Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

Noğay folkloru

Azərbaycan Respublikası Təhsil nazirliyi
Bakı Slavyan Universiteti

Folklor Araşdırmaları Elmi-Tədqiqat laboratoriyası

Məmmədov Nizami Tağı oğlu

Noğay folkloru

2011-ci ilin elmi tədqiqat işi

Bakı-2011

Giriş
I. Noğay folkloru xalq həyatının özünəməxsus salnaməsi kimi
II. Noğay folklorunun janrları
a) Noğay nağılları;
b) Noğay atalar sözü və zərbi məsəllər;
c) Noğay tapmacaları;
d) Noğay nəğmələri;
e) Noğay liro-epik poemaları;
f) Noğay tarixi qəhrəmanlıq poemaları
Nəticə

Noğaylar (xalqın adı noğay) türk xalqlarına mənsub olmaqla,hazırda Şimali Qafqazda məskunlaşmaqdadırlar. Onlar Rusiya Federasiyasındakı Çeçenistan Respublikasında Qroznı ətrafı Qızlar, Qaranoğay, Acıqulaq,Qayasulu,Şelkor rayonları; Stavropol diyarının Neftekum, Dağıstan Respublikasının Noğay, Tarumov, Babayurd, Qaraçay-Çərkəz Respublikasının Adiqe-Xabl, Xabez və Kubanətrafı rayonlar da kompakt şəkildə yaşamaqdadırlar. Bundan başqa noğaylar həm də Stavropol diyarının Mineralovod (Kanqlı aylu), Libknext (Qara Murza aylu) rayonlarında yerləşmişlər. Qroznının Qaranoğay rayonunda isə qaranoğaylar yaşayırlar. Noğayların ümumi sayı (1989- cu il siyahıyaalınmaya görə ) 75,6 min nəfərdir. Onların 13 mini Qaraçay- Çərkəz Respublikasında, qalanı isə Rusiya Federasiyasının müxtəlif ərazilərində, bundan başqa Türkiyə və Rumıniyada yaşayırlar. Bir zamanlar son dərəcə böyük və əzəmətli etnos etnik birlik sahibi olmuş noğaylar qədim mədəniyyət və yazı nümunələri daşıyıcıları olmuşlar. Tanınmış noğayşünas alim M. Sikaliyev yazır: “Noğay qəbilələri XIV əsrin əvvəllərində türk qəbilələrinin ümumi hissəsindən ayrılmaqla, öz əcdadlarından yüksək mədəniyyətə sahib olmuşlar.”
Noğaylar haqqında zəngin tarixi, etnoqrafik, coğrafi məlumatları biz XVIII əsrdə rus hərbi xidmətində olmuş əcnəbi, iki ildən artıq Qafqazda mühəndis-topoqraf işləmiş general-leytenant mənşəcə alman İohann Blaramberqin “ Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri” kitabında tapa bilirik. Noğaylar haqqında qələmə aldığı müxtəsər tarixi oçerkdə İohann Blaramberq göstərir ki, Camış çayın mənbəyində Stavropol, Kuban və Yuxarı Kuma arasında və Donquzlu mənbəyində köçəri tatarlar yaşayırlar ki, onlar kazbulat, qıpçaq, manqıt, canıbulat, yedisan, yedişgül və novruzlardan ibarətdir. Qafqaz dağları və Xəzər dənizinin şərq səhralarını isə bütövlüklə yedisan və canıbulat, eləcə də qaranoğay ordası, nəhayət Kubanın sol sahilini isə mansurovlar və novruzlular tuturlar. Onlar noğay, yaxud Kuban tatarlarının qalığı hesab olunurlar. Noğaylar buraya Dnepr və Dnestr səhralarından Krım xanları tərəfindən köçürülmüşlər. Ruslar isə onları yenidən geriyə qədim otlaqlar olan Kuban ərazilərinə qaytardılar. Bu qəbilələr öz adını tatar sərkərdəsi Noğayın adından götürmüşdür ki, o, ( Noğay-N.T.) 1262-ci ildə Mengü xanın vəfatından sonra Böyük Ordadan ayrılaraq bir müddət Qızıl Ordada ( yəni Dəşti Qıpçaqda-N.T.) hakimiyyətə rəhbərlik etmişdir. Noğay xanın ölümündən sonra isə noğaylar ayrıca qəbilə olmuşlar. Lakin onlar digər tatar qəbilələri ilə aparılanm müharibələrdə zəiflədilər, bu, qəbilələrarası müharibələr Rus dövlətinə tatar Qızıl Ordasının gücünü zəiflətmək və noğayları özünə tabe etmək imkanı vermişdir. Kazan və Astraxanı ələ keçirməzdən əvvəl Volqa ətrafında yaşayan noğaylar 1552-ci ildə çar İvan Vasilyeviçdən onları Astraxan hökmdarı Yanuqurçidən azad etməyə kömək istəmişlər. Elə buna görədə Qafqazın şimal ətəklərində dağınıq şəkildə yaşayan noğayları Volqaətrafı Orda noğayları adlandırmışlar. Volqaətrafı noğaylar üç qrupa-böyük və kiçik noğay və yeddisan, yaxud cetisanlara bölünmüşdür. Böyük noğaylar isə öz növbəsində gelenşi, xabay, qıpçaq, barlak,manqıt və başqalarına bölünmüşdür. Yeri gəlmişkən qeyd edək ki, qaraqalpaq qəbilələrinin və tayfalarının etnik tarixindən danışdıqda biz bu qəbilələrin müxtəlif tərkiblərini nəzərdən keçirmişdik. Bunu söyləməyə ona görə ehtiyac duyuruq ki, noğaylarla qaraqalpaqların, qazaxların və başqurdların etnik tarixində çoxsaylı yaxınlıqlar vardır. Bu barədə aşağıda yeri gəldikcə məlumat verəcəyik. Kiçik noğaylar isə üç yerə bölünmüşlər-xasbulat oğlu, novruz oğlu və soltan oğlu. Kiçik noğayların mirzələri (murza) öz mənşəyini mirzə Kasaydan götürdüyündən onlarə “Kasay uşaqları” adlandırırlar.
