Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
BAKI SLAVYAN UNIVERSITETI

Azərbaycan ədəbiyyatı kafedrası

 

Xəlil Rza Ulutürk tərcümələrində bədii adekvatlıq problemi

Nizami Tağı oğlu Məmmədov

2013-cü il üçün elmi-tədqiqat işi

 

 

Bakı – 2013

PLAN

Giriş
Xəlil Rza Ulutürk və Azərbaycan tərcüməçilik məktəbi
X.R.Ulutürkün bədii tərcüməyə nəzəri və praktik baxışları
K.Simonovun “Жди меня, и я вернусь” şeirinin iki tərcüməsinin müqayisəli təhlili
Musa Cəlilin “Moabit dəftəri”ndən fraqmentlər X.R.Ulutürk tərcüməsində
Yusuf Balasağunlunun “Kutadğu bilik” poemasının X.R.Ulutürk tərcüməsi
Qaysın Quliyev poeziyası X.R.Ulutürk tərcüməsində
Nəticə
İstifadə olunmuş ədəbiyyat  

 

XX əsrin ikinci yarısı Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Xəlil Rza Ulutürk keşməkeşli zəngin, eyni zamanda təzadlarla dolu olan həyat yolu keçmişdir. Onun yaradıcılığında yaşadığı dövrün kontrastları, sovet insanının təfəkkürü, sosialist yaşam tərzinin tərənnümü ilə yanaşı, xalqın, millətin azadlıq uğrunda mübarizəsi təsvirini tapmışdır.
1933-cü ildə Salyan rayonunda dünyaya göz açmış Xəlil Rza oğlu Xəlilov ağır məişət qayğıları ilə yüklənmiş bir ailədə böyümüş, təhsilini rayondakı orta məktəbdə aldıqdan sonra, 1949-cu ildə ADU-nun Jurnalistika şöbəsində oxumuş, əvvəl C.Xəndan, sonra B.Vahabzadə kimi poeziya bilicilərinin dərnəyində iştirak etmişdir. Dövrü mətbuatda müntəzəm şeirləri erkən çap olmağa başlayan Xəlil 1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilmiş, ali təhsilini başa vurduqdan sonra «Azərbaycan qadını» jurnalında ədəbi işçi kimi fəaliyyət göstərmişdir.
1957-1958-ci illərdə Yazıçılar Birliyi xətti ilə Moskvaya M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda ali ədəbiyyat kurslarında təhsil almağa getmişdir. Yeri gəlmişkən qeyd edək ki, burada digər parlaq istedad sahibləri N.Xəzri, Ə.Kürçaylı, Qabil, M.Araz, S.Tahir, F.Qoca, S.Məmmədzadə və başqaları da təhsil almışlar.
Xəlil Rza bu zəngin sənət məbədində ədəbiyyatımızın yaxın dostu və təbliğatçısı, ondan adekvat tərcümələr edən Pavel Qriqoryeviç Antokolskidən dərs almışdır. Yada salmaq yerinə düşər ki, P.Antokolski hələ XX əsrin 30-cu illərində digər rus şair-mütərcimləri - V.Bartold, K.Simonov, B.Lebedev, Y.Keyxauz, A.Adalis, Y.Dolmatovski, L.Katsnelson, V.Luqovskoy, V.Derja-vin, P.Pançenko, N.Aseyev, B.Brik, T.Salmanoviç və başqaları ilə yanaşı, klassik Azərbaycan poeziyasını (Xaqani, Nizami, Həsənoğlu, Həbibi, Füzuli, Qövsi, Nişat Şirvani, Ağa Məsih Şirvani, Vaqif, A.Bakıxanov, M.F.Axundzadə), XX əsr şairlərini (Sabir, S.Vurğun M.Rahim və b.), aşıq poeziyasını (Aşıq Valeh), xalq yaradıcılığı nümunələrini və s. rus dilinə böyük məhəbbətlə çevirmişdir (1). Sonrakı illərdə P.Antokolski yenə də Azərbaycan şairlərinin əsərlərindən tərcümələrə öz yaradıcı fəaliyyətində kifayətqədər geniş yer vermişdir. Əlbəttə, Azərbaycan mütərcimləri də P.Antokoloski qarşısında borclu qalmamışlar. R.Rza, T.Əyyubov və başqaları onun şeir və poemalarını eyni vüsət və məsuliyyətlə dilimizdə səsləndirmişlər. Dediklərimizə onu da əlavə edək ki, Dünya Ədəbiyyatı İnstitutunda o vaxtlar olduqca istedadlı R.Həmzətov, D.Kuqultinov, Ç.Aytmatov, Y.Yevtuşenko, R.Rollan kimi bədii-estetik fikir sahibləri yetişmiş və, məlum olduğu kimi, hazırda onların yaradıcılığı dünya ədəbiyyatı xəzinəsinin möhtəşəm səhifəsini təşkil etməkdədirlər.
X.R.Ulutürk lap erkən yaşlarından türkçülük, azərbaycançılıq, istiqlalçılıq məfkurəsinə xidmət etmiş, Anadolu və digər bölgələrdə yaşayan türklərə öz sevgisini açıq-aydın bəyan etmiş, onun belə davranışı partiya və sovet rejimi funksionerlərini narazı salmış, çalışdığı Azərbaycan Dövlət Pedaqoji İnstitutundan xaric edilmiş, uzun müddət gözümçıxdıya salınmışdır. Lakin sovet məmurlarının ona qarşı belə münasibəti şairi yolundan, məsləkindən döndərməmiş və o, türkçülük, istiqlalçılıq yönündə fəaliyyət və təbliğatını böyük vüsətlə davam etdirmişdir.
X.Rzada poetik təfəkkürlə elmi yardıcılığın simbiozu özünü erkən büruzə vermişdir. Hələ 1963-cü ildə o, namizədlik dissertasiyası müdafiə etmişdir. İstiqlalçılıq baxışlarına görə uzun müddət işsiz qalan Xəlil Rza böyük çətinliklə də olsa Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutuna baş elmi işçi vəzifəsinə götürüldükdən sonra 1985-ci ildə «Maqsud Şeyxzadənin poeziyası və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
SSRİ-də M.S.Qorbaçovun yenidənqurma siyasəti başlayan dövr (80-ci illərin ikinci yarısı) X.Rza yaradıcılığının daha böyük vüsət aldığı illərdir. Məhz bu illər onun nəinki poetik yaradıcılığının, publisist çıxışlarının, eyni zamanda ictimai-siyasi fəaliyyətinin genişləndiyi dövrdür ki, bu zaman X.Rza daha ardıcıl olaraq ictimai-siyasi proseslərə qoşularaq, ona öz çıxışları ilə xüsusi dinamika vermişdir. Erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü, rus qoşunlarının Bakıya yeridilməsi Azərbaycanı ermənilərin havadarlarının, ilk növbədə M.Qorbaçovun, D.Yazovun nahaq qan girdabında çalxamaları ilə bağlı o, qorxub çəkinmədən açıq çıxışlar etmiş, xalqın siyasi fəallığının güclənməsində böyük rol oynamışdır.
1990-cı ildə QaraYanvar hadisələri dövründə X.Rza Ulutürk bütün ədəbi-elmi ictimaiyyət nümayəndələrinin önündə gedərək, Qırmızı İmperiyanın Azərbaycanda apardığı siyasəti ən yüksək kürsülərdən lənətləmiş və elə həmin günlərdəcə guya xalqlar arasında milli ədavəti qızışdırdığına görə Azərbaycan SSR cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən gunahlandırılaraq 1990-cı ilin 26 yanvarından 4 oktyabrına qədər Moskvanın Lefortovo zindanında saxlanılmış, 9 aya yaxın zindan həyatı yaşadıqdan sonra azadlığa buraxılmışdır. Şairin sonrakı dövrlərdə də istiqlal, azadlıq mücadiləsi davam etdirilmişdir. Bu illərdə Türkiyəyə sevgi onun daha böyük həmdəminə çevrilmişdir. Elə buna görə də o, dəfələrlə buranı ziyarət etmişdir. Əvvəl bu ziyarətlər mənəvi ehtiyacdan ortaya gəlirdisə, ömrünün sonlarında xəstəliyin güc gəlməsi ilə bağlı şair tez-tez Türkiyə ilə yanaşı Almaniyaya və Fransaya da müalicə üçün getmişdir. X.R.Ulutürk 21 iyun 1994-cü ildə vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunmuş şairin məzarı üstündə ona monumental heykəl ucaldılmışdır. 1995-ci ildə isə Respublika Prezidentinin fərmanı ilə X.R.Ulutürk ölümündən sonra «İstiqlal» ordeninə layiq görülmüşdür.
Mərhum Azərbaycan Prezidenti Heydər Əliyev Xəlil Rza Ulutürk haqqında aşağıdakıları demişdir: «O illər 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi… Xəlil Rza da ən böyük dissidentlərdən biri idi… Çünki onun əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq saxladıq.
… Xəlil Rzanı da həbs etmək məsələsini qoymuşdular. Onu da mən qoymadım, xilas etdim(5).
