Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

Yazılı ədəbiyyat qazax ədəbiyyatında yeni mərhələnin başlanğıcı kimi

XIX əsrin 60-cı illərində Qazaxstanın Rusiy imperiyası tərəfindən işğalı başa çatdı. Bu işğalın çoxsaylı fəsadları olmasına baxmayaraq, onun qazax xalqının mədəni-mənəvi həyatında xeyli müsbət məqamlarını da qeyd etməmək insafsızlıq olardı. Çünki məhz bu dövrdən qazax xalqının tarixində yeni inkişaf mərhələsi başlamışdır. Bəzi müəlliflər Qazaxstanın Rusiya imperiyasının tərkibinə daxil olmasını tarixi zərurət kimi qiymətləndirsələr də, bu aktın mənfi cəhətləri də az deyildi. Bu proses sonra az qala yüz ildən artıq davam etdi. Və qeyd edilən dövrdə qazax səhrasının əyatında yetərincə köklü dəyişikliklər baş verdi. Qazaxstanın sosial-iqtisadi və ictimai-mədəni həyatında yeni köklü və qlobal dəyişiklər üçün start verildi. Bu dövrdə qazax cəmiyyətində baş verən sosial-iqtisadi xarakreli dəyiçikliklər ilk növbədə çarizmin müstəmləkəçilik siyasəti, milli azlıqların idarə olunması ilə bağlı idi. Azsaylı xalqların məhbəsi hesab edilən çar Rusiyası işğaldan sonra qzax cəmiyyətini amansızcasına sıxışdırmağa başladı. Rusiyanın imperiya ambisiyaları getdikcə sürətlənirdi. Əvvəllər feodal hakimiyyətindən cana doymuş qazax camaatı indi çarizmin də boyunduruğu altında inləməyə məcbur edildi. Bütün bu çətinliklərə baxmayaraq qazax cəmiyyəti daha sürətli iqtisadi və mədəni inkişaf üşün imkan əldə etməklə irəliliyə bilirdi.
Qabaqcıl rus ziyalaları ilə qazaxların ünsiyyətə girməsi rus mədəniyyəti incilərinin qazax səhrasında mənimsənilməsi, mütərəqqi ideyaların yayılması və s. kimi köklü məsələlər Qazaxstanda yeni demokratik mədəni-mənəvi örnəklərin inkişafı üçün zəmin yaratdı. Əgər rus imperiyası mədəniyyəti zəhmətkeşlərin əzab-əziyyətini artırırdısa, rus demokratik xalq mədəniyyəti qazax xalqının mənəvi təlabatını ödənilməsi üçün geniş imkan və prespektivlər açdı . Məhz bu dövrdən Qazaxstanda maarifə, dünyəvi təhsilə istiqamətlənmə yaranmaqla yanaşı, maarifçilik burada fəlsəfi-siyasi, ideya-bədii, mədəni-estetik istiqamət kimi inkişaf etməyə başlamışdı ki, onun da ən görkəmli nümayəndələri Ç.Ç.Valixanov (1835-1865), İ.Altınsarın (1841-1889), A.Kumanbayev (1845-1904) və başqaları idi.
Tarix səhnəsində belə böyük maarifçilərin ortaya çıxması nəinki demokratik öncül rus mədəniyyətinin inkişafı, həm də ilk növbədə qazax xalqının mənəvi tələbləri ilə bağlı idi. Ç.Valixanov, İ.Altınsarın, A.Kumanbayevgildən hər biri təxminən eyni tarixi dönəmdə yaşayıb qazax torpağının müxtəlif tərəflərində məskunlaşmış olsalar da, biri digərindən xəbərsiz yazıb yaratmışlar. Bir-birindən xəbərsiz olsalar da, onların nəzər nöqtələrində və konsepsiyalarında olan daim yaxınlıq qazaxların yetərincə təsir etmişdir. Bununla belə bu maarifçilərdən hər biri təhsillə bağlı fikirlərini şərh edərkən əksər məsələləri dərindən araşdırmış, öz yolu ilə getmiş, düzgün nəticələr ortaya qoymuş, məktəb və maarifin qazax xalqının tarixi taleyində önəmli rolunu vurğulamışlar.
