Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

XX əsr noğay ədəbiyyatı

XX əsrin 20-30-cı illərində noğay ədəbiyyatında əvvəllər inkişaf etməmiş nəsr janrları-hekayə, povest və roman inkişaf etməyə başlamışdı. X.Bulatu¬kovun «İki həyat» («Gki əşab») povesti, B.Abdullinin «Qırmızı güllər» («Kızıl şeşeykeler»), «Səhra batırları» («Kır batir¬leri») romanları; F.Abdulcəlilovun «Çoxlarından ikisi» («Murat şaxarda ne kordu»), «İki dünya» («Eki dünga»), F.Abubəkirovun «El balası» («El balası») kimi hekayələri işıq üzü gördü.
XX əsrin 30-cu illərində yazılı poeziyanın ilk nümunələri işıq üzü görür. Onların sırasında M.Kurmanəliyevin «Buludlar dağıldı» («Bulutlar şaşıldılar»), F.Abdulcəlilovun «Çox şey görmüş Kuban» («Koğkti koğrqen Koban sub»), L.Mirzəyevin «Temir Bolat» poemalarını qeyd etməyə ehtiyac vardır. Bu əsərlərin məzmununda noğayların epik ənənələri öz əksini tapmaqla, xalqın taleyi maraqlarına cavab verir, ona xidmət edirdi.
Adları çəkilən sənətkarların əsərlərində qəhrəmanların epik ideallara yaxınlığı, etnoqrafik cizgilər, etnopsixoloji məqamların daha görümlü əks olunması ilə yadda qalır.
Yeni yazılı noğay ədəbiyyatı XX əsrin 40-cu illərində yaranmağa başlamışdır. Bu dövr ədəbiyyatın baniləri A.X.Ş.Canı-bəyov, M.K.Kur¬man¬əli¬yev, X.Ş.Bulatukov, B.M.Abdullin və başqaları hesab edilmək¬dədir.
Abdulhəmid Şarşəmbiyeviç, Canıbəyov noğay xalq folklorunu toplayıb, ondan yaradıcılığında ustalıqla istifadə etməklə, xalq etnoqrafiyasına və tarixi materialarına söykənərək maraqlı əsərlər yaratmışdır.
Şifahi xalq yaradıcılığı nümunələri əsasında A.Canıbəyovun 1918-ci ildə qələmə aldığı «Noğay toyu» pyesi də noğay məişətində bəzi qüsurlu məqamları tənqid atəşinə tutur. Noğaylar arasında geniş dairədə məhşur olan «Satqın knyazlar» pyesi demək olar ki, eyni ruhda qələmə alınmışdır. Təəssüf ki, adını çəkdiyimiz pyeslərdən heç biri yazılı şəkildə saxlanılmamışdır.
A.Canıbəyov qələmə aldığı folklor nümunələrinin yalnız bir qismini nəşr etdirə bilmişdir. Onların sırasında Məsələn, 1928-ci ildə onun Moskvada «Karaydar və Qızılgül» lirik poeması, Qazanda isə «Biznən yol» («Bizim yol») jurnalında noğay folkloru ilə bağlı bir sıra əsərləri işıq üzü görmüşdür.
1935-ci ildə isə Mahaçqalada «Aul poeziyası» adlı nəğmələr məcmuəsi nəşr olunur. 1940-cı ildə isə Pyatiqorskda «Xalq nəğmələri» məcmuəsi çapdan çıxır. 1949-cü ildə N.Kapiyevanın rus dilinə tərcüməsində «Noğay nəğmələri» adlı nəğmələr və nağıllar oxucuların ixtiyarına verilir.
Gənc noğay ədəbiyyatında A.Canıbəyovla yanaşı həm də digər şair, yazıcı və dramaturqlar qüvvələrini sınamışdılar ki, onların sırasında X.Bulatukov, B.Abdullin, F.Abdulcəlilov və b. adı qeyd edilməlidir.