Beləliklə, gördüyümüz kimi, X.Rzanın ədəbi və elmi yaradıcılığına 60-cı illərdən başlayaraq onun üçüncü bir ictimai-siyasi yönümdə apardığı fəaliyyət əlavə olunmuşdur. X.Rzanın bütün həyat və fəaliyyətini dövrümüzdə gənclərimizə yaxından təbliğ etməyə, heç şübhəsiz ki, ehtiyac vardır və bu işi müasir ədəbiyyatşünaslıq elmimiz görməkdədir və ümidvarıq ki, bundan sonra da onu layiqincə davam etdirəcəkdir. Bununla belə biz böyük ədibin sadaladığımız yaradıcılıq xətlərindən başqa onun daha bir mühüm fəaliyyəti – tərcümə yaradıcılığı haqqında söhbət açmaq istəyirik.
Məlumdur ki, ədəbi-bədii prosesin tərkib hissəsi olan tərcümənin rolu həyatın bütün mərhələlərində böyük olmuşdur. Tərcüməyə maraq daim genişlənmiş və dərinləşmişdir. XX əsrdə - mühüm tarixi-siyasi və mədəni-ədəbi hadisələrlə zəngin olan bir dövrdə tərcümənin əhəmiyyəti daha da artmışdır. Tərcümə işinin – xüsusilə poetik tərcümənin bu xüsusiyyətini X.Rza digər sənət sahibləri ilə birgə daha dərindən hiss etmiş, yaradıcılığının böyük, daha mühüm hissəsini məhz bu şərəfli və məsuliyyətli işə həsr etmişdir.
Uzun zaman kəsiyində tərcüməyə ikinci dərəcəli iş, sənət növü kimi baxılsa da, bu sahədə nəzəri-tarixi, praktik-metodik işləmələr artdıqca, tərcümənin spesifik, eyni zamanda olduqca əzablı xüsusi sənət növü olduğu vurğulanmağa başladı. Nəzəri-praktik araşdırmalar Azərbaycanda tərcümə məktəbinin formalaşmasında böyük rol oynadı. Əvvəllər, yəni XX əsrin 20-ci illərinə qədər yaradıcılığın belə fəaliyyət növü pərakəndə xarakter daşıyırdısa, göstərilən dövrdən sonra tərcümə Azərbaycanda yeni, daha tutarlı müstəvi üzərinə keçirildi. M.S.Ordubadi, M.Rəfili, S.Rüstəm, A.Fövzi, A.Faruq, Ə.Ziyatay, T.Əyyubov, B.Qasımzadə və onlarca başqaları öz şüurlu həyatını orijinal yaradıcılıqla bərabər, həm də tərcümə işinə həsr etdilər. Praktik tərcümə sahəsində böyük müvəffəqiyyətlər qazandılar. Bundan sonra estafet növbəti nəsillərin əlinə keçdi. Onlar da öz xələflərinin işini uğurla davam etdirdilər. Ə.Kürçaylı, N.Xəzri, M.Araz, T.Bayram, E.Borçalı, V.Rüstəmzadə kimi adekvat tərcümənin sirlərini mənimsəmiş sənətkarlar yetişdi. Bu sırada Xəlil Rza Ulutürkün tərcümə sənəti xüsusi ilə öndə dayandı. Xəlil Rza Ulutürk tərcümə yaradıcılığına heç də orijinal yaradıcılığından az yer vermədi. Tərcümə işinə praktik cəhətdən yanaşma sonralar X.R.Ulutürkü həm də ədəbi əlaqələr kontekstində tərcümənin tarixi, nəzəri və praktik problemlərini daha fundamental müstəvidə nəzərdən keçirməyə istiqamətləndirdi. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra, o, daha geniş çevrədə xalqlar arasında ədəbi əlaqələr və bu əlaqələrin bazasında tərcümə məsələlərinə «baş vurdu». Qanı qanımızdan, canı canımızdan olan Maqsud Şeyxzadə yaradıcılığını, eyni soykökdən olan çığatay türklərinin ədəbiyyatının müxtəlif problemləri ilə Azərbaycan türklərini yaxından tanış etdi. Ədəbi əlaqələrin, o cümlədən bədii tərcümənin az işlənmiş, diqqətdən kənarda qalmış məsələlərini dünya tərcümə məktəbinin nailiyyətləri fonunda xüsusi şəkildə işıqlandırdı. Araşdırmalarında ortaya çıxan müddəalar həm şairin özünün praktik tərcümə yaradıcılığında, həm də tərcümə üzrə kadrların yetişməsində mühüm rol oynadı. Nəzərdən keçirdiyi Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi kökləri, bu ənənənin yeni məzmunla doldurulmasında bədii tərcümənin oynadığı əvəzsiz rolu vurğuladı, klassik poeziyada mühüm estetik kateqoriyaların məzmun mahiyyətini açıqlamağa səy göstərməklə o, tərcümənin milli ədəbiyyatların inkişafına müsbət təsirini əsaslandırdı, özbək dilindən Azərbaycan dilinə tərcümənin prinsiplərini işləyib hazırladı və s. Yəni tərcümənin tarixindən praktikasına və nəzəriyyəsinə, nəzəriyyə-sindən isə tarixinə və praktikasına tərəf bu yorulmaq bilməyən nadir sənətkar hərəkət etdi, müddəalar irəli sürdü və praktik cəhətdən bu müddəaları öz tərcümə işində uğurla tətbiq etdi. Əgər biz Azərbaycan ədəbiyyatında paralel olaraq gücünü orijinal və tərcümə yaradıcılığına həsr etmiş sənətkarlardan danışsaq, heç şübhəsiz ki, ilk növbədə Xəlil Rza Ulutürk seçimi qarşısında qalarıq.
Şairin orijinal poetik yaradıcılığı nə qədər rəngarəngdirsə, onun tərcümə yaradıcılığının coğrafiyası, məzmunu, forması, əhatə dairəsi də rəngarəng və özəldir. Bu, yeri gəlmişkən deyək ki, onun elmi yaradıcılığına da sirayət etmişdi. X.R.Ulutürk sovet dövrünün üstün tələblərindən olan rus ədəbiyyatı və poeziyasını, «böyük qardaş»larımızın «böyük mədəniyyəti»nə hörmət naminə nəzərdən keçirməyə yox, məhz ədəbi əlaqələrin aktual problemlərini türk ədəbiyyatları (Azərbaycan-özbək) zəminində araşdırmağa üstünlük verdi. Bu isə, heç şübhəsiz ki, şairin türkə, türklərə, onların mədəniyyət və ədəbiyyatına vurğunluğu ilə izah olunmalıdır.
Akad. B.Nəbiyev Xəlil Rzanın dünya xalqları poeziyasını əhatə edən «Qardaşlıq çələngi» kitabından sonra onun oxuculara təqdim etdiyi «Yüz bağçadan bir güldəstə» toplusunun daha geniş poetik xəritəyə malik olduğunu qeyd etməklə, Dünya poeziyasından seçmə örnəklər qüvvəsində olan bu toplunu oxuyanları Filippindən Fransaya, Madaqaskardan Türkiyəyə qədər bir sıra ölkə xalqlarının mənəvi sərvətini zənginləşdirəcəyini vurğulamışdır (10,7).
Qeyd etdiyimiz kimi, Xəlil Rza heç də tərcümə praktiki kimi fəaliyyət göstərmirdi. O, həm də tərcümənin elmi-nəzəri və metodoloji problemlərinə dair mülahizələr irəli sürür və bu sahədə tərcümə işinin konseptual bir magistral üzərinə keçirilməsi ilə bağlı məqalələr yazır, çıxışlar edirdi. Bu baxımdan onun müxtəlif illərdə «Şairlik və bədii tərcümə, «Abay poeziyası Azərbaycan dilində», «Moabit dəftərinin tərcüməsinə dair», «Bədii tərcümə milli mədəniyyətin ayrılmaz hissəsi kimi», «Bədii tərcümə bədii kəşf olmalıdır», «Rusiyada kimin günü xoş keçir» epopeyası və onun tərcüməsinə dair» «Ukrayna poeziyası və bədii tərcümənin aktual problemləri», «Tərcümə və bədii dil», «Poetik tərcümədə şairliyin elmi-filoloji əməyə arxalanması zərurəti», «Tərcümənin bədiiliyi uğrunda» və s. ortaya qoyduğu nəzəri müddəaları Xəlil Rzanın nəinki tərcüməyə şair kimi, həm də ədəbiyyatşünas kimi baxdığını sübut etməkdədir. Xəlil Rzanın az qala 30 ilə yaxın bir zaman kəsiyini əhatə edən tərcüməçilik fəaliyyəti dövründə onun özgə ədəbiyyatlardan dilimizə etdiyi poetik tərcümələrin keyfiyyəti kifayətqədər yüksəlmiş, həm də milli tərcümə məktəbimizin nəzəri və praktik istiqamətdə formalaşmasında hiss olunacaq rol olnamışdır. XX əsrin 70-ci illərindən onun Respublika mətbuatında nəşr etdirdiyi tərcümə nümunələri, demək olar ki, oxucuların daim diqqət mərkəzində olmuşdur. Poeziyadan tərcümələrə belə davamlı, ardıcıl, intensiv, xüsusilə adekvat münasibət sonralar onun bir-birinin ardınca 1982-ci ildə «Qardaşlıq çələngi», 1984-cü ildə «Dünyaya pəncərə», 1992-ci ildə «Turan çələngi», 1994-cü ildə «Qutadqu bilik», ölümündən sonra 2000-ci ildə «Yeddi gözəl», 2002-ci ildə «İsgəndərnamə», 2010-cu ildə yenə də «Dünyaya pəncərə» (bu kitab 72 çap vərəqi, yaxud 1151 səhifədən ibarətdir və bu mənbədə az qala əksər dünya xalqlarının poeziyasından nümunələr yer almışdır – N.T) kimi kitabları nəşr olunmuşdur. Bu kitablarda tərcümə olunmuş müəlliflərin adları sadalanmaqla qurtaran deyil. Belə fundamental tərcümə nümunəsi Xəlil Rzanın tərcümə işinə nə qədər böyük məsuliyyətlə yanaşdığını təsdiqləməkdədir.