Ç.Valixanov – Avropa təhsili almış ilk qazax övladı olmaqla qazax cəmiyyətində, demək olar ki, bütün elmlərin əsasını qoymuş və qazaxların rus və Avropa mədəniyyəti nümunələrinin mənimsənilməsində əvəzsiz rol oynamışdır. İ.Altinsarinə gəldikdə isə, o, qədim yunan mifologiyasındakı Prometey kimi Zevsdən öd oğurlamaqla, doğma diyara dünyəvi təhsil gətirmişdir. Qazax çöllərində onun tərəfindən açılmış məktəblər sonrakı dövrlərdə əsil mədəniyyət ocaqlarına çevrilmişdir. A.Kumanbayev isə yeni yazılı ədəbiyyatın bünövrəsini qoymaqla, XIX əsrdə doğma xalqın həyatını əks etdirən yüksək keyfiyyətli ədəbi-bədii nümunələr qoyub getmişdir.
Çokan Valixanov fəaliyyətində daha çox rus maarifçilərinin yol ilə gedərək, A.S.Puşkin, A.İ.Hertsen, N.Q.Çerneşevski, N.A.Dobrolyubov kimi demokratik düşüncəli ziyalıların konsepsiyasına üstünlük verir, onların əsərlərindən mütaliə edirdi.
XIX əsrdə tarixi arenaya çıxmış qazax maarifçiləri mədəniyyət, ədəbiyyat,incəsənət və təhsil sahəsində faktik olaraq və prinsip etibarı ilə maarifçiliyin humanizm konsepsiyasını müdafiə edən insana məhəbbət amilini plana çəkirdilər.
Qeyd etdiyimiz tarixi dönəmdə yaranmış qazax maarifçi yazılı ədəbiyyatının realist zəminində inkişaf etməsi tarixi zərurət kimi xalqın mədəni-ədəbi dinamikasını formalaşdırmağa xidmət etdi. Çünki qazax yazılı ədəbiyyatı ictimai həyatın daha ağrılı və aktual problemlərini işıqlandırmağa xidmət edirdi. Bu ədəbiyyatın başlıca xüsusiyyətləri demokratizm və xəlqilik idi. Mənbəyində görkəmli qazax maarifçiləri dayanan yeni ədəbiyyat tərəqqi və mədəniyyət düşmənləri hesab edilən cəhalət və avamlığa qarşı ciddi mücadiləyə girişdi. Bu ədəbiyyatın başlıca mövzusu maarif və mədəni çiçəklənmə uğrunda mübarizədən ibarət idi.
Yuxarıda qeyd etdik ki, qazax yazılı ədəbiyyatı müəyyən tarixi mərhələdə ortaya çıxdı və tarixi zərurət kimi inkişaf etməyə başladı. Yeni yazılıədəbiyyat ictimai həyatın ən mühüm problemlərini qaldırmaqla qazax xalqının əksər mənəvi axtarışlarında yaxından iştirak etməklə demokratizm və xəlqilik meyllərinə üstünlük verirdi. Bu ədəbiyyat insan və xalq haqqında humanist təsəvvürlərə söykənirdi. Mənbəyində Ç.Valixanov, İ.Altınsarin və A.Kumanbayev kimi daha pedaqoqlar dayanmış qazax ədəbiyyatı qəti şəkildə cəhalət və avamlığıa tərəqqi və mədəniyyət düşmənləri ilə barışmaz mübarizə apardı. Bu dövr qazax ədəbiyyatının başlıca devizi və mərkəzi mövzusu doğma xalqın maarifi və mədəniyyəti uğrunda mübarizə təşkil edirdi. Qazax maarifçiləri nicəmiyyəti narahat edən problemləri əl-ələ verib həll etmək ehtiyacı birləşdirirdi. Bütün məsəllərə cavabı isə onlar gerçəkliyin özünə müraciət etməklə vermək istəməklə, həyatın bütün mürəkkəbliklərini əsərlərində dolğunluqla təsvir etməkdə görürdülər.
Ibray Altınsarın
(1841-1889)
İbray Altınsarın qazax maarifçiliyinin, içtimai fikrinin və ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Qazax mədəniyyəti tarixinə o, maarifçi-pedaqoq, yazıçı-folklorşünas, etnoqraf və tərcüməçi kimi daxil olmuşdur. İ. Altinsarın eyni zamanda həm də qazax realist ədəbiyyatı və ədəbi dilinin banilərindən hesab olunmaqdadır.
