla, nəhayət Orta Asiyanın müxtəlif regionlarına dağıdılırdılar.
On dörd il doğmalarından kənar düşmüş qaraçay-malkar türkləri aclıq və səfalət içində ölüm-dirimlə üz-üzə qalırdılar.
Stalinin ölümündən sonra Sovetlərə rəhbərliyə gələn N.S.Xruşov ölkədə siyasi «istiləşmə» xəttini həyata keçirməyə başlayır və 1957-ci ildə qaraçay-malkarların öz doğma yurdlarına dönmələri haqqında qərar verir. Qaraçay-malkarlar digər türk və müsəlman qövmləri kimi düşdükləri bu qədər qanunsuz və yersiz məhrumiyyətlərə görə uzun müddət ərzində reabilitasiya olunmurlar. Yalnız 1989 və 1991-ci illərdə sürgünə məruz qalmış xalqların reabilitasiyası ilə bağlı deklarasiyalar qəbul olunur. Qeyd edək ki, sürgünə 63.323 qaraçay və 37.713 malkar məruz qalmışdır. (37, s.44-45).
Əlbəttə, türklərə qarşı törədilmiş belə amansız qətliam heç də sürgünə məruz qalmış qaraçay-malkarlarda izsiz ötuşməmişdir.
Qaraçay xalqının həyatında məhz 40-60-cı illər bu baxımdan daha keşməkeşlidir. Bu zamanı həm də Sovetlərin özünün formalaşdığı, yeni tipli ziyalı və ədəbiyyat adamlarının yetişdiyi illər kimi nəzərdən keçirilməlidir. Çünki bu illər məhz bolşeviklərin, qırmızı bayrağın, yeni sovet həyatının, Lenin və kommunist partiyasının, millətlərin qardaşlığı və dostluğu təbliği və şüarları ilə zəngin illərdir. Hələ XX əsrin 30-cu illərində Həzrət Semyonov kimi gənc yazarlar yazılı qaraçay ədəbiyyatına məhz nəzərdən keçirdiyimiz bu dövrdə yeni nəfəs gətirməkdə israrlı idilər. Məsələn, H.Bayramukova nəinki yaradıcılığında sevgi, təbiət və s. mövzulara, həm də yurd, millət, kişilik, mərdlik və s. kimi motivləri ön plana çəkir, dönəmin təhlükəli şəraitlərinə baxmayaraq «Kъарraны uйgerisu» («Karçanın ailəsi») kitabında qaraçayların əski milli adət və ənənələrinin aradan çıxmasına etiraz səsini ucaldırdı. Qaraçayların Orta Asiya düzənlərinə sürğünü də, yuxarıda qeyd etdiyimiz kimi, məhz bu dövrdə baş vermişdir. H.Bayramukova, O.Xubiyev və başqaları orijinal mövzulu əsərlərə müraciət etdikləri zaman sürgün həyatı onların yaradıcılığına da öz möhrünü vurmuş, buna görə də qaraçay ədəbiyyatının bu dövrü onu ölü dövrü adlandırılmaqdadır. Qaraçay ziyalı və ədəbiyyat xadimləri bu dövrdə müxtəlif bəhanələrlə işgəncələrə məruz qalmış, sağ qalanlar isə həyat uğrunda mücadilə aparmış, kölə həyatı yaşamağa məcbur edilmişlər. Lakin bu çətinliklərə baxmayaraq qaraçaylı şairlər poetik sözə daim həmdəm olmuş, əsərlərini bir yerə toplayıb antalogiyalarda nəşr etdirməyə müvəffəq olmuşlar. Qaraçay şairlərinin «Cürek cırlaydı» («Ürək şərqi söyləyir») adlı kitabda onlar yurd yerlərinə qayıtmaq imkanı əldə etdiklərinə görə Kommunist partiyası və Sovet hökumətinə minnətdarlıq ifadə edirlər. (37, s.225-226) Əlbəttə, belə münasibət ölkədə qaraçaylara qarşı aparılan diskriminasiya siyasətinə görə idi.
Bu dövrlərdə H.Semyonovun «Cazuv ayla» («Yaz ayları»), «Qərib Kursk» və «Nur qığılcımları»; Ə.Əhmədovun «Yaz gəldi» və «Həmzət batır» ; B.Appayevin «Ata curtha» («Ata yurduna») və «Kucur adamla» («Qərib adamlar») və s. kimi əsərlər ortaya çıxmışdır.
Qaraçay ədəbiyyatşünaslığı qaraçay xalqının və söz sərraflarının başına gətirilən bu müsibətlərə uzun zaman kəsiyində münasibət bildirməsə də, tənqidçi F.T.Uzdenova «Şimali Qafqaz ədəbiyyatında poema. Janr paradiqmasının formalaşması» əsərində onunla bağlı bəzi mülahizələr söyləyərək qeyd etmişdir ki, müasir Şimali Qafqaz poemasının bədii arsenalında, xüsusən qaraçaylara diqqət yetirməmək düzgün olmazdı. Çünki onların mövzusu yetərincə zəngin və aktualdır (38, s. 76-77).
Əlbəttə, qaraçay xalqının başına gətirilən müsibətlər heç də yeganə deyildir. Dünya xalqlarının bir çoxu belə halların dəfələrlə iştirakçısı və şahidi olmuşlar. Bu tipli bəlalar yadellilərin yersiz iddiaları və təqsiri ucbatından dəfələrlə baş vermiş, xalqlar öz torpağından, əzəli yurdundan kənar düşmüşlər. Belə hallarda – qaraçaylar, malkarlar…. azərbaycanlılar öz doğma elindən qovulurdular. Azərbaycanlılardan burada heç də təsadüfən danışmadıq. Çünki Lenin, Stalin…, Qorbaçov siyasəti azərbaycanlıları həm nəzərdən keçirdiyimiz dövrdə, həm ondan qabaq, həm də sonra öz doğma yurdu İrəvandan, Zəngibasardan, Vedibasardan, Göyçədən… daha sonra isə Qarabağdan (!) perik düşməyə məcbur etdi. Qaraçay, malkar, Azərbaycan türklərinin taleyi burada bir-birinə yetərincə oxşayır…
İgidləri Sovet torpağı, rus torpağı uğrunda qələbə üçün vuruşan qaraçaylar heç təsəvvür belə etmirdilər ki, onların xalqının taleyi ilə bağlı cəbhəyə düzgün məlumat ötürülmürdü. Bu baxımdan A.Akbayevin «Güllələnmiş şəfəqlər» poeması uğurlu və yetkin məlumatlarla zəngindir. Digər bir sənətkar S.Qurtuyevin poemasının qəhrəmanı Alim də - əfsanəvi təyyarəçi vahiməli Leninqrad gecələrində qanı bahasına döyüşlərə girərkən xəbərsiz idi ki, «ölüm bütün bir xalq üzərində qanadlarını açmışdır»…»
Əldən düşmüş insanları apardılar,
Bədbəxt zamanın felinə saldılar,
Qayalarsa uzaqlarda yetim qaldılar… (38, s.76)
Qaraçayların sürgün olunması məsələsi xalq üçün ciddi sınaq olmaqla, onlara siyasi,iqtisadi və mənəvi sahələrdə böyük bədbəxtliklər gətirdi. Qaraçay mədəniyyəti, o cümlədən ədəbiyyatının inkişafı bu illər ərzində süni şəkildə dondurulurdu. Odur ki, qaraçayların deportasiyası mövzusu ən aktual mövzulardan biri olmaqla, həmin dövrün poetik-bədii mənzərəsini də obyektiv şəkildə yaratmağa və realiyalara söykənərək təsvir etməyə ehtiyac duyur. 60-cı illər Qaraçay poeziyasında, o cümlədən poemasında bunu açıq şəkildə etmək mümkün olmasa da (çünki həmin dövr sovet təbliğat maşınının operativ işlədiyi zaman idi), sonrakı dövrlərdə «Cууугъан oжжагъа» («Soyumuş ocaq») şeirlər və poemalar məcmuəsi, A.Türkliyevin «Qaraçay sevgim və ağrılarım» kitabları Vətən – Qürbət oppozisiyası üzərində qurulmaqla formalaşırdı. (17, s.47).
A.Turkliyevin yaradıcılığında sürgün dərin fəlsəfi ideyalarla zəngindir. Poemada («O cəhənnəmdən çıxmışdır») alliterasiya və hiperbolizasiya priyomlarından istifadə şairin daxili hiss və çırpıntılarına böyük emosionallıq verir, onun doğma yurdla bağlı kədərini yetərincə relyefli ifadə edirdi.
Qaraçay ədəbiyyatında poema – ithaflarda qəhrəmanın bioqrafiyasına da xeyli yer verilməkdədir. Bu sırada A.Teppeyevin «Kъург koмиссар» («Polad komissar»), D.Mamuyevanın «Dжашла аугъан джерледе гокка хансла джыларла» («Uşaqların məhv olduğu yerlərdə güllər ağlayır»), S.Qurtuyevin «Alim» kimi əsərlərinin adlarını çəkmək olar.
Qaraçay ədəbiyyatında lirik-monoloji poemadan yoğrulmuş xatirə-poemaları da nümunə göstərmək olar. Onlara bariz nümunə kimi qaraçay şairəsi A.Urusovanın «Cогъулмагъан къылкъобуз» («Susmayan qopuz») poemasıdır. Müəllif poemanı özünün doğma qardaşı xalq yaradıcılığı nümunələrinin ilk not yazıya alınmasını həyata keçirən, qaraçay musiqi folklorunun banisi, bəstəkar İshaq Urusova həsr etmişdir. Böyük Vətən Müharibəsi başladığından not yazısına alınmış yaradıcılıq nümunələrini İshaq Urusov nəşr etdirməyə müvəffəq olmur. Sonralar bunu qardaşın əvəzinə, onun bacısı Əminət Urusova həyata keçirir. 5 iyul 1941-ci ildə bacısına müraciət edib doğmaları ilə vidalaşarkən İshaq demişdir. «Əgər ölsəm, əvəzimdə qoy əsərim yaşasın…»
Poema 9 fəsildən ibarətdir. Müəllif burada onu heç vaxt eşidə bilməyənlərlə vahiməli dialoq aparır:

Дыгаласды мени ишим, Heyhat, aldadıram özümü özüm,
Эштмезликге ханар айта, Məni dinləməyən eşitməz sözüm,
Тапмазма энди керюшюу, Qismət deyil bizə bir də görüşmək,
Hек турама санга къайта? Niyə sənə dönüm - bilmirəm özüm.
(38, s. 89)
Poemanın əvvəlində müəllifin daxili ürək çırpıntıları «Къапачайым – туугъан джуртум» («Qaraçayım – mənim doğma diyarım») tipli ifadə də onun təsir gücünü artırır.
A.Urusova öz qəhrəmanının mənəvi inkişafını rəngarəng boyalarla verib, burada çoxsaylı epitet və müqayisələrdən genbol istifadə etməklə, poemaya qeyri-adi liriklik bəxş edə bilir:
Теберди суну мауушу да, Teberda çayının səsi
Тебентик келген боранча, Vadidən boran tək gəlir.
Езен башы, аууша да Vadi özü, aşırımlar,
Kekde kcalkcıbkcalqcanqa, Sanki səmanı titrədir.
Кире единг тюрлю халгъа, Qəribə görkəm aldın,
Кекюрегиыш эркин солуй, Köksünü ney ötürdün
Джюрегинги джесирге алгъан Təbiətə şeir dedin,
Табигъатка назму окъуй Ürəyi ovsunladın.
Джокъ эд сенича сагъайгъан Başqa cürün görmədin,
Йрхан къушну джелике, Qartal uçuşundan gözəl.
Табигъатны хар бир заты, Varmı təbiətdə bir şey,
Табинъатны джырлатхан келюне Sən tək qəlbə nəğmə desin.
(38, s. 90)
A.Urusovanın poeması ciddi kompozisiya parametrləri ilə seçilir. Müəllif qəhrəmanın həyat yolunu ardıcıl şəkildə təsvir etməklə, diqqəti daha çox onun bioqrafiyasının başlıca məqamları üzərində cəmləşdirir. Beləliklə, İshaq Krasnodara gəlir. Məhz buradan onun böyük həyat yolu başlayır. İshaqın köhnə musiqiçi Sergeylə görüşü və onun İshaqda böyük musiqi potensiyasını aşkarlaması, onun həyat seçimində olduqca vacib rol oynayır.