«Dünyanın ədəbi xəritəsi» kitabında Xəlil Rza müxtəlif dünya xalqlarının ədəbi nümunələrindən örnəklər verməklə yanaşı, həm də tərcüməyə cəlb etdiyi müəlliflərin yaradıcılıq xüsusiyyətləri haqqında müxtəsər və dolğun məlumatlar vermişdir. Məsələn, özbək poeziyasından nümunələr gətirdikdə Ə. Nəvai, M.Şeyxzadə, A.Arif, S.Eyni, Zülfiyyə, C. Kamal, Q.Qulam, A.Qəhhar; kalmık poeziyasından – D.Kuqultinov; türkməndən – Məhdimqulu; qazaxdan – Abay, M.Əvəzov; Türkiyədən – T.Fikrət, C.Rumi; farsdan – Sədi, Xəyyam; slavyan xalqları ədəbiyyatından – rus-K.Simonov, A.Blok, A.Voznesenki, Y.Yevtuşenko, N.Tixonov, V.Luqovskoy, İ.Selvinski, N.Nekrasov; ukrayna - T.Şevçenko; belarus –Y.Kolas, Y.Kupala; Pribaltikadan – eston – R.Rummodan, U.Lantdan, L.Seppeldən, L.Koyduladan; Latviya - İ.Auzindən, V.Belşevitsadan, M.Çaylaysdan, A.Skalbedən; litva – Ş.Vladasdan, K.Donelaytisdən, E.Mejelaytisdən, Y.Martsinkyaviçusdan, A.Maldonisdən, A.Baltakisdən, V.Qalinisdən; eyni zamanda Avropa və Amerika xalqları ədəbiyyatından, xüsusən H.Lonqfellonun «Hayavata haqqında nəğmə»dən örnəklər verməklə, həm də X.R.Ulutürk tərcümə etdiyi ədəbi şəxsiyyətlərin yaradıcılığına nəzər salaraq oxucuya daha gərəkli məlumatlar verir. Nəzərə alsaq ki, burada ən mühüm məqam ədəbiyyatların qarşılıqlı əlaqələrində tərcümə məsələləri daim ön planda durur və Xəlil Rza məhz burada milli ədəbiyyatların zənginləşməsində tərcümənin rolundan danışmaqla, onun adekvatlığının zəruriliyini qeyd edir, bu zaman onun şair-mütərcim kimi yaradıcı portreti oxucu (eyni zamanda tədqiqatçı) diqqətini özünə daha çox yönəldir.
Xəlil Rza, yuxarıda qeyd etdiyimiz kimi, tərcümənin praktik və nəzəri problemlərini yetərincə mənimsədiyindən onun metodik prinsiplərində orijinala sadiqlik, onu adekvat çevirmək istəyi ön planda dururdu. Buna görə də nəzəri müddəalardan (orijinalın dilini mükəmməl bilmək, orijinalda əksini tapmış gerçəkliyi başa düşmək və doğma dili gözəl bilməyin zəruriliyini ortaya qoymaqdan (18, 199) yetərincə qidalanan mütərcim tərcümə işini qan köçürmə sənətinə bənzətməklə, qan qruplarının bir-birinə uyğun gəlməsindən söhbət açmaqla, qruplar düzgün müəyyənləşdirilmədikdə fəlakət baş verəcəyi kimi tərcümədə də səhvə yol veriləcəyi təqdirdə anlaşılmazlıq yaranacağını söyləmişdir. Eyni zamanda X.R.Ulutürk ədəbiyyatın müxtəlif inkişaf mərhələlərinin bədii sirlərini mükəmməl bilən şair olmaqdan əlavə, bədii əsəri incədən-incəyə duyan şeirşünas və alim olmağın gerçəkliyini vurğulamışdır (18,199-200). Bütün bu məsələlərə münasibət sərgiləyərkən X.R.Ulutürk tanınmış tərcümə nəzəriyyəçisi Y.Etkindin fikirlərinə istinad edərək şeir tərcüməsi sənətində şairin yaradıcı təsəvvürünün sərbəst uçuşunun dəqiq bilik və araşdırma hesablamaları ilə uyuşduğunu söyləməklə, bu cür vəhdətin, bir tərəfdən, tərcüməni etibardan salan subyektivlikdən, digər tərəfdən, quru qeyri-bədii akademizmdən qurtulmağa təminat verdiyini diqqət mərkəzinə çəkir.
Bax, bütün bunlar X.R.Ulutürkün tərcümə zamanı mütərcimin adekvatlığı hansı parametrlərdə gözləməsini təsdiqləyir. Düzdür, adekvat tərcümə məsələlərinə də tərcüməşünaslıqda birmənalı yanaşılmır. Çünki adekvatlıq problemi uzun zaman kəsiyində müxtəlif mübahisələrə səbəb olmaqla, müxtəlif müddəaların və fərziyyələrin doğulmasını şərtləndirir, onlardan bəziləri gah diskussiyalar zəminində rədd edilir, gah da qəbul olunmaqla zənginləşdirilir.
Hər hansı özgə mədəniyyətin və ədəbiyyatın doğma mədəniyyətə və ədəbiyyata gəlməsində, daxil olmasında mütərcimin həlledici rolu vardır. L.Çerkasski bununla bağlı yazır: «…onun (tərcüməçinin – N.T. ) ideya inamından, estetik oriyentasiyasından, hətta istedadı haqqında danışmadan, əsərin taleyi asılıdır ki, o qəbul edən ədəbiyyatın hadisəsinə çevrilməklə, öz mühümlüyü ilə oxucuları inandıracaq, yoxsa əksinə, vərdiş edilmiş norma və zövqlərlə bir araya gəlməyib psixoloji və estetik uyğunsuzluğu ilə təəccüb, və ya təəssüf doğuracaqdır» (3,25). Belə olduğu təqdirdə mətnin tərcüməsində mütərcim fərdiliyinin ortaya çıxması qaçılmazdır, lakin bu da müxtəlif şəkildə ifadə olunur. Burada yüksək sənət nümunəsinə müraciət edərkən mütərcimin orijinalın tərcüməsinə öz möhürünü vurmasından, onun orijinalla tərcümə arasında inamlı və nüfuzlu vasitəçi olmasından savayı, müəllif mətnindəki situativ məqamların mütərcim tərəfindən zəiflədilməsi, yaxud gücləndirilməsi daha önəmlidir.
Əlbəttə, tərcümə o zaman yüksək sənət nümunəsi kimi qəbul edilə bilər ki, o əksər parametrləri ilə orijinala adekvat olsun. Adekvatlıqla ekvivalentlik termini bir-birinə uyğundur. Lakin burada söhbət heç də ondan getmir ki, tərcüməçi ekvivalentliyə, yaxud adekvatlığa böyük zəhmət sərf etmədən nail ola bilir.
Adekvat tərcümə orijinalla eyni olmayıb, ona bərabər tərcümədir. Dil stixiyası xalq mədəniyyətinin bütün rəngarəngliyini toplayıb əks etdirdiyindən, mətnin ikinci doğuluşu orijinal mətnin bütün sisteminə toxunan bir prosesdir ki, onun hər bir atomu bu sistemlərin yetərincə dəyişilməsini, yenidən qurulmasını tələb edir.
X.R.Ulutürk bütün bu prosesi dərindən dərk edən mütərcim kimi hər bir orijinalın psixoloji və emosional simasını, onun bədii, fəlsəfi və estetik konsepsiyasını, obrazlar sistemini, intonasiyasını, ritmikasını və harmoniyasını uyğun yaratmağa çalışır. O, bir tərəfdən, leksik adekvatlığa çalışırsa, digər tərəfdən, müavfiq deyim konstruksiyaları axtarışında olarkən bəzən çıxılmaz vəziyyətlərə düşür. Belə hallar qrammatik normaların, ölçünün orijinalda və tərcümədəki uyğunsuzluqları ilə yaranır. X.R.Ulutürk bir sıra mütərcimlərdən fərqli olaraq heç də Azərbaycan dilinə tərcümə zamanı rus hecasında və misrasında yer almış bütün hecanı və deyim tərzini saxlamağa çalışmır, orijinal misraların söz, ifadə və frazalarını da qorumağa səy göstərmir. Bəzi mütərcimlər yaddan çıxarırlar ki, orijinalda yer almış sözlərin sırası bədii olmaqla, orijinalın dil normalarına müvafiqdir.
Tərcümədə isə sıranı saxlamaq tərcümə dilində qrammatik normaların elementar şəkildə pozulmasına xidmət edə bilər. Əlbəttə, belə olduğu təqdirdə adekvat tərcümə haqqında danışmaq da olmaz. Belə olduğu halda orijinala sadiqlik, həm də tərcümə etdiyin dilə sadiqliyi əks etdirməlidir. Yəni mütərcim müəllif qavrayışının təzə-tərliyini, orijinalın bədii gerçəkliyini əks etdirməyi diqqət mərkəzində saxlamalıdır.
