Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   


Fuad Babanlının söz dünyasına müxtəsər ekskurs


Fuad Babanlı ilə tanışlığımın əyani ömrü heç uzaqdan başlamır. Onun nəşrə hazırlanmaqda olan kitabının əlyazması əlimə düşdü. Əlyazması pərakəndə və səliqəsiz olduğundan içindəkilərə münasibətim heç də isti deyildi. Lakin içimdən gələn bir səs mənə onu təkidlə oxumağı tələb edirdi. Bax, beləcə ziddiyyətli fikirlər burulğanında Fuad Babanlı ilə «ünsiyyətim» yarandı. Beləliklə, əlyazmasını vərəqləməyə başladım. Əlyazmasının «Lirika» bölməsindəki ilk «Qayıdaram mən…» şeirini oxudum. «Tablayıb dözümə qayıt»maq, «qabqarıb sözümə qayıt»maq, «İzim qaldı gözündə», «gözündə izimə qayıt»maq istəyirəm və s. kimi naxışlı ifadə diqqətimi cəlb etdi…
Yenə də vərəqlədim. «Təsadüf görüş» məni Fuadın şeir təfəkkürü ilə daha da isnişdirdi, beləcə onun fikirlərinin həmdəminə çevrildim:
Görüşdük…
Təsadüf?..
Yox, sirli-tələb.
Həyat səhifəsi – Zamanın izi
Sevda – güllü çəmən,
Məhəbbət – məktəb,
İmtahan eyləyir həmişə bizi.
Bu, Fuadın 1988-ci ildə qələmə aldığı şeirlərdəndir. Şeirin mətnində əlahiddə ifadələr görməsək də, müəllifin özəl fikir dünyası «həyat səhifəsi – zamanın izi, sevda-güllü çəmən, məhəbbət-məktəb, imtahan eyləyir həmişə bizi» şəklində təqdim etməsi heç də sıradan olan düzüm kimi nəzərdən keçirilə bilməzdi. Sonrakı səhifədə «Unut dedim» şeirində isə başqa bir maraqlı ifadəyə gözüm sataşdı: «Qadağan həsrətlə çatıb ocağı». Bizcə, özəl və gözəl ifadədir. Burada iki sevgili ürəyin nəyin və kiminsə ucbatındansa yaxınlaşmasına mane olanlar görünür. Sonrakı səhifə də «məni də oxu» dedi. Mən də oxudum. Burada isə «Dağların çalmasını başından salmasını, cığırların ağar»masını, sevən kəsin yanağının sevgili qızın meh nəfəsinə həsrətini, xəyalın xəyala dalmasını gördüm. Xoşuma gəldi...
«Ayıra bilmərəm» şeirində isə lirik qəhrəman sinəsinin çalın-çarpaz, çat-çat getməsi, qismətinin boyat çörəkolması» fikrini daha da məşğul etdi. Əlyazmasını vərəqləyirəm. Qalıram «Gəl, gedək dənizə» şeiri ilə üz-üzə. İbarəli, ləngərli fikirlərə qərq olub lirik qəhrəmanın öz sevgilisi ilə birlikdə «qırçın ləpələri sevindirməsi» ilə «qəm-kədərdən yan» ötüb «sərhədsiz» dünyaya qovuşmaq istəyi hisslərimə su çiləyir. Və, deyəsən, Fuadın şairlik istəyini reallaşdırır.
Yenə vərəqləyirəm. «Səsin gərəyimdi” şeirinin üstündən «Sahil duyğuları»na yan alıram. Burada «cilvələnmiş dəniz, qağayı səsləri» ilə «fikrimi qanadlan»dırıb «pıçıltı»nı «pıçıltılara» qovuşdurmaqla, «ləpələr»ə sarmaşdırır, «dəniz təlatümünü içimdə duy»maqla, «Bir sevgi məktubu yazmaq istə»yən şairin, «Danışanda», «Ürəyimdəsən…» şeirindən «Gözlərində…», «Gözlər»ə nəzər sala-sala «Bahar»a tərəf gedirəm, «Bu sevgi biz deyən deyil»lə rastlaşanda ovqatımda narahatlıq hiss edirəm. Lakin «Əks-səda» məni toxtadır, Növbəti «Xəbərsizsən» şeirində qərənfillər durub tək-tək ürək tək titrəşəndə əhvalım durulur… «Səni axtarıram»da şairin fikri yuvasına sığışmayanda», «duyğusu bulud-bulud dolanda qəmlə» mən də qəhərlənirəm. Bir qədər irəliləyirəm. «Aparma» şeiri məni təzə-tər sevdalı bir dünyaya aparır, «çeşmələri sevdirən qaynarlıq» sanki sətirlərdən boylanaraq hisslərinə sığal çəkir. Elə bu ovqatın təsiri altında «Nəğmə»də nəğmələşirəm. «Çıx çəmənə…» şeirində hisslərimi oyadan «bülbüllər»in «güllərin kefini sor»ması, «Lalə»nin «Qərənfil koluna» «göz vur»ması, «Yaylaq qucağında min büsat qur»ulması, «Bulud»un göz yaşı» ələməsi, «Güllərə dərdini söyləyib» getməsi, «Dağlar gözlərindən» yuxunu qovub, «yaylaqlara şimşək oxu» atması Fuadın şeirlərindəki işıqlı ovqatdan xəbər verir.