Poemanın təqdir olunası xeyli müsbət cəhətləri vardır. Onların sırasında ilk növbədə dil zənginliyi və plastikliyini qeyd etmək lazımdır. Bundan başqa lirik obrazların ekspressivliyi, bədii ifadə vasitələrinin lakonikliyi, assosiativ qavrayışa istiqamətlənmədəki sərbəstlik, çoxsaylı, ümumiləşmiş simvolların müxtəsərliyi və s. onun qaraçay oxucularının ən sevimli poetik nümunəsinə çevirir.
40-60-cı illər qaraçay ədəbiyyatında poema janrının inkişafını nəzərdən keçirərkən, onun müxtəlif müəlliflərdə müxtəlif tiplərinə müraciət olunduğunu görürük. Mənəvi problemlərin çoxşaxəliliyi və estetik axtarışların rəngarəngliyi qaraçay poemasının üslub polifonizmini ortaya qoyur.
Bu janrın XX əsrin 30-cu illərində inkişafı, yuxarıda söylədiyimiz kimi, qaraçay şairlərini dramatik poema (liro-dramatik – H.Urtenov «Safiyət», D.Bayqulov «Şamay əvvəl və indi» və s.) tipinə üstünlük verdiklərini sübut edir.
Böyük Vətən Müharibəsi dövründə və sonralar, 50-60-cı illərdə, qaraçay poeması ballada tipli qəhrəmanlıq nəğmələri ilə yaxınlaşır. Mənəvi problemlər üzərində qurulmuş bu əsərlər qəhrəmanların şəxsi taleyini, onların xarakterinin dərinliyini açmağa istiqamətlənir.
Müharibədən sonrakı dövrdə təhkiyə xarakterli poemalar üstünlük təşkil edir. 50-60-cı illər poeması fəlsəfi və epik xarakterli olmaqla, lirik monoloq, monoloq-xatirələr, poema-ithaflar, liro-dramatik amplualı olmuşdur. Bu tipli poemaların xarakterik xüsusiyyətlərini biz işin məzmununda əks etdirməyə çalışmışdıq.

Qaraçay nəsrində hərbi memuar, sənədli oçerk
və povest janrı

Böyük Vətən Müharibəsi digər xalqlarda olduğu kimi qaraçayların da bu sahədə ciddi sınağı və mənəvi bütövlüyünün göstərici kimi ortaya çıxdı. Xalqın düşmənə qarşı nifrət hissi günü gündən yüksəlməyə başladı. Müharibə insanların xarakterinə, həyat və əxlaq təcrübəsinə ciddi təsir etməklə, onların mənəvi baxımdan daha da bərkiməsi, mətinləşməsi üçün zəmin yaratdı. Hitlerçilər Şimali Qafqaza yaxınlaşdıqca (avqust, 1942) qaraçaylılar doğma aulları tərk edib dağlara çəkilərək, düşmənlə ölüm-dirim mübarizəsinə qalxmağa üstünlük verdilər. Bütün bunlar xalqı düşmənə qarşı müsəlləh əsgərə çevirdi. Dağlılar faşistlər əleyhinə mitinqə yığışdılar. Mitinqdə böyük Azərbaycan şairi Səməd Vurğun alovlu bir nitq söyləyərək dedi: «Qoy yaddaşlarımızda dahi xələflərimizin – Tariyelin..., Babəkin və Koroğlunun ölməz obrazları yaşasın! Qoy əlçatmaz Qafqaz dağlarının dibsiz dərələri alman işğalçıları üçün qəbirə çevrilsin». Dağıstanın xalq şairi Həmzət Sadasa isə bu çətin günlərdə dağlıları vahid hərbi düşərgədə birləşməyə çağırdı. Bütün bunlar xalqın mübarizə əzminə kifayət qədər təsir etdiyindən, mövzu qaraçay nəsrində müxtəlif janrlarda – hərbi memuar, sənədli oçerk, hekayə, povest və romanda öz əksini tapmağa istiqamətləndi. (28, s.15).
Əlbəttə, qaraçay ədəbiyyatında müharibə mövzusuna müraciət heç də onun isti izləri ilə ortaya çıxmırdı. Bundan başqa həm də müharibənin qızğın getdiyi illərdə qaraçayların doğma yurddan deportasiyası da, ona müraciətin sonrakı dövrlərdə ortaya çıxmasını şərtləndirmişdir. Çünki qaraçaylar doğma yurda yalnız on dörd ildən sonra qayıda bilmişdilər və bu dövrdə müharibəyə həsr olunmuş nəsr nümunəsi ilk növbədə S.Laypanov və O.Xubiyev tərəfindən qələmə alınmışdır. Müharibəylə bağlı qaraçay bədii sözünün gec meydana gəlməsi məhz vəziyyətin belə gərginliyi ilə izah olunmalıdır. Digər bir məsələ də qaraçay nasirlərinin müharibəyə münasibətini standartdan kənarlaşdırmaya şərait yaradırdı. Yüzlərlə qaraçay ziyalıları etnik – milli ənənələrin qorunması, dini baxış və məxsusluqlarına görə güllələnməyə məruz qalmışdılar. Bu isə xeyli dərəcədə insanların Sovet dövlətinə və mövcud ictimai quruluşa inamını sarsıtmışdı.
Qaraçayların doğma yurda qayıdışından sonra Sovet dövlətçiliyinə və Partiyaya ikili münasibət özünü göstərirdi. Eyni zamanda ictimai-siyasi vəziyyət o qədər gərgin idi ki, qaraçay söz adamları ölkə rəhbərlərinin bütün haqsızlıqlarına baxmayaraq, siyasi hakimiyyətin davranışını təqdir etməyə çalışırdılar. Hətta Sovet rəhbərlərinə minnətdarlıqlarını bildirdilər (37, s. 226). Həqiqətdə isə vəziyyət tamamilə bambaşqa idi. Bu tipli minnətdarlıqlar dekorativ xarakter daşıyırdı. Lakin bütün hallarda sovet siyasət maşını öz işini görürdü. Təqiblər, ciddi senzura qaraçayların düçar olduğu faciələri qələmə almaq üçün imkan vermirdi. Xalqın gözü qorxudulmuşdu. Eyni zamanda qaraçay ədəbiyyatında müharibə mövzusuna müraciət, yuxarıda adlarını qeyd etdiyimiz müəlliflərdən başqa, hələ 50-ci illərin sonlarında geniş və dərin həllini tapa bilməmişdi. Yalnız sonrakı dövrlərdə (məsələn, 60-cı illərdə) hərb mövzusuna müraciət güclənir. Onun izahında qaraçay ədəbiyyatının inkişafının maraqlı qanunauyğunluqları müşahidə olunur və onda ümumi 60-cı illər çoxmillətli sovet ədəbiyyatı üçün özünəməxsus meyllər özünü əks etdirirdi (19, s. 4).
Burada onu da qeyd etmək yerinə düşər ki, müharibədəki «səngər gerçəkliyi»nin doğru-düzgün yaradılması, həm də müəlliflərdən problemin geniş tarixi üfüqlərinə əsaslı diqqət yetirməyi tələb edirdi. Buna görə də müharibə zamanı min bir məhrumiyyətlərə (əsir düşənlər, həlak olanlar, konslagerlərdə ömür çürüdənlər və b.). düçar olmuş insanların dramatik taleyini təsvir etməyə istiqamətlənən əsərlər müharibə dövrünün müxtəlif məqamlarını göz önündə əks etdirməyə üstünlük verirdi. Müharibə ilə bağlı dövrü mətbuatdakı nümunələrlə yanaşı, həm də xeyli məqalə, material və kitablar işıq üzü görürdü. Onların sırasında tank ordusu polkovniki Harun Boqatıryovun «Vətən uğrunda» («Эсре тюшюрюуле») və Seit Laypanovun «Qaraçay oğlu – Belorusiya qəhrəmanı» («Къарачайны уланы – Белоруссияны джигити») sənədli oçerki (bu kitab ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Osman Kasayevə həsr olunmuşdur), N.Ebzeyevin «Munir» və «Бычакъны ауузунда» («Bıçağın ağzında») povestlərini qeyd etməliyik (2;29;14).
Harun Boqatıryov «Vətən uğrunda» hərbi-memuarında kəndlərdən, qəsəbələrdən və şəhərlərdən baş alıb gedən döyüş yolunu qələmə almaqla, Rossoşidən Xarkova qədər, Kursk qövsü, Dnepr, Kiyev, Sumı, Fastov, Jitomir – Berdiçev əməliyyatları, Çexiya, Slovakiya, Avstriya və Berlində gedən döyüşləri bütün təfərrüatları ilə qələmə alır. Almanların hər bir qarış torpaq uğrunda vuruşduqları zaman onların necə müqavimət göstərməsini, hər gün onlarca kilometrlərlə məsafələr qət etdiklərini, Berlinə necə gedib yetişdiklərini və 21 aprel 1945-ci ildə Berlini nə vəziyyətdə gördüklərini, Berlinin necə yandığını, şəhəri hər saatda neçə-neçə təyyarələrin bombalamasını və oraya minlərcə mərmilərin düşməsini sənədli və bədii nöqteyi nəzərdən uğurla təsvir edir.
Yuxarıda qaraçay nəsrinin inkişafında Harun Boqatıryovun xatirələri ilə yanaşı, həm də Seit laypanovun Osman Kasayevin qəhrəmanlığına həsr etdiyi «Qaraçay oğlu – Belorusiya qəhrəmanı» kitabını qeyd etmişdik. Yeri gəlmişkən söyləyək ki, qaraçay ədəbiyyatının inkişafında sənədli janrın rolu böyük olmuşdur. Məlum olduğu kimi, sənədli ədəbiyyat son onilliklərdə bədii ədəbiyyatla bərabər inkişaf mübarizəsi aparmaqla, xalq həyatının ən gərgin məqamlarını əks etdirmək baxımından maraq doğurur. Onun bu cəhətini son dövrlərdə mövzu və janr əlvanlığı da sübut edir. Görünür, elə buna görə də İkinci Dünya Müharibəsi ilə bağlı olan sənədli ədəbiyyat nəinki bitib tükənmir, həm də o dövrdə yaşayıb mübarizə aparmış insanların taleyinə maraqlı şəkildə nəzər sala bilir və müvafiq sənədli ümumiləşdirmələrlə diqqət çəkir. Bəs belə olduğu halda S.Laypanovun kitabı hansı faktlarla maraqlıdır?! Hər şeydən öncə burada Belarusun Mogilyov şəhəri ətrafında qəhrəmancasına döyüşüb o torpaqları 1944-cü ildə faşistlərdən azad edən partizan dəstəsinin başçısı qaraçay xalqının oğullarından birinin qeyri-adi taleyi müəllifin diqqətini cəlb edir və olduqca maraqlandırırdı.
Kitabın qələmə alınması ilə bağlı S.Laypanov 1965-ci ildə əsərinin baş qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı adına ölümündən sonra layiq görülərkən əsərin necə yazılmasına bir tarixi oçerklə başlamışdır. Belə ki, S.Laypanovu 1958-ci ilin fevralında «Къызыл Къарачай» qəzeti Böyük Vətən Müharibəsi illərində onu Belorusiyanın Mogilyov vilayətinə partizan hərəkatı ilə bağlı material yığmaq üçüın ezamiyyətə göndərmişdir. Eyni zamanda buna qədər qaraçay oğlu Osman Kasayevin Mogilyov meşələri ətrafında qəhrəmancasına vuruşduğu da məlum idi. Həm də Osman Kasayevin partizan dəstəsindəki fəaliyyətinin ayrı-ayrı epizodları ilə bağlı hekayələr başqa bir qaraçay yazıçısı Əzəmət Suyunçev tərəfindən rayon qəzeti səhifələrində yer almışdır.
S.Laypanov Mogilyovda olduğu zaman 121-ci Qızıl partizan polkunun keçmiş partizanları, həmyerlisinin döyüşçü dostları ilə görüşür və onlardan Osmanın dəstədəki fəaliyyəti ilə bağlı materialları dövlət və onların şəxsi arxivlərindən əldə edir. O, Moqilyovda Osmanın məzarını ziyarət edir. Mogilyovdan səhra və arxiv materialları yığdıqdan sonra Minskə, digər arxivlərdə işləməyə gedir. Bu materiallar Osman Kasayev kimi şəxsiyyətin və qəhrəmanın xarakterini təsvir etməyə imkan verir (19, s.40-54)
S.Laypanovun kitabı həm də «Bloknotdan къысха xaparla» («Bloknot hekayələri») zənginləşdirilərək, Osman Kasayevi şəxsən tanımış, görmüş, hadisələrin iştirakçıları və şahidlərinin məlumat verdiyi əlavə detallar və ştrixlər ilə doldurulur. Kitabın sonunda isə partizan dəstəsinin operativ məlumatları, arxiv sənədlərinin nüsxələri, əmrlərdən çıxarışlar və s. təqdim olunur. Yığılmış arxiv sənədlərində O.Kasayevin adına raykom, obkom, komissarlıq və b. hərbi əməliyyat qərargahının komandiri tərəfindən verilmiş xasiyyətnamə də təqdim olunur.