Orta əsrlər dövründə bir neçə min noğay ailəsi Volqadan Urala keçərək Emba çayı ətrafında köçəri halda yaşamışlar. Tatar dilində Emba Cem, yaxud Zem adlandırıldığından onlara cembuyluk adlandırmışlar.1630-cu ildə kalmık hökmdarı Xorlyuk Tayşı cembuylukları özünə tabe etməklə onları yenidən Volqa sahillərinə gətirmişdir. 1670-ci ildə Stepan Razinin başçılığı altındakı üsyan nəticəsində Volqa, Xoşout və Zenqor kalmıkları (qəbilələri) arasındakı üsyan nəticəsində yeddisan, böyük və kiçik noğaylar arasında hərbi döyüşlər baş qaldırmışdır. Belə vəziyyət nəticəsində yeddisan mirzəsi Siyunç Sedulov öz övladları və tayfası ilə birlikdə Astraxana gedərək Razin tərəfdarlarına qoşulmuşdur. Kiçik noğayların mirzəsi Janıqurçi isə öz tayfası ilə birlikdə Terek ətrafındakı səhralara çəkilmişdir. 1671-ci ildə Yanıqurçi Çərkəz və Krım tatarlarını, böyük noğayları ətrafına toplayaraq güclü ordu ilə Volqaya qayıdır. Onlar yeddisanların düşərgələrinə hücum edərək, uzun-uzadı döyüşlərdən sonra Janıqurçi bütün yeddisan noğaylarını Kubanətrafı dağlara tərəf aparır və onlar burada Krım xanına tabe olurlar. Bundan bir il keçməmiş, 1672-ci ildə kalmık hökmdarı Ayuka xan öz ordusu ilə Kubana qayıdaraq, onların hamısının rus tabeliyinə keçməsini məcbur edir. Kiçik noğaylar Terek yaxınlığında Kabardada köçəri vəziyyətdə yaşamaqda davam edirlər. 1696-cı ildə böyük noğaylar Caqmat və Aqaş mirzələrin başçılığı altında yenidən Volqadan Kuban tərəfə getməklə, özləri ilə kiçik noğay, yeddisan və cembuylukları da aparırlar. Nəhayət 1715-ci ildə Kuban sultanı Bakta-Girey Ayuk xanın və cembuylukların üzərinə hücuma keçərək onların hamısını Kubandan arxa tərəfə qovmağa müvəffəq olur.
1717-ci ildə Ayuka xanın oğlu Çakdorjup yeddisan və cembuyluk noğaylarını Kubandan kənarlaşdırır. Lakin 1723-cü ildə bu qəbilələr yenidən buraya qayıdırlar. Kalmık və Krım tatarları ilə baş vermiş çoxsaylı döyüşlərdən sonra qəbilələrarası müharibələrdə zəifləyən noğayları Krım tatarları nəhayət Perekop arxasına ötürür, daha sonra isə 1728-ci ildə Dnepr və Dnestr ərazilərinə qovurlar.
1736-cı ildə rus-türk müharibəsi zamanı Don kazak atamanı Jefremov və kalmıkların başçısı Donduk-Ombo silah gücünə kiçik noqayları özünə tabe edir. Soltanoğlu və Kaspulatoğlu qəbilələri yenidən rus tabeliyinə keçirilərək Terek və Kuma çayları ətrafında yerləşdirilir. Novruzoğlulara gəldikdə isə onlar əsasən məhv edilir, digərləri (soltanoğulları və kasbulatoğulları) kalmık başçılara ildə hər ailə başına bir iri buynuzlu mal-heyvan vergi verirlər. 1740-cı ildə çoxsaylı şikayət və qarışıqlıqdan sonra onlar kalmıklara vergi verməkdən azad olurlar. Bununla belə noğayların daha iri hissələri Kubana keçirlər. Bütün Osman portası qaçmış noğayları vergi tələbindən boyun qaçırdığından onları Volqaya Astraxan qubernatorluğuna vermək qərarına gəlir.
Osman portası ilə müharibənin lap əvvəllərində (1769) general qraf Panin Dnestryanı Bessarabiyaya köçmüş noğay ordalarını məğlub edir. Yeddisan və bacaq noğayları Rusiyaya sadiqliyə and içir,cembulat və yedilqullar da onlar kimi hərəkət edirlər.
1774-cü ildə Osman Portası ilə Kiçik Qaynarcidə bağlanan tatar və noğay qəbilələri arasındakı müqaviləyə görə onlar digər xarici dövlətlərdən asılı olmayan qəbilələr kimi tanınır. Onlar digər dövlətlərdən və xaricilərdən asılı olmayanlar kimi qəbul olunmaqla, öz xanlarını seçmək hüququna malik olurlar. Belə vəziyyət heç də uzun-uzadı davam etmir. Osman Portasının gücü ilə Krım xanı Sanib-Girey mövqeyindən kənarlaşdırılır. Dövlət-Girey xan elan olunur, lakin onun da xanlığı uzun çəkmir. Noğaylar arasında baş verən qəbilələrarası mübarizələrdə o, Rusiyada qaçıb gizlənməyə məcbur olur.
Yuxarıda qeyd etdik ki, noğay qəbilələri əsasən noğaylar əsasən Kuban, Terek, Kuma çayları ətrafında məskunlaşmışlar. Beştau (Pyatiqorsk) noğayları altı- kasbulatlı, qıpçaq, yeddisan, cembuyluk, manqıt və novruzlular tayfasından ibarət idilər. Onlar əsasən Beştau dağının ətrafında Tanlıq, Çeqate, Barsuklı, Jangül,Kalaus və Qaramıx çayları ərazisində yaşamaqla əkinçiliklə məşğul olur, taxıl, vələmir və arpa əkir,var-dövlətlərinin əsas hissəsini iri buynuzlu mal-qara və qoyun təşkil edir. Onlar halal əməklə məşğul olmaqla, Qafqazda məskunlaşmış digər noğay qəbilələrindən daha sakit ömür sürməkdə davam edirlər. Noğaylar bu günün özündə Qeorgiyevsk, Aleksandrovka, Stavropol, Mineralovod və digər şəhərlər və rayonlarda yaşamaqla mal-qara, quş, yağ, taxıl və bal satmaqla həyatını davam etdirir.