«Ay işığında» şeirinin odu fikrimi bir qədər də məşğul etdi. Lakin onun üzərində qərar tutmayıb gəlib çatdım «Biri sənin, biri mənim» şeirinə:
Düzüm-düzüm qoşa misra
Öpür varaq,
Biri sənin, biri mənim.
İki gözüm, gözlərində
İki çıraq
Biri sənin, biri mənim.
Bu sətirləri oxuyuram, içimdə nəğmə dolu, ümid dolu ovqat kükrəyir. Burada şairin öz sevgili-məhbubuna «Dur gedək mənimlə» xitab etməsi də «daranmış yuxulardan», «sübhün sərin mehi»ndən xəbər verir. Və məni gətirib çıxarır «Qəribsəmişdim» şeirinə. Şairin qəribsəməsi «puçurların göz aç»ması, «bənövşənin gül»məsi, «hərdən lal, hərdən dəlisov» olması, onun eşqini bəzən buzun, qırovun üşütməsi, sinəsini sazaq vurması, qəbini ovudanı, oxşayanı axtarması mübhəm hissləri ilə üz-üzə dayanan şairin sevgi dünyasını görürəm.
Əlyazmasındakı hələ adı müəyyənləşməmiş rubrikadakı şeirləri vərəqlə-yirəm. Diqqətimi «Azərbaycan» şeiri cəlb edir. Yeri gəlmişkən qeyd edək ki, bu mövzuda onlarca, bəlkə də yüzlərcə müxtəlif şairlər (Azərbaycan (Quzeyli, Güneyli), Türkiyə, Özbəkistan, Türkmənistan, Rusiya, Malkar, Qafqaz və digər türk xalqlarının nümayəndələri) indiyə qədər onlarla şeirlər yazmışlar. Fuadın «Azərbaycan»ı onları təkrarlamır:
Göylərində
Şahin, qartal ləngər vurur,
Keşiyində
Kəpəz durur, Şahdağ durur,
Sinəsində
Oğulları Tarix qurur,
Şöhrətiylə zirvələrə ucalaşan,
Günəş odlu, Günəş nurlu Azərbaycan.
«Quşlar köçürdü» şeiri təbiət mövzusunda olsa da, onun da mayasındaFuad Babanlının vətən torpağına bağlılığı şairin, təbiəti nə qədər sevdiyini, onun üstündə necə əsdiyini sübut edir:
Köçürdü durnalar öz qatarıyla,
Birdən yoxa çıxdı bala qaranquş.
Bu torpaq onlara yurd ola-ola,
Qorxutdu gözünü ağardanda qış…

Könlümdə sızıltı duydum dərində,
Hisslər səf yaratdı durub qol-qola.
Quşlar köçürdülər,bu, öz yerində
Ömürdən bir il də çıxdı son yola….
Şairin təbiətə, antropomorfik münasibəti, həyatı varlığın əbədi beşiyi kimi qəbul etdiyindən o, burada quşların da yerini və rolunu kifayətqədər doğru-dürüst dəyərləndirməyə imkan verir. Onun təbiətə həssas münasibəti, onu obraz səviyyəsində dərki, təbiətin qayğılarına diqqəti, şairin lirik hisslərinin təbiətlə eyniləşməsi heç də yalnız bədii-estetik məzmun çərçivəsində qapanıb qalmır. Çünki şair hissləri daha dərin mətləblərə üz tutur, o qol-qola dayanıb quşların köçməsini ömürdən ötən illə uğurla uyğunlaşdırır.