Arxiv sənədlərinin digər üçüncü qrupunda Moqilyovda partizan hərəkatının inkişafı ilə bağlı işğalçıların aktları, yaddaş üçün qeydləri, sərəncamları və s. yer alır.
Kitabda Osman və onun döyüşçü dostlarından 15 müxtəlif fotoqrafiya-illüstrasiyalar vardır. Kitabın nəticə hissəsi əvəzinə müəllif «Mogilyovskaya pravda» qəzetindən götürdüyü «Qaraçay oğlu – Belorusiyanın qəhrəmanı» məqaləsinin tərcüməsini verir və sonra elə onu bu adla da adlandırmağı qərara alır (19, s.66).
S.Laypanovun kitabı öz nəşri ilə böyük ictimai rezonans doğurur. O qaraçay oğlu Belarus qəhrəmanı O.Kasayevin igidliyi haqqında inandırıcı və diqqəti cəlb edən mənbəyə çevrilir.
S.Laypanovun bu əsəri olduqca maraqlı kitab olub, nəinki qaraçay, həm də digər ədəbiyyatların diqqət yetirə biləcək sənədli nəsrin dəyərli nümunəsi kimi qiymətləndirilməyə layiqdir. Ədəbiyyatşünas A.Qarayeva hələ XX əsrin 70-ci illərində yazırdı ki, bu kitab yazıçının zəhmətkeşliyinin nümunəsi kimi olmaqla, onun zəngin faktik, sənədli materialla işləyib, öz dövrünün qəhrəmanı və öz xalqı haqqında bütövlüklə həqiqətəuyğun söhbət aparmaq nümunəsi, qaraçay ədəbiyyatının bu janrda əldə etdiyi müvəffəqiyyəti kimi qiymətləndirilməlidir (19, s.66).
Sənədli materiallar əsasında qələmə alınmış əsərlər sırasında digər qaraçay yazıçısı Hənəfi Ebzeyevin «Munir» və «Bıcağın ağzında» povestlərini qeyd etmək olar. Qeyd edək ki, Hənəfi Ebzeyev müharibənin ilk illərindən sonuna qədər onun yaxından iştirakçısı olmuşdur. O, Cənub, Birinci Belarus, Birinci Ukrayna cəbhələrində kəşfiyyatçı, tankəleyhinə mərmiatan, özüyeriyən artilleriya qurğusunun komandiri, alay komandiri, özüyeriyən artilleriya batareyasının komandiri kimi döyüşmüşdür. Müharibə qurtardıqdan sonra da o, tankəleyhinə ordu sıralarında xidmət etmiş, dövlətin altı müxtəlif mükafatlarına layiq görülməklə, mayor rütbəsində ordudan tərxis olunmuşdur.
Təbii ki, H.Ebzeyevin müharibədəki döyüş təcrübəsi, hərbi təəssüratları adları çəkilən povestləri yazmaq üçün mühüm material kimi xidmət etmişdir. Məsələn, «Munir» povesti Ebzeyevin yaxın silahdaşı qaraçay inqilabçısı Səid Xəlilovun kiçik oğlu Munir Xəlilova həsr olunmuşdur.
Burada əsərin janrı ilə bağlı bəzi mülahizələrimizi bildirmək istərdik. Əlbəttə, janr baxımından bu əsəri povest adlandırmaq düzgün olmazdı. Belə ki, burada biz nə bitkin süjet xətti, nə də konfliktin inkişafını görmürük. Yazıçı əsərdə sadəcə olaraq Munir Xəlilovun vəfatına qədər orduda olan həyatının bir hissəsini qələmə alır. Üstəgəl burada diqqət mərkəzində Munir obrazı yox, müharibənin ilk illərində tank əleyhinə artilleriya silah-sursatının və həyatının uzun-uzadı təsviri gedir. Munir baş serjant kimi silahların sayılması üzrə komandirdir. Əsərdə, demək olar ki, dramatik situasiya, konflikt, ciddi qarşıdurma və s. ümumiyyətlə, hiss olunmur.
Müharibənin ilk dövrünün əsil mənzərələri və hadisələr xeyli dərəcədə təhrif olunur. Müharibə ilə bağlı hiss və qayğılar illüstrativ xarakterlidir. Burada eyni zamanda müharibə gerçəkliklərinin bədii tədqiqi də görünmür. Daha doğrusu, Ebzeyev bu əsəri ilə müharibənin təsvirinə yeni heç nə gətirməyə müvəffəq olmamışdır. Hətta Ebzeyev özü iştirakçısı və şahidi olduğu hadisələrlə bağlı materialları da vahid süjet ətrafında cəmləşdirməyə müvəffəq ola bilmir. İlk baxışda oxucu üçün maraq doğuran bu povestdə Munirin daxili aləminin xüsusiyyətləri əksini tapmalı, obrazın təkamülü, ayrı-ayrı dramatik hadisələr verilməli idi. Povestdə neçə aylar bir yerdə çiyin-çiyinə vuruşduğu insan haqqında müəllif heç bir canlı və obrazlı xatirələr ortaya qoya bilmir. Odur ki, müəllif tərəfindən sistemsiz işlənib ortaya qoyulmuş avtobioqrafik və sənədli memuar materialı Ebzeyevi sanki yaradıcılıq uğursuzluqlarına düçar edir. Elə buna görə də janrda olan kompozisiya qeyri-müəyyənliyi, dağınıqlıq və süjetsizlik yazıçıya bədii problemi həll etməyə mane olur.
Əsərdə Munir komandir kimi təqdim olunsa da, o, təsvirlərdə döyüşən komandir kimi görünmür. Bununla belə povestdə hadisələrin inkişafının kulminasiyasında maralla epizod təqdim etməklə, buna həddən artıq yer ayırır. Bundan başqa əsərdə hitlerçilərin obrazları - polkovnik Volf, podpolkovnik Mayer, kapitan Rudolf, onların yemək stolu, müxtəlif tipli şüşələrdə masaya düzülmüş içkilər, düşmənlərin onların içki dostları və s. təsvir olunur. Əsərdəki obraz və mənzərələr sanki şablonlaşdırılmışdır.
Munir gözəl, ağıllı, hər şeylə maraqlanan, cəsur, sədaqətli dostdur. Lakin onun belə yüksək keyfiyyətləri davranışında yox, əsərdəki digər personajların və təhkiyəçinin dilindən eşidilir. Munirin Qaraçayda Məryəm adlı sevgilisi var.
Ebzeyev Munir obrazında əsasən işğalçı – faşistlərə qarşı «nifrət fənni» ni tərbiyə etmək fikrini əsaslandırmağa üstünlük verir. Əlbəttə, Munirin insanda yaxşı olan nə varsa, onlar uğrunda mübarizə aparması, onun ləyaqətinin ən çətin anlarda qorunması, onun inanılmış dost və yoldaş olması uğrunda döyüşməsi, doğma yurdun təbiətinə vurğunluğunu görmək, yüksək mənəvi dəyərlər uğrunda mübarizə aparmaq kimi qiymətlidir. Lakin bunu da qeyd etməyə ehtiyac vardır ki, təəssüf ki, Munir obrazının belə pozitiv mövqeyi bütün əsər boyu heç də dolğun hiss olunmur. Yəni müəllif bütün bu müsbət keyfiyyətləri maralla epizodda, Məryəmlə münasibətlərdə açmağa çalışıb, onun həyatsevərliyi və humanizmi kontekstində bəyan etməyə çalışsa da, povestdə bu şablon şəklində ortaya qoyulmuşdur.
Bununla belə əsərin müsbət məqamlarından da danışmağa ehtiyac var. Digər personajların xarakteristikasında, təhkiyəçinin obrazında, peyzaj mənzərələrində həyat uğrunda mübarizə ideyası bəzən daha aydınlığı ilə təcəssüm olunur. Burada biz təhkiyəçi obrazının təkrarolunmaz, canlı ifadələrini tapırıq. Əsərdə doğma torpağa sevgi, heç də onun müəllifin dağlılığı ilə sadəcə olaraq əks olunmur. Onlar oxucunun gözü qarşısında insan yaddaşında əvvəlki həyat mənzərələrinin canlandırıldığı lirik məqamların əks olduğu anlarda dolğunlaşdırılır. Təhkiyəçi doğma yurdun obrazını xatirələrində belə əyaniləşdirir: «İnsan beyni maraqlı qurulub: bir göz qırpımında o, dünyanı qucur, bütün uzaqları yaxın edir, minlərlə fikri hərəkətə gətirir. Bir neçə kiçik anlarda nələri yadıma gətirmir: yüksək Qaraçay dağları qamətli sərvləri ilə ağa bürünmüş zirvədir. Nəhəng buzlaqların altından ilan kimi şütüyərək gümüşü rəngdə axan qar suyu, gah axaraq, gah da ağararaq dərəyə tökülür. Naxışlı məxməri xalça kimi uzanan dar yaşıl vadi bir tərəfi ilə Çotça dağının təməlinə, digər tərəfdən, halda kimi Dumanlı Gölü qucur… Tamça Başındakı ətirli çəmənliklərdəki otlar gözlərin önündən kino ekranı kimi keçir. Bu Tamçi Ayrıdır.
Qayınlı Tala. Bu şəhərin gözəlliyinə tamaşa et. Bal Qaya altında sanki işıqlar rəqs edir. Kubansa tərtəmiz, gözyaşı kimi gömgöy Teberda suları kimi axır. Mara Ayağı kənddən çox şəhərə bənzəyir. Anam isə kiçik Əlinin əlindən tutaraq, baxır ki, təpədən, mən, oğlu, onun yanına qayıtıram ki… (14, s.9-10).
Təhkiyəçi başqa regionların povestdə rəngarəng təbiət mənzərələrini, məsələn, Ukraynanın böyük bir kəndinin peyzajını düşmən hücumu ilə bağlı verib, daha kəskin uğurlu mənzərə yaradır. Bütün bunlara baxmayaraq, «Munir» povesti mükəmməl bədii əsər kimi diqqət mərkəzinə düşmür. Çünki müəllif peyzaj mənzərələrində, baş qəhrəmanın xarakterində, döyüşlərin təsvirində və digər lövhələrdə (məsələn, leytenant Orlovun dəfni, Munirin dəfni və bu zaman söylənilən nitq və s.) müəllif yeknəsəklikdən kənarlaşa bilmir. Ebzeyev əsəri «Munir» adlandırsa da, bu obrazı povestdə yetərincə canlandırmağa müvəffəq ola bilməmişdir.
Biz yuxarıda Ebzeyevin digər bir povestinin – «Бычакъны ауузунда» («Bıçağın ağzında») adını da çəkmişdik. Elə buradaca qeyd edək ki, «Munir»ə nisbətən bu əsər daha uğurludur. Burada müəllif ona məlum olan hərbi materiallardan maraqlı şəkildə istifadə etmişdir.
Povestin avtobioqrafikliyi əsası kimi müəllifin tankəleyhinə artilleriyada, tank ordularında xidmətini, döyüş texnikasını, tankçıların hərbi məişətinin spesifik xüsusiyyətlərini, tank ekipajının həyatını professional səviyyədə bilməsi ilə bağlıdır. Povestdə təsvir olunan hadisə və təfərrüatların həqiqətə uyğunluğu oxucuda şübhə doğurmur (14, s.79-105).
