Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

Qafqaz türklərinin tarixini, həyatını və etnoqrafiyasını əks etdirən köhnə yazılmış yeni mənbə


Açar sözlər: Türkiyə, noğay, qaraçay, malkar,kumuk, mədəniyyət tarixi, xalq, alman Blaramberq, ənənə, etnoqrafiya və s.
Türk xalqlarının tarixi, mənşəyi, mədəniyyəti, folkloru, psixologiyası və s. ilə bağlı indiyə kimi çoxsaylı mənbə və materiallar nəşr olunub oxuculara çatdırılsa da, elələri də vardır ki, əvvəllər bəzi siyasi, hərbi və digər baxımdan dövriyyəyə daxil edilməmişdir. Bu isə xalqların tarixinin, mədəniyyətinin, adət və ənənələrinin öyrənilməsində bəzi qaranlıq məqamların sona qədər aydınlaşdırılmasında yardımçı ola bilməmişdir. Bu baxımdan XIX əsrin 30-cu illərinin əvvəllərindən başlayaraq rus hərbi xidmətində və Qafqazda işləmiş əslən almaniyalı mühəndis-topoqraf İohann Blaramberqin bu regionda yaşayan xalqların həyatına, coğrafiyasına, tarixinə, etnoqrafiyasına həsr etdiyi “Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri” (2) əsəri böyük maraq doğurduğundan 2005-ci ildə Moskvada A.Q.Nadirşin nəşriyyatında işıq üzü görmüşdür.
Əlbəttə, İ.Blaramberqin bu əsəri sıradan olan mənbələrdən olsaydı, onun haqqında danışmağa da ehtiyac duymazdıq. Lakin adı çəkilən mənbə Qafqazda yaşayan digər xalqlarla yanaşı, həm də türk xalqlarının altı-kəsək (tatar-türk), qaraçayların, bassianların (malkarların), kumukların tarixi, coğrafi və etnoqrafik həyatından maraqlı məlumatlarla zəngindir.
Planetin kifayət qədər unikal regionlarından biri olan Qafqaz daim missioner, səyyah və alimlrin diqqətini cəlb etmişdir. Qafqazda yaşayan xalqların əcdadları haqqında ilk məlumatlar hələ e. ə. VI-I əsrlərə aid olub yunan və Roma müəlliflərinin əsərlərində yer alsa da, sonrakı dövrlərdə (V-X əsrlər) Bizans, ərəb müəlliflərinin əsərlərində, rus salnamələrində, daha sonralar Rəşidəddinin, Əl-Ömərinin, Qərbi Avropa müəlliflərinin (Vilhelm Rubruk, Plano de Karpini) və diğərlərinin əsərlərində tapırıq.
XVI-XVII əsrlərə aid salnamə və diplomatik sənədlərdə də Qafqazda yaşayan xalqlar, o cümlədən türk qövmləri haqqında xeyli məlumatlar yer almaqdadır.
XVIII əsrdə Rusiyada hərbi xidmətdə olmuş alman İohann Qustav Herber 1728-ci ildə hökümət tapşırığı ilə Qafqaza gəlmiş və burada yaşayan yerli əhalinin həyatının təsvirini vermişdir. Təxminən eyni missiyanı Pavel Sergeyeviç Potyomkin XVIII əsrin ikinci yarısında yerinə yetirmişdir. Yenə də rus hərbi xidmətində olmuş milliyyətcə alman akad. İohann Anton-Güldenştedt 1770-1773-cü illərdə Rusiya Elmlər Akademiyasının tapşırığı ilə Qafqazda olmuş, noğaylar, qaraçaylar, malkarlar və eləcə də qeyri-türk xalqları haqqında yığdığı materiallar Sankt-Peterburqda 1809-cu ildə nəşr olunmuşdur. XVIII əsrdə akad. Pyotr Simeon Pallas Rusiya Elmlər Akademiyasının həqiqi üzvü kimi 1793-1794-cü illərdə Astarxan (bizim işlətdiyimiz kimi Həştərxan deyil- N. T.) Şimali Qafqaz və Krım ərazilərinə səyahət etmiş maraqlı məlumatlar toplayıb nəşr etdirmişdir (1, s.235).