Həsən Şahimoviç Bulatukov – ilk peşəkar noğay yazıçısıdır. 1934-cü ildən Yazıçılar İttifaqının üzvü olan H.Bulatukov «Fatimat» adlı üç aktlı pyesində müsəlman-qadınlarının azadlığı məsələsini qaldırır. Əsərin baş qəhrəmanı imkanlı insanların övladıdır. O, son dərəcə ciddi noğay qaydaları hökm sürən bir evdə yaşamış, tərbiyə almışdır. Fatimat buna görə də öz taleyini, hətta başqaları onu müdafiə etdikdə belə, həll edə bilmir. Qızın qəlbində Mustafa adlı gəncə olan güclü hiss baş qaldırır. Lakin o, daxilən özünü müstəqil sana bilmir. Buna görə də Mustafaya valideynlərinin iradəsinin əksinə gedə bilməyəcəyini açıq-aydın bildirir. Və valideynlərinin onu özündən yaşca böyük olan, məhdud təfəkkürlü, qorxaq, eyni zamanda özündən razı, varlı ailədən olan Bəkirə verəcəklərini deyir. Pyes tamaşaçı diqqətini onunla özünə cəlb edir ki, onun episentrində mühüm dramatik konflikt dayanır. Burada ziddiyyət ilk növbədə Fatimatın qəlbi ilə təfəkkürü arasındadır. O, qəlbinin, yoxsa ağlının səsinə qulaq asmalı olduğunu özü üçün müəyyənləşdirə bilmir. Nəhayət, qəlbinin səsinə səs verməklə valideynlərinin əksinə gedir. Yazıçı əsərdə köhnə yersiz ənənələrin hələ də noğay məişətində insanların şüurunda özünə kifayət qədər yer ala bildiyini maraqlı şəkildə pyesin infrastrukturunda verməyə müvəffəq olmuşdur.
Noğay ədəbiyyatının istedadlı nümayəndələrindən biri də Bəsir Məcidoviç Abdullindir (1892-1937). O, «Nökər» (1932), «Düşmən məğlub oldu» (1932) və «Əmək qalib gələndə» (1934) və s. kimi dram əsərlərinin müəllifidir. «Nökər» pyesinin xeyli məqamları özbək dramaturqu Həmzə Həkimzadənin «Bəy və nökər» pyesinin bir sıra məqamları ilə müqayisə oluna bilər.
«Düşmən məğlub oldu» pyesinin episentrində noğay auluna uşaqlara təlim verməyə gələn gənc Gündəaruv müəllimənin obrazıdır. Gündəaruv yeni insan tipi olmaqla, həm də yeni qanunlarla yaşayır. O, başqa noğay qadınlarına xas olan daxili ziddiyyət hissindən azaddır, ictimai işlərdə fəal iştirak edir. Belə davranış köhnə təfəkkür daşıyıcılarının hiddətinə səbəb olur, xüsusən quklaq Kurmanın, onun oğulları Əli və Mametin xoşuna gəlmir.
«Nökər» pyesində isə B.Abdullin dünən nökər olub, bu gün isə noğay vətəndaş şüurunun formalaşmasına təsir edən məqamları diqqət mərkəzinə çəkir.
30-cu illər ədəbiyyatında Fazil Abasoviç Abdulcəlilovun xüsusi rolu vardır. Şair, nasir və dramaturqun həyatı onun çoxsaylı müasirlərinin taleyi üçün nümunəvidir.
F.A.Abdulcəlilov 1923-cü ildə Stavropol diyarı Mineralovod rayonunun Kanqlı kəndində kasıb kəndli ailəsində anadan olmuş, kənd məktəbində təhsilini başa vurduqdan sonra Çerkessk Pedaqoji Texnikumuna daxil olmuşdur. 1930-cu illərin ortalarından Abdulcəlilovun şeir və hekayələri qəzet və jurnal səhifələrində dərc olunmağa başlamışdır.
«Uşaqlar üçün ədəbiyyat» , «Böyük yaşlı uşaqlar üçün» başlığı altında nəşr oşunmuş «Kerey-tənbəl», «Murad şəhərdə nə gördü», «İki dünya», «Uşaqlar üçün müxtəlif hekayələr» və «Çoxlarından ikisi» povestlərində müəllif noğay həyatının keçmişi və hazırkı vəziyyəti üzərində düşüncələrini bədii şəkildə uğurlu təsvir edir.
F.Abdulcəlilovun 50-70-ci illərdə qələmə aldığı «Güclülər ailəsi» (1950), «Sərt döngələr» (1961), «Yaxşı əlamət» (1961), «Aksu sahillərində» (1962), «Yollar, yollar» (1964), «Atasının oğlu» (1968), «Boz toz» (1970) kimi əsərlərində noğayların həyat tərzi daha müşahidəli sənətkar təfəkkürü ilə süzgəcdən keçirilir.