Cembuyluk və yeddisanlar Georgiyevsk və Mozdok rayonlarında, yayda Kuma çayı boyu (Acıqulaq yaxınlığında), qışda isə Terekə yaxın ərazilərdə köçəri halında yaşayırlar . Onlar buraya Kubandan 1783-cü ildə general Potyomkin tərəfindən sürgün edilmişdilər.
Qaranoğaylar (ruslar onları qaranoylar adlandırmışlar – N.T.) beş tayfaya- noyman, qıpçaq, asqaşdamğalı, bərki və yedişgülə bölünürdü.Onlar Terek və Kuma ətrafından tutmuş Xəzər dənizinə, Qreben və Ter kazakları yaşayan ərazilərə qədər yayılmış, Qızlar və Mozdok qəzalarını da tutmuşdular.
Qaranoğayların başlıca məşğuliyyəti Qızlardan Rusiyaya araba ilə və oradanda geriyə yük daşımaq idi. Qaranoğaylar digər noğaylara nisbətən sakit yaşamağa vərdiş etdiklərindən, onlar silahsız gəzməyə daha böyük üstünlük verirdilər. İohann Blaramberqin adını çəkdiyimiz 1831-ci ildə nəşr etdirdiyi əsərdə təkcə qaranoğayların sayı 30 min nəfərə çatırdı. Yuxarıda gətirdiyimiz rəqəmdə isə, məlum olduğu kimi, noğayların ümumi sayı 76 min nəfər göstərilir. Başqa sözlə desək, göründüyü kimi, 280 il ərzində noğayların sayı artmaq əvəzinə ciddi şəkildə azalmışdır. Bu isə noğayların son üç əsrə yaxın bir dövrdə ruslar arasında assimilyasiyaya olunduğunu sübut edir. Qafqaz dağlarında Kubanın əks tərəfində məskunlaşmış noğay qəbilələrinə gəldikdə isə burada əsasən mansurlular və novruzlular yaşayırdılar. Kasayoğlu ordasından olan mansurlular Böyük Zelençuk və Urup çayları sahillərində Rusiya sərhədlərinin yaxınlığında altıkəsəklər arasında yaşayırdılar. Mansurlu adını Mansur murza adından götürmüş bu noğayların Kiçik Zelençuk çayı sahillərində geniş otlaqları mövcud olmuşdur.
Belqorod Ordasından yaranan qəbilələrdən olan bu noğayların bir hissəsi Ust-Labinsk və Qafqaz qalalarının əks tərəfində, Laba çayı boyunda köçəri halda yaşayardılar. Mansurlularla novruzluların ümumi sayı XIX əsrin 30-cu illərində 16 min nəfər idi.
Noğaylılar sünnü müsəlmanlardır. Noğay mollaları vaxtilə Türkiyədə 6 il dini təhsil aldıqdan sonra geriyə qayıdardılar. Noğaylar vaxt ilə bir neçə ailədən ibarət olmaqla, aul yaradar, gah burada, gah da digər yerlərdə yaşayırdılar. Aulların sayı adətən onlardakı qazanın sayı ilə müəyyənləşərdi. Belə ki, bir qazan bir ailəni təmsil edirdi.Noğayların əsas nəqliyyat vasitəsi iki öküz qoşulmuş iki təkərli araba olmuşdur. Noğaylar arabanın təkərini yağlamazdılar. Buna görədə təkərlər olduqca çox və bərk cırıldayardı. Noğayların belə cırıltıdan xoşu gəlməsə də, arabalardan səliqə-sahmanlı istifadə edərdilər. Araba təkərlərinin cırıltısı uzaqdan onların gəlişindən xəbər verərdi. Noğaylar harasa oğru kimi xəlvəti daxil olub, aradan çıxmağı qətiyyən sevməzdilər. Noğaylar digər qəbilələrin həmlələri nəticəsində daim yerlərini dəyişməyə məcbur olub köçəri halda yaşasalar da, əsasən onlar oturaq həyat, əmin-amanlıq şəraitində yaşamağa üstünlük vermişlər. Hazırda noğaylar özlərinə məxsus mübarizlik ruhundan xeyli kənarlaşsalar da düşmənə əsir düşməkdənsə, şərəfli ölümü daha üstün tuturlar.
Noğay dili yuxarıda adlarını çəkdiyimiz Rusiya Federasiyasindakı Çeçen və İnquş Respublikalarında, Qaraçay-Çərkəz Respublikasında, Stavropol və Krasnodar diyarlarında, Dağıstan Republikasında və eləcə də Türkiyə və Rumıniya ərazilrində yaşayan noğayların dilidir.Noğay dili türk dil qrupunun şimal-qərb, yaxud qıpçaq qrupuna daxildir. Bu dil qrupu qaraqalpaq və qazax dilləri ilə birgə ç>ş və ş>s səslərinin uygunluğu ilə xarakterizə olunur, məsələn şık-çıx, tas-taş və s. lüğət fondu baxımından və qrammatik quruluş nöqteyi nəzərindən noğay dili qaraqalpaq dili ilə daha çox qohum xüsusiyyətlərə malikdir. Noğay dili üç dialektə ayrılır: ağnoğay, noğay və qaranoğay. Noğay dilinin inkişafı tarixən Böyük Noğay Ordası, Qızıl Orda və Qıpçaq İttifaqı və digər qədim birliklər kimi qəbilə və siyasi birliklərin inkişafı ilə bağlıdır.
Noğay ədəbi dili və yazısının mövcudluğunu mütəxəssislər XX əsrin 20-ci illərinin sonlarından qəbul edirlər. 1938-ci ildən başlayaraq noğay əlifbası kiril qrafikası bazasında yaranmış və əsasında inkişaf etmişdir.