XIX əsrin əvvəllərində yenə də Rusiya Elmlər Akademiyasına dəvət edilən Henrix Julius Klaprot Qafqazın etnoqrafiyası, təsərrüfat həyatı, sosial-siyasi quruluşu, xarakter və adətləri ilə bağlı məlumatlar vermişdir .
Qafqaz xalqlarının tarixinin və etnoqrafiyasının öyrənilməsinə bu dövrdə maraq göstərənlər sırasında S.Bronevski və İ.Debunun da adı qeyd olunmalıdır.
Qafqazda yaşayan xalqlara olan belə maraq həm də XIX əsrdə Rusiyada nəşr olunan qəzet və jurnallarda özünə geniş yer alırdı. “Kavkaz”, “Oteçestvennıye zapiski”, “Literaturnaya qazeta”, “Voennıy jurnal”, “Severnaya pçela”, “Vestnik Yevropı”, “Panteon”, “SMOMPK” və başqalarında burada illər boyu yaşamış xalqların həyatının müxtəlif tərəflərini əks etdirən məqalə və materiallar çap edirdi.
Bununla belə Qafqazda yaşayan xalqlar, o cümlədən türklər haqqında XIX əsrin 30-cu illərinə aid maraqlı məlumatları İ.Blaramberqin yuxarıda adını çəkdiyimiz əsərində görürük. İ.Blaramberq 1800-cü ildə Frankfurtda müflisləşmiş zadəgan ailəsində dünyaya göz açmışdır. Atası Flamandiyalı, anası alman qızıdır. Anasını iki, atasını on iki yaşında itirmiş İohann əvvəl xüsusi Offenbaxdakı və Frankfurtdakı pansionlarda dörd yaşından təhsil almış, 1820-ci ildə isə Gessen Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Atasının kiçik qardaşı hələ 1804-cü ildə Rusiyaya gəlib mayor rütbəsi alaraq Novorossiya Dairəsinin Gömrük Müfəttişliyində xidmət edərkən Odessada yaşayan dövrlərdə Şimali Qara dəniz sahillərinin arxeologiyası ilə məşğul olmuşdur. Əmisinin Rusiyada yaşaması İohannı da bura cəlb etmiş və o, hüquq üzrə magistr dərəcəsi aldıqdan sonra Rusiyaya gəlmişdir. Əvvəl Moskvada əmisi oğlanları Fransua və Teodora de Kurtenegildə qalarkən bir sıra Avropa dillərini yaxşı bilsə də, burada rus dilini mükəmməl öyrənmiş və rus təəbəliyini qəbul edib İvan Fyodroviç Blaramberq kimi vətəndaşlıq almışdır.
İohann Blaramberq 1824-cü ildə Yol Mühəndisləri İnstitutuna qəbul olub oranı müvəffəqiyyətlə bitirdikdən sonra poruçik rütbəsi alır və Yol Mühəndisləri Korpusunda həqiqi hərbi xidmətə başlayır. 1828-ci ildə Avropa Türkiyəsinin tikinti mədəniyyəti abidələrini arxeoloji baxımdan öyrənmək üçün burada xidmət edən türkiyəli Səcərlə Rumelinə gedir. 1830-cu ildə xidmətdə əla göstəricilərə görə o, 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilərək elə həmin ildəcə Baş Qərargaha köçürülərək Tiflisdə Xüsusi Qafqaz Korpusunda xidmətini davam etdirir. İki il yarımdan artıq Qafqazda olub, Tiflisdə yaşayan İ.Blaramberq bu müddət ərzində Georgiyevsk, Stavropol, Kislovodsk, Vladikavkaz, Qroznı qalası, Qədim Şamaxı, Şirvan və Bakıda olur (3, s.4-15) .