Əgər Ç.Valixanov maarifçi-ideoloq kimi çıxış etmişdirsə, İ.Altınsarın nəinki ideoloq, həm də həyatını pedoqoji işə, məktəb şəbəkəsinin təşkilinə həsr etmiş, praktik kimi fəaliyyət göstərmişdir. O, qazax balalarını oxudur, məktəb dərslikləri yazır, öz elmi və bədii yaradıcılığında elm və maarifi təbliğ edirdi.
Kusbanay vilayətində anadan olmuş İ.Altınsarın atasını erkən itirdikdən sonra babası Balqoja Canburşinin himayəsində böyümüş, ondan ərəb və rus əlifbasını öyrənmişdir.
1849-cu ildə Orenburqda ilk məktəb açdıqda, babası İbrayı buradakı məktəbə yollamışdır. Çar höküməti bu tipli məktəbləri açarkən ilk növbədə yerli idarəetmə orqanları üçün savadlı insanların hazırlanmasını qarşıya məqsəd qoyurdu. Bununla belə burada təhsil alan uşaqlar çarizmin mürtəce siyasəti ruhunda tərbiyə olunmalı, müsəlman dini ilə yaxından tanış olmalı, rus dilində işgüzar sənədləri tərtib etməyi bacarmalı idilər. Məktəb proqramında nəzərdə tutulmuş,fənlərin öyrənilməsi ilə yanaşı İ.Altınsarın həm də əlavə olaraq öz üzərində içləyir, əlavə ədəbiyyatlar və başqa müəlliflərin əsərləri ilə tanış olurdu.Orenburqda yaşayan tanınmış alim V.Qriqoryevin şəxsi kitabxanasından istifadə edən şərqşünas- Altınsarın dövrün tarix fəlsəfə və pedaqogika kitabları ilə əsaslı məşğul olur, onları daha çox mütaliə edirdi.
Orenburqda açılan bu məktəblər Rus-qırğız məktəbi adlanırdı. İbrayın babası Balqoja öz növbəsində qazax xalq şifahi xalq yaradıcılığını dərindən bilir, özü bəzən şeirlər yazır, eyni zamanda məşhur natiq idi. Yuxarıda qeyd etdiyimiz təyinatı ilə yanaşı bu məktəblərin missionerlik xüsusiyyəti də var idi və burada əsasən qazax balaları təhsil alırdı. Bu tipli məktəblərdə şagirdlərin xristianlığa sövq edilməsi ilə bağlı da xeyli işlər aparılırdı. Lakin bu məktəblərdə ümumi maarifçilik vəzifələri də az əhəmiyyət kəsb etmirdi. Belə ki, burada məktəblərdə ədəbi və musiqi gecələri təşkil olunurdu.
1859-cu ildə məkəbdə təhsilini başa vurduqdan sonra o, Orenburqdakı Sərhəd komissiyasında əvvəl yazar, sonra Orenburq quberniyası idarəsində tərcüməçi kimi çalışır.
Bu işlərdən heç biri onu qane etmir və o, qazax balalarının təhsil alması üçün məktəblər açılması istiqamətində xeyli işlər görür, 60-cı illər qabaqcıl ictimai-pedaqoji ideyalarına müraciət edir, rus məktəblərinin təcrübəsini dərindən öyrənir, ilk növbədə görkəmli pedaqoq K.D.Uşinskinin əsərləri ilə tanış olur. İ.Altınsarının zəhməti hədər getmir. Xalqa məktəbin mahiyyəti anladıldıqca onun məktəbə istiqamətlənməsi sürətlənir. Qısa zaman kəsiyində onun iştirakı və təşəbbüsü ilə qazax balaları üçün yeddi ibtidai məktəb, o cümlədən qazax qızları üçün ilk məktəblər, 1883-cü ildə isə Orskda Qazax Müəllimlər Seminariyası fəaliyyətə başlayır.
Altınsarın tərəfindən açılmış məktəblər öz xarakteri etibarı ilə əvvəlki dini məktəblərdən fərqlənirdi. Bu məktəblərdə təlim və tərbiyə humanizm prinsipləri əsasında qurulurdu. 1876-cı ildə İ.Altınsarın Peterburq və Kazana gedir və bu şəhərdə şərqşünas-alimlərlə, pedaqoqlarla, coğrafiya cəmiyyəti ilə yaxşı əlaqələr qurur. Bu görüşlər onun maarifçilik ideyalarına yetərincə müsbət təsir edir.