Əsərin başlıca süjet xətti leytenant Oqnevin tank ekipajında xidmət edən qaraçaylı Biynöger və İsmayılın həyatının döyüş epizodlarından ibarətdir. Əsərin ekspozisiyasında tankçıların meşədə düşərgələri hücumdan qabaq təsvir olunur. Konfliktin zavyazkasında kombriq Boqatıryovun əmri ilə tankçıların Vajnı Xutoru uğrunda döyüşə girməsi göstərilir. Hadisələr ən gərgin nöqtəyə Oqnenin döyüş zamanı su dolu arxa düşdüyü və oradan özü müstəqil olaraq çıxa bilməyəcəyi zamanı çatır. Burada alman tankının komandiri Lyutsın ağılına Oqnevin tankını bütün ekipajla ələ keçirib, onu alman tank hissəsinin komandirinin yanına yedəkdə aparma fikri gəlir. Lakin bu anda Oqnevin ekipajının gözlənilmədən göstərdiyi qəhrəmanlıq əsərə yetərincə maraqlı rəng qatır. Lyutsın tankı Oqnevin tankını yedəkdə çıxardığı zaman sürücü-mexanik üçüncü sürətə keçirib düşmən tankına ciddi zədə yetirir, düşmən tankının sürücüsü idarəetmə şitinə elə bir zərbə ilə dəyir ki, o, şüurunu itirir və Oqnevin tankı idarəetməni itirən alman maşınını da öz mövqelərinə dalınca dartır. Faşistlər əsir düşürlər. Mayor Lyuts isə intihar edir…
Göründüyü kimi, povestin süjetində hadisələr kifayət qədər sürətli, lakonik olmaqla, həm də sərgüzəştli xarakterə malikdir. Oxucu burada hərbi-sərgüzəştli janrla rastlaşır. Bu, qaraçay ədəbiyyatında Böyük Vətən Müharibəsi mövzusunun yeni planda işlənməsini göstərsə də, bu elementlərin qaraçay ədəbiyyatında həmin dövrə qədər olmadığı qənaətini yaratmır. H.Ebzeyevin povesti sadəcə olaraq bu ənənəni inkişaf etdirir. Məsələn, Ə.Batçayevin «Əhməd-Batır» pyesi də sərgüzəşt xarakterlidir, sərgüzəşt elementlərini biz D.Kubanovun «Dağlarda səs» romanında da tapırıq. H.Ebzeyevin «Bıçağın ağzında» povesti bu ənənələri müəyyən şəkildə davam etdirsə də, təqliddən kənardır. Qəhrəmanların xarakteristikasına gəldikdə isə, qeyd etməliyik ki, onlar əsərdə tipik hərbi –sərgüzəştli povest üçün xarakterikdir. Həm də bu xarakteristikalar əsərdə olduqca lakonikdir. Məsələn, Oqnev tank komandiri kimi xarakterzə olunur. Çətin vəziyyətlərdə əsərdə biz onun qətiyyətli, insanların taleyinə məsuliyyətli münasibətini görürük. O, daim cəsur, enerjili olmaqla, ən çətin anlarda soyuqqanlılıq nümayiş etdirəndir.
Müəllifin əsərdə təqdim etdiyi bir sıra obrazlar yetərincə özəl və maraqlıdır. Məsələn, …Biynöqer zarafatcıl, mətin xarakterli və soyuqqanlıdır. Öz duzlu-məzəli zarafatları ilə dostlarının əhvalını gümrahlaşdırmağı, onları həvəsləndirməyi bacarır. Sanki Biynöqer böyük rus şairi A.Tvardovskinin «Vasili Tyorkin» epopeyasındakı baş qəhrəman Tyorkini xatırladır. Bununla belə Biynöqer haqqında deyilənləri, biz Ostap Kiriçenko və İsmayıl haqqında söyləyə bilmərik. Bizə belə gəlir ki, müəllif onların fərdiləşdirilmiş obrazına lazımınca diqqət yetirməmişdir. Eyni zamanda söylədiklərimiz əsərdən gələn müsbət ovqata da qətiyyən mane olmur.
Bununla belə H.Ebzeyevin «Bıçağın ağzında» povestini Qaraçay ədəbiyyatında Böyük Vətən Müharibəsinə həsr olunmuş kəşf kimi qiymətləndirmək də düzgün olmazdı. Bu povest Qaraçay ədəbiyyatı üçün bədii tamlığı, mükəmməl kompozisiyası və süjetin ustalıqla qurulması ilə əlamətdardır.
H.Ebzeyevin adını çəkdiyimiz iki povestinin təhlili bədii yaradıcılıqda uğur və uğursuzluqların səbəbləri ilə bağlı ibrətamiz nəticələrə gəlməyə də xeyli dərəcədə əsas verir. Əgər «Munir» povestində müəllif maraqlı özünəməxsus materialı janrın qanunlarına tabe edə bilməməklə, mövzuya məsuliyyətsiz münasibət bəsləyib, tələskənliklə ortaya qoyub uğursuzluğa düçar olmuşdursa, ikinci «Bıçağın ağzında» povestində hərbi lətifə ciddi konfliktli bir əsərə çevrilməklə, qaraçay ədəbiyyatının inkişafına müsbət təsir göstərmişdir.
Beləliklə, təhlillərə cəlb etdiyimiz sənədli ədəbiyyat nümunələri qaraçay nəsrində bu janrın xeyli dərəcədə işlənildiyini, burada olan uğur və uğursuzluqları nəzərdən keçirməyə imkan verdi. Yazıçılardan hər biri öz istedadı, təsvirlərə cəlb etdiyi obrazlar, personajlar və detalların köməyi ilə həyatı faktlara söykənən materiallara münasibəti özünəməxsus şəkildə ifadə etməyə çalışmışdır. H.Boqatıryov, S.Laypanov, H.Ebzeyev Böyük Vətən müharibəsinə həsr olunmuş sənədli-memuar ədəbiyyatının imkanlarının rəngarəng və zəngin olduğunu təsdiqləməklə, hər bir sənədli əsər müəllifinin yaradıcı şəxsiyyəti, materiala hissi-emosional münasibəti, faktlara müvafiq diqqəti, onları qruplaşdırma, altmənalarını oxucuya verə bilmə və s. bacarığının şahidi oluruq.


Qaraçay ədəbiyyatında roman janrı və 40-60-cı illər romanın ideya,
mövzu və problem axtarışları

Qaraçay ədəbiyyatında roman mənbəyini əsasən İslam Xubiyevin «Həsənin evlənməsi» (1928), «Dağlı tarixçəsi» kimi nəsr əsərləri və Davud Bayqulovun «Bəymirzənin həyatı» (1931) nağıl-hekayəsi , H.Bostanovun mətbuatın vəzifələri və inkişafı oçerkindən, Osman Xubiyevin «Abrek» (1936) povestindən götürür. 30-cu illərin ortalarında H.Appayevin işıq üzü görmüş «Qara sandıq» romanı qaraçay ədəbiyyatında bu janrın əsasını qoydu və sonrakı dövrlərdə (əsasən 50-60-cı illərdə) romanın inkişafı üçün bədii-estetik kursu müəyyənləşdirdi.
Bu magistraldan çıxış edərək biz qaraçay nəsrində roman janrının təşəkkülünü izləmək üçün yeri gəldikcə D.Kubanovun «Dağlarda səs», M.Bayçorovun «Böyük Qaraçayda», H.Bayramukovanın «Dan ulduzu», O.Xubiyevin «Əmanət» və digər əsərləri təhlillərə cəlb etməklə, adları çəkilən müəlliflərin yaradıcılığının bu janrın formalaşmasında necə böyük rolu olduğunu vurğulamağa çalışacağıq. Onların roman janrında qələmə aldıqları əsərlərinin hər birinin xalqın etnik-milli şüurunun inkişafında böyük xidmətləri vardır. Əlbəttə, xalq taleyi və etnik-milli şüur məsələsi ilk olaraq geniş və dərinləşdirilmiş müstəvidə H.Appayevin «Qara sandıq» romanında əksini tapmış, sonrakı 50-60-cı illər nəsrində xüsusi olaraq geniş planda işlənilməyə başlamışdır. Bir məsələni də qeyd edək ki, bu əsər məzmun əhatəliliyinə, ideya orijinallığına, obrazlar qalereyasının rəngarəngliyinə görə maraqlı nümunə olsa da, o vaxt sona çatdırılmamış qalmışdı. Və qaraçay nasirlərinin yeni nəsli, məsələn, D.Kubanov özünün «Dağlarda səs» əsəri ilə H.Appayevin «Qara sandıq» romanıyla süjet etibarı ilə səsləşən möhtəşəm bir roman ortaya qoya bilmişdir (21, s.212).
XX əsrin 60-cı illəri qaraçay ədəbiyyatında yeni mərhələdir. Çünki məhz O.Xubiyevin «Əmanət», D.Kubanovun «Dağlarda səs», M.Bayço-rovun «Böyük Qaraçayda», H.Bayramukovanın «Dan ulduzu» və b. romanları məhz bu dövrdə nəşr olunmuşdur. Sosial mahiyyət və epik məzmunla doldurulmuş bu əsərlərdə müəlliflər Qaraçay tarixini, maraqlı obrazlar və təbiət təsvirləri ilə zəngin olan lövhələri göz önünə gətirməklə, həm də həmin illər üçün xarakterik olan inqilabi olaylara və qaraçaylıların ruslarla dostluğuna kifayət qədər yer ayırmışlar.
Ümumiyyətlə, qaraçay nəzəri-tənqidi fikrində bu ədəbiyyatda roman janrının təşəkkülü, inkişafı və formalaşması ilə bağlı A.L.Qarayeva, S.Akaçiyeva, N.M.Kaqiyeva və başqaları kifayət qədər mülahizələr bildirmişlər. Onlardan S.Akaçiyeva «Qaraçay romanı. Janrın təşəkkülü və inkişafı» adlı sanballı monoqrafiyasında üç müxtəlif («Qaraçay nəsrinin yaranması və inkişafı tarixindən», «Qaraçay romanının tarixi məsələləri və tipologiyası», «Qaraçay romanın poetikası») fəsillərdə bu ədəbiyyatda roman janrının özəl xüsusiyyətlərinə, onun digər xalqların ədəbiyyatından olan eyni janrla səsləşməsinə nəzər salır, bir sıra köklü məsələlərlə bağlı mülahizələr bildirir, obyektiv nəticələrə gəlir (1).
Qeyd edək ki, S.Akaçiyevaya qədər tanınmış qaraçay ədəbiyyatşünası A.Qaraçayeva özünün «Qaraçay ədəbiyyatı tarixi oçerki» kitabında D.Kubanovun «Dağlarda səs», H. Appayevin «Qara sandıq» əsərlərinin müxtəlif cəhətləri ilə bağlı fikir söyləmiş, H.Appayevin romanındakı folklor örnəklərinə söykənərək sərgüzəştli novella elementlərindən istifadənin romantik təsvirin tarixi materiala üzvü şəkildə bağlanıb müvafiq ovqat yarada bildiyini qeyd etmişdir. A.Qarayeva D.Kubanovun «Dağlarda səs»inin xeyli məqamlarını H.Appayevin «Qara sandıq» romanı ilə bağlı müqayisələrə cəlb etməklə, həm də 50-60-cı illər qaraçay ədəbiyyatında müqayisəli ədəbi metoddan istifadəni – komparativistikanın mövcudluğunu ortaya qoyur və qaraçay bədii nəsrində komparativistika müstəvisində bəzi məsələlərin öyrənilməsini də aktuallaşdırır. Bizə gəldikdə isə burada məqsədimiz 60-cı illər qaraçay romanının ümumi mənzərəsini yaratmaq olduğundan problemin bu hissəsinə toxunmağa ehtiyac duymuruq.
D.Kubanovun «Dağlarda səs» romanının problematikasını, süjet və obrazlar sistemini nəzərdən keçirdikdə onun tarixi-inqilabi mövzuya həsr olunduğunu görürük. Roman özündə bir sıra sosial problemləri əks etdirdiyindən, burada məhz sosial konfliktin qoyuluşu da maraqlıdır. Romanın birinci hissəsi oxucuları abreklərin inqilaba qədərki, ikincisi isə – Birinci Dünya Müharibəsi, inqilab, 1917-ci il dövrünü, Petroqrad həyatı və vətəndaş müharibəsini əks etdirir.
D.Kubanovun «Dağlarda səs» romanı çoxplanlı və mürəkkəb bir əsərdir. Burada bir sıra süjet xətləri ilə yanaşı, abreklərin taleyi (Biynöqer, Badimat, İbrahim, Qanamat), varlılar (Qiyamət, knyazlar Qanşaubiy və Elmirzə, əfəndi Mühəmmət – Emin), kasıb ailələrinin dözülməz vəziyyəti (Əhməd, Həsənbəy, Mələxan), çar məmurları ilə nökərlərin münasibətlərini (Biymirzə, Taybiy, Mazan, polislər Matay və Katuk, satqınlar Cankəz və Tokal, jandarm zabiti Reyzin, pristavlar Afanas və Larin, şöbədəki adsız ataman və s.) görürük.