Noğay folkloru xalq həyatının özünəməxsus salnaməsi və əvəzsiz mədəni dəyəridir. Noğay folkloru digər xalqların folklorunda olduğu xalq həyatının müxtəlif tərəflərini çevrələmək baxımından böyük maraq kəsb edir. Xalq idealını özündə əks etdirən folklorun ideya-estetik əsasını tarixi eposun muxtəlif janrları, tarixi nəğmələr, rəvayətlər və lirik dastanlar təşkil etməklə, xalqın gerçəkliyə münasibətini, real həyatını əks etdirməkdədir. Noğayların məişət və həyatı təqvim, mərasim və əmək nəğmələrində əksini tapmışdır. Əxlaq, fəlsəfə və mənəvi-etik məsələlər noğayların aforistik janrı olan atalar sözü və zərbi məsələlərində təcəssüm olunur.
Noğay folklorunun bütün janrları vahid ideya-estetik nüvə ətrafında birləşməklə mükəmməl bədii sistem yaradır. Bu cəhət nağıl və epos janrlarında daha yaxşı görünür. Noğay dastanlarında və nağıllarında xeyirlə şər, yoxsullarla bəylər arasında olan mübarizə təsvir olunur.Bunlara “Süleyman şah və bayquş”, “Qoca və Su Anası”, “Albaslı və qız”, “İlan”, “Keçi və dovşan”, “İlan, qaranquş və milçək”,”Altıayaqlı at”, “ İlan dərisində gözəl oğlan” və digər nağıllar yaxşı nümunədir.
Ümumiyyətlə, noğayların nağıl eposu nəinki obrazlar çoxluğu və konflikt rəngarəngliyi, həm də ifadəlilik nöqteyi-nəzərdən baxımından maraqlı və zəngindir. Nağılların ifadə vasitəsi, priyomları və arsenalı da zəngindir. Noğay nağıllarının poetikasına gəldikdə isə onlar milli nöqteyi-nəzərdən özünəməxsus spesifik nüanslar və detallarla diqqəti cəlb etməklə, müxtəlif ideyalar ifadə etməkdə orijinaldır. Bəzi nağıl süjetlərinin digər xalqların folklorunda geniş yayılmasına baxmayaraq, onlar noğay nağıllarında bədii cəhətdən özünəməxsusluğu ilə seçilir. Məsələn, “Süleyman şah və bayquş” nağılında şahzadənin quş sümüyündən ev tikdirmək istəyi əksini tapmışdır. Şah arvadını çox sevdiyindən ona tezliklə sağlamaq arzu etməklə, sarayına bütün quşları dəvət edir. Şahın çağırışına bütün quşlar tezliklə uçub gəldiyi halda, yalnız bayquş bu tapşırığı yerinə yetirmək istəmir. Şah üç dəfə ardıcıl olaraq onun dalınca ismarıc göndərsə də, bayquş bundan imtina edir gəlmir. Müdrik bayquş hər dəfə şahın tapşırığına nə üçün əməl etmədiyini yerli-yataqlı sübut edir. Bu sübutlarda quru həyat müdrikliyi başıboşluqla bağlı qədim təsəvvürlər əksini tapır. Şahın qəzəbli “Nə üçün sənə üç dəfə xəbər göndərilsə də, uçub gəlmədin?” sualına bayquş “Mən fikirləşirdim” cavabını verir.
Şah ona yenidən sual verir:” Sən nə fikirləşirdin?
“Şahım mən dünyada diri, yaxud ölü çoxdur?” Onu fikirləşirdim. “Və fikirləşdinmi?”
“Fikirləşdim. Bütün canlılar növbə yetişəndə ölürlər. Deməli, belə çıxır ki, ölülər dirilərdən çoxdur”.
“Bəs ikinci dəfə çağıranda niyə gəlmədin, səni hansı fikir saxlamışdı?
“ Mən tapmaca tapırdım. Düşünürdüm, dünyada su çoxdur, yoxsa quru?”
“Və tapdınmı?” “ Şahım, tapdım! Biz yeri hardan oysaq, gec, ya tez oradan su axacaq”.
“ Onda belə çıxır ki, su çoxdur!”

“Bəli, elədir ki var”. “Bəs onda üçüncü çağrışıma niyə gəlmədim?”
“Fikirlərim çox uzaqlara getmişdi. Düşünürdüm ki, görəsən, dünyada kişi çoxdur, yoxsa qadın? Qadın kişilərdən çoxdur. Çünki arvadlarının ağılsız fikirlərini icra etmək istəyən kişiləri də mən qadınlar sırasına aid edirəm”.
Beləliklə, nağıl ədalətin təntənəsi, ağılın qələbəsi ilə başa çatır. Müdrik Süleyman şah bayquşun belə cavabını eşitdikdən sonra utandığından, arvadının əsassız arzusunu yerinə yetirməkdən imtina edir və bütün quşları azad edir.
Noğay nağıllarının baş qəhramanı, digər xalqların nağıl eposunda olduğu kimi, öz əxlaq, mənəvi, fiziki və əqli keyfiyyətləri ilə xanları üstələyən kasıblardan ibarətdir. Noğay nağıllarının ciddi sosial istiqamətliliyini sübut edən nümunələr sırasında “Günəş Ayın qardaşıdır” nağılının adını çəkmək olar. Burada konflikt bəylə nökər üzərində qurulur. Bəy nağılda daim “xəsis” epiteti ilə xarakterizə olunur. Noğay nağıllarında şahlar və padşahlar xəsis kimi təsvir olunur, onların xəsisliyinin və hərisliyinin həddi-hüdudu görünmür. Noğay nağıl eposunda mollalara, şahlara qarşı sosial istiqamətlilik eposun bütün poetik vasitələrində özünü əks etdirir.