Qeyd edək ki, İ.Blaramberqin Qafqaza marağının da öz səbəbləri vardır. Belə ki, hələ 1828-ci ildə imperator I Nikolay Hərbi Nazir qraf A.İ.Çernışova Qafqazda yaşayan dağlı və köçəri xalqlar haqqında materiallar toplusunun hazırlanması haqqında əmr vermişdi. Hərbi Nazir də öz növbəsində Baş Qərargah vasitəsilə Xüsusi Qafqaz Korpusunun baş komandanı İ.F.Paskeviç-Yerivanskiyə əmr etmiş, o isə öz növbəsində dörd zabit Zubov, Bartenov, İskritski və Novitskiyə Qafqazın müxtəlif ərazilərindən məlumatların yığılmasından sonra onları polkovnik Qalyaminə sistemləşdirməyi tapşırmışdır.
Tiflisdən Hərbi Nazir qraf A.İ.Çernışova 14 aprel 1832-ci ildə yazdığı məktubda İ.Blaramberq Qafqaz xalqlarının təsvirini vermək məqsədi ilə öz xidmətini təklif etmişdir. Təklif qəbul olunmuş və həmin ilin sentyabrında Sankt-Peterburqa xidmətə köçürülərkən İ.Blaramberq təklif etdiyi əsərin proqramını Baş Qərargah Departamentində general-adyutant Neydqarta təqdim etmişdir. Proqram generalın xoşuna gəlmiş və o, bildirmişdir ki, təklif olunan əsər hərbi baxımdan mühüm və səmərəli olması ilə yanaşı, həm də elmi nöqteyi-nəzərdən maraqlılığına baxmayaraq, orada təqdim olunmuş materialların əksəriyyəti ölkəyə məlum deyildir. Beləliklə, 1833-cü ildə gərgin zəhmət sayəsində kapitan İ.Blaramberq Hərbi Nazirliyə əsərinin birinci hissəsini fransız dilində təqdim edir. Bu fundamental əsərin birinci hissəsi 348, ikinci hissəsi isə 574 səhifədən ibarət olmuşdur.
Hərbi Nazir A.İ.Çernışov əsəri oxuduqdan sonra bu barədə imperator I Nikolaya məlumat verir. Əsərlə tanış olduqdan sonra imperator İ.Blaramberqi üç min rublla mükafatlandırır və başlanmış işi davam etdirməyi məsləhət bilir. Əsər əlyazmasında general-feldmarşal İ.F.Paşkeviçə I Nikolayın götərişi ilə qeyd və iradlar üçün göndərilir. İ.F.Paşkeviç əsərlə tanışlıqdan məmnun olmaqla, bu əsərə qədər Qafqazın belə ətraflı təsvirinin mövcud olmadığını bildirir. Blaramberq birinci hissənin hər iki cildini Paşkeviçin qeydlərini nəzərə almaqla işləyir, onu yeni məlumatlarla zənginləşdirir. 1834-cü ilin noyabrından isə ikinci hissə üzərində işə başlayır. 1835-ci ildə Baş Qərargahda general-kvartirmeyster işləyən general-leytenant Şubert İ.Blaramberqə onun əsərinin imperator tərəfindən müsbət qarşılandığını söyləyir. İkinci hissə də İ.F.Paskeviçə rəyə göndərilir. Qafqazın ikinci hissədəki təsvirinə görə ştabs-kapitan Blaramberq 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə və 1500 rublla mükafatlandırılır. Bununla belə Qafqaz xalqlarının ictimai-mədəni həyatına həsr olunmuş bu kitab, təəssüf ki, nəşr olunmur və o arxivdə “tam məxfi” qrifi altında saxlanılmağa verilir. İ.Blaramberqin əsərinin əhəmiyyəti ondan ibarətdir ki, o digər əsərlərlə yanaşı hərbi tarixçi N.F.Dubrovin tərəfindən “Qafqazda müharibə tarixi və rusların hökmranlığı” kitabının yazılmasında geniş istifadə olunur.