X.R.Ulutürkə görə mütərcim filoloji dəqiqliyi poetik harmoniya ilə sintez etməyi bacarmalıdır. Onun tərcümə prosesində digər xeyli mühüm məqamlarla yanaşı, hər iki dili və onların müqayisəli üslubiyyatını yaxşı bilmədən, hər iki ədəbiyyatda janrların, poeziya və nitq üslublarının inkişaf qanunlarını anlamadan, hər iki ədəbiyyatın tarixini və onların qarşılıqlı təsirini öyrənmədən əsil yaradıcı tərcümənin ortaya çıxmasına nail olma şübhə doğurur. Göründüyü kimi, X.R.Ulutürk mütərcimliyə orijinal sənətkarın yaradıcılığından heç də az yer verməmişdir. Onun fikrincə müəllif kimi tərcüməçi də bədii kəşf qüdrətinə malik sənətkardır. Yaradıcılıq zamanı müəllif həyat həqiqətini, bədii həqiqəti kəşf etdiyi halda, tərcüməçi müəllifi kəşf edir. İşin belə cəhəti ilə yanaşı eyni zamanda o, tərcümə işinə məsuliyyətlə yanaşa bilməyən mütərcimləri də tənqid etməyi zəruri hesab edərək yazır: «Bərbad tərcümənin başlıca təhlükəsi ondadır ki, burada yalnız ayrı-ayrı fikirlər, ifadələr, məcazlar deyil, həmçinin müəllifin mənliyi, yaradıcı siması, dəst-xətti alt-üst edilir, tamamilə başqa bir mənlik, başqa bir üslub ilə əvəz olunur» (17, 215). X.R.Ulutürk daha sonra bədii üslubu müəllifin yaradıcı portreti kimi dəyərləndirməklə aşağıdakıları söyləmişdir: «Orijinalın ruhunu təhrif edən, üslubunu aradan qaldıran tərcüməçinin xəyanəti məhz bunda aşkara çıxır ki, oxucuya o, müəllifin avtoportreti əvəzinə öz avtoportretini təqdim etmiş olur» (17, 216).
Gördüyümüz kimi, X.R.Ulutürkün tərcümə ilə bağlı nəzəri qənaətləri yetərincə dəyərlidir. O, tərcümənin başlıca amilləri kimi orijinalı düzgün oxuma, onu incəliklərinədək qavramaqla başlanır və buna görə də orijinalın dilini, müəllifin yaradıcılığını, üslub keyfiyyətlərini anlamadan, onun mənsub olduğu ədəbiyyat və xalqı lazımınca tanımadan, yalnız sətri tərcüməyə güvənməklə çalışan mütərcimlərin hər hansı bir uğur qazanmayacaqlarını, orijinalı təhrif edəcəklərini vurğulamışdır.
Bütün bunlar yetərincə sübut edir ki, X.R.Ulutürk poetik tərcümələ-rində daim adekvatlıq axtarışında olmuşdur. Bunu biz onun Ukrayna ədəbiyyatının klassiki T.Q.Şevçenkonun dilimizə müxtəlif mütərcimlərimiz tərəfindən çevrilmiş əsərləri, xüsusən «Vəsiyyət» və «Balaca Mariyanaya» şeirlərinin tərcüməsinin təhlilində də görə bilirik. Yeri gəlmişkən bildirək ki, T.Şevçenko yaradıcılığını dilimizə bir sıra tanınmış söz sahibləri M.Müşfiq, Ə.Cavad, S.Vurğun, R.Rza, M.Dilbazi, M.Rzaquluzadə, O.Sarıvəlli, S.Rüstəm, N.Rəfibəyli, M.Seyidzadə, T.Əyyubov, Ə.Ziyatay, M.Araz, A.Zeynallı, A.Vəfalı və başqaları tərcümə etmişlər. X.R.Ulutürk yuxarıda adlarını çəkdiyimiz şeirlərin tərcüməsinə nəzər salarkən «Vəsiyyət» şeirinə Ə.Cavaddan sonra M.Rzaquluzadə və S.Rüstəmin müraciət etmələrinə baxmayaraq, onların tərcüməsinin Ə.Cavad tərcüməsinə uduzduğunu göstərərək, «Nöqsanlar təkrar edildiyi halda, məziyyətlər çoxalmamışdır» (17,498), deyə qeyd etdiyi halda, bu tərcümələrin adekvatlıqdan kənar olduğunu vurğulayır. Ulutürk yazır: «Adi şairdən fərqli olaraq Şevçenko kimi dahi şairi tərcümə etdikdə mütərcimin məsuliyyət duyğusu ikiqat olmalıdır. Bu halda, o, hər sözün, hər misranın arxasında əzəmətli bir şair-vətəndaş-mütəfəkkir şəxsiyyətinin, şərə və eybəcərliyə qarşı mübarizədə zərrəcə güzəştə getməyən böyük bir cəngavərin, insan ləyaqəti, xalq səadəti uğrunda ardıcıl mübarizə aparan döyüşkən humanistin dayandığını daim hiss etməli və hiss etdirməlidir» (17,499).
Adekvatlığı tərcümədə diqqət mərkəzində saxladığından X.R.Ulutürkün nəzəri qənaətlərində tez-tez gürcü müəllifi G.Qaçeçiladzenin müddəalarına müraciət etməsi təsadüfi hesab edilməməlidir. Çünki G.Qaçeçiladzenin fikrincə realist tərcümə hər iki dilin milli spesifikasını və tərcümə prosesində qarşılaşan üslubi vasitələri nəzərdə tutmaqla, iki milli sistemdə (orijinalda və tərcümədə), iki yaradıcı fərdlərin (müəllifin və tərcüməçinin) arasında olan ziddiyyətləri həll edir. Bu, tərcümənin dialektikasıdır» (7, 133).
Tərcümədən yüksək bədii keyfiyyət tələbi Xəlil Rza Ulutürkün sənət missiyası idi. O, başqa xalqların ədəbiyyat nümayəndələrindən yazanda da, əsərlərindən tərcümələr edəndə də daim onların milli dildə və kim tərəfindən səsləndirilməsinə xüsusi diqqət yetirmişdir.
Hələ XX əsrin 70-ci illərində realist bədii tərcümənin necəliyi ilə bağlı diskussiyalarda müxtəlif fikirlər səsləndirilərək qeyd olunurdu ki, orijinala sədaqət orijinalın bədii gerçəkliyini, orijinaldakı tarixi gerçəklik və mütərcimin özünün yaşadığı tarixi gerçəkliyi əhatə etməlidir. Bax, bu xüsusiyyətlərə X.Rza Ulutürk kifayətqədər diqqət yetirməyi bacarmışdır.
Məlum olduğu kimi, Böyük Vətən Müharibəsinin müxtəlif tərəflərinin əksi rus poeziyasında bütün təfərrüatları ilə əksini tapmışdır. Bu baxımdan müharibənin məşəqqətli mənzərələrini yaradan V.İnber, M.Aliger, A.Surkov, O.Berqqolts, M.İsakovski, A.Tvardovski, N.Rılenkovla yanaşı, K.Simonovun əsərləri də daha böyük emosional təsirə malik olmuşdur. Şairin «Жди меня, и я вернусь» şeiri öz məzmunu, mahiyyəti, mahiyyətindəki bədbin və nikbin notları ilə Azərbaycan mütərcimlərini özünə daha çox cəlb etmişdir. K.Simonovun şeiri insanın milli xarakterinin möhkəmliyini əks etdirib, həm də milli hisslərin tamlığını, monolitliyini göstərməklə, öz sevgilisinə qovuşacaq əsgərin intim hisslərinin ifadəçisi kimi təsirlidir. Elə bu xüsusiyyətlərinə görə də milli hisslərin kükrəyişini tərənnüm etmək istəyən X.R.Ulutürk K.Simonovun bu şeirinə müraciət edərək onun dilimizə tərcümə olunmasını mühüm hesab etmişdir. Düzdür, X.R.Ulutürkə qədər K.Simonovun «Жди меня, и я вернусь» şeirinə Ə.Kürçaylı hələ 1961-ci ildə müraciət edərək, onu «Bahar dostları» (2) rus şairlərinin əsərlərindən tərcümələr məcmuəsində yerləşdirmişdir. Ə. Kürçaylıdan sonra bu şeiri X.Rza Ulutürk, daha sonra Ayaz Vəfalı və İsa İsmayılzadə Azərbaycan dilinə çevirmişlər. Şeirin həm özü, həm də onun tərcümələri maraqlı olduğundan orijinalı və tərcümələri (X.R.Ulutürk bu şeiri iki dəfə tərcümə etmişdir – N.T.) təqdim etməklə, X.Rza tərcümələrindən hər birinin adekvatlığını sübut etməyə çalışacağıq:
Жди меня, и я вернусь. Пусть друзья устанут ждать,
Только очень жди. Сядут у огня,
Жди, когда наводят грусть Выпьют горькое вино
Желтые дожди, На помин души…
Жди, когда снега метут, Жди. И с ними заодно
Жди, когда жара Выпить не спеши.
Жди, когда других не ждут, Жди меня, и я вернусь
Позабыв вчера. Всем смертям назло.
Жди, когда из дальних мест Кто не ждал меня, тут пусть
Писем не придет, Скажет: «Повезло!»
Жди, когда уж надоест Не понять, не ждавшим им,
Всем, кто в месте ждет. Как среди огня
Жди меня, и я вернусь, Ожиданием своим
Не желай добра Ты спасла меня
Всем, кто знает наизусть, Как я выжил, будем знать
Что забыть пора Только мы с тобой, -
Пусть поверят сын и мать Просто ты умела ждать
Вто, что нет меня, Как никто другой (13, 153-154).