Məsələn, “Qoca və Su Anası” nağlında doğruçuluq, düzgünlük, ədalətli mövqe tutma kimi məqamlar əksini tapır.Bu noğay nağılı üçün sadə kompozisiya-süjet xətti xarakterikdir. Burada təhkiyənin əsas epizodunun təkrarlanması mövcuddur. Bu, nağıldakı başlıca fikrə daha da aydınlıq gətirir. Situasiyaların uyğunluğu qeyd edilsə də, nəticələrdəki kontrast, ziddiyyət özünü göstərir. “Qoca və Su Anası” nağılında süjet sürətli inkişaf üzərində qurulmuşdur. Nağılın qısa məzmunu belədir: Meşəyə odun dalınca gedən qoca yolda sınıq körpüdən keçərkən əlindəki balta çaya düşür. Qoca körpünü keçib sahildə oturub ağlamağa başlayır. Bu zaman çaydan Su Anası çıxıb qocanın nə üçün ağladığını soruşur. Qoca evlərində yeganə gümanları olan baltasının suya düşdüyündən ağladığını birdirir. Su Anası çaydan bir qızıl balta çıxarıb qocaya uzadır və deyir: “Sənin baltandır?” Qoca deyir: “Yox”. Su Anası sonra ona gümüş balta təklif edir. Qoca bu baltanı da götürmür. Yenə də bu baltanın onun olmadığını bildirir. Nəhayət, Su Anası qocaya adi balta uzadanda, o, baltanın onun olduğunu söyləyir. Belə olduğu halda Su Anası qızıl, gümüş və adi baltanın hər üçünü də qocaya verir. Qoca istədiyi qədər odun tədarük etdikdən sonra evə qayıdır. Varlı qonşusu qocadakı qızıl, gümüş baltaları görüb onun bunları haradan əldə etməsi ilə maraqlanır. Qoca məsələni olduğu kimi ona danışır. Varlı qonşu tez özünü çaya çatdırıb baltanı suya atır. Sahildə dayanıb ağlaya-ağlaya gözlədikdə su Anası onun nə üçün ağladığını bildikdən sonra çaydan bir qızıl balta çıxararaq soruşur: “Bu sənin baltandır?” O, bu andaca “Mənimdir!” - deyə cavab verir. Kişi su Anasını aldatdığından o, ona nə qızıl, nə də adi balta vermir və suyun altına baş vuraraq gözdən itir.
Noğay nağılları həyat situasiyalarını göstərmək baxımından maraqlılığı seçılsə də, onlar üçün real məntiq yalnız bu situasiyanın özünün qurulması üçün zəruridir. Süjetin gedişi xalqın mənəvi-etik təsəvvürləri ilə diktə olunur. Noğay nağıllarının mövzu, obraz, süjet və üslubu xalqın gündəlik həyat və məişətindən götürülmüşdür, formaya gəldikdə onlar həyata ötürüldükdə, biz reallığın tamamilə başqa mənzərəsi ilə rastlaşırıq. Noğay folklorunun xırda janrları sırasına daxil olan atalar sözü və zərbi məsəllər də xalq arasında geniş yayılmışdır. Bu janr noğay folklorunun ən mühüm hissəsidir. Onlar insanların əmək və həyat təcrübəsi əsasında müxtəlif tarixi dövrlələrdə yaranmaqla, xalqın dünyagörüşünü, həyat baxışları onun etik təsəvvürlərini əks etdirir. Noğay atalar sözü digər xalqlarda olduğu kimi bir cümlə daxilində ümumi mühakiməni, fikri və qənaəti ifadə edir. Atalar sözü və zərbi məsəllər folklorun digər janrlarından fərqli olaraq müxtəsərliyi və obrazlılığı ilə seçilir. Onların əsas ifadə vasitələri obrazlı paralellizm, metaforiklik və metonimiyanın köməyi ilə verilir. Noğay atalar sözü və zərbi məsəllərinin əksəriyyəti noğayların əmək fəaliyyəti ilə bağlıdır. Bu nümunələrdə əmək həyat mənbəyi kimi çıxış edir. Noğay atalar sözü və zərbi məsəllərinin Azərbaycan atalar sözü və zərbi məsəlləri ilə xeyli sayda oxşar cəhətləri mövcuddur: “Kim əkmir, o biçmir”; “Əlin hərəkət etsə, ağzında işləyər”; “Tikməyi bacarmayanın iynəsiylə sapı təqsirkar olar”; “Balığı sevənin, paltarı su olar”; “Qırx il yer şumlasan, xışın bir il də qızıla toxunar”.
Noğay atalar sözü və zərbi məsəllərinin xeyli hissəsi maldarlıq və atçılıqla bağlıdır. Noğaylar uzun əsrlər ərzində digər xalqların həmlələrinə məruz qaldığından, onlar yaşadıqları əraziləri məhz at üstündə tərk etmişlər. Bu tipli atalar sözü və zərbi məsəllərdən bir nəçəsinə diqqət yetirək: “Atın gözəlliyi başından, qızın gözəlliyi qaşlarından bilinər”; “Qaçağan atdan xoşu gəlməz”; “Yaramaz at qulunun dalınca gedər”; “Arqamakın öyülməkdən, axta atın onu sığallamaqdan xoşu gələr”və s.
Noğay atalar sözü və zərbi məsəllərində doğma elə məhəbbət, dostluq, yoldaşlıqla bağlı xeyli nümunələrlə rastlaşırıq. Məsələn, “Başqasına quya qazan özü düşər”; “Dost başa- düşmən ayağa baxar”; “Dostunun başına gələn, sənin də başına o gələr”; “Əgər birləşsək, uğur da böyük olar” və s.
Noğaylar atalar sözü və zərbi məsəllərində vətənpərvərlik ideyaları, Vətənə məhəbbət, doğma elə-obaya sevgi, qorxaqlığa nifrət ifadə etmişlər. “Torpağı varlı olanın-xalqı da varlıdır”; “Misirdə padşah olmaqdansa, vətəndə çoban olmaq yaxşıdır”; “Vətənin torpağı cənnət, suyu şərbətdir”; “Vətən qızıl beşikdir”; “Qorxaq min dəfə, batır qəhrəman bir dəfə ölür” və s.
Noğayların təhsil, təlim, maarif, tərbiyə, elm, ləyaqət, insan müdrikliyi, müşahidəliliyi haqqında da xeyli atalar sözü, zərbi məsəlləri vardır: “Ağıl axtarıb tapır, dil isə danışır”; “Ağıl yaşda deyil, başdadır”; “Adam olmaq çətindir, alim olmaq asan”; “Təhsil biliyin qidasıdır”; “Kimin qolu güclüdür bir nəfəri, kimin biliyi çoxdur yüz nəfəri yıxar” və s. Göründüyü kimi noğay atalar sözü və zərbi məsəllərin xalq müdrikliyi, uzaqgörənliyi, onun istedadı özünü büruzə verir.