İ.Blaramberqin səriştəli tədqiqatçı olduğu nəzərə alınaraq, 1835-ci ildə o, məhşur Q.S.Karelin Ekspedisiyasının tərkibinə daxil edilir. Ekspedisiyanın məqsədi Xəzər dənizinin şərq sahillərinin ticarət əlaqələrini genişləndirmək məqsədi ilə tədqiq edib sahilyanı xalqlarla yaxından əlaqələr qurmağa istiqamətlənmişdi. İ.Blaramberqin topladığı materiallar “Rus Coğrafiya Cəmiyyətinin qeydlərində” əksini tapır və tədqiqatçı 1845-ci ildən bu Cəmiyyətin həqiqi üzvü olur.
1836-cı ildən kapitan rütbəsinə layiq görülən İ.Blaramberq yeni təyinat alaraq Tehrana gedir və burada diplomatik missiyaya uyğun olaraq Rus imperiyasının Tehran sarayında general-mayor qraf Simoniçin yanında Səlahiyyətli Nazirin adyutantı olur. 1840-cı ilə qədər burada işləyir və bu müddət ərzində xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunur və 1839-cu ildə podpolkovnik rütbəsinə yüksəlir.
Rusiyaya qayıtdıqdan sonra İ.Blaramberq 1840-cı ilin martından Xüsusi Orenburq Korpusuna işə təyin edilir. Orenburq diyarında 15 il sərasər işləyir. 1841-ci ildə o, dəstə rəisi kimi Buxara və Xivə imperator missiyasını müşaiyət edir. 1845-ci ildə polkovnik rütbəsi alan İ.Blaramberq Xüsusi Orenburq Korpusunda ober-kvartirmeyster vəzifəsində çalışır. 1845-1946-cı illərdə İ.Blaramberq dəstə başçısı kimi Qırğız çöllərinin topoqrafik xəritəsini və Orenburq, Vyatka və Kazan quberniyalarının statistik arayışını hazırlayır. 1851-ci ildə İ.Blaramberq 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif olunur və 1852-ci ildə general-mayor rütbəsi alır.
XIX əsrin 50-ci illərində İ.Blaramberqin fəaliyyətinin ən mühüm tərəflərindən biri Coğrafiya cəmiyyətinin iclaslarında yaxından iştirak etməsi və onun rəhbərliyi altında “Avropa Rusiyası Xəritəsi”nin hazırlanmasıdır.
1867-ci ildə istefaya çıxdıqdan sonra İ.Blaramberq Simferopol yaxınlığında Çorqundakı malikanəsində ömrünün sonuna qədər yaşayır. Coğrafi istiqamətli məqalələri tərcümə edərək “Hərbi məcmuə” və “Rusiya əlili” jurnalında nəşrə hazırlayır, tanınmış Avropa alimləri – topoqraflarla yazışır. Onun “Həyat haqqında xatirələr” əsəri Berlində alman dilində üç cilddə çıxmaqla məhz İ.Blaramberqin bütün ömrü boyu apardığı çoxsaylı gündəlik qeydlər əsasında işıq üzü görmüşdür.
Onu da qeyd etməyə ehtiyac vardır ki, İ.Blaramberqin vaxtı ilə işıq üzü görməmiş “Qafqazın... təsviri” kitabı bu regionda yaşayan xalqların tarix və etnoqrafiyasını əks etdirmək baxımından yararlı mənbədir. Lakin eyni zamanda bu da nəzərə alınmalıdır ki, İ.Blaramberq mənşə etibarı ilə zadəgan köklərə məxsus olduğundan onun əsərinin rəsmi zadəgan-monarxiya tarixşünaslığı mövqeyindən yazıldığını da nəzərdən qaçırmaq olmaz. Əsəri oxuduqca bəzi məsələlərin şərhində müəllifin tendensioz dəyərləndirmə metodikasını da hiss etməmək mümkün deyildir.