1879-cu ildən başlayaraq ömrünün sonuna qədər Turqay vilayətində Xalq Təhsili İdarəsinin müfətişi işləyə-işləyə maarifçilik və ictimai fəaliyyətini davam etdirir. İ.Altınsarın bu dövrdə qazax balaları üçün qazax dilində dərsliklər yazır. “Qırğız müntəxabatı” və “Qırğızların rus təliminə rəhbərlik” dərslikləri 1879-cu ildə Orenburqda nəşr olunur. Hər iki kitab rus qrafikası əsasında yeni qazax əlifbasında yazılmışdır. Bununla Altınsarın qazaxların ərəb qrafikasından rus qrafikasına keçməsinə zəmin yaradır. Yeri gəlmişkən qeyd edək ki, Qazaxstanda ərəb qrafikasından 1923-1924-cü illərdə latın qrafikasına keçilmişdir, 1940-cı illərin sonunda isə qazax yazısı rus qrafikasına keçirilmişdir.
“Qırğız müntəxabatı”nın ön sözündə göstərildiyi kimi aşağıdakı dörd bölümdən ibarət olan: 1. Şeirlər, uşaq hekayələri və nağılları, uşaqların doğmalarına yazdıqları məktub nümunələri; 2. Böyüklər üçün hekayələr; 3. Şifahi xalq yaradıcılığından nümunələr; 4. Atalar sözü və zərbi məsəlləri əks etdirən bu dərslik əsil elmlər və səmərəli məlumatlar verən mənbə idi. Altınsarının bu kitabı əsasında qazaxlar 1920-ci ilin əvvəllərinə qədər oxuyurdular.
Daim rus-qırğız məktəbləri şəbəkəsinin genişlənməsi üzərində işləyən İ.Altınsarın həm də elə məktəblər yaratmaq istəyirdi ki, ibtidai məktəblərdə təhsili başa vuranlar məhz bu məktəblərdə təhsillərini davam etdirsinlər.
İ.Altınsarın çoxşaxəli yaradıcılıq diapazonuna malik nadir şəxsiyyətlərdən idi. Böyük şəxsiyyətin bu keyfiyyəti haqqında biz yuxarıda məlumat vermişik. Burada isə bir daha qeyd edək ki, onun şairlik bacarığı özünü yetərincə nümayiş etdirirdi. Yardıcılığının bu nümunələrindən o, “Qırğız müntəxabatı” kitabında geniş təqdim etmişdir. “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsanda oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili- ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır. İ.Altınsarinin şerlərində xalq təhsilinin əhəmiyyəti, elmi fikrin dəyəri vurğulanır. Altınsarinin poetik yaradıcılığında qazax aulunda mövcud olan bərabərsizlik, bəylərin və xanların xəsisliyi və qəddarlığı ifşa olunur, ruhanilərin xalqı aldatma istəyi tənqid atəşinə tutulur, istismarçı sinfin ikiüzlülüyü, yalançılığı və böhtançılığı, əxlaqsızlığı əks etdirilir, kasıbların, varlıların alçaq əməllərindən qorunma imkanları əks etdirilir.
İ.Altınsarinin əxlaq, mənəviyyat, etik prinsip və normalara riayət etmə kimi düşüncələri onun “Nəsihət”, “Doslarım”, “Oy cigitlər” və s. şeirlərində əksini tapmışdır. Bu aşağıdakı nümunədə daha yaxşı görünür.
Axmaq insan bacarmaz,
Yaxşı məsləhətala.
Axmaq insan bacarar,
Çox danışa vaxt ala.
Xeyirsiz əməlin də,
Etiraf etməyəcək.
Onda qısa ömür də,
Bir yuxu tək keçəcək.
Altınsarinin mövzu dairəsi çox geniş idi. Əgər o, bir tərəfdən, zəhmət adamlarının, əməyi çoban həyatını, doğma vətənin ənginliklərini şeirlərinin mahiyyətinə hopdurursa, digər tərəfdən, qazax səhralarının poetik palitrasını yarada bilir. Məsələn, “Yaz” şerində Altınsarinin bu fəslin insanlara xoşbəxtlik və şadlıq gətirdiyini vurğulayır. Təbiət üzərində geniş mğşahidələr aparan şair rəngli və görümlü panoramalar yaratmağa müvəffəq olur. Şairin gözündə təbiət sanki təbibdir, o insanı müdrik nikbinliyə kökləyir. Peyzajın bədii konkretliyi, təbiət təsvirinin mahiyyətinə daxil ola bilmə, onun insanın hissləri ilə dərindən əlaqə, onun fikir və qayğılarına bağlılıq bir daha sübut edir ki, Altınsarin öz humanist və demokratik ideyalarında, gerçəkliyin realist manerada dərk olunmasında ardıcıl olmuşdür .