Noğay folklorunda tapmacalar da mühüm yer tutur. Tapmacalar oyun-yarış olmaqla yanaşı, həm də təfəkkürü inkişaf etdirmək baxımından mühüm rol oynayır, yaddaşı inkişaf etdirir, ətraf aləmi dərki genişləndirir. Qaraçaylarda olduğu kimi noğaylarda da tapmacanı tapmayan kənd, yaxud şəhər verməyə boyun olmalıdır ki, düzgün cavab ala bilsin. Bu oyun-yarışlar evdə, küçədə, auditoriyada dostlar arasında və s. yerlərdə keçirilə, bilər. Atalar sözü və zərbi məsəllər kimi tapmacalar da insanların əmək fəaliyyəti ilə bağlıdır. Tapmacalarda məişət əşyaları, təbiət hadisələri və s. əksini tapır: “Bir oğlum var, qırx kürkü var” (soğan); “Evin divarına vura, arabayasa yükləyə bilməzsən” (yol); “Qaranlıq ağ samanlıqda ağ toyuqlar”(dişlər); “Yol kənarı qazan qaynayır”(tonqal) və s.
Noğay folklorunda nəğmələrin rolu xüsusi ilə danılmazdır. Noğaylar arasında kazak nəğmələri (kazak yırları) daha populyardır. Onların başlıca mövzusu kazaklık etməklə öz xoşbəxt gələcəyini axtaran batırların həyatına həsr olunmuşdur. Kazaklar bəylərə qarşı mübarizə aparır, onları və xalqı sıxışdıranlara qarşı çıxış edirdilər. Kazak nəğmələrindəki baş qəhramanların idealı kişilik və mübarizlikdir. Məsələn, kazak nəğmələrindən birində deyilir: “Qəhrəman bədbəxtliyə qarşı vuruşarkən çıxış edərək, qorxaq arabada yatıb kökəlir”. Noğay kazak nəğmələri əsasən ictimai- sosial xarakter daşıyır. Bu nəğmələrin əksəriyyətində qara camaatın arzusuna çata biləcəyi və cəmiyyətdə öz layiqli yerini tuta biləcəkləri ifadə olunurdu. Bu onu göstərir ki, noğay nəğmələri motiv və məzmun etibarı ilə xalqın optimist münasibətini əks etdirməkdə, onun azadlıq ideallarına qovuşmaqda mühüm rol oynayırdı.
Noğay folklorunda liro-epik poemaların da yeri böyükdür. Onların sırasında biz “Karaydar və Qızılgül”, “Kozı-Korpeş və Bayan-Slu”, “Bozyigit” və d. qeyd edə bilərik. Məsələn, “Karaydar və Qızılgül” poemasında iki gəncin məhəbbəti vəsf olunur. Poemanın baş qəhrəmanı Karaydar Qızılgülü bir başqa kişiyə məcburən ərə verən zaman ortaya çıxır.O, bir mahnı oxumaqla sevgilisinə onun yanına çatdığı barədə işarə verir. Bu nəğmədə Qızılgülün poetik obrazı canlanır. Burada istifadə olunmuş müqayisələr noğayların qız gözəlliyi haqqında müvafiq təsəvvürlər yaradır:
Qışda qardır ağappaq,
Qızılgül ondanda ağ.
Çöhrəsi qırmızı, al,
Dodaqlar da aldır, al.
Sözləri bala bənzər,
Tapmazsan belə şəkər.
Əsərdə Karaydar obrazı yüksək poetiklikliyi ilə fərqlənir. Bütün çətinliklərə və müxtəlif sədlərə baxmayaraq qəhrəman nikbindir və o, öz sevgi hisslərini bütün ömrü boyu saxlayacağına əmindir.
Noğay şifahi xalq yaradıcılığında tarixi qəhrəmanlıq dastanları xüsusi yer tutur. Bu siklə noğayların “Edige”, “Aysul oğlu Əhməd”, “Mamay”, “Şora batır”,”Koplanı-batır”, ”Yr Kasay”, ”Musevkə”, ”Adil Soltan”, “Yr-Tarqıl”, “Kazı-Tuqan” və başqaları daxildir. Yeri gəlmişkən qeyd edək ki, adlarını çəkdiyimiz bu epik və liro-epik poemaların əksəriyyəti ilə biz qazax və qaraqalpaq epik və liro-epik poemalarında da rastlaşırıq. Noğayların epik və liro-epik poemalarında XIV-XIX əsrlərin hadisələri əksini tapmışdır. Bu dövrdə noğay, qazax, qaraqalpaq, başqurd kimi türk xalqlarının tarixi taleyi bir sıra cəhətdən bir-birinə uyğundur. Poemaların əksəriyyətinin məzmununu xronoloji baxımdan Qızıl Ordanın mövcudluğu dövrünə aid etmək olar. Elə buna görədə bu poemalarda Teymur, Mamay və Toxtamış kimi hökmdarlarla bağlı hadisə və epizodların təsviri daha mühüm yer tutur.