Müasir noğay ədəbiyyatının XX əsrin ortalarında əldə olunmuş müvəffəqiyyəti həm də noğay nəsrinin inkişafı ilə bağlıdır. 50-ci illər noğay ədəbiyyatının formalaşması və gələcək ədəbi kadrların yetişməsində Fazil Abdulcəlilovun xidmətləri böyükdür. Onun povest və romanları 50-70-ci illər bədii nəsrinin inkişafına nəzərəçarpacaq təsir göstərmişdir. Böyük Cahan Savaşı hadisələrinə həsr olunmuş «Güclülər ailəsi» (1950) povestində Abdulcəlilov Vətəni düşmənlərdən azad etmək istəyən insanların koloritli obrazını yaratmışdır. Yazıçı povestin infrastrukturuna üzvü şəkildə daxil etdiyi noğay aullarından birinin sakinlərinin faşistlərdən xilas etdiyi sovet təyyarəçisninin taleyini təsvir edərkən insanların vətənpərvərlik, dostluq hisslərini uğurlu bədii boyalarla verə bilmişdir. Bundan başqa Abdulcəlilovun adı çəkilən povestində noğay xalqının tarixininin müxtəlif mərhələlərinə müraciət olunur. Məhz F.Abdulcəlilovun «Güclülər ailəsi»ndən başlayaraq noğay ədəbiyyatında doğma xalqın həyatının müxtəlif məqamları qələmə alınıb oxuculara çatdırılır. Məsələn, Abdulcəlilovun «Həsənbay» (1956) povestində kasıbların noğay xanlarının və bəylərin istismarı altında əzab çəkdiyi göstərilir. «İti axın» (1959), «Kollektiv biçin daha daxşıdır» (1966) romanlarında Abdulcəlilov noğay aulunda gedən kəskin sosial mübarizə, ictimai proses və ziddiyyətləri qələmə almağa çalışmışdır.
F.Abdulcəlilov «İti axın» romanının Uraktay aulunun həyat materiallarına istinadən noğay həyatında gedən möhtəşəm sosial-iqtisadi dəyişiklikləri və irəliləyişləri qələmə almışdır. Romanın aparıcı obrazları kəndlilər, sosial-maddi durumu əksəriyyətə uyğun olan ziyalıları bütün qüvvə və bacarığını noğay xalqının simasının yeniləşməsinə istiqamətləndirən insanlardır.
Romanın maraqlı obrazlarından biri Adisdir. Keçmiş nökər, əvvəllər heç bir fikir söylənməyə imkanı olmayan adi bir insan, nəticədə doğma xalqının dəyərli oğullarından birinə çevrilir. Onun həyatı minlərlə noğay kəndliləri üçün nümunədir.
F.Abdulgəlilovun «Kollektiv biçin yaxşıdır» romanı «İti axın» romanın davamıdır. Oxucu burada «İti axın» romanın qəhrəmanları ilə yenidən görüşür. İkinci kitabda ön plana həm də gənclik mövzusu çıxır. Burada Əlbəy, Krım və d. obrazlar daha maraqlıdır. Romanın ifadəli dili, maraqlı süjet xətti, kompozisiya-məzmun orijinallığı, obrazların həyatiliyi, folklor nümunələrindən geniş istifadə və s. müəllifə 30-cu illər noğay aulunun ümumi mənzərəsini relyefli və görümlü şəkildə təsvir etməyə kömək etmişdir.
XX əsrin 30-cu illərində ilk noğay pyeslərində təfəkkürün tarixiliyi X.Bulatukov, B.Abdullin, F.Abdulcəlilov yaradıcılığında özünü daha açıq şəkildə büruzə vermişdir. Bu müəlliflərin povest və romanlarında geniş tarixi fonda ictimai münasibətlər öz əksini tapır. Adı çəkilən sənətkarlar keçmişi indi ilə tarixi əlaqələrdə götürür, həyatın inkişaf perspektivlərini qarşılıqlı münasibətlərdə nəzərdən keçirirlər. Məhz elə qeyd etdiyimiz kontekstdə bu əsərlərin süjet və kompozisiyası, personajları təsvir, onların sosial xarakteri, etik prinsipləri müəyyənləşir.