Yeri gəlmişkən qeyd edək ki, K.Simonovun bu şeirinə tərcümə məqsədi ilə müraciət etmiş X.Rza ilə yanaşı, digər mütərcimlər də onu adekvat çevirməyə səy göstərmişlər, lakin digərlərindən daha çox onu orijinalın ruhuna uyğun tərcümə etmək məhz X.Rza Ulutürkə müyəssər olmuşdur:

Gözləməni, qayıdacam, Mən ölümün acığına
Gözlə, eynigar. Dönəcəm, gülüm.
Gözlə, kədər gətirəndə Dözməyənlər, qoy dözməsin,
Soyuq yağışlar. Dözömrüm – günüm.
Gözləməni, qar yağanda, Onlar bilməz: neçin orda
İsti düşəndə. Dönmədim külə.
Gözlə, bezib özgələri Məni xilas eylədin sən
Gözləməyəndə. Gözləməyinlə.
Gözlə məktub kəsiləndə Nə cür döndüm. Tək ikimiz
Səhra poçtundan. Bilərik bunu.
Gözlə təngə gətirəndə İnamla yol gözləməyin.
Hamını hicran Nə olduğunu.
Gözləməni, qayıdacam Heç kəs, heç kəs sənin kimi,
Baxma onlara – Qolum-qanadım,
Səbr etməyib, tab etməyib Gözləməyi bacarmadı,
Unudanlara. Sənsə bacardın (12).

70-ci illərin ortalarında araya-ərsəyə gələn bu tərcümə X.Rzanı qane etməmiş, o, əsərin tərcüməsi üzərinə yenidən qayıtmış, onu daha dərindən təhlil etmiş və tərcümənin sonuncu variantında oxuculara yeni məzmun, kompozisiya və strukturda bir nümunə təqdim edilmişdir.
Gözlə məni, qayıdacam, gözlə, ey nigar,
Gözlə, kədər gətirəndə zərdab yağışlar.

Qızmar gündə, qarlı gündə, dumanda-çəndə
Gözlə, bezib başqaları gözləməyəndə.

Gözlə, məktub kəsiləndə səhra poçtundan,
Gözlə təngə gətirəndə hamını hicran.