Noğay tarixi-qəhrəmanlıq poemaları qəhrəmanların psixoloji əhval-ruhiyyəsini əks etdirmək və intonasiya baxımından rəngarəngdir. Bu poemalarda xalq öz qəhrəmanlarını öyür, onların sosial ədalət uğrunda mübarizlik əzmini ürəkdən alqışlayır. Bu tipli poemalar sırasında “Aysıl oğlu Əhməd” xüsusən maraqlıdır. Poemada Aysıl oğlu Əhmədin Canıbəy xana qarşı üsyanı, mübarizəsi əksini tapır. O, var-dövləti olmamasına baxmayaraq, xan qarşısında xana bərabər dayanır, elə buna görədə xanla arasında düşmənçilik yaranır. Xan qəzəbindən qurtulmaq üçün, Aysıl arvadını və kiçik oğlunu evdə qoyub meşələrə üz tutur. Poemada başlıca aksent Əhmədin ailəsinin uzun illər sərgərdan qalması üzərinə yönəldilir və bütün bunların səbəbinin xanın Əhmədin atasını gözaltına alması ilə bağlılığı vurğulanır. Xan qarşısında mərdi-mərdanə dayanmaq, ona baş əyməmək, öz insan ləyaqətini qoruya bilmək istəyi Aysıl obrazını və onun oğlu Əhmədin mübarizliyini əks etdirir. Real düşmənə qarşı mübarizənin real səbəblərinə baxmayaraq, poemada eyni zamanda qəhrəman və hadisələrin təsvirində nağıl priyomlarından istifadə etmək də mühüm yer tutur. Məsələn, Aysılın camaatına bədbəxtlik üz verəndə Aysılın Əhmədin atının yerinə bağlanmiş-sirli və bacarıqlı atı Əhmədə onun yanına, dağa qəhrəman-batır gəldiyini söyləyir. Poemada epik başlanğıc batırın silahının təsvirində hiperbolaların köməyi ilə realizə olunur. Aysıl oğlu Əhməd cəsur və vicdanlı döyüşçüdür. Əhməd cəsur və qoçaq kimi təsvir olunduğu halda Canıbəy xan hökmdara xas olan xüsusiyyətlərlə zəngindir. O, məkrli və bicdir. O, onun Əhmədin qızı Şəərbəyə olan odlu məhəbbətini öz məqsədlərinə uyğunlaşdırmaq istəyir. Əhməd kimi cəsur döyüşçünü düşmənləri üzərində qələbə çalması öz tərəfinə çəkmək üçün o, Əhmədə qızı Şəərbəyi verəcəyini vəd edir. Həqiqətdə isə xan Əhmədin məhv ediləcəyinə ümid bəsləyir. Əhmədsə böyük uğur qazanıb Şəərbəylə nişanlanacağına ümid edir. Xansa onu aldadıb qızını varlı birisinə verməyə çalışır.
Poemanın ikinci hissəsində Əhmədlə onun sevgilisinin birgə qaçıb aradan çıxdığı, qəhrəmanın xana qarşı apardığı mübarizəni axıra qədər davam etdirməyə hazır olduğu haqqında danışılır. Əhməd sevgilisi Şəərbəylə dağlara çəkilir. Dastanda daha sonra tezliklə Canıbəy xanın və digər bəylərin zülmündən cana doymuş xalqın onun ətrafında yığıldığı təsvir olunur. Aysıl isə doğma yerlərə yalnız xalqın çətin günündə qayıdır. Aysıl deyir: ”Xalqın çətin anında mən onunla birgə xana qarşı mübarizəyə hazıram?!”.
Əhməd də atası Aysıl kimi atasının ölümündən sonra tək mübarizə aparır. Döyüşlərdə xanın özünü üstələyir. Bunu görən xalq ordusu düşməndən qorxur və qaçmağa başlayır.
Batırların qəhrəmanlığı poemada epik idealizasiyanın köməyi ilə yaradılır. Onlar bədəncə böyük, güclü təsvir olunurlar. Sosial zidiyyətlər fonunda belə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Qəhrəman-batırların humanizmi, onların xeyirxahlığı hakim sinfə məxsus mənfi xarakteristikalar fonunda daha görümlü təqdim olunur.
Noğay tarixi-qəhrəmanlıq eposunun kompozisiya xüsusiyyətlərinə gəldikdə isə onu qeyd edək ki, burada digər türk xalqlarının dastanları üçün xarakterik olan nəzmlə nəsr bir-birini əvəzləyir. Poemalardakı nəsr hissəsi nəzmlə qarışıb çarpazlaşaraq təhkiyəni daha da genişləndirməklə əsərin müxtəlif hissələrini üzvü surətdə bir-birinə bağlayır.
Yüksək poeziya və incə lirizmlə ifa olunan şeir hissələri xalqın bədii təfəkkürünün özünəməxsusluğunu daha yaxşı sübut edir. Burada metaforik ifadələrdən, müqayisələrdən, canlı təsvirlərdən geniş istifadə olunur, atlı əsgərin koloritli obrazı yaradılır.
Mən Aysıl oğlu Əhməd atlanaraq hey çapdım,
Beli bürünc yəhərli atla qələbə yapdım.
Döyüşlərdə qan tökdüm, vuruşub qalib oldum,
Qələbəylə, müjdəylə sonra evə üz qoydum.

Bəhs etdiyimiz bu poemada qəhrəmana hər bir kömək etməyə hazır olan sadə insanlar arasında olan birlik əsərin başlıca motivi kimi dəyərləndirilməlidir. Nəinki bu, həm də yuxarıda adlarını çəkdiyimiz digər poemalarda xalq qəhrəmanlarının obrazları mühüm ideya yükü daşımaqdadır. Burada biz heç də yalnız qəhrəmanların yox, həm də xalqın müxtəlif təbəqələrinin nümayəndələrini görürük. Məsələn, digərləri ilə yanaşı poemada xalqın müdrik ağsaqqallarının öz məsləhət və hərəkətləri ilə ən çətin məqamda belə insanlara kömək istəyi, xalqa dəstək verməsi, gənc qızların doğma vətən qarşısında kişilərlə bərabər borcunu vermək bacarığı, onların mənəvi təmizliyi, qadınların ana kimi öz xalqının mənəvi ənənələrini təcəssüm etdirmələri poemanın süjet xəttini daha da gücləndirməyə xidmət edir. Bu cəhət “Cəsur Ja-Bikeş” nəğməsində maraqlı şəkildə əks olunmuşdur.
Noğay epik təfəkkürünün mühüm səhifəsini təşkil edən “Edige” tarixi poeması XIV əsrə aid edilir. Poemada feodal və saray mübarizəsinin əksini tapması onun Qızıl Orda xanı Toxtamış dövrünə təsadüf etdiyini təsdiqləyir. Yeri gəlmişkən bildirək ki, XIV əsrin sonu XV əsrin əvvəllərində baş vermiş hadisələr və Qızıl Ordanın süqutundan sonra Noğay dövlətinin yaranması noğayların nəinki “Edige”, həm də digər eposların başlıca motivinə çevrilmiş tarixi əfsanə və rəvayətlər onların əsasını təşkil etmişdir. Noğay Ordasının əsasını qoyan noğay qəbilələrinin başçısı Edigenin şəxsiyyəti tarixdə iyirmi ildən artıq hökmranlıq etmiş Qızıl Ordada təsadüfən hakimiyyətə yiyələnmiş Edige xan tarixdə kifayət qədər tanınmış şəxslərdəndir.