Fuad Babanlının təbiəti şeirə gətirməsi, misralara köçürüb nəzmə çəkməsi adda-budda yox, ardıcıl xarakter daşıyır və biz, yeri gəldikcə, bunun aşağıda yetərincə şahidi olacağıq. Fuadın təbiət təsvirlərində real həyat, təbiət obrazı onun apardığı bədii ümumiləşdirmələrə söykənəndə daha çox yaddaşlara çökür, orada özünə uzun müddət qərar tutur. Belə olduğu təqdirdə təbiət təsvirini göz önünə gətirən şairin yaşantıları, hissi qavrayışları, emosional ovqatla uğurlu şəkildə həmahəngləşir.
Fuad Babanlı lirikasının mövzu palitrası kifayətqədər çeşidli və rəngarəngdir. «Gecələr» şeirində biz bunun daha ifadəli şahidi oluruq. Şeirdən bircə fraqmentə diqqət yetirək:
Şər qarışır, at oynadır qorxusuz,
Sağa-sola qılınc çalır gecələr.
Çəmənlərin, çiçəklərin üstünə,
Çəkib qara çarşab salır gecələr.
Babanlı bu misralarda gecə ovqatını, insanın hansı hissi, emosional əhvalla qəbul etdiyini yaxşı təsvir edə bilir.
Növbəti şeirdə müəllif yenidən təbiətə-dağlara üz tutur və «Dağlar» şeirində mövzunun mahiyyətini əyaniləşdirir:
Yaylaqlı meşənin ətəklərində,
Arı vrnuxurmu pətəklərində?
Sənin güllərində, çiçəklərində,
Bülbüllər oxuyar yaralı, dağlar.
Babanlı antropomorfizmi təbiətin canlı aləmdəki yerini heç də quru şablon ifadələrlə vermir, doğma poeziyamızda 60-cı illərdən üzü bəri gələn və M.Araz, Q.Qasımzadə, R.Rza, Ə.Kərim, N.Xəzri, B.Vahabzadə, M.Aslan və başqalarının yaradıcılığında özünə yer edib, yuva salmış mövzulara tapınaraq götürüb inkişaf etdirirdi. Adlarını çəkdiyimiz şairlər öz əsərlərində təsvirdə görümlü konkret peyzaj elementlərini tutarlı ifadələrlə mənalandırır, poetik fikrin sərrast ifadəsini verə bilirdilər.
F.Babanlının da təbiət təsvirlərinə həsr etdiyi şeirlərində biz belə ümumiləşdirmələrin şahidi oluruq. Babanlı yaradıcılığında təbiətə qayğı hissinin kükrəyişi heç də təsadüfdən ortaya çıxmırdı. Çünki şairin özünün böyüyüb boya-başa çatdığı Qazax elləri, Qazax obaları təbiətin bütün flora və faunası ilə zəngin olmaqla, dağların, dərələrin, meşələrin, çayların rənglərinə bürünmüş regiondur və orada təbiəti daxilən hiss etməmək, özünü onun bir hissəsinə çevirməmək də mümkün deyildir. F.Babanlının təbiət lirikasında gözümüzə dəyən ən səciyyəvi xüsusiyyətlərdən biri insanın psixoloji əhvalının təbiətlə ünsiyyətdə açılması və təbiətin insanın emosiyaları ilə vəhdət təşkil etməsidir. Babanlı təbiəti özü kimi dilləndirib, onunla özü bildiyi kimi təmasa girir. Şair, belə demək mümkünsə, təbiətin dilini bilib, onunla dərdləşib-bölüşməyi yaxşı bacarır. Müəllifin təbiətə münasibəti onunla ögeyləşib kənarlaşdığı fonda yox, onunla birləşib doğmalaşdığı müstəvidə təsvir olunur, oxucuya təqdim olunur. Diqqətlə nəzər yetirsək, görərik ki, Babanlının təbiətlə mükaliməsi onun psixoloji yaşantıları və emosiyaları ilə tam şəkildə üst-üstə düşür.
Yeri gəlmişkən xatırladaq ki, Fuad Babanlının qələmə aldığı digər nümunələrdə də təbiət təsvirləri, peyzaj elementləri, təbiəti canlılaşdırma geniş yer tutur.
Onun təbiətə həsr etdiyi şeirləri təxminən aşağıdakı kimi qruplaşdırmaq olar.