30-cu illər noğay nəsrinin başlıca uğurları Basir Abdullinin «Qırmızı güllər» (1934), «Səhra qəhrəmanları», («Kırbatirləri» - 1934) və s. bağlıdır. Bu əsərlərdə müəllif yeni ictimai münasi¬bət-lər müstəvisində yetişən qəhrəmanların həyatını qələmə alır.
B.Abdullinin «Səhra qəhrəmanları» romanı milli koloriti ilə daha çox, seçilən əsərdir. Əsərin proloqunda müəllif alleqorik priyomdan istifadə edərək noğayların tarixi talelərini yaratdıqda noğay qəbilələrinin səhradan səhraya, bozqırdan bozqıra qovulduğu və noğayların tarixi taleyinin faciələrlə müşayiət olunduğu maraqlı bədii boyalarla əks olunur. Xalqın bədbəxt taleyini təcəssüm etdirən külək obrazı romanın ilk səhifələrindən özünü büruzə verməkdədir.
Romanın poetikası sosial qüvvələrin qütbləşməsi ilə müəyyənləşir. Səhra sahiblərindən birinin – Gündoğan əfəndinin özbaşınalığı, onun dostu Arslan əfəndinin öz tələblərini ödəmək məqsədilə 18 yaşlı arvadını atıb 13 yaşlı qızla evlənməsi, kasıbların bütün günü özgə sürülərini otarıb nökərçilik etməsi əsərdə koloritli bədii mənzərələrlə əks olunmuşdur. Qəhrəmanlarından birini - Cavqaytaranı xarakterizə edərkən yazıçı onun nökərçilik «peşəsini» irsi adlandırır. Cavqaytara 20 yaşındadır. O, bütün günü çəkdiyi zəhmətin əvəzini görmədən öz sahiblərinin sürüsünü otarır. Allahdan ona verilmiş yüksək musiqi qabiliyyəti, xeyirxahlıq və gözəllik heç də onu xoşbəxt etmir, elə buna görə də öz sələflərinin, bacı və qardaşlarının həyatını təkrarlanmaqdadır.
Digər noğay kasıblarının da ömür-günü elə Cavqaytarının taleyidir. Əsərin obrazlı ifadə vasitələri xalq nəğmələrindən götürülməklə, ağır həyat tərzi haqqında şikayət kimi səslənir. Çobanın taleyi elə xalq nəğmələrindəki kasıb oğlanın həyatının rəmzi kimi əks olunur. Cavqaytara evlənmək istəsə də, onun qıza başlıq verməyə imkanı olmur. Buna görə də o, öz sevgilisinin hissləri ilə yalnız uzaqdan uzağa yaşayır.
B.Abdullin «Səhra qəhrəmanları» romanında təsvir olunan hadisələri azadlıq yolunun başlanğıcı ilə bağlayır. Bu yolda noğaylıların yolu köhnə qaydalar daxilində yox, istismardan azad olma yolu ilə getdiyi istiqamətdə qələmə alınır.
İstedadlı nasirə öz fərdi yaradıcılıq bacarığını əks etdirmək nəsib olmuşdur. Məsələn, romanın «Kimdir müqəssir?» fəslində B.Abdullin sevgililərin bir-birindən ayrılmasında, vaxtsız-vədəsiz qəm-qüssəyə düçar olmuş, qoca kişilərə ərə verilmiş qızların taleyində kimin günahkar olduğu uğurlu şəkildə təsvir edilir.
İlk noğay romançısı kimi B.Abdullinin xidməti ondan ibarət olmuşdur ki, o, qəhrəmanlarını inkişafda göstərməklə, noğaylılarda yeni hiss və fikirlərin oyandığını, qəhrəmanların dəyişən gerçəklikdə taleyini, kasıbların obrazını tarixi mərhələ ilə əlaqəli verə bilmişdir.
B.Abdullin təcrübəsindən qaynaq alan noğay yazıçıları epik yaradıcılıqda onun bədii priyomlarından yetərincə qidalanmışlar.