Poemada göstərilir ki, Qızıl Orda xanı Toxtamışın qeyri-adi iki şahini olmuşdur. Xanın şahinlərini bəsləyən cəsur Qutluqaya quşlara elə qulluq etməlidir ki, bu qeyri-adi cinsdən olan şahinlər digər xanın əlinə keçməsin. Lakin Qutluqaya başqa xanın hədiyyələrindən başını itirərək, o biri xana bu şahinlərin yumurtasından göndərir. Toxtamışa bu məsələ məlum olur. Məhz bu da konfliktə çevrilir. Xan Qutluqayanın xanlığın ərazisindən qovulması haqqında fərman verir. Lakin Edige Qutluqayanın oğlu öz süd qardaşının köməyi ilə xilas olunur. Poemada daha sonralar davam edən hadisələr əsasən Edige və onun oğlu Nurəddinin Toxtamışdan aldığı qisası əks etdirir.
Poemanın mətnində çoxsaylı nəğmələrdən istifadə olunur və bu nəğmələrin kim tərəfindən oxunması, kimə həsr olunması, onların hansı şəraitdə oxunması izah olunur. “Edige”poemasında istifadə olunmuş bəzi kompozisiya priyomları bunlardan ibarətdir və onlar qəhrəmanlıq siklinə daxil edilmiş digər çoxsaylı noğay poemaları üçündə də xarakterikdir.
Göründüyü kimi, mənəvi-etik istiqaməti və bədii formalarına görə noğay folkloru, xüsusən onun epik qatı digər türk xalqlarının (xüsusən qazax və qaraqalpaq, qaraçay və malkar) şifahi yaradıcılıq nümunələri ilə yaxınlıq təşkil edir. Qeyd etdiklərimiz sübut edir ki, noğay folklorunun xarakterik xüsusiyyəti onda epik janrın üstünlük təşkil etməsi ilə əlaqədardır. Bu ilk növbədə etnosun məişətinin, sosial ukladının, tarixinin xüsusiyyətləri ilə bağlıdır. Məlum olduğu kimi, noğay folklorunda tarixilik üstünlük təşkil edir. Noğay tarixi və qəhrəmanlıq nəğmələri, epik dastanları məhz tarixiliyi ilə fərqlənir. Noğay ədəbiyyatında yeni dövrdə epik ənənələrin formalaşması milli və etno-mədəni ənənələrin epik qəhrəmanlarını - Edige, Şora-batır, Aysıl oğlu Əhməd, Adil Soltan kimi obrazların timsalında noğay fəlsəfəsi özünü əks etdirmişdir. Noğay ədəbiyyatının yorulmaz tədqiqatçısı A.Sikaliyev yazır: ”Noğay epik əsərləri qədim insanların dünyanı dərkini öyrənmək üçün qiymətli mənbədir. Epos nəinki azadlıq uğrunda istismarçılara qarşı mübarizə aparan xalqın qəhrəmanlıq mübarizəsini, həm də uzaq zamanların içtimai quruluş, məişət, təsərrüfat, həyat tərzi və adətləri və idealını əks etdirmişdir” .
Məlum olduğu kimi, epos ədəbi janrların əksəriyyətinin əsasını təşkil etməklə, xalqın tarixi taleyi, milli şüuru ilə bağlıdır. Noğay qəhrəmanlıq eposunda şəxsiyyətin nüfuzu yüksək dəyər kimi daha aydın hiss olunur, burada tayfa və qəbilədən xalqa və dövlətə qədər etno siyasi konsolidasiya, insan şəxsiyyətinin bir qəhrəman kimi kollektiv dəyəri təcəssüm etdirməyə söykənən epik qəhrəmanın idealizasiyasının mahiyyəti ifadə olunur. Bu cəhət “Edige” qəhrəmanlıq poemasında xüsusilə görümlüdür. Noğay xalqının başçısının şəxsiyyəti bu poemanın yaradıcısı tərəfindən daha parlaq ifadə olunmuşdur. Eposdakı bu xüsusiyyətlərlə bağlı Şahidət Kurmanqulova yazır: “Eposda qəhrəmanın hərəkəti sırf konkret, məqsədyönlü xarakter daşıyır, və, bir qayda olaraq, müəyyən sosial rəngə malikdir. Tarixi epos janrının ideya-estetik əsasını xalqın real həyatından götürülmüş hadisələr təşkil edir” .
Noğay folklorunun çoxsaylı qəhrəmanlarında, xalq təfəkkürünün bu janrların öyrənilərkən daha da aydınlaşmasında bədii ənənələrin ardıcıllığını, mədəni irsin yeni bədii irslə əlaqələrini, etno-bədii ənənələrin xalqın yeni bədii şüurunda formalaşmasında rolunu nəzərdən keçirməyə imkan verir. Noğay folkloru bax elə bu müstəvidə noğay yazılı ədəbiyyatının formalaşmasında, onun inkişafında zəngin mənbə kimi xidmət etdiyi olunmalıdır.

İstifadə olunmuş ədəbiyyat

1.Баскаков Н.А. Ногайский язык и его диалекты. Грамматика, тексты и словарь. – М.Л., 1940.
2. Бларамберг И. Историческое, топографическое, статистическое, этнографическое и военное описание Кавказа. – М., Изд-Надыршин А.Г., 2005.
3. Kурмангулова Ш. К вопросу об этнохудожественной основы ногайской литературы: проблемы истоков. – “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” V Uluslararası folklor konfransının materialları. Bakı (17-19 oktyabr) 2007.
4. Мамедов Н. Каракалпакская литература. – Баку, Kitab aləmi, 2007.
5. Сикалиев А.И. – М. Ногайское устное народное творчество: к характеристике жанров. Черкесск.
6. Фолъклор и литература ногайцев // Литература народов Карачаево-Черкесии. Частъ первая. – Черкесск, 1999.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.