1. Ümumi şəkildə təbiətə həsr etdiyi nümunələr: «Olmasa, «Kölgədə kök atanlar», «Nişanələrim», «Həyat adiliyi», «Başqa bir aləm», «Ümid», «Səmimi», «Dənizə», «Sahil bağında» və s.
2. Dağlara, qayalara, daşlara, dərələrə həsr etdiyi nümunələr «Göyəzən», «İki dağ», «Dağlara son qar yağar», «Dağ», «Dağ lövhəsi», «Qaya və çeşmə», «Qaya ürəyi», «Dərələr» və s.
3. Bahara, yaza həsr etdiyi nümunələr: «Fəsil dəyişəndə», «Yaz gölü», «Qışdan bahara keçəndə», «Bahar lövhəsi», «Lövhə», «Bir bahar nəfəsi», «Baharın gəlişi», «Bahara açılan pəncərə», «Baharın gül üzü», «Bahar taleyi», «Bahar hardasan?», «Bu ilki bahar», «Baharın gəlişi» və s.
4. Payızı əyaniləşdirdiyi nümunələr: «Duman», «Payız düşüncəsi», «Payız otları», «Bu payız», «Payız», «Qırovdan sonra» və s.
5. Qış lövhələrini yaradan nümunələr: «Qışın gəlişi», «Qarın töhvəsi», «Fəsil dəyişəndə», «Qışın adı» və s.
6. Dan yerinə, səhərə həsr olunmuş nümunələr: «Günəş ümidi», «Dan yerini salamladım», «Bir səhərin düşüncəsi» və s.
7. Gecə, axşam ovqatını əks etdirən nümunələr: «Gecə sükutu», «Gecə sükutunda…», «Gecələrin qorxusu», «Axşam düşüncəsi» və s.
8. Quşları vəsf etdiyi nümunələr: «Bülbül», «Quşcuğaz», «Durnalar köçəndə», «Qaratoyuq oxuyanda» və s.
9. Meşəyə həsr etdiyi nümunələr: «Bir çinar yıxılmışdı», «Meşə» və s. bu və ya digər şəkildə zamanın müxtəlif anlarını, ilin çeşidli fəsillərini, dərələri, dağları, daşları, suları, quşları və s. vəsf etmək baxımından şairin poetik mövzu axtarışlarının davamlı nəticəsi kimi dəyərləndirilməlidir.
F.Babanlının təbiətə, dağlara, daşlara münasibətində müəllifin özünün ana¬li¬tik-psixoloji üslub axtarışlarını görmək mümkündür. Əlbəttə, milli poeziyamız üçün bu, heç də yeni yanaşma üsulu və təsvir tərzi deyildir. Belə təbiət təsvirlərini biz öz yaradıcılığının mayasına hopdurmuş M.Araz, M.İsmayıl, N.Xəzri, İ.İsmayılzadə, M.Aslan, M.Yaqub və başqalarının da əsərlərində görmüşük. F.Babanlının da poetik təbi təbiət təəssüratlarından süzülüb gələn fərqli və fərdi yöndəki təqdimatla bağlıdır. Elə «Payız düşüncələri» şeirində olduğu kimi:
Ağaclar boy-boya durubdu bağda,
Baxıram, başlayıb yarpaq tökümü.
Yarpaqlar seyrəlir bir-bir budaqda,
Xəzan üstlərinə gəlir ley kimi.

Qüssəli baxışım dolaşır bağı,
Barı təhvil verib gedir bu payız.
Sönür yavaş-yavaş ilin çırağı,
Qışa təhvil verir hesabı payız…
Fuad Babanlının qəhrəmanının psixoloji ovqatı, hiss və duyğuları payızın barı təhvil verib, ilin çırağının yavaş-yavaş sönməsində və payızın öz yerini qışa verməsində açılır, xəzanın yarpaqlar üstünə ley kimi gəlməsi, yarpaqların budaqda seyrəlməsi oxucunun gözü qarşısında payız lövhələrini zəngin və yaddaqalan ştrixlərlə yaradır. Bu ifadələrdə şairin nostalji-kədərli hissləri, kövrək intonasiyası, niskilli duyğuları oxucu içində fərdi yaşantılara, daxili-psixoloji hallara, insanın özünün təbiətin bir hissəciyi olmasına, özünəməxsus fəlsəfi-estetik görüntü və duyum yaratmağa köklənir və payız peyzajı şeirin məzmun paradiqmasını şərtləndirən başlıca atribut kimi bir tamlıq ortaya qoyur.