Az qala iki əsrə yaxın zaman kəsiyində əlyazması şəklində qalmış bu mənbəni XX əsrin 80-ci illərində Qafqazşünas İ.M.Nəzərova rus dilinə çevirməklə onu geniş auditoriyaya çatdırmışdır. Tərcüməçi iş prosesində əsər müəllifinin imla manerasını və əsərin üslubunu, özünün qeyd etdiyi kimi, qoruyub saxlamağa çalışmışdır.
İ.Blaramberqin “Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri” əsərinin ikinci hissəsində çərkəz, kabardin, osetin və svanlarla yanaşı, altı-kəsəklər, tatar (türk) qəbilələri, qaraçaylar, bassianlar; üçüncü hissədə isə Qafqaz dağlarında yaşayan gürcü qəbilələri və mıçkizlərlə (çeçen) bağlı materiallar təqdim olunmuşdur. Kitabın adında əks olunmuş məsələlər onun məzmununda da kifayətqədər öz əksini tapır. İ.Blaramberq əsərində daha çox tatar etnonimindən istifadə edir və türk qəbilələrini də məhz tatar adı altında göstərir. Məsələn, İ.Blaramberq adını çəkdiyimiz əsərinin 288-ci səhifəsində Şimali Qafqazın ətəklərində qismən yerləşmiş Donquzlu və Camış çayın mənbələrinə yaxın köçəri tatar qəbilələrindən danışarkən noğaylar sırasında kazbulat, qıpçaq, manqut (qaraqalpaqlarda manqıt), canıbulat, yedisan, yedişgül, novruzlu və mansurlular haqqında məlumat verir. Eyni zamanda noğayların bu ərazilərə (həm də Dnepr və Dnestrə) kimlər tərəfindən və hansı şəraitdə yerləşdirildiyi ilə yanaşı, həm də noğay qəbilələrinin tarixinə ekskurs edir. Kitabın “Noğaylar haqqında qısa tarixi oçerk” hissəsində coğrafi vəziyyət, təbiət, çaylar, Qafqaz quberniyasının Kuban, Terek və Kuma çayları arasında köçəri həyat tərzi keçirən noğay qəbilələri, yedisanlar, qaranoğaylardan söhbət açarkən əhalinin sayı, mansurlular, novruzlular, noğayların zahiri siması və dili, dini, yaşayışları, qida məhsulları, xarakterləri və s. haqqında danışılır ( 2, s.288-302). Bundan sonra ayrıca olaraq “Qaraçaylar” bölməsində onların səpələndiyi coğrafi ərazi, xalqın adının mənşəyi (qeyd edək ki, İ.Blaramberq qaraçay adının məhz “qara çay”dan gəldiyini göstərməklə, çərkəzlərin onları “karşağa-kuş-xa”, minqrellər və imeretiyalıların onları “karaçioli”, tatarlar (türklər) “qara çərkəz”adlandırdıqlarını söyləyir. Orta əsrlər dövründə gürcülər onları “qaraciki”, ölkələrini isə “Qara Caxetiya” adlandırmışlar. Kitabın 306-cı səhifəsində belə bir fikirdə vardır ki, qaraçaylar bu ərazilərə məhz Macardan gəlmişlər və bu çərkəzlərin Kabardaya gəldikəri dövrdən çox-çox əvvəllərə təsadüf edir. Xalqın adına gəldikdə isə qaraçaylar onların başçısı Qaraçay adı ilə bağlı olduğunda israrlıdırlar. Sərhədləri, torpağın məhsuldarlığı, sakinlərin zahiri siması, geyim, silah, yaşayış tərzi, qida, dil və dini, xarakter və xasiyyəti, adətləri, nikah məsələləri, tərbiyə, fala inanması, dəfn mərasimləri, ovçuluq fəaliyyəti, əhalinin sayı (2, s.303-317) haqqında məlumatlar verilır. Növbəti bölmədə “Bassianlar” haqqında tarixi arayış, malkarlar, çegemlər, baksanlar barədə (2, s.318-322) məlumatlarla rastlaşırıq.