İ.Altınsarinin qələmə aldığı hekayəkərində qazax məişəti və əxlaqının müxtəlif mənzərələri əks olunmuşdur. İ.Altınsarinin nəsr əsərləri öz ideya istiqaməti, realist məzmununa və janr xüsusiyyətlərinə görə qazax xalqının mədəniyyəti və ədəbiyyatı tarixində yeni mərhələdir. Altınsariyə qədər qazax çöllərində elə bir yazıçı-nasir olmamışdır ki, o, yazılı ədəbiyyat ənənələrinə söykənərək xalq həyatını realist cizgilərlə əks etdirəydi. Onun “Varlı oğlu və kasıb oğlu”, “Qıpçaq Seyitgül”, “Araba və ev”, “Avamlıq” və digər hekayələrində böyük ictimai sosial problemlər qaldırılır, onu sosial bərabərsizlik, sinfi ziddiyyətlər, varlı və yoxsullar arasındakı konflikt və s.təsvir olunur. Bu baxımdan “Qığçaq Seitgül” hekayəsi səciyyəvidir. Qıpçaq Seyitgül kasıb kəndlidir. O, üz bəyinin təsiri altında əzab çəkir. Bununla belə o, iradəli və güclü insan oımaqla daha yaxşı yaşamaq uğrunda mübarizə aparır. Elə buna görə də qıpçaq Seyitgül öz istismarçı düşmənlərinə qalib gəlir, öz xoşbəxtliyini və arvadının xoşbəxtliyini qorumağı bacarır və müstəqil, daha yaxşı həyata qədəm qoyur, əkinçiliklə məşğul olur. İ.Altınsarinin “Varlı oğlu və kasıb oğlu” hekayəsi də maraq doğurur. Hekayədə iki oğlan bir-birinə qarşı qoyulur. Varlı oğlunun adı Həsən, kasıb oğlunun adı Hüseyndir. Bu uşaqlar köç zamanı aullarından ayrılıb səhrada qalırlar. Nəhayət, köç olduğu yerə yetişdikdə isə görürlər ki, karvan bu yerlərdən aralanıb, insanlar isə uzaqlaşırlar. Beləliklə, uşaqlar səhrada qalmağa məcbur olurlar. Altınsarin uşaqları çətin şəraitə salmaqla, onların yaşamalarının özlərindən asılı olduğunu göstərir . Müəllif Həsənin müstəqil yaşaya bilməyəcəyini ön plana çəkir. Çünki o, daim dəyərlərinin hesabına yaşamağı öyrənmişdir. Hüseynə gəldikdə isə Altınsarin onun şəxsində həyatı yaxşı dərk edən, ən çətin vəziyyətlərdən çıxmağı bacaran, ağıllı və güclü kasıb oğlunu təsvir edir və başqalarına kömək etməyi bacaran qabiliyyətli oğlan olduğunu göstərir. Yeri gəlmişkən bu hekayəsi bir sıra xüsusiyyətləri ilə qaraqalpaq xalq nağılı “Varlı oğlu və kasıb oğlu”nun bəzi məqamları ilə səsləşir. Biz “Qaraqalpaq xalq nağılları”nın tərcüməsində və “Karakalpakskaya literatura” kitabında bu barədə ətraflı danışmışıq. Burada isə bir daha qeyd edək ki, bu hekayədə əmək mövzusu və onun insan həyatında oynadığı rol yetərincə vurğulanır. İ.Altınsarin göstərir ki, kasıb oğlu Hüseyn varlı oğlu Həsəndən daha ağıllı və tədbirlidir. Doğma aulu tapmamasına baxmayaraq, o köçün istiqamətini düzgün müəyyənləşdirir və Həsəni də özü ilə aparır. Ağılının gücü ilə yolda rastlaşdıqları çoxsaylı təhlükələri dəf edir. Həsən isə heç bir hərəkəti ilə Hüseynə kömək edə bilmir. Hüseynin bilik və bacarığı doğma aulun tapılmasına şərait yaradır.