Gözlə məni, qayıdacam, baxma onlara –
Səbr etməyib, tab etməyib unudanlara.

Qoy inansın anam, balam: sağ deyiləm mən,
Dostlarımda əl üzsünlər yol gözləməkdən.

Acı şərab içsinlər qoy, yad edib məni,
Yox, tələsmə qaldırmağa sən piyaləni.

Mən ölümün acığına dönəcəm, gülüm,
Dözməyənlər qoy dözməsin, daş ömrüm-günüm.

Onlar bilməz: neçin odda dönmədim külə,
Məni xilas eylədin sən gözləməyinlə.

Nə cür döndüm tək ikimiz bilirik bunu –
İnamla yol gözləməyin nə olduğunu.

Heç kəs, heç kəs sənin kimi, qolum-qanadım,
Gözləməyi bacarmadı. Sənsə bacardın (14, 461-462).

K.Simonovun «Gözlə məni» şeiri orijinalda otuz altı sətirdən ibarət olduğu halda, X.Rzanın 1975-ci il tərcüməsində o otuz iki sətirdən, sonrakı ikinci tərcüməsində isə iyirmi beytdən (qırx misradan) ibarətdir. Yəni nə birinci, nə də ikinci tərcümənin həcmi orijinalın həcmi ilə üst-üstə düşmür. Əgər birinci tərcümədə biz orijinalın bəzi misralarındakı ifadələrin Azərbaycan dilinə tərcüməsini görmürüksə, ikinci tərcümədə mütərcimin orijinalın kompozisiya və strukturunu dəyişdiyini və orijinal ifadələrinin burada tərcümələrini görürük. Bununla belə bu dəyişikliyin əsərin milli qəliblərə salınması, onun ideya-məzmun çalarlarının daha obyektiv əks olunmasına kömək etdiyini və orijinalın adekvat yaradılmasına mənfi təsir etmədiyinin şahidi oluruq.
İlk baxışda belə görünə və dərk edilə bilər ki, X.Rza həm birinci, həm də ikinci tərcümədə orijinalda həm bir sıra sözlərin tərcüməsini verməyib, həm bəzi sözləri özü seçdiyi sözlərlə əvəzləyib, həm bir neçə misranı (birinci tərcümədə) tərcümə etməyib, həm də orijinalda olmayan bir neçə misranı tərcümənin infrastrukturuna daxil etməklə birinci mətnin gerçəkliyinə müdaxilə edib. Belə halları nəzərə alan gürcü tərcümə məktəbinin görkəmli nümayəndəsi G.Qaçeçiladze aşağıdakıları qeyd etmişdir: «Mütərcim yaxşı düşünüb qərara almalıdır ki, əslin ölçüsünü saxlamaqla o, eyni səmərəni əldə edə bilərmi? Əgər yox, belə olduğu halda o, onu bədii vəzifəyə müvafiq olan daha mühümü ilə əvəz etməlidir. Elə buna görə də müxtəlif dillərin metrik sistemlərinin prinsipial müqayisəli cədvəlini tərtib etmədən, əslin intonasiya və mənasının uçotunu nəzərə almadan ondan mexaniki olaraq istifadə etmək olmaz» (6, 220). Doğrudan da müxtəlif şeirşünaslıq sistemlərinə aid rus və Azərbaycan şeirinin elə özəl xüsusiyyətləri mövcuddur ki, bu özəllik nəzərə alınmadan poetik əsərlərin tərcüməsinin adekvatlığını təmin etmək mümkün deyildir.
Nəzərə alınmalıdır ki, mütərcim iş prosesi zamanı ayrı-ayrı söz, ifadə, söz birləşmələri və misraların olduğu kimi tərcüməsi ilə yox, mənanın və ruhun tərcümədə adekvat yaradılması ilə məşğul olmalıdır. Deməli, tərcümə hər hansı qrammatik dəyişiklik, yaxud transformasiyasız mümkün deyildir. Burada ümumi şeirin, bəndin, misranın leksik və qrammatik xüsuslu sözlərin, ifadələrin dəyişilməsi tərcümə işinin danılmaz atributu kimi diqqət mərkəzinə gəldiyindən nəyinsə buraxılması, nəyinsə əlavə edilməsi labüd haldır. Mütərcim hər iki dildəki qrammatik kateqoriya və formaları bir-biri ilə müqayisə edib tutuşdurduqda bu dillərin kateqoriyalarındakı spesifikliyi, yaxınlığı (uyğunluğu), kənarlaşmaları müşahidə edir. Hər bir dilin spesifikliyi, qrammatik strukturu tərcümədə transformasiyaların ortaya çıxmasını zəruri edir. Çünki dillərdəki söz formaları və konstruksiyaları mütərcimi buna vadar edir. Tərcümədə ekvivalentliyin, yaxud adekvatlığın əldə olunması üçün rus və Azərbaycan dillərindəki formal və semantik, leksik və üslubi sistemlər arasındakı fərqlərə baxmayaraq, mütərcim bir sıra dillərarası keyfiyyətli transformasiyalara getməyi lazım bilir. Bu transformasiyalar ilk növbədə orijinal mətnlə müqayisədə tərcümə mətnində yerdəyişmələrə gətirib çıxarır. Və bu yerdəyişmələr nəinki ayrı-ayrı sözlərin, söz birləşmələrinin, hətta misraların yerdəyişməsini qaçılmaz edir.
X. R.Ulutürkün K.Simonovun «Gözlə məni» şeirinin tərcüməsində biz nəinki yerdəyişmə, həm də buraxılma - bəzi söz, söz birləşməsi, misraların buraxılması ilə rastlaşırıq. Əgər bəzi hallarda bu buraxılmalar söz və ifadələrin dəyişilməsi hesabına aparılırsa, bir sıra hallarda tamamilə buraxılır. X. R. Ulutürk bu tipli buraxılmalara o zaman gedir ki, tərcümə zamanı bu buraxılmalar semantik baxımdan artıq görünür, yaxud da ona uyğun olan söz, ifadə, söz birləşməsi, konstruksiya hansı formadasa tərcümə mətnində işlənmişdir. Məsələn, X. R.Ulutürk birinci tərcümədə orijinaldakı «только», «добра», «наизусть», «сядут у огня», «позабыв вчера» və s. söz və ifadələri tərcümədən kənarda qoyub buraxsa da, şeirin intonasiya tutumunu, ritmikasını zəiflətməmiş və ona ana dilimizdə xüsusi nostalji ruh vermişdir. Birinci tərcümədə X. Rza Ulutürk hətta orijinal mətnin dörd misrasını mətndən kənarda qoymuşdur: «Пусть друзья устанут ждать, / Сядут у огня, / Выпьют горькое вино/ На помин души». Lakin mütərcim orijinalın misraları arasında elə «gəzişmişdir» ki, şeirin orijinalı tərcümə ilə müqayisəli planda diqqətlə nəzərdən keçirilməsə, bu buraxılmanı hiss etmək də mümkün olmayacaqdır. Çünki orijinaldan gələn ifadələri X. R. Ulutürk tərcümə mətnində elə ustalıqla cilalayıb birləşdirir ki, onların orijinal mətndə yer aldığı oxucunun (tədqiqatçının – N.T.) təsəvvürlərində oturmur.
Mütərcim çevirmədə uğurlu əvəzləmələrdən də istifadə edə bilir. Məsələn, orijinaldakı «желтые дожди» - «soyuq yağışlar», «из дальних мест» - «səhra poçtundan», «не желай добра» - «baxma onlara», «всем, кто знает наизусть, что забыть пора» - «səbr etməyib, tab etməyib unudanlara» tərcümədə gördüyünüz kimi verilir və orijinaldan gələn effekt belə tərcümə sayəsində qətiyyən azalmır.
X. R. Ulutürk tərcümə zamanı əlavələrdən də yeri gəldikdə istifadə edir. Beləcə tərcümə mətnində «Mən ölümün acığına / Dönəcəm gülüm./ Dözməyənlər, qoy dözməsin,/ Döz ömrüm-günüm./ Onlar bilməz: neçin orda / Dönmədim külə» «Heç kəs, heç kəs sənin kimi, / Qolum, qanadım» misraları ilə doldurulur və onlar mətnin infrastrukturuna uğurla uyğunlaşdırılır.
X. R. Ulutürk məsuliyyətli orijinal şair olduğu kimi, həm də məsuliyyətli, yaradıcı mütərcimdir. Onun bu və ya digər orijinal mətnin üzərində işi nəinki saatlarla, həm də günlərlə, aylarla, hətta illərlə davam edir. Bunu «Gözlə məni» şeirinin ikinci tərcüməsi də yaxşı sübut etmişdir.
Yuxarıda qeyd etdik ki, ikinci tərcümə bir sıra xüsusiyyətləri ilə səciyyəvidir. Birinci, orijinalın formal – struktur tərəfi tərcümədə fərdi yaradılır, ikinci, tərcüməyə orijinal mətndəkinə uyğun bəzən ifadələrin ekspressiyasını gücləndirən ifadələr əlavə olunur, üçüncü, tərcümə mətni sanki klassik ədəbiyyatımızda özünə çoxdan yer almış beytlərin vasitəsi ilə daha dolğun verilir və şeir daha yaxşı «həzm» edilir.
X. R. Ulutürk orijinalın heç də bütün söz və ifadələrini qoruyub saxlamaq məqsədi güdməmişdir. O, əsgərin sevgilisi ilə görüşəcəyi günün gələcəyinə oxucunu inandırır. Bununla belə o, orijinalın Azərbaycan oxucusuna yaxınlaşması üçün öz arsenalında olan sərbəstlikdən istifadə etsə də, volyuntarizmə yuvarlanmır. Mütərcimin «желтые дожди» ifadəsini «zərdab yağışlar» kimi verməsi birinci tərcümədə yer almış «özgələri» ifadəsinin ikincidə «başqaları» ilə əvəzlənməsi, yaxud orijinaldakı «Выпьют горькое вино/ На помин души…/ Жди. И с ними заодно/ Выпить не спеши» misralarının «Acı şərab içənlər qoy yad edib məni,/ Yox, tələsmə qaldırmağa sən piyaləni» şəklində tərcümə etməsi «Gözlə məni» şeirinin tərcüməsinə yeni rəng qatır. Şeirin tərcüməsində ekspressiya daha da güclənir və «Кто не ждал меня, тот пусть/ Скажет: «Повезло» - tərcümədə «Dözməyənlər qoy dözməsin, daş ömrüm-günüm» kimi oxucuya çatdırılır. İkinci tərcümədə orijinal mətnə nisbətən bir neçə söz və ifadə artıq işlədilsə də (“acığına dönəcəm, gülüm, daş ömrüm - günüm, dönmədim külə, piyaləni, qolum - qanadım” və s.), qarşımızda mükəmməl tərcümə nümunəsinin yaradılması şübhə doğurmur.
«Gözlə məni» şeirindəki orijinalda tez-tez təkrarlanan «Жди меня, и я вернусь», yaxud «Жди» sözləri və ifadələri olduğu kimi tərcümədə də maraqlı poetik mənzərə yaradır. Orijinal mətndə olduğu kimi tərcümə mətnində də «Gözlə məni», «Gözlə» ifadələrində şeirin başlıca emosional məna yükü əksini tapır. Söz və ifadələrin belə sintaktik hərəkəti şeirə maraqlı nəğmə ritmikliyi gətirir. Şeirin tərcüməsi K.Simonovun əksər poetik priyomlarını uğurlu saxlamaqla, orijinalın ruhunu onun özəl xüsusiyyətlərinə uyğun yaradır.
X. R. Ulutürk, bir tərəfdən, bütün mütərcimlik praktikasında orijinala yaxından bağlılığı nümayiş etdirirsə, digər tərəfdən, orijinal mətnlə «sərbəst» davranmağı sevir. Belə sərbəstlik ona heç də orijinal mətndən kənarlaşmağı diktə etmir. Bu, nəinki ona tərcümə etdiyi şairin özünəməxsusluğunu dərk etməyə, həm də orijinalın koloritini saxlamağa imkan verir. Yeri gəlmişkən qeyd edək ki, K.Simonov lirikası ona qədərki klassik rus poeziyasından qaynaq alaraq inkişaf etmiş, mövzu, məzmun və forma cəhətdən xüsusilə zənginləşmişdir. Əlbəttə, X. R.Ulutürk lirikası da öz xüsusiyyətlərinə görə Nizami, Füzuli, Vaqif poeziyasından güc almış və formalaşmışdır. Yəni hər iki şairin yaradıcılığına milli poetik ənənə kifayət qədər təsir göstərmişdir. Elə buna görə də hər iki şairin yaradıcılığında romantik vüsətlə, realist cizgilər qarşılıqlı şəkildə yaşamaqdadır. Bu, hər iki şairin yaradıcılığının danılmaz xüsusiyyətləridir. K.Simonov kimi X. R.Ulutürk də tərcümə zamanı məhz bu iki qütbü saxlamağa çalışmışdır.
Məlum olduğu kimi, hər hansı tərcümə nə qədər dəqiq və orijinala yaxın olsa da, o əslin yaradıcılıqla yaradılması nəticəsində zühur edir. Özgə milli zəminə düşməklə, orijinal mütləq transformasiyaya məruz qalır. Lakin belə transformasiya iki istiqamətdə gedə bilir. Birinci halda orijinal daha böyük dəqiqliklə digər dildə yaradıcılıqla ortaya qoyulur və bu orijinala heç bir xələl gətirmir, başqa bir halda isə o arzuolunmaz dəyişikliklərə məruz qalmaqla, əsərin məna və mahiyyətinə xələl gətirir. Birinci yol nə qədər əsaslı və özünü doğruldursa, ikinci yol o qədər əsassız və təhlükəlidir.
X.R.Ulutürkün K.Simonovdan etdiyi «Gözlə məni» şeirinin tərcüməsinin təhlili göstərir ki, onun üçün birinci yol xarakterikdir və məhz burada X.R. Ulutürkün tərcüməçilik istedadı və bacarığı öz əksini tapır.
K. Simonovun «Gözlə məni» şeiri bir-biri ilə qarşılıqlı əlaqə və vəhdətdə olan ritm, melodiya, arxitektonika, üslub, məna, obraz, emosional məzmun (bu cəhət özünü şeirdə daha yüksək şəkildə əks etdirir – N.T.) və onların qarşılıqlı münasibətlərində daha qabarıq şəkildə büruzə verir və bu elementlər oxucu təfəkküründə sintetik effektə hesablanır.
X.R.Ulutürk ikinci tərcümədə orijinalın məzmununu daha böyük dolğunluqla yarada biləcək tərcüməyə üstünlük vermişdir. Belə olduqda tərcümənin estetik və idraki əhəmiyyəti də önəmli olur. X. R.Ulutürk ikinci tərcümədə orijinalın vərdiş olunmuş arxitektonikasını pozsa da, onun səslənməsini, ritmini, intonasiyasını yetərincə adekvat yaratmağa imza atmışdır.
Nəinki bütün poetik nümunələrdə, həm də K.Simonovun «Gözlə məni» şeirində ritm kifayətqədər dolğun eşidilir. Tanınmış tərcümə nəzəriyyəçisi və praktiki Mixail Lozinski «Şeir tərcüməsi sənəti» məqaləsində ritmin aşağıdakı əhəmiyyətinə diqqət çəkir: «Ritm poeziyanın ən dərin, ən mühüm təşkiledici başlanğıcıdır. Ritmin çoxtərəfliliyi…, müxtəlifliyi bizə müxtəlif cür təsir edir və təsadüfi deyildir ki, şairlər özləri üçün lazımi deyimi bu və ya digər ritmik qiyafəyə bürüyürlər… Şair-mütərcim hər şeydən öncə tərcümə etdiyi şeirin ritmini yaratmağı bacarmalıdır» (8, 98). Yəqin elə buna görə də X.R. Ulutürk belə bir magistraldan çıxış edərək K.Simonov şeirinin ritmini doğru-düzgün verməyə çalışmışdır. Mütərcim sanki bilirdi ki, şeir tərcüməsində ritmin seçilməsi tərcümənin çıxış nöqtəsidir, lakin ritmin yaradılması da adi, sıradan olan məsələlərdən deyildir. Məsələn, orijinaldakı:
Жди, когда наводят грусть
Желтые дожди,
Жди, когда снега метут,
Жди, когда жара,
Жди, когда других не ждут,
Позабыв вчера, - misralarını X.R.Ulutürk birinci
tərcümədə:
Gözlə, kədər gətirəndə
Soyuq yağışlar.
Gözlə məni, qar yağanda
İsti düşəndə.
Gözlə, bezib özgələri
Gözləməyəndə, -