Romanın süjet xəttində mənəviyyatında dağlıların ən yaxşı xüsusiyyətlərini əks etdirən və onları romantik planda xarakterizə edən cəsur abreklərin obrazı daha çox diqqət çəkir. Abreklər mənəviyyatca güclü olub, həyat çətinlikləri qarşısında baş əyməyən insanlardır. Hətta ən çətin anlarda belə onlar kasıblara qarşı qəddarlıq etməyən, dosta və sevgiyə sədaqətli, istismarçılara qarşı amansız, azadlıq və ədalət uğrunda inam və qoçaqlıq nümayiş etdirənlərdir. Eyni zamanda romanda əksini tapmış dağlı qadınlar incəlik, zəhmətsevərlik, qayğıkeşlik, sevməyə qadir və layiq obrazlar kimi heç də abreklərdən geri qalmırlar.
Romanda qaraçayların folklor dünyası əks olunmaqla, xalq hazırcavabları, təkə obrazı aydın və maraqlı rənglərlə təqdim olunmuşdur.
Əsərdə iki bir-birinə düşmən düşərgə haqqında söhbət gedir. Bunlar zəhmətkeş xalqa qarşı vuruşan knyaz Qanşaubiy, Elmirzə, Taybiy, Mazan, aşağı, yuxarı və orta aulların mənafeyini qoruyan qərargah, kəşfiyyat, partizan dəstələri, Qızıl Ordunun Qaraçay – Çərkəz polku, partizan dəstəsinin komandiri Sapin, dağlılar qrupu Saqit, Qanamat, Şahmirzə, Taulay, Osman, İsmayıl, Böyük və Kiçik Qaraçay dərələrindəki dağ aullarının mübarizəsinə rəhbərlik edənlərdir. Düşmən düşərgəsi romanda lakonik və eyni zamanda, hərtərəfli və dərindən xarakterizə olunmuşdur. Müəllif ehtiyac duyulduqda bəzi obrazların səciyyəsində satirik rənglərdən, daimi epitetlərdən istifadə etməklə, onların düşüncə və fikirlərinin məhdudluğunu, ikiüzlülüyünü, qəlb evinin kasadlığını uğurla təsvir edir. Oxucuda Qiyamət obrazına qarşı ikrah yaranır. Onun məkrliyini məhkəmə zamanı müxtəsər monoloqu daha aydın sübut edir.
D.Kubanovun roman janrının inkişafındakı rolundan danışdıqda onun Böyük Vətən Müharibəsinə həsr etdiyi «Экu заман» («İki zaman») əsərindən də söhbət açmağa ehtiyac duyuruq. «İki zaman» həcm etibarı ilə üç kitab altı hissədən ibarət olmaqla, müharibə dövrünün ön cəbhə və arxa cəbhədə olmuş proseslərin çevrələyərək, bu hadisələrin çoxsaylı personajların taleyində və mənəvi həyatında necə əks olunduğunu göstərir. (23)
D.Kubanovun romanı müəyyən mənada həm də avtobioqrafik əsər kimi nəzərdən keçirilməlidir. Çünki müəllifin özü Böyük Vətən Müharibəsinin yaxından iştirakçısı olmuşdur. Bu müstəvidə onun hərbi bioqrafiyası romanın baş qəhrəmanı Nazir Batırovun hərbi taleyi ilə üst-üstə düşür. Əsərdə müharibədə Qaraçayın işğalı zamanı baş vermiş hadisələrin bir sıra təfərrüatları verilir. Bu onu göstərir ki, «İki zaman» romanın episentrində tamamilə konkret tarixi faktlar oturmuşdur. Əlbəttə, D.Kubanovun romanını digər qaraçay yazıçıları H.Boqatıryov, M.Bayçorov, H.Ebzeyev və başqaları kimi müharibənin bir sıra məqamlarını əhatə edən oçerk, hərbi-memuar, sənədli povest və faktoqrafik material kimi dəyərləndirmək olmaz. Əsərlə yaxından tanışlıq onu sənədli müharibə nümunəsi kimi nəzərdən keçirmək üçün əsas da vermir.
Bəs «İki zaman» romanının başlıca məzmunu nədən ibarətdir? Romanının birinci kitabı baş qəhrəman Nazir Batırovu müharibə ərəfəsində əks etdirir. Oxucu burada onun hərbi məktəbin kursantı olub,buraxılış imtahanlarını müvəffəqiyyətlə verib, xidməti vəzifəsini yerinə yetirmək üçün hissəyə göndərildiyini görür. Tezliklə o, icazə alıb doğma vətəni Kislovodska gəlir. Burada onu Batırovlar ailəsi ilə yaxından dostluq münasibətlərində olan Bela adlı gözəl bir qızla tanış edirlər. Tezliklə onlar bir-birinə isinişirlər. Eyni zamanda birinci kitabda ordunun alman faşistləri qarşısında tablamayıb geri çəkilməsi, Nazirin xidmət etdiyi hissənin qanlı döyüşlərdə uduzması, mühasirəyə düşməsi, düşmənin Qaraçayı işğal etməsi, Belanın ailəsinin onun Nazirlə yaxınlaşmasına mane olması və hətta Belaya Nazirin məhv olması ilə bağlı məlumat verilməsi, bu yalanların müvəffəqiyyət qazanmamasının və s. oxucuya uğurlu müstəvidə təqdim edilməsi maraq doğurur.
Romanın ikinci kitabında Qaraçayın işğal dövründə çətin şəraitdə yaşaması, belə vəziyyətdə insanların davranış əksəriyyətinin silahı əlindən qoymayıb, partizanlığa keçməklə, faşistlərlə fəal mübarizəyə qalxması təsvir olunur.
Əsərdə yer almış Yunus, Nurxan, Əhməd, Rəşid, Toxtar, Loğman, Kanitat, Vasya Ryabunov, Rodionov, Mərcan və b. müəllifin ideyalarını bədii baxımdan doğru-düzgün yerinə yetirə bilən obrazlar kimi səciyyəvidir.
Romanın üçüncü kitabında D.Kubanov Cənub cəbhəsində gedən proses və hadisələri əks etdirir. İkinci kitabda hadisələr 1942-43-cü illəri çevrələyirsə, bu dövrdən sonra Nazir Batırovun Perekop, Sevastopol, sonra Belorusiya döyüşlərində iştirakı qələmə alınır. Elə buradaca Bela və Nazirgilin ailəsinin azad olunmuş Qaraçayda necə yaşadıqlarını, hansı intriqalarda bulunduğunu görürük. Bu isə onu göstərir ki, romanın başlıca süjet xəttində mühüm yeri Nazir və Bela münasibətləri tutur. Əsərin kompozisiyasındakı ikiplanlılıq da elə burada ortaya çıxır.
D.Kubanovun «İki zaman» romanının problematikasını nəzərdən keçirən A.Qarayeva romandakı bütün obrazlar sistemini iki qrupa bölür: burada, bir tərəfdə, dinc həyat tərzi və yeni, işıqlı gələcək uğrunda mübarizə aparanlar (Nazir, onun ailəsi, döyüş dostları, Bela və onun ətrafı); digər tərəfdə, onlara qarşı dayanan obrazlar qrupu, qəlbi alçaqlıq və düşmənçilik hissi ilə yoğrulmuş, tarixin təkərini geriyə döndərməyə çalışanlar; burada konslagerdəki polis administrasiyası, Vətən satqınları (Toxtar, qızı Kanitat və b.) göstərilir (19, s. 112).
Romanın əksər epizodlarının əsas məzmunu qəhrəmanların həyatını, hadisələr üzərində düşüncələri və s. göstərməyə istiqamətlənmişdir. Belə təsvir əsərə həm də müəyyən dərəcədə sünilik gətirir.
D.Kubanovun «İki zaman» romanını daha geniş planda təhlillərə cəlb etmək, onun uğurlu və uğursuz məqamları üzərində diqqəti daha çox cəmləşdirmək olar. Müsbət məqamları ilə yanaşı, əsərdə insan taleləri və onun xarakterinin təkamülündə mexaniki elementlərin qabardılması yazıçının öz subyektivist mövqeyini süni kolliziyalar zəminində təqdim etməsi, obrazların sxematikliyi və s. roman əsərin qüsuru kimi qiymətləndirilə bilər. Romanda belə məqamlar çoxsaylıdır. Bununla belə, bu əsər qaraçay nəsrində maraqlı ədəbi hadisə olmaqla, onun irəliyə inkişafında roman kimi böyük rol oynamışdır.
Qaraçay şairi M.Bayçorov poeziyada olduğu kimi nəsr sahəsində də gücünü sınayır və bir sıra müvəffəqiyyətlər əldə etmişdir. 60-cı illərdə onun nəşr etdirdiyi «Böyük Qaraçayda» romanı regionda sinfi mübarizə məsələlərinə həsr olunmaqla, 1900-1917-ci illər dövrünü əhatə edir. «Böyük Qaraçayda» romanı çoxplanlı bir əsər kimi dağlıların sosial şüurunun təkamülü, Şimali Qafqaz kasıblarının oyanışını, onların bir hissəsinin Türkiyəyə üz tutmasını, yerli hakimiyyət və din xadimlərinin oyunbazlığını, Qaraçay qadınının kədərli taleyini və s. təsvir edir. Roman Sovet ideologiyasının, Lenin və onun silahdaşlarının fəaliyyətinin təqdir edildiyi bir dövrdə qələmə alındığından, əsərdə inqilabçı obrazları, S.M.Kirov, U.D.Əliyev və b. xüsusi şəkildə təqdim olunmuşlar. Bununla belə romanda həm də rus mədəniyyətinin tanınmış xadimləri Raxmaninov, Sobinov, Şalyapin, və Yujinin adları ilə də rastlaşırıq.
M.Bayçorovun «Böyük Qaraçayda» romanına gəldikdə isə bu əsər qaraçaylıların inqilaba qədərki həyatının daha yadda qalan mənzərələrini təsvir edir. Romanın əsas personajları qaraçay xalqının və həyatının müxtəlif prototipləri olmaqla, xalqın tarixi həqiqətlərinin daşıyıcısı kimi çıxış edirlər (1, s.38).
Obrazlar sistemi təsvir olunan mərhələnin qəhrəmanlarının tarixi və sosial xüsusiyyətlərini, davranış qaydalarını və psixologiyasını açır. Romanın süjeti elə qurulmuşdur ki, o ya birbaşa, ya da dolayısı ilə Dudarka adlı varlı knyazla, ya inqilabçı Süleymanla bağlıdır. Bu isə kasıblara istismarçılardan yalnız onlarla mübarizə nəticəsində azad olmağı başa düşməyə imkan verir.
Roman çoxsaylı personajların iştirakı ilə yadda qalır. Bununla belə onlardan hər biri o qədər uğurlu rənglərlə təsvir edilir ki, onların baş qəhrəman, yaxud epizodik personaj olmasından asılı olmayaraq, oxucu yaddaşında özünə yer alır. Belələrinə nümunə kimi balerina Yelena Terexova, müğənnilər Vera Zareçnaya, Kita Mejevitskaya, tələbə Aleyniçenko, osetin qızı Əminət, arabaçı-çərkəz Həbij, kabardin Karmayev, tacir Ənvər, gimnaziyaçı Murad və başqaları aid edilməlidir.
Müəllif əsərdə Qaraçay varlılarını knyaz Dudarka – hacı, arvadı Minət, oğlu Zəkəriyə, Əli-hacı, onun arvadı Çokay, tacir Ənvər, Leon Krımşamxalov timsalında təqdim etmişdir.
İstismarçılara qarşı qaraçay xalqının ən yaxşı və mübariz nümayəndələri dayanırlar. Bunlar Peterburq universitetinin ərəb dili müəllimi, Qaraçayda ilk gizli inqilabi dərnəyin təşkilatçısı Süleyman Murad, məktəb xadiməsi Ölməz, həkim Xalid Erkənov, müəllim Abidat, Əminət Yepxiyeva, Həzrət Hacıyeviç, İlyas, Nənə Tokov, İmmolat Xubiyev, Hurzukda kasıbların varlılara qarşı hərəkatına rəhbərlik edənlərdir.
M.Bayçorov romanda müxtəlif sosial təbəqələrin nümayəndələrinin taleyini qəhrəmanların obrazında əks etdirməklə, bütün Qaraçay cəmiyyətini xarakterizə etməyə imkan verir. «Böyük Qaraçayda» romanında M.Bayçorov H.Appayevin «Qara sandıq» romanının qəhrəmanından fərqli olaraq yeni qəhrəman obrazı yaradır. Bu, Qanamat obrazıdır. Müəllif qaraçayların yeni həyat uğrunda mübarizəsinin müxtəlif formalarını məhz onun timsalında qeyd edir. Romanda Macar, Abdul, Süleyman obrazları müəllif tərəfindən böyük sevgi ilə yaradılır. Əsərdəki Ölməz obrazı auldan çıxmış ilk qadın kimi məktəbdə xadimə işləməklə, müstəqil şəkildə çörək qazanan, iradəsi, cəsurluğu, qətiyyəti ilə seçilən simalardandır. Gizli dərnəyin tapşırığı ilə Ölməz dərədə qadınlar arasında xeyli siyasi-ideoloji iş aparır, aulda yaşayanların kazaklarla üz-üzə gəlməsinin qarşısının alınmasında fəal iştirak edir.