Həsən Bulatukovun «İki həyat» (1936) povesti qeyd edilən dövr noğay ədəbiyyatın mühüm hadisələrindən hesab olunur. Bu əsərdə noğay xalqının ictimai şüurunun təşəkkülü məsələsinə toxunulur, kənd əhalisinin sosial fəallığının artdığı göstərilir. Müəllif noğay kəndlisinin dəhşətli kasıblıq, bədbəxtlik mənzərəsini ustalıqla yaradır. Yazıçı noğay nökəri ailəsinin yaşadığı yeri belə təsvir edir: «Aulun kənarında samandan tikilmiş ev görünürdü. Ailə səhərin açılmasını, dan yerindən günəşin çırtdamasını yalnız kiçik nəfəscikdən içəri daxil olan işıqdan hiss edə bilirdi. Evdə insanların sayı, əşyaların sayından çox idi. Evdəki mebel yalnız əldəqayırma stoldan və taxta oturacaq¬dan ibarət idi».
Bütün bunlar göstərir ki, həyatın məntiqi axarı xalqı öz hüquqsuz vəziyyətini dərk etməyə meylləndirir. Lakin o hələ yetişməyib, fəal sosial mübarizəyə hazır deyildir. Bununla belə başlamış prosesi saxlamaq da mümkün deyildir.
Povestin aparıcı personajları uğurla qələmə alınmışdır. Baş qəhrəman Ramazandır. Onun taleyi, onun xarakterinin formalaş¬ma¬sı əsərin əsas süjet xəttini təşkil edir.
Noğayların keçmiş həyat tərzini əks etdirən F.Abdulcəlilov «Çoxlarındani kisi» (1936) povestində bu mövzuya yetərincə toxunur və Mratay və Harun adlı iki oğlanın taleyi timsalında onların lap kiçik yaşlarından mülkədar Stoyalova necə işlədiklərini, əzab-əziyyətlərə düçar olduqlarını təsvir edir.
Gənc noğay ədəbiyyatı İkinci Cahan Savaşı dövründən başlayaraq xüsusilə inkişaf etməyə başlayır. Noğay yazıçıları əsərlərində xalq qəhrəman¬lığının qaynağı üzərində çalışaraq müxtəlif xalqların nümayəndələri olan insanların gücünün birliyə söykəndiyini koloritli əks etdirirlər. Müharibədən alınmış təəssürat ədəbiyyatın faktik olaraq bütün janrlarını əhatə edir. Bu baxımdan xalq poetik ənənələrinə müraciət edən şairlər daha çox müvəffəqiyyət əldə etdilər. Bu mənada F.Abdulcəlilovun, A.Murzabəyovun, S.Karayevin və b. əsərləri daha səciyyəvidir.
Gerçəkliyi yetərincə təhlil edən yazıçılar dövrün çatışmazlıq¬larına da göz yummurdular. Onlar əsərlərində həyatın neqativ tərəflərinə nəzər salmaqla, yaradıcı əməyə mane olan qüvvələri diqqət mərkəzinə çəkirdilər.
30-cu illərin ikinci yarısı noğay ədəbiyyatı tarixində ədəbi və jurnalist qüvvələrin yüksəlişi ilə xarakterizə olunur. A.Kazakovun «Kənd təsərrüfatı qabaqcıllarına», «Gözəl gün», M.Baisovun «Xoş gəlmisən, Bahar!», A.Murzabəyovun «Təhsilə çağırış», D.Kireytovun «Bir dekabr», M.Kurmanə¬liyevin «Daim şahid - Elbrus», «Köhnə dövrün sözü» və s. əsərlərdə həyat hadisələrinə dərindən nüfuz etmə, müasirlərin obrazını daha relyefli yaratmaq istəyi mühüm yer tuturdu. Bu dövrdə qəzet səhifələrində poeziya ilə yanaşı folklor materialla¬rından olan nümunələrin nəşrinə də xeyli yer verilirdi .
Eyni zamanda bu dövrdə noğaylı sənətkarlar poema janrına da müraciət edirlər. Noğay ədəbiyyatındakı meylləri təhlil edən F.Abdulcəlilov yazırdı: «Noğay yazılı ədəbiyyatının tarixi oduqca gəncdir, bununla belə noğay-oxucular dağıstanlılar və kubanlılar kimi M.Kurmanəliyev yaradıcılığını yaxşı tanıyırlar, xüsusən onun mühüm mövzulara həsr olunmuş «Buludlar çəkildi» və «Kazakovun poema¬la¬rı»nı F.Abdulcə¬lilov sonra Baisov və Əyyubov kimi yazıçıların adını çəkərək, aşağıdakıları söyləmişdir: «Noğay xalqına povestlər, hekayələr lazımdır. Noğay ədəbiyyatında onlar çatışmır. Bu boşluğu bəzən nəşr olunan xəbərlər (yəni hekayələr) də doldurmağa kömək etmir» . (F.Абдулджалилов. О ногайской литературе. «Кызыл черкес», 1940, 13 октября). 30-cu illər noğay ədəbiyyatının uğurları bununla xarakterizə olunur ki, məhz bu dövrdə onun əsas inkişaf meylləri ortaya çıxdı: poeziya janrı, təşəkkül tapdı, nəsr və dramaturji əsərlərin ortaya çıxması üçün zəmin yaradıldı.