kimi vermişdirsə, ikinci tərcümədə həmin sətirlər aşağıdakı kimi təqdim olunmuşdur:
Gözlə, kədər gətirəndə zərdab yağışlar.

Qızmar gündə, qarlı gündə, dumanda-çəndə
Gözlə, bezib başqaları gözləməyəndə.
Hər iki tərcümənin nümunə gətirdiyimiz misraları yetərincə poetik olması ilə yanaşı, həm də orijinal müəllifinin ritminə X.R.Ulutürkün sayğı ilə yanaşmasını əks etdirir.
Akad. B.Nəbiyev X.R.Ulutürkün Musa Cəlilin «Moabit dəftəri»nin tərcüməsi ilə bağlı hələ 80-ci illərdə yazırdı ki, X.Rzanın dörd misraya məxsus dörd sözün qafiyədaşlığından əlavə «səng», «biləng», «tüfəng», «cəng» anlayışlarının yaratdığı qəhrəmanlıq ahənginə, «yağılar yadında», «dişimlə didərəm» ifadələrində yaşanan bədii alliterasiya səliqəsinə nəzər yetirərək, məzmunu qabarıq şəkildə meydana çıxaran poetik biçimin gözəlliyini qeyd edərək, «Moabit dəftəri»nin tərcüməsini tərcümə yox, həqiqi bədii möcüzə adlandırmışdır. Xəlil Rzanın bu yolla tərcümə etdiyi şairlərə göz işığı, ürək alovu, mənəvi qüvvət bəxş etdiyini söyləmişdir (9).
X.R.Ulutürk Musa Cəlilin «Moabit dəftəri»nin tərcüməsi üzərində işləyərkən orijinalın digər məqamları ilə yanaşı, həm də tatar dilinin qafiyələrini Azərbaycan dilində qoruyub saxlamağa çalışmışdır. Bunu biz bu siklə daxil edilmiş «Yalnız, yalnız azadlıq», «Son nəğmə», «Ölüm ərəfəsində», «Sevgilimə», «Sən unudarsan», «Xədicə», «Mənim nəğmələrim», «İgidlik haqqında», «Azadlıq marşı», «Dvinaya», «Bağışla, ey Vətən», «Sayıqlamalar», «Qapı ağzında», «Timolu eşq», «Birə», «Tabut», «Ana bayramı» şeirlərinin tərcüməsində yaxşı görürük. «Ana bayramı» şeirinin orijinalından bir parçasını nümunə gətirib onu X.R.Ulutürk tərcüməsi ilə müqayisə edək:
Ana aldı alsu bayraknı,
Kuzen sürtte, küze açıldı.
Karşısında toraqay rətle,
Kin kükrəklə batır laçını (17,71).
X.R.Ulutürk tərcüməsi:
Ana al bayrağın ipək telini,
Sürtdü gözlərinə, gözü açıldı.
Oğlunun çiyninə qoydu əlini,
Bir az da yüksəldi onun laçını (17,71).
Parçanın tərcüməsindən göründüyü kimi mütərcim Musa Cəlilin «açıldı-laçını» qafiyələrini eynilə saxlamağa müvəffəq olmuşdur.
Yeri gəlmişkən söyləməyə ehtiyac vardır ki, tərcümə edilən poetik nümunənin ritmi və strofikası o zaman adekvat yaradıla bilər ki, mütərcim həmin nümunənin orijinalı ilə dərindən tanış olur, orijinal dilin xüsusiyyətlərini bilir və bununla da əsərin milli koloritini yaratmağa səy göstərir. Bu səyi biz X.R.Ulutürkün rus, belarus, ukrayna, tatar, Şimali Qafqaz türk xalqları, Orta Asiya türk xalqları şairlərindən etdiyi tərcümələrdə də yaxşı hiss edirik. Yəni demək istəyirik ki, X.R.Ulutürkü əsldən, orijinaldan birbaşa tərcümələr daha çox düşündürmüşdür. Mütərcimin belə tərcüməyə meylini onun «Moabit dəftəri»nin tərcüməsinə dair» məqaləsində də tapırıq. O, yazır: «Ürəyimdə qızğın bir arzu baş qaldırmışdı: Musa Cəlili ruscadan çevirmiş şairlərimizdən fərqli olaraq (X.R.Ulutürk Böyükağa Qasımzadə və Ələkbər Ziyatayı nəzərdə tuturdu – N.T.) görəsən bu əsərləri birbaşa orijinaldan tərcümə etmək olmazmı? Fikrimi o çağlar «Məmməd İbrahim» imzası ilə şeirlər yazan, hazırda məşhur şairimiz Məmməd Araza açanda sevindi və tünd qırmızı rəngli, qalın bir kitabı şəxsi kitabxanasından götürüb mənə bağışladı… İndi mənim əlimin altında bütöv bir xəzinə vardı. Lakin başqa bir canlı xəzinəni yaşadığım evdə tapdım (X.R.Ulutürk o vaxtlar özünün kirayədə yaşadığı evi nəzərdə tuturdu – N.T.). Ev sahibi Fatma xanım ağbirçək və üzü nurlu bir tatar qadın idi. Evində çoxlu tatar kitabları olduğundan və «Kazan odları» jurnalına illik abunə yazıldığından anlayırdım ki, Musa Cəlili anmaqda və mənimsəməkdə, dilini və milli simasını qoruyub saxlaya bilmiş bu ziyalı qadından yardım və qüvvət almaq olar. Yanılmamışdım. Ancaq çox keçmədən bəlli oldu ki, Fatma xanım «Moabit dəftəri»ndən hər hansı şeiri həyəcansız, göz yaşı axıtmadan dinləyə bilmir… Mən sonralar görkəmli sovet yazıçısı Konstantin Simonovdan tutmuş şairin həyat yoldaşı Əminə Cəlilə və qüdrətli tədqiqatçısı Rafael Mustafinə qədər bir sıra Cəlilşünasların məqalə və xatirələrini, oçerk və monoqrafiyalarını oxuyub öyrənə bildim. Lakin açığını deyim ki, Musa Cəlil tərcüməsində heç bir qaynaq mənə Fatma xanımın göz yaşları qədər güclü təsir və yardım göstər-məyib…
Türkdilli xalqların ədəbiyyatları sferasında bədii tərcümənin ləyaqət meyarı olaraq bəzən vəznin, qafiyənin saxlanılmasını şərt qoyurlar. Bizcə, bu şərt heç də ləyaqət meyarı ola bilməz. Burada ləyaqət meyarı şairliyin zəruri səsidir, orijinalda əksini tapmış bədii gerçəkliyin yenidən canlandırılmasıdır» (17,62-63, 71).
Misra ilk ritmik sıradır. Və hər bir şeir vahid qapalı sistem altında birləşmiş belə ritmik sıranın ardıcıllığı olmaqla strofa yaradır ki, bu strofalar da biri digəri ilə birləşərək zəncirvari bir sistem əmələ gətirir. Deməli, strofa hər bir şeirin ikinci yaradıcı başlanğıcı olmaqla, misraların ardıcıllıq formasıdır. Bu ardıcıllıq X.R.Ulutürk tərəfindən həm birinci, həm də ikinci tərcümə zamanı özəlliklə yaradılır.
X.R.Ulutürk türk xalqlarının XI əsrə aid möhtəşəm abidəsi olan Yusuf Bala-sagunlunun «Qutadğu bilik» poemasını dilimizdə adekvat səsləndirilməsinə də kifayətqədər zəhmət sərf etmişdir. Bu əvəzsiz «Xoşbəxtliyə aparan kitab»ı, «Dövlət kitabı»nı, «Dövlətnamə»ni poetik tərcümədə ilk dəfə olaraq Azərbaycan türklərinə çatdıran məhz X.R.Ulutürk olmuşdur. Bəlkə də X.R.Ulutürk tərcüməsi olmasaydı Y.Balasagunlu yaradıcılığı ilə bu günə qədər də tanışlığımız yetərincə baş tutmayacaqdı. Belə ki, digər türk xalqları – özbəklər, türkmənlər, qırğızlar, Anadolu türkləri, ruslar və başqaları bu abidənin poetik tərcüməsini hələ 60-70-ci illərdə oxuculara çatdırdıqları halda, biz yenə də gözləyirdik… Yaxşı ki, Ramiz Əskərlə, Kamil Vəli Nərimanoğlu 80-ci illərdə əsərin sətri tərcüməsini etmişdilər. Onlardan sonra «Qutdağu bilik»in poetik tərcüməsinin xalqımıza çatdırılması Azərbaycan ədəbiyyatşünaslığı və tərcüməşünaslığının nailiyyəti kimi dəyərləndirilməlidir və bu nailiyyət məhz X.R.Ulutürkün adı və yaradıcılığı ilə bağlıdır.
«Qutdağu bilik»in X.R.Ulutürk tərcüməsi ilə bağlı prof.Kamil Vəli Nərimanoğlu kitaba yazdığı «Dövlətçilik haqqında, böyük kitabın poetik tərcüməsi haqqında söz» məqaləsində şairin mütərcimlik səriştəsi və ustalığından yerli-yataqlı danışmaqla, onun orijinala doğru mövqedən yanaşdığını və bu əsərin tərcüməsinin şairin «əqidəsi», qan yaddaşı, inamı və imanı ilə bağlı olduğunu göstərmişdi. Məqalə müəllifi bunu da haqlı olaraq qeyd etmişdi ki, X.R.Ulutürk «…özbək-Azərbaycan ədəbi-mədəni əlaqələr tarixini öyrənərkən» qədim qaynaqlarla üzləşmiş, onları öyrənmiş, araşdırmış və ürəyinin tələbini ortaya qoymuşdur. X.R.Ulutürk əsəri müəyyən mənada sərbəst çevirsə də, kanonik mənbəyə sayğı ilə yanaşmış, istər orijinalın R.R.Arat çapını, istərsə də özbək alimi K.Kərimovun çapını gərəyincə öyrənmiş, çağdaş türk dillərini və rus dilini (S.N.İvanovun poetik tərcüməsi) ustalıqla incələmişdir (11,7).
Doğrudan da 6411 beytdən ibarət olan bu kitabın hansı beytinə nəzər salsaq, orada ilk növbədə diqqəti cilalı, ovxarlı söz cəlb edəcəkdir. Bəlkə elə buna görə də bütün mətnin tərcüməsi boyu korşalmış, zövqü kütləşdirən, fikri lüzumsuz haçalaşdıran heç bir ifadəyə rast gəlmək mümkün deyildir.
X.R.Ulutürkün «Qutaduğu bilik»in Azərbaycan türkcəsinə tərcüməsini bir sıra mühüm yanaşma fərqləndirir. Bu, hər şeydən öncə, bir tərəfdən, klassik türk şeirinin incəliklərinə dərindən bələdlikdirsə, digər tərəfdən, əsərin vəznini, qafiyə sistemini müasir türk şeirinin texnikasına ustalıqla uyğunlaşdırmaqla bağlıdır.
Qeyd edək ki, X.R.Ulutürk nəinki Y.Balasağunludan etdiyi «Qutdağu bilik»in tərcüməsində, həm də digər türk və qeyri-türk xalqlarının poeziyasından etdiyi tərcümələrdə mətnin forma və məzmun vəhdətinin saxlanılmasına çalışır. Şair (eyni zamanda mütərcim və həm də tədqiqatçı – N.T.) yaxşı bilirdi ki, mükəmməl tərcümə forma və məzmun vəhdətini qorumazsa, uyğunsuzluğa düçar ola bilər. Ulutürk bunu da bilirdi ki, bütün ədəbiyyatlardan tərcümədə forma və məzmun vəhdətinin saxlanılması diqqət mərkəzində durmalıdır.
X.R.Ulutürkün tərcümə yaradıcılığını onun tərcümə nəzəriyyəsi və praktikası ilə bağlı tədqiqatlarından təcrid olunmuş şəkildə nəzərdən keçirmək sənətkarın bu sahədəki yaradıcılığına dərindən tanış olmayan tədqiqatçı təsiri bağışlayardı və tərcümə sahəsindəki fəaliyyətinə kölgə salardı. Onun «Dünyanın ədəbi xəritəsi» kitabını vərəqlədikcə X.R.Ulutürkün özünü tərcümə nəzəriyyəçisi kimi təsdiqləməsi bu sənətkarın elmi-nəzəri təfəkküründən doğduğunun şahidi oluruq. Çünki o, hər hansı ədəbiyyat nümunələrini təqcümə məqsədi ilə diqqət mərkəzinə çəkdikdə bu nümunələri həm də nəzəri cəhətdən araşdırır və orijinala hansı yöndən yanaşmanı doğru müəyyənləşdirir. Məsələn, T.B.Qurtuyevanın «Çağdaş balkar poeziyasında gələnək və yenilikçilik» əsəri haqqında» danışarkən X.R.Ulutürk, bir tərəfdən, malkar poeziyasının inkişaf yolundan, özünəməxsusluğundan, onun tanınmış nümayəndələrindən, digər tərəfdən, onu dərindən araşdıranların əsərlərindən söhbət açmaqla, fikrini T.B.Qurtuyevanın yaradıcılığı üzərində cəmləyir, müşahidələr aparır, obyektiv nəticələrə gəlir. Yeri gəlmişkən deyək ki, X.R.Ulutürk hər hansı bir ədəbiyyatdan tərcüməyə başlamazdan əvvəl bu ədəbiyyatın tarixi köklərini, inkişaf istiqamətlərini, müxtəlif dillərə tərcüməsini yaxşıca öyrənir, orijinalı bildiyi dillə müqayisə edir, əsaslı götür-qoy edir və əsərin ana dilinə çevrilməsinə başlayır. Məsələn, elə Q.Quliyevin «Qılınc və qızıl gül» şeirinin tərcüməsində olduğu kimi:

Кьаялада мирзеу битген жеримде
Сюеме гюллени кьызаргьанларын.
Булутла агьара етген жеримде
Эштгенме кьылычла сызгьыргьанларын.