Romanda müsəlman ruhanilərinin nümayəndələrinin obrazları da mühüm yer tutur. Onların sırasında knyaz Dudarka – hacı və Əli hacı obrazları daha koloritlidir. Onların hər ikisi aul adamları arasında özlərini əməli-saleh göstərib məsciddə xidmət edib, aul uşaqlarına mezirtədə (mədrəsədə) təlim versələr də, gizlində əyyaşlıq və alçaqlıqla məşğul olurlar. Yüksək ruhani adı altında gizlənən bu şəxslər özlərini günahsız və müqəddəs kimi qələmə verməklə, aul sakinlərinin bəlasına çevrilənlərdir.
Bütün bunlar onu göstərir ki, M.Bayçorovun bəhs etdiyimiz romanının problematikası və süjeti, baş qəhrəmanların obrazları və bir sıra digər xüsusiyyətləri ənənəvidir. Lakin burada o da vardır ki, yazıçı nəinki ona qədər Şimali Qafqaz xalqlarının həyatında olanları təsvir edənlərin yolu ilə gedir, eyni zamanda qaraçay xalqının həyatının geniş mənzərələrini məişətinin xüsusiyyətləri, insan xarakterlərini, mənəviyyatını, psixologiyasının sırf milli spesifik keyfiyyətlərini ortaya qoyur.
Qaraçay ədəbiyyatının inkişafında, onun bədii problemlərinin həllində H.Bayramukovanın mövqeyi daha üstündür. Bu müəllif doğma ədəbiyyatda poeziya janrında kifayətqədər uğurlar qazaqmasına baxmayaraq, nəsr sahəsində də xeyli irəliləyişlər əldə etmişdir. 60-cı illərdə H.Bayramukova bir sıra hekayələr («Ayran», «Qırcın», «Dağlı qadını haradadır?», «Asinin məktubu», «Qadının hekayələri», «Qara don» və s.), «Karçi ailəsi», «Mənim nəğməm», «Ataların anası» kimi lirik reportajlar və bir sıra romanlar qələmə alır. Onlardan birincisi - «İllər və dağlar» (5) romanı nəşr olunduğu vaxtdan oxucular və tənqidçilər tərəfindən hərarətlə qarşılanmışdır. Bu əsərdə müəllif dağlı ziyalısının təşəkkülü problemini diqqət mərkəzinə çəkməyi qarşısına məqsəd qoymuşdur. Bundan sonra H.Bayramukova qələmə aldığı «Dan ulduzu» («Çolpan») da təxminən eyni məsələləri diqqət mərkəzinə çəkməklə, onu daha aktual problematika ilə yükləyir. Bu, ilk növbədə müəllifin nasirlik ustalığının artması ilə əlaqələndirilməlidir.
Əsərin «Dan ulduzu» adlanması həm də Qaraçay dağlarında yeni həyatın yarandığını rəmzləşdirir. Müxtəsər şəkildə ifadə etsək, H.Bayramukovanın bu romanı qaraçaylıların feodalizmdən yeni bir tarixi mərhələyə qədəm qoyduğu dövrə həsr olunmuşdur (7). Məhz elə xalq taleyi probleminə də bu kontekstdə nəzər salınır.
H.Bayramukovanın «Dan ulduzu» romanı Qaraçayda rus inqilabı hərəkatının təsiri altında geniş vüsət alan sərt sinfi mübarizəni əks etdirən iri miqyaslı bir əsərdir. 1905-1918-ci illər hadisələrini çevrələyən bu roman coğrafiya, hadisələrin təsviri baxımından da genişdir. Əsərdə əks olunan hadisələr Dağıstanda (Port-Petrovsk - hazırda Mahaçqala, Zaqafqaziya - Bakı və Tiflis, Çərkəz - Batalpaşa, hazırda Çerkessk, Qaraçay - Osetinovka, hazırda Kosta-Xetaqurovo kəndi, Teberda, Üçkulan, «Elbrus» mədənləri), Kislovodsk, Peterburq, Moskva, Nevinnomısskda cərəyan edir. D.Kubanovun «Dağlarda səs» romanında olduğu kimi, H.Bayramukovanın da bu əsərində inqilabçılara, bolşeviklərə, xüsusən Leninə, Stalinə, Kirova, Orconikidzeyə və başqalarına böyük yer verilir. Bu isə, məlum olduğu kimi, dövrün ideoloji tələbləri ilə bağlı idi.
H.Bayramukovanın adını çəkib təhlilə cəlb etdiyimiz romanı ideya və problematika, məzmun və obrazların təqdimatı, onların əsərdə oynadığı rollar baxımından yuxarıda adlarını çəkdiyimiz müəlliflərin əsərlərindən o qədər də fərqlənmir. Mövzu və problemin həlli əsasən ənənəvi xarakter daşıyır. «Dan ulduzu» romanında tipik qaraçay aulunun həyat xronikası, varlıların kasıbların haqqını yeyib onlara pislik etməklə öyündükləri əks olunur. Müəllif qaraçay kasıblarının içində əvvəl «Elbrus» filiz mədənlərində çalışan fəhlələrin, sonra Rusiyadan dağ aullarına gələn xəbərlərin hesabına ictimai şüurun necə oyandığını yaxşı təsvir edir.
H.Bayramukovanın «Dan ulduzu» romanı obrazlar baxımından da zəngindir. Burada oxucunun yaddaşına həkk olan Cansox çoban, varlı Dobay, gənc Soslan, epizodik personajlar kimi əsərin infrastrukturunda özünə yer alan Çora, Zülqərneyn, alim Yusif, kumux qızı Məryəm, çar məmuru Vaso İrakliyeviç Qaqua, general qızı Elizabet və b. maraqlı tərzdə təqdim olunmuşlar.
H.Bayramukova əsərdə dağlı qızının psixologiyasını ümumbəşəri və sosial aspektlərdə açmağa müvəffəq olur. Məhz elə buna görə də müəllif əsərlərində qadın probleminə daha çox yer ayırır və bunu nəinki Qaraçayda, həm də bütün Şimali Qafqazda əvvəllər qadının sosial vəziyyətini əks etdirmək baxımdan qələmə alır. Akaçiyeva haqlı olaraq Biysoltan knyazın qızı Fatimənin romanda uğurlu təqdimatını H. Bayramukovanın böyük müvəffəqiyyəti hesab edir (1, s.47). Öz valideynlərindən fərqli olaraq knyaz qızı nəinki zənginliyinə və savadlı olduğuna görə sadə insanları saymır, əksinə onlara daha çox yaxınlaşır. Sadəlik bu knyaz qızının ən mühüm cəhəti kimi diqqəti daha çox cəlb edir. Fatimənin tipik keyfiyyətlərinin doğru-dürüst açılması, xarakterinin möhtəşəmliyini əks etdirmək üçün onun sevgi tarixçəsi verilir. O, Qasımı sevdiyi halda, tezliklə özünün razılığı olmadan Səlimgeriy adlı kişiyə verilməsi onu dəhşətli hala salır. Daim atasına müntəzir olsa da, artıq ona inanmır və səadəti uğrunda özü mübarizəyə qoşulur. Belə vəziyyət onu daha cəsarətli və bacarəqlı cəsur edir. Səlimgeriyə nifrət, Qasıma məhəbbət onun həyatının mənasına çevrilməklə, onu sevgilisinə qarşı addım atmağa sövq edir. Bununla da o, patriarxal ənənələrə qarşı sanki üsyan edir.
Fatimənin həyatında yeni mərhələ başlayır. Qasıma sevgi onu xoşbəxt edir. Lakin Fatimə xoşbəxtliyini tapana qədər atası izinə düşüb onu Kislovodskda «ev dustağı» edir, Qasımı isə məhkəməsiz-filansız dəmir barmaqlıqlar arxasına atdırır. Fatimənin başı çox bəlalar çəkir. Onun doğduğu oğlanı əlindən alıb kənar insanlara verir və ona ərinin ölümü xəbərini çatdırırlar. Buna baxmayaraq, əri Fatiməni və oğlunu taparaq, onları birdəfəlik cəhənnəm əzabından xilas edir. Çətinliklər Fatiməni sındırmır, əksinə, o, yeni həyat uğrunda mübarizənin fəal iştirakçısına çevrilir.
Romandakı istismarçılar düşərgəsinə qarşı dayanan qaraçay xalqının ən yaxşı nümayəndələrindən Qasım, Musos, Nakaş, Hüsey, dəmirçi Alauqan, poçt rəisi İshaq, məktəb müəllimi Harun, Peterburq universitetinin tələbəsi Zülqərneyn, peşəkar inqilabçı Tembot, sonralar böyük ictimai xadimə çevrilmiş gənc Soslan və b. aiddir.
Xalq ziyalılarının düşüncəsinin təkamülü iki əsas qəhrəmanın taleyi Tembot və Soslanın nümunəsində təzahürünü tapır. Bu iki qəhrəman xarakterinin açılmasına H.Bayramukova romanda daha geniş yer ayırır.
H.Bayramukova Tembot və Soslanın yeni həyat uğrunda formalaşmasını Tiflisdə, Bakıda və Qaraçayda peşəkar iş aparmaları ilə təmaslarda olduğu hallarda göstərir və müəllif addımbaaddım bacarıqlı dağlı oğullarının inkişafını bədii şəkildə uğurla izləyir.
H.Bayramukova dövrün tələblərindən çıxış edərək rusların obrazlarına da yetərincə yer verir.
Romanda müəllif qəhrəmanların xarakteristikasında milli folklor ənənələrindən və bədiiliyin epikliklə üzvi surətdə birləşməsindən ustalıqla istifadə edir. Bu, özünü nəinki obrazlı xalq danışığında, atalar sözü, zərbi məsəllərdə, həm də personajların təsvirində göstərir.
Beləliklə, yuxarıda nəzərdən keçirdiyimiz müəlliflərin müraciət etdikləri mövzu və faktik material bir-biri ilə uyğun olub qarşıya qoyulmuş məqsədlərin müxtəlif bədii həllini versə də, həm də bir sıra hallarda ətraf aləmin özünəməxsus, spesifik tərəflərini qələmə almaqla, qaraçay roman janrının inkişafına yetərincə təkan vermişdir.
Böyük qaraçay yazıçısı O.Xubiyevin yaradıcılığı da milli ədəbiyyatda roman janrının inkişafına nəzərəçarpacaq dərəcədə müsbət təsir etmişdir. O.Xubiyev hələ 30-cu illərdə öz qələmini nəsr yaradıcılığı sahəsində uğurla sınamışdır. Lakin XX əsrin 50-60-cı illərində bu millətin bədii yaradıcılığının əvəzsiz məhsulu olan «Əmanət» trilogiyası ona epik əsərlər ustası kimi böyük şöhrət gətirmişdir. 1959-cu ildə romanın birinci kitabı nəşr olunur. Burada Böyük Vətən Müharibəsi zamanı insanların alman işğalçılarından çəkdiyi əzab-əziyyət, mənəvi sınaqlar, sarsıntılar, Vətəni qorumaq eşqi və s. başlıca leytmotiv kimi çıxış edir.
Trilogiyanın ikinci kitabı 1963-cü, üçüncü kitabı isə 1965-ci ildə çapdan çıxmışdır. Üçüncü kitab yeni ailə mövzusuna, əxlaq və qadının cəmiyyətdə yeri, əməkçi insanların, – heyvandarların həyatına, aullarda yaşayan insanların düşüncəsində hələ də köhnəliyin qalıqlarının mövcudluğuna həsr olunmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, O.Xubiyevin «Əmanət» epopeyası (15) qaraçay ədəbiyyatında ilk trilogiya kimi diqqəti cəlb edir. Və əsərin nəşri Qaraçayda böyük mədəni hadisə kimi qiymətləndirilmişdir. O.Xubiyev qaraçay ədəbiyyatının elə bir uğurlu sənətkarlarındandır ki, milli ədəbiyyatşünaslıq və tənqid ona kifayət qədər diqqət yetirmiş, haqqında onlarla məqalələr, dissertasiyalar və monoqrafiyalar yazılmışdır. Bu kontekstdə biz N.M.Kaqiyevanın «Ölkənin taleyi – sənin taleyin» (22) və Z.B.Şamanovanın «Osman Xubiyev yaradıcılığı qaraçay ədəbiyyatının epik ənənələrinin formalaşması işığında» əsərlərini (34) qeyd etməliyik.