Noğay ədəbiyyatı 50-70-ci illərdə daha intensiv inkişaf etməklə, maraqlı hekayə, oçerk, şeirlər, poemalar, povestlər və romanlarla zənginləşir. Şair və yazıçılar xalq həyatını və tarixi hadisələri, qəhrəmanlarının daxili aləmini daha da dərindən açmaq üçün şifahi yaradıcılıq örnəklərindən, onun estetik təsvirindən yararlanmağa istiqamətlənirlər. Bu dövr ədəbiyyatının öncülləri sırasında F.Abdulcəlilov, S.Kapayev, K.Orazbayev, M. Kurmanəliyev, H.Hacıgəldiyev, G.Kumratova, A.Kireyev, M.Kirimov, T.Kereytova və b. adlarını qeyd etmək olar.
XX əsrin 50-60-cı illərində yaradılmış noğay ədəbiyyatının inkişafında xüsusi yeri olan sənətkarlardan biri Suyun Kapayevdir. Bu dövrdə o, daha məhsuldar işləyərək xeyli sayda şeir, hekayə, povestlər və eləcə də «Bekbolat» romanını oxucuların ixtiyarına verimşdir. S.Kapayev noğay ədəbiyyatında daha çox hekayə ustası kimi tanınmışdır. Noğay xalq hekayələri aytu (pritça) və xəbər (real hadisələr haqqında olan lakonik xalq hekayələri N.T.) ənənələrinə söykənərək, S.Kapayev burada müəyyən mənada A.P.Çexov təcrübəsindən də yetərincə yararlana bilmişdir. S.Kapayevə qədər hekayə janrı noğay ədəbiyyatında zəif inkişaf etməsinə baxmayaraq, (məsələn, 30-cu illərdə F.Abdulcəlilovun yalnız «Uşaqlar üçün hekayələri» (1933) işıq üzü görmüşdürsə), bu dövrdə o, bir-birinin ardınca «Keçid» (1957), «Köhnə evin sonu» (1962), «Akşokırak aulu» (1963), «Bol sulu Təzəsu» (1966), «Ocaq» (1967) və s. Dövrün daha aktual problemlərini qaldıran əsərlər ortaya qoyur. Burada körpə uşaqların tərbiyəsindən tutmuş («Kimdir günahkar?»), ər-arvad arasında münasibətlər («Özgə dayı»), müasir insan siması («Əziz», «Küsü», «Vəfalı dost »), insan borcu (Çantalı qız) və s. kimi problemlər qaldırılaraq müxtəlif səpkili məsələlərin həllinə işıq tutulurdu. S.Kapayevin hekayə janrında püxtələşməsi ona povest və roman kimi daha monumental epik janrlara müraciət etmək üçün zəmin yaratdı. S.Kapayev sonralar qələmə aldığı əsərlərində, bir tərəfdən, müasir həyatı təsvir etmişdirsə, digər tərəfdən, xalqın yaxın keçmişinə nəzər salaraq «Ocaq» (1967), «Yusan» (1968) kimi povestlərdə gənc noğay ziyalısı mövzusunu ön plana çıxarmağa üstünlük vermişdir.
Suyun Kapayev yaradıcılığında «Bekbolat» (1970) romanı xüsusi estetik çəkiyə malikdir. Müəllif XX əsrin ilk onilliklərində gedən hadisələrin canlı mənzərəsini yaratmaqda, həm də xalq kütlələrinin qəhrəmanlıq və dözümlülüyünü, həyatsevərliyini və yaradıcı gücünü yetərincə adekvat təsvir etməyə müvəffəq olmuşdur. Burada digər çoxsaylı problemlərlə yanaşı S.Kapayev dağlıların (noğayların) sosial azadlığa olan münasibətini, noğay xalqının xoşbəxt gələcək uğrunda mübarizəsini maraqlı bədii ştrixlərlə verməyə çalışırdı. S.Kapayev yaradıcılığı xüsusən onun povest və romanları üçün dil zənginliyi, kompozisiya bitkinliyi, forma tamlığı xarakterikdir. Yazıçı əsərlərində folklor süjetləri, əfsanə və rəvayətlərdən uğurla istifadə etməklə, geniş etnoqrafik lövhələrə müraciət nəticəsində səriştəli müşahidələr apara bilir.