Fuad Babanlının oxucuya təqdim etdiyi yeni kitabının mövzu və məzmun palitrası, yuxarıda qeyd etdiyimiz kimi, olduqca rəngarəngdir. 300 səhifə həcmində olan bu kitabdakı şeirlər əsas etibarı ilə təbiət təsvirlərini çevrələsə də, əslində mətləb daha geniş - Vətənlə, doğma Qazaxla, Vətənin hər bir bölgəsi ilə bağlı nümunələri ortaya qoymaq istəyini həll edir əksini tapmışdır.
Şair digər mövzularla yanaşı Qarabağ dəhşətlərini, Xocalı yanğısını, şəhidlər şivənini mövzusunu, nə qədər ağır olsa da, daşımaqdadır. Bu baxımdan «Unutmayın məni… - Xocalı deyir», «Şəhidlər xiyabanında», «Qiyamət günü» və s. şeirlər səciyyəvidir. Budur, hisslərimi tarıma çəkən «Unutmayın məni – Xocalı deyir» şeirinə baxaq:
İtdi itənlərim, dondu donanlar,
Fəryada qarışdı yaralı anlar.
Milyonlarla köksün üstündə dağ var!
Düşmənin özü də dana bilməyir,
Unutmayın məni – Xocalı deyir.

Ölənlər səpəli qaldı dağlarda,
Qalanlar bilmədi gizlənsin harda.
Görənlər bilirlər nə vardır orda…
Qananlar da bəzən qana bilməyir,
Unutmayın məni – Xocalı deyir.
Şeirdə Xocalı faciəsinin özünəməxsus panoramı yaradılır, xalqımızın başına gətirilən müsibətlərin geniş miqyası təsvir olunur. Oxucu diqqəti daha da uzaqlara səmt alır, türk oğlunun ayağa qalxmasının labüdlüyü ortaya qoyulur. Şeirin sonu «Ey türk, qalx ayağa, düşülüb dara!» misrasında kifayətqədər həyəcanlı səslənir.
Qara Yanvar faciəsinin isti izləri ilə yazılmış «Şəhidlər xiyabanında» şeiri də hissləri yerindən oynadıb, tarıma çəkəndir:
Hönkürtü qarışır hıçqırıqlara,
Necə də dərindir vurulan yara.
Bir öyüd-təsəlli gəlməyir kara…
Bura şəhidlərin xiyabanıdır,
Bu al qərənfillər şəhid qanıdır.
Şəhidlərimiz haqqında çox deyilib, çox yazılıbdır. Xeyli telefilmlər, tele-, dram tamaşaları və s. janrlarda onların əbədiyyətə qovuşduğunu, sənədləşdirən publisistik materiallar, bədii əsərlər, monoqrafiyalar araya-ərsəyə gəlib. Lakin Fuad Babanlının «Şəhidlər xiyabanında» şeiri nə süjet, nə kompozisiya, nə məzmun, nə də təsvir baxımından onları təkrarlamır, şəhidlər haqqında özünəməxsus təsəvvürlər yaradır.
Fuad Babanlının kitabında təqdir olunası nümunələrdən biri də «Əl ağacı» şeiridir. Cəmi dörd bənddən ibarət bu şeir özəl məzmun və ideya ilə diqqət çəkir. «Əl ağacı» şairin atasının yadigarı kimi küncə söykənir, lakin ata dünyasını dəyişəndən sonra bir dəfə də yerindən tərpədilməmiş qalan əsa oxucuda tükürpədici maraqlı, nəsihətamiz və dəhşətli mənzərə yaradır:
Atamın əsası söykənib küncə,
On ildir yerindən tərpədilməyib.
Fikrimdə bir işıq yandı görüncə,
Əsaqəmli-qəmlibaşını əyib…

İndi qəribsəyib, küncə sığınıb,
Nə əl tutanı var, nə də yoldaşı.
Sanki bir qırğının qanadı sınıb,
Çatılıb əlacsız bəladan qaşı.