Ümumiyyətlə, O.Xubiyev qaraçay ədəbiyyatı, mədəniyyəti, maarifi, jurnalistikası və nəşriyyat işi sahəsində əvəzsiz şəxsiyyət olmuşdur.
Yaradıcılığa gələndən Osman Xubiyev, bir tərəfdən, vilayət məktəbləri üçün dərsliklər yazmış, ikinci bir tərəfdən, ədəbi məcmuələr hazırlamış, üçüncü bir tərəfdən, gənc yazıçıların əsərlərini redaktə etməklə məşğul olmuşdur. Gənc nəsil qaraçay şair və yazıçılarının püxtələşməsinə də o, xeyli qüvvə və vaxt sərf etmişdir və i.a. və .s.
Osman Xubiyev yaradıcılığa nasir və şair kimi başlamaqla, hər iki janrda kifayətqədər məhsuldar olmuşdur. Əsərləri janrından asılı olmayaraq onlar xalq arasında geniş yayılırdı. Xubiyev yaradıcılığının bu cəhətinə toxunan N.Kaqiyeva yazır: «Xubiyev yaradıcılığının bizim ədəbiyyata təsiri son dərəcə böyükdür. Öz əsərləri ilə o, yüksək ideyalı məzmunun ifadəli bədii forma ilə uyğunlaşması ilə bağlı parlaq nümunə verdi. Öz əsərlərinin əsasına qoyduğu prinsiplər (vətənpərvərlik, xalq həyatını yaradıcı şəkildə qavrama, yüksək ideyalılıq… insanın yeni cəmiyyət yaratmaq uğrunda mübarizə pafosu, yüksək ideallı fərd uğrunda çalışma və s.) müasir qaraçay ədəbiyyatının ənənələrinə çevrilir. Qaraçay yazıçı və şairləri Həzrət Semyonov, Dagir Kubanov, Əzəmət Suyunçev, Mussa Batçayev, Hüsey Canbayev, Məhəmməd Çortçayev, Əhməd Kubanov, Soslan Bayçorov, Seit Layranov, Hamid Kipkeyev və b. əsasən Osman Xubiyevin ənənələri ilə gedir» (22, s.11-12).
Osman Xubiyev yaradıcılığı qaraçay ədəbiyyatının təşəkkülü tarixindən ayrılmazdır. Onun yaradıcılığına çoxşaxəlilik və genişlik xasdır. Osman Xubiyev nəsri qaraçay ədəbiyyatı tarixində xüsusi mövqeyə malikdir. Onun «Əmanət», «Qisas», «Yuxusuz gecələr» romanları bütün qaraçay ədəbiyyatının gələcək inkişaf yolunu müəyyənləşdirmişdir.
O.Xubiyevin «Əmanət» trilogiyası qaraçay ədəbiyyatında hələ ki müharibə mövzusuna həsr edilmiş ən monumental əsər kimi qalmaqdadır. Bu isə qanunauyğundur, çünki roman elə bir dövrdə qələmə alınmışdır ki, bu zaman müəllif otuz ildən artıq idi ki, ədəbiyyatda «külüng» vurmaqla, həyat və yaradıcı təcrübəsini zənginləşdirmişdi. Və bu trilogiyanın ortaya çıxması Osman Xubiyevə sanki ikinci dəfə – yenidən yazıçı kimi doğulmağa vəsiqə vermişdi.
«Əmanət» trilogiyasının baş qəhrəmanı konkret götürülmüş şəxsiyyət yox, xalqın özüdür. Trilogiyanın başlıca ideyası xalqın heç də yalnız düşmən üzərində səhrada qələbəsi yox, həm də ictimai, siyasi, mədəni kontekstdə qələbəsidir.
Əgər trilogiyanın ilk iki kitablarında müharibədə xalqın qələbəsi, onun mənəvi-əxlaqi gücü və s. göstərilirsə, üçüncü kitabda qəhrəmanların bu və ya digər hərəkət və davranışları diqqət mərkəzinə çəkilir. Müəllif qəhrəmanlarının daxili təkamülünü digər aspektlərlə yanaşı, həm də psixoloji cəhətdən yetərincə əsaslandırmağa çalışır.
Trilogiyanın üçüncü kitabını diqqətlə təhlil edən N.M.Akaçiyeva «Əmanət»i rus ədəbiyyatında ailə xronikası janrının geniş yayılmış tipi ilə müqayisə etməklə, bir ailənin, cəmiyyətin tarixi, onun hərəkəti və mübarizəsi ilə bağlamağa meyllidir. (22, s.157) Trilogiyanın məhz üçüncü kitabında yazıçının həyat gerçəkliklərinə adekvat münasibəti, realizm ustalığı hiss olunmaqla, onun təhkiyə manerasında və yaradıcılıq metodunda yeni cizgilər meydana çıxır. Bu da, heç şübhəsiz ki, müəllifin öncül baxışları, qəhrəmanlarının münasibətlərində dərin sosial-psixoloji halları əks etdirmə bacarığı, bütün bunların həmin dövrün ictimai hadisələri ilə uzlaşdıra bilmə tərzi ilə bağlıdır.
Romanda biz çoxsaylı obrazlarla qarşılaşırıq. Onlardan bir neçəsini biz əvvəlki iki kitablardan – Həsən Sokolov, Baldan, Safiyət, Musa, Candet, Umar və b. tanıyırıqsa, üçüncü kitabda biz sağıcı Taycan, müəllimə Lyubov Petrovna, veterinar, həkim Taysoltan, həkim Esen və onun arvadı Novruz, Taybiy və b. ilə rastlaşırıq.
O.Xubiyevin «Əmanət» trilogiyasında, yuxarıda qeyd etdiyimiz kimi, qaraçay xalqının taleyi bədii şəkildə nəzərdən keçirilmişdir. Roman janrının ilk tədqiqatçıları, A.Qarayeva, S.Akaçiyeva, H.Kaqiyeva, onun bədii mahiyyətini və folklor mənbələrini nəzərdən keçirməyə və müəyyənləşdirməyə çalışmışlar. O.Xubiyevin romanı tarixlə müasirliyin orqanik vəhdətidir. Bütün bunlar nəinki O.Xubiyevin bu romanının qəhrəman konsepsiyasını, həm də povestlərinin konsepsiyasını təşkil edir. Burada onu da qeyd edək ki, Osman Xubiyevin epik yaradıcılığının, ilk növbədə «Əmanət» trilogiyasının üslub və poetikası qaraçay ədəbiyyatında təhkiyə janrlarının inkişafına müsbət təsir göstərmişdir.
O.Xübiyevin nəinki «Əmanət», həm də digər romanları və povestləri «çoxşaxəli» süjet xətləri ilə xarakterizə olunmaqla, müxtəlif qəhrəman talelərini təsvir edir. Elə buna görə də bu müəllifin janr axtarışları qaraçay ədəbiyyatının sosial-fəlsəfi və mənəvi-əxlaqi axtarışlarından kənarda nəzərdən keçirilməməlidir. Lakin eyni zamanda bu axtarışlara Şimali-Qafqaz və rus ədəbiyyatının da müəyyən dərəcədə təsir etdiyini qeyd etməmək düzgün olmazdı. O.Xubiyev dövrünün tarixçisi və araşdırıcısı kimi əksər nəsr əsərlərində epik zamanı onun konkret formalarında bədii şəkildə təcəssüm etdirməyə çalışmışdır. Bu xüsusi olaraq onun epik vüsətli «Yuxusuz gecələr», «Qisas», «Assı», «İnsanlar» və s. kimi roman və povestlərində özünü daha yaxşı göstərir. Bu əsərlərdə hər bir şəxsin taleyi zamanın və tarixin hərəkəti ilə uyğunluq təşkil edərək, romanın epik prinsip əsasında realizəsinə yardımçı olur.



Qaraçay dramaturgiyasının janr rəngarənliyi

Qaraçay ədəbiyyatşünaslığında poeziya və nəsr nümunələri müxtəlif rakurslardan təhlillərə cəlb edilsə də, dramutrji janr bu günə qədər lazımınca tədqiq olunmamış qalır. Bununsa səbəbləri aydındır. Çünki adları çəkilən növlərə nisbətən dramatik növün XX əsrin 20-ci illərinin sonu – 30-cu illərin əvvəllərinə qədər həm ənənələri olmamış, həm də zəif templə inkişaf etməyə başlamışdır. Dramaturgiyanın ədəbi növ və janr kimi öyrənilməsi mənbəyini B.Borlakovun «Qaraçay – malkar müharibəyə qədərki dramaturgiyası» əsərindən götürür (12). Kitab üç fəsildən (I fəsil. Qaraçay-malkar dramaturgiyasının yaranması (qaraçay – malkar folklorundakı teatrallaşmış oyunlarda dramaturgiya); II fəsil. Dramda sosial-məişət obrazları (Vətəndaş müharibəsi haqqında dramlar tarixi dramlar); III fəsil. «Komediya» janrı nəzərdən keçirilir) ibarət olmaqla, burada qaraçay dramaturgiyasının təşəkkülünə nəzər salınır, müəllif qaraçay – malkar dramaturgiyasının inkişaf qanunauyğunluqları, onun xalq yaradıcılığı ilə əlaqələri və xalq həyatının müxtəlif problemlərinə müraciəti araşdırılır.
Qeyd edək ki, qaraçay-malkar dramaturgiyasının ilkin mənbəyi şifahi xalq yaradıcılığı olmuşdur. Qaraçayların müxtəlif mərasim, nağıl, nəğmə və s. kimi nümunələrində dram janrına daxil olan elementlər özünü göstərirdi. İlk dövrlərdə teatr işinin təşkili bu regionda son dərəcə çətin idi. Nə yetkin dram əsərləri, nə dramaturqlar, nə rejissor kadrları, nə də aktyorlar yox idi. (35, s. 26). XX əsrin 20-ci illərinə qədər həm də bütün Şimali-Qafqazda olduğu kimi, Qaraçayda, «teatr», «pyes», «tamaşa» kimi anlayışlar da məlum deyildi. Teatr funksiyasını «tauruxçu» (nağılçı) və cırçılar (nəğməkarlar) yerinə yetirirdilər.
Qaraçay dramaturgiyasının tarixi kökləri əmək bayramları elementlərində özünü göstərirdi. Məsələn, biçin zamanı bu prosesi təşkil edən rəhbər (tamada) və ona köməklik göstərən ağsaqqal dərin təfəkkürü, ağılı və hazırcavablığı ilə fərqlənməklə kloun kimi xalqı əyləndirirdi.O, həm də Azərbaycan teatrlaşdırılmış tamaşalarındakı kimi «təkə» rolunu oynayırdı. «Təkə»nin çıxış zamanı keçi başına qara keçədən keçirilmiş maskası, ağzı, gözü və qırmızı materialdan tikilmiş burnu, ağ saqqalı, keçədən buynuzları olurdu. «Təkə» oyun zamanı xüsusi ustalıq, ağıl və çoxbilmişlik təsiri bağışlayırdı. Bundan başqa teatrallaşmış oyun elementləri qaraçayların digər mərasimləri – xor nəğmələri «inar» və «küyü»də müşahidə olunurdu. Toy mərasimlərində «kübürçək oyun»unda gənc oğlanla gənc qız üz-üzə oturar, qalan oğlan və qızlar onların ətrafında rəqs edərdilər. Digər bir teatrallaşmış oyun kumuxlardakı kimi «süydüm tayak» (sevdiyim dayaq, ağac) mövcud idi. Məhz bu sadaladıqlarımızın hamısı sonralar qaraçay ədəbiyyatında dram janrının yaranmasına şərait yarada bildi.
Qaraçay dramaturgiyası 30-cu illərin əvvəllərində özfəaliyyət, dram dərnəklərinin və kollektivlərinin dövrün aktual problemlərinə müraciətilə yadda qalırdı. Nəzərdən keçirdiyimiz dövrdə A.Botaşevin «Savadlı və sadasız qadın» («Cahil tişiriubla oxuqan tişiriu»), A. Akabayevin «Qaranlıqdan işığa», Z.Bulqakova və M. Bayqulovun «İşıqlı həyata» əsərlərində dramatik konfliktin məişət və sosial zəmində baş verdiyi izləmək mümkündür.