İ.Blaramberqin adını çəkdiyimiz kitabının üçüncü hissəsinin ikinci bölməsi “Şərqi Qafqaz. Qumuklar”ın tarixinə, sərhədlərinə, ərazidə axan çaylara, qumuklarda bölgü, əhali, etnoqrafik xüsusiyyətlər, yollar, Qafqazda əsirlərin satışı və s. məsələlər (2, s.362-378) əksini tapmışdır. Bütün bunlar haqqında İ.Blaramberqin əsərində kifayət qədər məlumatlar vardır. Lakin eyni zamanda Qafqaz türklərinin etnoqrafiyası, tarixi, coğrafiyası, həyat tərzi və s. məsələləri öyrənmək baxımından bu kitabda xeyli tendensioz və birtərəfli , bəzən isə zərərli məqamlar da yer almışdır. Belə xüsusiyyət və məqamlara baxmayaraq, bu əsərin dərindən öyrənilib təhlil edilməsinə ehtiyac vardır. Bir daha qeyd edək ki, İ.Blaramberq, bir tərəfdən, rus təəbəliyini qəbul etmiş, digər tərəfdən, rus hərbi topoqraf kimi fəaliyyət göstərmiş, üçüncü bir tərəfdən, Rusiyanın Qafqazda keçirdiyi siyasi və hərbi kursu dəstəklədiyindən və əsər qraf İ.f.Paskeviç tərəfindən ciddi redaktəyə məruz qaldığından Qafqazda yaşayan türk xalqlarının (əsərdə tatarların) tarixi, etnik siması və s.bağlı heç də adekvat mənzərə yaradılmamışdır.
Onu da qeyd edək ki, kitabda “Əlavə”lər kimi təqdim edilən xatirələr hissəsində də rus ordusunda general-leytenant rütbəsinə qədər yüksəlmiş İ.Blaramberqin İran və Türkiyəyə hərbi missiya ilə səfər təəsuratlarında farslar və türklər haqqında heç də ürək dolusu danışılmır və əksər hallarda onların aşağılanması ilə bağlı məqamlara yer verilir. Bunu biz “Xatirələr”i alman dilindən rus dilinə tərcümə edən İ.V.Pidorenkonun mətnindən də yaxşı görürük (4, s. 404-431). Fikrimizcə, Qafqaz türklərinin tarixini, həyatını, adət-ənənələrini, etnoqrafiyasını, Azərbaycan, İran və Türkiyənin hərb tarixini əks etdirən bu mənbənin öyrənilməsinə, Azərbaycan dilinə tərcümə edilməsinə və yayılmasına ehtiyac vardır.

İstifadə olunmuş ədəbiyyat

1.Адыги, балкарцы и карачаевцы в известиях европейских авторов XIII-XIX вв. Нальчик, 1974.
2.Бларамберг И. Историческое, топографическое, статистическое, этнографическое и военное описание Кавказа. М., Изд-во «Надиршин А.Т»., 2005.
3.Назарова И.М. «… Край, столь, любопытный во всех отношениях». //Бларамберг И. Историческое, топографическое, статистическое, этнографическое и военное описание Кавказа. М., Изд-во «Надиршин А.Т»., 2005.
4.Воспоминания о жизни генерал-лейтенанта русской армии И. Бларамберга… Из военных воспоминаний. Almancadan tərcümə İ.V.Pidorenko. //Бларамберг И. Историческое, топографическое, статистическое, этнографическое и военное описание Кавказа. М., Изд-во «Надиршин А.Т»., 2005.

Nizami Taghisoy
Caucasus Turkish Old written new source
reflecting the history, life and ethnography of the
Key words: Caucasus, Turkish, noghay, garachay, malkar, kumukh, history, culture, work, German, Blaramberg, tradition, ethnography etc…
In the article it is mentioned to the topographic, statistic, ethnographic and military descriptive work “The History of the Caucasus”, which was written by German origin Lohann Blaramberg in 1834 and for the first time publishing by translating form French only in 2005 in Moscow and reflecting the historical and ethnographical life of the Caucasus Turkish, the role of the learning the culture of the Turkish here.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.