Beləliklə, müəllif gənc qəhrəmanların müxtəlif formalı davranışlarını nəinki onların xarakter müxtəlifliyi, həm də onların fərqli ictimai vəziyyəti ilə izah edir.
İ.Altınsarinin digər “Taxta ev və yurta”, “Zənginlik nədir?”, “Müəlicəvi ot”, “Bağ ağacları”, “Avamlıq”, “Atımay” və s. kimi hekayələri də maraq doğurur. Bu hekayələrdə Altınsarin əmək və biliyi, oturaq həyat tərzi və əkinçilik, humanizm və insanpərvərliyi təqdir etdiyi halda, tənbəlliyi, yalanı, oğurluğu və avamlığı tənqid atəşinə tutur. İ.Altınsarin əksər hekayələrini atalar sözü və zərbi məsəllərlə zənginləşdirir. Məsələn, “Var dövlət torpaq və əməkdir”, “Əməksiz həzz də mümkün deyildir”, “Tənbəl işsiz yatır, xəşbəxtlik ondan qaçır”, “Zəhmətlə qazanılmış hər şey dadlıdır” və i., və s.
İ.Altınsarin “Qırğız müntəxabatı”na həm də xalq yaradadıcılığı nümunələrindən xeyli materialla təqdim etmişdir. Qazax folklorunun ilk toplayıcılarından olan İ.Altınsarin xalq yaradıcılığı xəzinəsindən elə əsərlər seşib kitaba daxil etmişdir ki, onlar ideya istiqaməti ilə onun maarifçilik baxışlarına cavab verərdi. Onun nəşr etdirdiyi rəvayət, əfsanə, nağıl və atalar sözündə xalq məişətinin xüsusiyyətləri, əmək adamlarının nikbin əhval-ruhiyyəs, həyata inamlı münasibətləri öz əksini tapır. Xalq yaradıcılığı nümunələri İ.Altınsarini ilk növbədə onlarda qoyulmuş mənəvi problemlər, zəhmətsevərlik və vicdanlılıq və s. kimi cəhətləri ilə cəlb edirdi.
Müntəxabatda yer almış nümunələr arasında biz müxtəlif tipli və istiqamətli hekayələr ( “Müdrik Lukban”, “Təmiz bulaq”, “Əliaçıq adam” , “Yalanın zərəri” , “İzbastı”, “Jerenşe Şeşen” və s.) ; nağıllar (“Qarabatır”, “Əclaf oğlan”, “Qızıl çub” və s.) ; epik nəğmələr ( “Koblandı”, başqa dastanlardan hissələr), atalar sözü və zərbi məsəllər, xalq nəğməkarları və dastançılarının nəğmə və aytıslarından fraqmentləri görürük.
İ.Altınsarinin “... Müntəxabata”daxil etdiyi əksər nümunələr maarifçi və nəsihətverici xarakterdaşıyır. Yazıçı – demokratik maarifçi ideyalarına həm də onun etdiyi bədii tərcümələr xidmət edirdi. Qazaxların mədəni və mənəvi tələblərinin inkişafı mənəvi mübadilənin zəruriliyini ortaya atırdı. İ.Altınsarinin İ.A.Krılov, L.N.Tolstoy, K.D.Uşinski, M.M.Paulson və digərlərinin əsərlərini qazax oxucularına təqdim etmişdir.
Qeyd etdiklərimizlə yanaşı İ.Altınsarinin publisistik irsini də diqqət mərkəzinə qoymağa ehtiyac vardır. Onun bu janrda olan əsərləri yetərincə bədii, tarixi və mənəvi əhəmiyyətə malikdir. İ.Altınsarinin publisistik yaradıcılığının əsas hissəsini onun rus həmkarları, müəllimləri, müxtəlif vəzifəli xalq təhsili nümayəndələri yazışmalar Altınsarinin yazıçılıq məharətinin inkişafını təmin edə bilirdi.
İ.Altınsarinin ədəbi əsərləri qazax milli mədəniyyətinin və irsinin mütərəqqi demokratik ənənələr əsasında inkişafında və formalaşmasında mühüm rol oynamaqla gerçəkliyə realist estetik və etik yanaşma nümunəsi kimi dəyərli örnəklər kimi qəbul olunur.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.