Qemma Qebenov «Eski adetle, colla» («Əski adət və qanunlar») pyesində dağlı qadının ailədə və cəmiyyətdə yeri və mövqeyi məsələsini diqqət mərkəzinə çəkməklə, qızın kalıma (başlığa) verilməsinə etiraz səsini ucaldır. Vaxtilə Kislovodskda tamaşaya qoyulan «Əski adət və qanunlar» dramının iştirakçısı olan Qemma Qebenov «Qaraçay-malkar müharibəyə qədərki dramaturgiyası» əsərinin müəllifinə ünvanladığı məktubda (1 dekabr 1972-ci il) tamaşanın müvəffəqiyyətindən, Fatimatın (baş qəhrəmanın) özünü güllələdiyi zaman zalın hönkürməsindən, özünün də ağlamasından danışmışdır.
Qemma Qebenovun bu məktubunda tamaşada tanınmış rus yazıçısı S.Serafimoviçin öz xanımı, Umar Əliyev və digər yazıçıların iştirakından və pyesin onların da xoşuna gəldiyindən söhbət açılır (13, s. 35). Bu dövrdə Kislovodskda oynanılan pyeslər arasında M.Borlakovun altışəkilli «Nasıbsız karaçaylı qız» («Bədbəxt qaraçay qızı») dramı maraqlıdır. Əsər dağlı qaraçay qadınının taleyinə həsr olunmuşdur. Müharibəyə bir neçə gün qalmış R.Qelyayev əvvəlki qaraçay dramaturqları kimi ənənəvi patriarxal-dini mövzuya müraciət edir. R.Qelyayev əsəri əvvəl Murad haqqında trilogiya kimi nəzərdə tutub, onu Vətəndaş müharibəsinə həsr edib, Muradı kollektivləşmə dövründə göstərmək fikrində olsa da, müəllifin arzusu həyata keçməmiş qalmışdır. Belə ki, Qelyayev 1943-cü ildə cəbhədə həlak olmuş, pyesin əlyazması isə itirilmişdir. Elə həmin dövrlərdə prof. M.S.Qriqoryev və İ.Bazorkin mətbuatda bu pyeslə bağlı maraqlı məqalələrlə çıxış etmişlər.
Nəzərdən keçirdiyimiz illərdə Batçayev «Əhməd Batır» pyesi ilə çıxış edir. Əsərin başlıca leytmotivi kasıbların və batrakların yeni hakimiyyət uğrunda mübarizəsini əks etdirməkdən ibarət olub, sosial-psixoloji dram kimi nəzərdən tutulmuşdu.
Müharibəyə qədərki qaraçay dramaturgiyasından söhbət açarkən burada tarixi mövzuya xüsusi önəm verildiyini qeyd etməyə ehtiyac duyulur. Bu baxımdan B.Çotçayevin «Urlanınqan Murat» («Oğurlanmış Murad») pyes-xronikası maraq doğurur.
Qaraçaylar arasında uşaqların oğurlanması və onların qul kimi satılması XVI-XIX əsərlərdə geniş yayılmış fakt idi. Pyesdəki hadisələrdə göstərir ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Osman adlı kasıb bir kişinin üç yaşlı oğlu oğurlanmışdır. Əsərin birinci şəklində uşağın oğurlandığı dəhşətli mənzərə əks olunur. Birinci şəkillə ikinci arasında 8 aya yaxın zaman kəsiyi keçir. Daha sonra hadisədən bir neçə il də keçir. Üçüncü şəkildə batrakların Əli tərəfindən amansız istismar olunduğu göstərilir. Nəhayət, Əli Muradı başqa bir bəyə qoca bir inəyə satmaq istəyir. Eyni zamanda, bu arada Murad həm də sağ-salamat qalmış valideynlərinin yanına qayıtmaq istəyir. Lakin onun «mən»i və ləyaqəti həddən artıq alçaltdığından, ondan heyvan kimi istifadə edildiyindən o, belə hala qarşı mübarizə aparmağa nə səy göstərmir, nə də ona qadir deyildir.
Sosial-məişət dramı və komediyasından sonra qaraçay ədəbiyyatında qəhrəmanlıq dram janrı inkişaf etməyə başlayır. Burada ilk növbədə Ş.Ebzeyevin «Oqurlu» komediyası hələ əlyazmasında Qaraçay-Çərkəz vilayətinin şəhər klublarında tamaşaya qoyulur.
Məlum olduğu kimi, qaraçaylarla-malkarlar eyni etnik soykökdəndirlər. Belə olduğu halda onların mədəniyyət və ədəbiyyatının da müştərək inkişaf etdiyi nəzərdən qaçırılmamalıdır. Ədəbiyyatın digər növ və janrları kimi qaraçay dram janrı da malkar ədəbiyyatından kənarda inkişaf etmirdi.
Bu inkişaf 50-60-cı illərdə malkar ədəbiyyatında xüsusilə intensiv gedirdi. Qeyd etdiyimiz kontekstdə biz İssa Botaşevin dram əsərlərindən danışa bilərik. İ.Botaşev hələ sürgün zamanı şeir yaradıcılığına başlayıb qaraçay-malkar şairlərinin Frunzedə (indiki Bişkek) «Həyatımızın bayrağı» antologiyasında uğurla çıxış etmişdir. İ. Botaşev sürgündən vətənə dönüb Kabarda-Malkar Dövlət Dram Teatrında bir müddət direktor müavini işlədikdən Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun yüksək ədəbiyyat kurslarını bitirib Nalçikdə Rəsm Sənəti Muzeyində direktor vəzifəsində çalışmışdır. Dram teatrında çalışmaq ona həm də çoxsaylı dram əsərləri yazmaq üçün zəmin hazırlamışdır. 50-60-cı illərdə «Dağlarda şəfəq saçır», «Qanlı başlıq parçısı», «Quşlar yüksəklikləri sevir», «Abrek», «Dağlı qızının igidliyi», «Qadının taleyi» və s. kimi pyeslərlə İ.Botaşşev qaraçay dram janrına öz möhürünü vura bilmişdir. Adlarını çəkdiyimiz dram əsərlərinin başlıca mövzusu qaraçaylıların sürgündən sonrakı dövrlərdə mövcud olan mənəvi sosial və s. münasibətləri əks etdirməkdən ibarətdir.
İ.Botaşevin maraqlı dram əsərlərindən biri də «Quşlar yüksəklikləri sevir» əsəridir. Üç pərdəli bu romantik dramın əsas mövzusu regionda dağ mədənlərinin qurulmasıdır. Əsərdə çoxsaylı maraqlı personajlar – geoloq Vera, dağ mühəndisi Viktor, tədqiqatçı Çopay, Çopayın oğlu Mahay, tədqiqatçı Seyid, yeni qurulan mədənin direktoru Harun, sanatoriya gözətçisi Mariya Petrovna, geoloq Fyodor və başqaları müəllif tərəfindən xüsusi dramatik ovqat və koloritlə oxuculara təqdim olunmuşdur. (37, s.405)
Söylədiklərimiz bir daha göstərir ki, 40-60-cı illər qaraçay dramaturgiyası bu dövrlərdə inkişaf yolunda olmuşdur. Qaraçay ədəbiyyatında dram janrının formalaşmasını biz sonralar da izləmək fikrindəyik.

Истифадя олунмуш ядябиййат

1. Акачиева С. Карачаевский роман. Становление и развитие жанра. Черкесск, Карач. – Черкес. отд.Ставр.книж.изд-ва, 1980.159 s.
2. Багъатырланы Х. Эсге тюшюрлюле. Черкесск, Карачай-Черкес китаб издательство, 1963.
3. Балтин П.И.Из истории карачаевской поэзии. Черкесск, Книж.изд-во, 1961, 84 s.
4. Банкетов А.М. Лирика в эпосе //Обогащение метода социалистического реализма и проблема многообразия советского искусства, М.,Мысль, 1967. 191 s.
5. Байрамукова Х.Б. Годы и горы. Роман. Кн.:1. Черкесск, 1964.
6. Байрамукова Х.Б.Чолпан. Роман. Черкесск, 1970.
7. Байрамукова Х. Дым очага. Черкесск, Карач.-Черкес. отд. Ставр. книж. Изд-ва, 1968.
8.Батчаев М. Раздумья. Стихи, Черкесск, Карач.- Черкес.отд. Ставр. книж.изд-ва, 1968.
9. Бекизова Л.А., Караева А.И., Тугов В.Б. Жизнь, герой, литература. Черкесск, Карач.-Черкес.отд.Ставр.книж.изд-ва, 1978. 149 s.
10. Большая Советская Энциклопедия. Т.11. М., Сов.Энциклопедия, 1973.
11. Боташев М.А. Карачаево-Черкессия в годы Великой Отечественной войны// Материалы областной научно-теоретической конференции. 1977г. Черкесск, Карач.-Черкес.отд.Ставр.книж.изд.-ва, 1982. s.2-37.
12. Борлаков Б.К. Карачаево-балкарская довоенная драматургия Черкесск, Карач.-Черкес. отд.Ставр. книж.изд-ва, 1975, 71 s.
13. Джанибекова П.А.- Х.Тема Великой Отечественной войны в литературе, искусстве и научных исследованиях// Карачаево-Черкессия в годы Великой Отечественной войны. Черкесск, 1982, s.79-88.
14. Эбзеланы Х. Мунир. Бычакъны ауузунда. Эки повесть. Черкесск, 1966.
15. Хубийланы О. Аманат. Роман. I китаб. Черкесск, 1959, II китаб, 1961.
16. Хубиев Н. Перевал. Стихи. Черкесск, Карач.-Черкес отд.Ставр. книж. изд-ва, 1965.
17. Хаджиева Т.М.Тема вселения в поэзии Кайсына Кулиева// Сборник материалов научно-практической конференции, посвященной 80-летию со дня рождения Кайсна Кулиева. Нальчик, Эльфа, 1998.
18. Карачаево-Черкессия за полвека. 1922-1972. Черкесск, Карач. Черкес.отд.Ставр. книж.изд-ва, 1972. 175 s.
19. Караева А.И. О военной прозе в современной карачаевской литературе. Черкесск. Карач.-Черкес. отд. Ставр. книж.изд-ва, 1971. 145 s.
20. Караева А.И. Карачаевская литература // История многонациональной советской литературы. Т.5 М., Наука, 1974. 319 s.
21. Караева А.И. Очерк истории карачаевской литературы. М., Наука, 1966.
22. Кагиева Н.М. Судьба страны – судьба твоя. Очерк творчества. Черкесск, Карач.-Черкес. отд. Ставр. книж.изд-ва, 1973. 227 s.
23. Къобанланы Д. Эки заман. Роман.китаб, Черкесск, 1965, II китаб, 1966, III китаб, 1968.
24. Коваленко С.А. Поэма как жанр литературы. М., Знание, 1982. 112 s.
25. Курмангулова Ш.А. Национальная эпическая традиция и современная ногайская поэма// Современный литературный процесс. Герой и время. Сборник научный трудов. Черкесск, 1988.
26. Кубанов А. Встреча. Стихи. Черкесск. Карач.-Черкес. отд. Ставр. книж.изд-ва, 1970.
27. Краткая литературная энциклопедия. Т.3. М., Сов.Энциклопедия, 1966.
28. Лайпанланы С. Бир кун сыртда. «Виринчи атламла» məcmuəsi. Черкесск, 1958.
29. Лайпанланы С. Къарачайны уланы – Белоруссияны джигити. Черкесск, 1964.
30. Литературная газета, 1958, 8 декабря, №145
31.Ортабаева Р.А.- К. Азрет Уртенов. Жизнь и творчество. Черкесск, Карач. – Черкес. отд. Ставр.книж.изд-ва, 1971, 150 s.
32. Поэзия и условная поэтика. Статьи и рецензии. Ставрополь, Ставропольское книжное издательство, 1973, 75 s.
33. Şamil Ə. Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin ədəbiyyatı. Bakı, Nurlan, 2011, 412 s.
34 Шаманова З.Б. Проза Османа Хубиева в свете формирования эпических традиций карачаевской литературы. Черкесск, 2002, 136 s.
35. Шортанов А. Театральное искусство Кабардино-Балкарии. Нальчик, Кабард.-Балкар. книж.изд-во, 1961.
36. Тимофеев Л.И.Основы теории литературы. М., Просвещение, 1971, 464 s.
37. Türkiyə Dışındakı Türk Edebiyatları Antolojisi (Nesir-Nazım). Ankara, T.C.Kültür Bakanlığı, 2002, s.42-45; 225-228;384-557.
38. Узденова Ф.Т. Поэма в литературах народов Северного Кавказа. Формирование парадигмы жанра. Нальчик, Полиграфсервис и Т., 2001, 123 s.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.