Bu son dərəcə kompakt, müxtəsər və dəyərli sətirlərdə Fuad Babanlı olduqca uğurlu orijinal obraz yaratmağa müvəffəq olub. Şair «Əl ağacı»nı şeirin başlığına keçirsə də, mətləb daha dərindir və bu, ilk növbədə oxucunu dünyasını dəyişmiş bir insanla bağlı hekayətə bağlayır. İnsana uzun müddət xidmət etmiş əsanın yalqızlığı onu kədərli notlara kökləyir. Əsanın çox əzaba dözməsi, lirik qəhrəmanın atası ilə əl-ələ verib yoldaşlıq etməsinə baxmayaraq, atanın ölümündən sonra onun «qəribsəyib, küncə sığın»ması, «qanadının sınıb, əlacsız qalıb» bəladan qaşının çatılması və s. kimi ifadələr oxucunu obrazlı bir aləmə salır.
Fuad Babanlının bəhs etdiyim kitabında anaya həsr etdiyi «Gözümün önündə üzülür anam…», «Anam getdi, hoy! , «Nəğmələr anası» və s. bu kimi nümunələr də maraqlı, səmimi və dolğundur.
Hisslərimə sığal çəkən şeirlərdən birinin də adını çəkib, nümunə gətirmək istəyirəm: Bu, «Günəş kimi» şeiridir.
Bir çiçəyin oyanması, Bir ocağı,
Bir ürəyin dayanması, Bir yaylağı,
Bir çəmənin işvə-nazı, Bir qayanı
Bir yaylağın bozarması, Hər bir yanı yaşatmaqçün,
Bir qayanın çatlaması, Eşit, dünya,
Bir dünyanın partlaması Eşit!
Bir günəşin əlindədi! Gərək,
Qalan nə var, Günəş kimi bir varlığı,
Yalan-gerçək, Sevəsən sən Günəş kimi!
Adamların dilindədi. Yana-yana! -
Bir çiçəyi, Yandığını qana-qana!
Bir ürəyi, Günəş kimi….
Burada poetik tapıntı kimi xidmət edən Günəş obrazı şairin hiss və duyğularının tərənnümçüsünə çevrilir, yaşamağı və yaşatmağı bu müxtəsər hədəfə dəyən misralar oxucunun duyğularına hopdurur, insana sevə-sevə yaşamağı təlqin edir.
Ayrı-ayrı yaradıcı şəxsiyyətlərə, söz, sənət adamlarına ithaflara geniş verməyən Fuad Babanlının poetik arsenalında diqqət mərkəzində duran Eldar Nəsibliyə həsr etdiyi «Ad günün mübarək» şeiri aramızdan vaxtsız getmiş bu sənət adamının həyatının bəzi anlarına işıq tutmaq baxımından diqqətimi cəlb edir:
Qırx yeddi il ömür sürən bu çinar,
Oxunan kitabdır- Eldar Nəsibli.
Hər sözün özünün öz kəsəri var,
Söz də var gülabdır, Eldar Nəsibli.

Məğrur həyat yolu, sənətkar yolu,
Səni müdrikliyə ucaldıb, qardaş.
Sayılan şairsən sinəsi dolu,
Bir ömrü həyatla etmisən sirdaş.
F.Babanlı şeiri qələmə alanda 1999-cu ilin baharı idi. Hələ Eldar Nəsibli Sibirelin dünyadan erkən köçəcəyindən əsər-əlamət belə yox idi. Amma həyat, şair demişkən, «çoxnaxışlı, dünya gərdişdə» olduğundan ölüm də on il keçmədi ki, onu pis yaxaladı. Eldar Nəsibli Sibirel getdi…
Ondan bizə özünün yazdığı-yaratdığı əsərlər, bir də onun haqqında qələmə alınanlar qaldı. F.Babanlı Eldarı yaxşı ki, qələmə aldı. Yeri behiştlik olsun Eldarın, O, nəinki F.Babanlının, həm də neçə-neçə başqalarının hisslərin «dindirə» biləcək şairlərdən idi. Fuadda onu öz təfəkkrünün gücü boyda vəsf edə bilməsi xoşuna qaldı.
Beləliklə, Fuad Babanlının əlyazmasında yer almış nümunələr mövzu və məzmun baxımından orijinal olduğundan onları oxumaq, onlara vaxt ayırmaq hisslərimi yumşaltdı və bu nümunələrin oxucular tərəfindən də isti qarşılanacağına ümid işığı yandırdı.
P.S. Mən bu əlyazmasını oxuyandan sonra Fuadın şeir dünyasında üç onillikdən artıq yol gəldiyindən xəbər tutdum. Onun rəngarəng mövzulu kitabları haqqında oxuculara sonralar da məlumat verəcəyimi istisna etmir.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.