S.Kapayevin hekayə janrına daha intensiv müraciəti digər noğay nasirlərinin bu janra münasibətini daha da artırdı. 60-cı illərdə müxtəlif mövzulara həsr olunmuş çoxsaylı hekayələr yaranırdı. Hekayə janrında daha maraqlı əsərlərlə K.Orazbayev, M.Kirimov, H.Hacı¬gəl¬diyev, B.Karasov çıxış edirdilər. Onlar S.Kapayev ənə¬nələrini şərəflə davam və inkişaf etdirən noğay yazıçıları idi.
Noğay ədəbiyyatının inkişafından danışdıqda 50-70-ci illər poeziyasının xarakterik xüsusiyyətlərindən söhbət açmasaq mühaki¬mələrimiz heç də tam təsəvvür yaratmaz. Qeyd edək ki, bu dövr noğay poeziyası da özünəməxsus mövzu, ideya və problematikalara müraciət etmiş, onları diqqət mərkəzinə çəkmişdir. Əvvəlki dövr noğay ədəbiyyatının təcrübələrinə və folklor ənənələrinə söykənən 50-70-ci illər poeziya¬sında, bir tərəfdən, peşəkar şairlərin sayı artırdısa, digər tərəfdən onların yaradıcılığının tematik diapazonu genişlənirdi. Bu dövr noğay poeziyasının aparıcı simaları sırasında Musa Kurmanəliyev, Zeyid Qaybəliyev, Fazil Abdulcəlilov, Suyun Kapayev, Aydəmir Murzabə¬yov, Salehcan Zalyandin, Baybəy Karasov kimi yaşlı nəsil nümayən¬dələri ilə yanaşı Həmzət Hacıgəldiyev, Gəldixan Kumratova, Əskərbəy Kireyev, Məhəmməd Kirimov, Ənvərbəy Kultayev, Tayvat Kereybova və b. kimi gənc istedadlı şairlər yeni mövzuları, yeni təfəkkür tərzi ilə noğay poeziyası aləminə daxil oldular.
XX əsrin 50-70-cı illər noğay poeziyasının maraqlı xüsusiy¬yətlərindən biri də ondan ibarət idi ki, poema janrı bu dövrdə daha nəzərəçarpacaq dərəcədə inkişaf etməyə istiqamətlənirdi. Suyun Kapayev, Həmzət Hacıgəldiyev yaradıcılığında geniş tətbiqini tapan onbir hecalıq şeirlər tədricən yerini yeddihecalığa verirdi. Qafiyə və alliterasiyadan geniş istifadə olunurdu. Heç şübhəsiz ki, burada həm noğay eposunda işləmiş şeir elementlərindən, həm də klassik noğay şairlərinin müraciət etdiyi (Şalkiiz Dilənçioğlu, Həsən Qayğılı, Dosmambet Azayoğlu, Kaztuqan və b.) mövzuların bəzi xüsusiyyətlərindən istifa¬də özünü büruzə verirdi. 50-70-ci illər noğay poemasının inkişafında 30-cu illər Musa Kurmanəliyev və Fazil Abdulcəlilov poemalarının da rolu az olmamışdır. 50-70-ci illər milli poemanın populyar bir janr kimi inkişafı F.Abdulcəlilov, S.Kapayev, H.Hacıgəldiyev, G.Kumratova və d. adları ilə bağlıdır. F.Abdul¬cəlilovun üç məcmuədə topladığı «Kuban haray salır» (1955), «Kuban – mənim nəğməmdir» (1957), «Qələm qəddənərsə» (1969) əsərlərdə xalq həyatı, onun azadlıq mübarizəsi və s. kimi məsələlər əksini tapmışdır. S. Kapayevin poe¬ma¬larında isə əmək adamı, onun xalqa xidməti, doğma elə bağlılığı, insanlar arasında hökm sürən mənəvi-əxlaqi münasibətlər şairin «Dağ təşnəsi» (1957), «Səhra oyandı» (1958), «Ürəyimin sirləri» (1969) kimi məcmuələrdə əksini tapmışdır. Noğay poeziyasının fəlsəfi istiqamətdə inkişafına gəldikdə isə burada ilk növbədə H.Hacıgəl¬diyevin yaradıcılığı qeyd olunmalıdır. Onun ən gözəl