Айтама мен бюгюн сыйлы жериме;
— Карлы бийиклеринге кьарай, елсем,
Кеси кьолунг бла кекюрегиме
Салырса кьылчны да, гюлню да сен! (16,34).
X.R.Ulutürk sonra bu şeirin rus tərcüməsini öyrənir və onu orijinala nə qədər yaxın olub-olmamasını müəyyənləşdirmək baxımından oxuculara tədqdim edir:
Где зелень пробивается сквозь
И на плечи ложатся облака,
Мне дорог розы красноватый пламень
И лунный блеск холодного коинка.

Родную землю просьбой беспокою,
Я говорю ей тихо: - Не забудь,
Когда умру, ты мне своей рукою
Клинок и розу положи на грудь (16,33).
Yalnız bundan sonra X.R.Ulutürk şeirin Azərbaycan türkcəsində tərcüməsini verir:
Yaşıl bir gözəllik bitən yerimdə
Qayada qızılgül, ləçəyində qan.
Üstündə buludlar ötən yerimdə
Elə bil qılınclar sıyrılır qından.

Yavaşca deyirəm: ana yurd, dinlə,
Ölsəm son sözümü, son arzumu duy:
Qəbrimin üstünə sən öz əlinlə
Bir şehli qızılgül, bir də qılınc qoy (16,34).
Həm orijinalı, həm də tərcümələri bir-biri ilə müqayisə etdikdə görürük ki, X.R.Ulutürk orijinalın dərinliklərinə daha da nüfuz etməklə göstərir ki, malkar şeiri bədii dil baxımından hələ formalaşmaq dövrünü yaşadığından bəzi hallarda şeirdaxili bölgülər də uyğunsuzluq görünür, 6-5 hecalıq əsasında yazılmış misralar 7-4 bölgülü misralarla qonşuluq etsə də, şeirdaxili bölgünün mükəmməlliyi pozulur. Buna görə də mütərcim şeirdəki bu çatışmazlıqları, bu hərc-mərcliyi, xaotikliyi «islah» etməklə, Azərbaycan türkcəsində onun mükəmməl səslənməsinə nail olur. Yəqin elə buna görə də X.R.Ulutür-kün digər ədəbiyyatlardan etdiyi tərcümələr öz tamlığı və orijinallığı ilə seçilir. Bu mənada Beynəlxalq Tərcüməçilər Federasiyasının uzun müddət Prezidenti olmuş Pyer Fransua Kayyenin «Tərcüməçi olmaq mümkün deyil, tərcüməçi doğulmaq gərəkdir» deyimini X.R.Ulutürk tərcümələrinə nəzər saldıqda müdafiə etməkdən savayı başqa bir fikir ortaya gəlmir. Əlbəttə, məqsədə çatmaq uğrunda mübarizə aparan insanlar bütün bilik və bacarığını bu çətin peşəyə həsr etdikdə müəyyən uğurlar əldə edə bilirlər. Lakin ilahidən gələn istedad olduqda isə tərcümə daha sanballı, daha adekvat alınır. Bununla belə bu sahədə olan, nəzəri müddəaların dərindən öyrənilməsi də burada heç də sonuncu rol oynamır. Eyni zamanda nəzərə alınmalıdır ki, «X.R.Ulutürkün orijinal yaradıcılığı dil, lüğət, bədii ifadə vasitələrindən gen-bol istifadə ilə zəngindir. Şairin digər ədəbiyyatlardan etdiyi tərcümələrdə də bu cəhət özünü xüsusilə əks etdirir. Təbii ki, şeirin özü sirli-sehirli bir aləm olduğu kimi tərcümədə də bu sehri, bu vəziyyəti, daxili ürək çırpıntılarını, obrazlı, qanadlı ifadələri, metaforaları böyük istedad sahibi olmasan vermək mümkün deyildir. Məhz burada mütərcimin əsl sehirbazlığı ortaya çıxır ki, o, əfsunçu kimi poeziyanı poeziya edən incə, nəcib hissləri, kükrəyişi, qəzəbi və s. tərcümə oxucusuna doğru çatdıra bilir» (15, 221) .
X.R.Ulutürkün poetik assosiasiyaların dili ilə fikri ifadə etməsi, hər bir söz və ifadənin daxili mənasına vara bilməsi, metaforik təfəkkür tərzinə malik olması, formanın əhəmiyyətini dərk etməsi və ürəyi riqqətə gətirə biləsi sətri yaradıb oxucuya təqdim edə bilməsi və s. əsl sənətkarlıqdır.
Tərcümələrə diqqət edəndə görmək çətin deyil ki, X.R.Ulutürk əsasən azadlıq, istiqlal, millilik, bəşərilik, xalq taleyi problemi ilə zəngin olan əsərləri dilimizə çevirməyə xüsusi səy etmiş, bu da onun azadlıq, millilik və bəşərilik ruhundan irəli gəlmişdir. Xüsusilə o, tərcümə etdiyi əsərlərdə özünün zəngin mental təfəkkürünü diqqətdə saxlamışdır (4, 334).
X.R.Ulutürkün Azərbaycan oxucularına təqdim etdiyi müxtəlif dünya xalqları ədəbiyyatlarından tərcümələri Azərbaycan tərcüməçilik məktəbinin mühüm səhifəsini təşkil etməkdədir.
Bu tərcümələr böyük şairin otuz illik yaradıcılıq fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir. X.R.Ulutürk tərcümələrində yer almış əksər nümunələrin başlıca ideyası etnik-milli ideallarla bəşəri hisslərin, xalq mənəviyyatının kükrəyişi, xalqa xidmətlə üzvü surətdə bağlılığı görünür. Çünki milli və bəşəri tərəqqi uğrunda mübarizə, vətənpərvərlik, humanizm və istiqlal əzmi həmin əsərlərin ana xəttini təşkil edir. X.R. Ulutürk də məhz belə nümunələri ədəbiyyatımızın faktına çevirməkdə əlindən gələni əsirgəməmiş, milli poetik fikrin zənginləşməsində yaxından iştirak etmişdir.

İstifadə olunmuş ədəbiyyat

1. Антология азербайджанской поэзии. М., “ГИХЛ”, 1939, 426 с.
2. Bahar dostları. Bakı, “Azərnəşr”, 1961.
3. Черкасский Л.Е. Русская литература на Востоке. Теория и практика перевода. М., “Наука”, 1987, 184 s.
4. Əsgərli Ə. Poetik tərcümələrində mental təfəkkür// Əsgərli Ə. Milli ideal mücahidi. Bakı, “Elm”, 2005, s. 334-346.
5. Əsgərli Ə. Milli ideal mücahidi. Bakı, “Elm”, 2005. 419 s.
6. Гачечиладзе Г. Художественный перевод и литературные взаимо-связи. Изд-во второе. М., «Сов. писатель», 1980, 255 s.
7. Гачечиладзе Г. О теории реалистического перевода//Гачечиладзе Г. Художественный перевод и литературные взаимосвязи. Изд. второе. М., “Сов. писатель”, 1980, s. 125-154.
8.Лозинский М.Л. Искусство стихотворного перевода//Перевод-средство взаимного сближения народов. М., “Прогресс”, 1987, s. 91-106.
9. Nəbiyev B. Məhəbbət duyğuları. “Azərbaycan gəncləri” qəzeti, 1983, 6 dekabr.
10. Nəbiyev B. Dünyanın poetik xəritəsi// Ulutürk X.R. Dünyanın ədəbi xəritəsi. Bakı, “Çinar-Çap”, 2008. s.7-12.
11. Nərimanoğlu K.V.Dövlətçilik haqqında böyük kitabın poetik tərcüməsi haqqında söz// Balasaqunlu Y. Qutadqu bilik. Poema. Tərc. ed. X.R.Ulutürk. Bakı, “Gənclik”, 1998, s.3-9.
12. Simonov K. Gözlə məni. Tərc. ed. X.Rza. “Azərbaycan müəllimi”, 1975, 28 noyabr.
13.Симонов К. Стихотворения и поэмы. Л., “Сов. писатель», 1990.
14. Simonov K. Gözlə məni//Ulutürk X.R. Dünyaya pəncərə. Bakı, “Çinar-Çap”, 2010, s. 461-462.
15. Tağısoy N. Xəlil Rza Ulutürkün tərcümə yaradıcılığı (Nəzəri və praktik zəmində). Bakı Qızlar Universiteti. “Elmi əsərlər”, 2008, № 3, s.217-224.
16. Ulutürk X.R. T.B.Qurtuyevanın “Çağdaş balkar poeziyasında gələnək və yenilikçilik” əsəri haqqında// Ulutürk X.R. Dünyanın ədəbi xəritəsi. Bakı, “Çinar-Çap”, 2008, s. 28-35.
17. Ulutürk X.R. Dünyanın ədəbi xəritəsi. Bakı, “Çinar-Çap”, 2008, 694 s.
18. Ulutürk X.R. Poetik tərcümədə şairliyin elmi-filoloji əməyə arxalan-ması zərurəti// Ulutürk X.R. Dünyanın ədəbi xəritəsi. Bakı, “Çinar-Çap”, 2008, s.199-214.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.