əsərləri «Cığır» (1962) məcmuəsində toplanmışdır. Buraya daxil edilmiş əsərlər forma yeniliyi və məzmun dərinliyi ilə diqqəti cəlb edir. Fəlsəfi istiqamətli sevgi şeirləri və lirik poemaları gənc yazıçı tezliklə oxucuların rəğbətini qazana bilmişdir. H.Hacıgəldiyev yaradıcılığında «Qanadlananlar» (1962), «Suala cavab», «Oğurlanılmış sevgi» (1966), «Sandıq» (1967), «Havayı çörək» (1969) və başqa poemalar əhəmiyyətli əsərlər kimi qeyd olunmalıdır. Çünki bu əsərlərdə ictimai həyatın aktual məsələləri öz əksini daha hərtərəfli tapmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, H.Hacıgəldiyev yaradıcılığı 60-cı illər noğay poeziyasında mühüm yer tutmaqla, onun gələcək inkişafına kifayət qədər təsir göstərmişdir.
Lirik istedadı ilə fərqlənən noğay şairləri arasında Gəldixan Kum¬¬ratova yaradıcılığı mövzu və ideya baxımından maraqlıdır. 60-70-ci illər noğay poeziyasında onun nəğmələri nəinki Qaraçay-Çərkəz, Çeçen-İnquş noğay aullarında, həm də Stavropol və Dağıstanda geniş yayılmışdı. Kumratova yaradıcılığı üçün məhəbbət və vətəndaş lirikası daha xarakterikdir. Burada işlənən mövzular sırasında vətənpərvərlik, beynəlmiləlçilik, xalqlar dostluğu və insanpərvərlik daha çox diqqət mərkəzində dururdu. G.Kumratovanın «Həyat başlanan yerdə», «Mən ürəyə qulaq asdım» və digər şeirlərində əməkçi insanların, əkinçi, biçinçi, fabrik və zavod fəhlələrinin həyatı, «İşıqforlar» şeirində isə müəllim, pedaqoq həyatının maraqlı fraqmentləri qələmə alınır.
G.Kumratovanın məhəbbət lirikasında insan və onun intim hisslərinə qayğılı münasibətdə əksini tapmışdır. G.Kumratova üçün insan qəlbi böyük bir aləmdir, onu fəth etmək heç də asan deyildir. Onun poeziyası üçün ibarəli ifadələr, ekspressiv-emosional vasitələrdən geniş istifadə etmə xarakterikdir. Şairənin belə ibarəli ifadələrindən bir neçəsini qeyd etmək yerinə düşər: «Dost ürəyi yaxın olsa da, ona aparan yol asan deyil» («Külək»); «Əgər ürək başqasına verilibsə, yadda saxla, o təkdir, yeganədir» («Cavab») və i.a. və s..
G.Kumratovanın şeirlərində istifadə olunmuş rənglər aydın¬lığı, obrazlar təzəliyi, fikir və hisslərin təbiiliyi, folklor və dünyanı müasir dərkin sintezi onun poeziyasını oxucular üçün daha yaxın və anlaşıqlı edir.
Noğay ədəbiyyatında iri həcmli əsərlərə münasibət nəinki özünü nəsrdə, həm də poeziyada əks etdirirdi. Bu baxımdan ilk növbədə Səfərbəy Kumukovun «Qərbə sarı» poeması maraqlıdır. Noğay eposu ənənəsinə söykənilərək qələmə alınmış bu poemanın mərkəzində noğaylı Kalmurza obrazı dayanmışdır ki, o, Aleksandr Matrosov qəhrəmanlığını özünəməxsus şəkildə təkrarlamışdır (История советской многонациональной литературы. В 9-ти т., T.5.-M., Наука, 1974, s. 460).
Bütün söylədiklərimiz bir daha təsdiq edir ki, XX əsrin sonuncu rübü və XXI əsrin əvvəllərində mövcud olan noğay ədəbiyyatı öz yüksəliş dövrünü yaşamaqda davam etmişdir.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.