Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

Kuzey Kıbrıs türk ədəbiyyatında ilk roman
/ N.Kaytaz-zadənin «Yadigar-ı-Mühabbet» i /

Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycanda folkloru, mədəniyyəti, ədəbiyyatı haqqında məlumatlar az olduğundan biz Kıbrıs türklərinin dastanları, şifahi örnəkləri, mədəni-mənəvi ənənələri və yazılı ədəbiyyatı haqqında danışmağı məqsədyönlü hesab edirik. Məlum olduğu kimi, türk ədəbiyyatı nümunələri digər çoxsaylı məlum türk xalqlarının dilində yaranması ilə yanaşı, həm də Kıbrıs türklərinin dilində yaradılır.
Kıbrıs türklərinin yazılı ədəbi nümunələrindən biri 1894-cü ildə Kıbrısda nəşr olunmuş «Yadigar-ı-Mühabbet» romanıdır. Bu əsəri Kaytaz-zadə Mehmet Əfəndi qələmə almışdır. Kıbrıs mədəniyyətinin və ədəbiyyatının dəyərli tədqiqatçısı Harid Fədainin araşdırmalarında və digər mənbələrdə bildirir ki, «Kaytaz-zadənin bir romanı da vardır ki, «yine onun da konusu Kıbrısta degil, vaktiyle görev yaptığı Sakız Adasında geçməktedir. Adı: Leyle-i Visal. Yadigar-ı Muhabbetin bitiminden sonra tefrika edilmeye başlanan romanın 12. bölümünden sonra arkası gelmiyor. Qazetede konuyla ilgili bir açıklama da çıkış degildir. İsmet Konur, Kıbrıs Türkleri adlı yapıtında böyle bir romandan söz etmiyor. Yalnız Beria Remzi Özoran Kaytaz-zadenin iki romanı olduğunu yazıyor». Bundan başqa Harid Fədai Leyle-i Visalın tamamlanmış və basılmışını görmədiyini və olduğunu da heç sanmadığını söyləyir. Nəzərdən keçirdiyimiz dövrdə Kıbrısda o mənbənin nəşri ilə bağlı bundan başqa heç nə olmadığı və yalnız yerli mətbuatda /8 ocak 1892-ci ildə «Zaman» qəzetində/ Müzaffereddin Qalibin «Bir Bakış» yenə də / 8 ağustos 1897-ci ildə «Zaman»da/ Kıbrıslı M.Sadreddinin «Saika-i Sevda» romanlarından söhbət gedir. Tədqiqatçı bununla belə bəlkə başqalarının da ola biləcəyini istisna etmir. Lakin bunu da vurğulayır ki, hər necə olmuş olsa da, «Yadigar-i Mühabbet» Kıbrısda basılan ilk romanlardan biridir.
Bəs «Yadigar-i Mühabbet» romanının müəllifi Kaytaz-zade Mehmet Nazim Efendi kimdir? Onun haqqında oxuculara muxtəsər məlumat vermək yerinə düşər. O, 1857-ci ildə Lefkoşada anadan olmuşdur. Təhsilini doğma şəhərdə tamamladıqdan sonra Kıbrısdan ayrılaraq Memalik-i Osmaniyədə və bu arada Sakız adasında, Adanada Kamu görevlisi olaraq çalışdıqdan sonra yenidən Kıbrısa dönmüşdür. Lefkoşa Şeriye məhkəməsində görevini ömrünün sonlarına – 1924-cü ilə qədər orada davam etdirmişdir.
Kaytaz-zadəyə Müfti Həsən Hilmi Əfəndidən sonrakı padişah II Mahmud tərəfindən ona «reisü-Şüara» rütbəsi verilmişdir. O, Kıbrısda ən görkəmli şair kimi tanımış, İstanbulun ədəbiyyat adamları ilə ilgili münasibətləri olmuşdur. Gənclik illəri Rəcaizadələrin, Ziya paşaların, Namik Kamalların dövrüdür. Tanınmış şair Namik Kamalla çox yaxın dostluq münasibətləri olmuşdur. Kaytaz-zadənin vəfatından sonra ailəsi tərəfindən Türk Cümhuriyyəti Milli Egitim Bakanlığına verilmiş şairə aid digər dəyərli nümunələr sırasında, həm də onların bir-birlərinə yazdıqları məktublar saxlanılmaqdadır.
Kaytaz-zadə Kıbrısda yaşadığı illərdə qəzetlərdə ədəbi-bədii yazılar və çoxsaylı şeirlərlə çıxış etmişdir. Divan ədəbiyyatı nümunələrinin təsiri altında yetişdiyindən o, gündəlik mövzulara da müraciət etmişdir. Onun Türk-İtalyan müharibəsini işıqlandıran «İtaliya» adlı gözəl bir dram əsəri də olmuşdur. Sonra Qurtuluş savaşı illərində o, «Neva-yi Zafer» adlı bu döyüşü və Mustafa Kamal Paşanı öymək fikrində olmuşdu. Bununla belə Kaytaz-zadənin şeirləri toplanmış hər hansı divanının olduğu da indiyə qədər müəyyənləşməmişdir.
Nazim Kaytaz-zadənin «Yadigar-ı-Mühabbet» əsəri iki gəncin ürək çırpıntıları, bir-birini böyük məhəbbətlə sevmələri haqqında romandır. 1894-cü ildə Lefkoşadakı Kıbrıs qəzetəsinin mətbəəsində basılan 207 səhifəlik bu roman 1890/1891-ci illərdə İstanbulda olmuş bir eşq hekayəsi padişah II Abdulhəmid dönəmində yayımlanan romanlarla bir paralelliyin olduğunu göstərir.
Romanın məzmunu nədən ibarətdir? Əsərin baş qəhrəmanı Mücib bəylə Nevbər xanımdır. Mücib olduqca bacarıqlı gənc bir oğlandır. O, dostlarının ayağı altı ildə dəymədiyi yerə altı aydan da az vaxt sərf edərmiş. İmkanları son dərəcə böyük imiş. Bu imkanlarına görə dostları onu sevməzlərmiş. Onlar Mücibə nifrət edirlərmiş. Mücibə nə etmələri, hansı yara vurmaları haqda çox düşünərlərmiş. Bir gün belə qərara alırlar ki, Mücibi içki, mey olan yerə aparıb, onu məsləkindən döndərsinlər. Beləcə öz mənfur planlarını həyata keçirsinlər. Bir gecə dostlarından birinin evində içkili bir «aləm» düzənləyirlər ki, buraya qadınlar da gətirirlər. Lakin nə qədər çalışsalar da, onlar Mücibi aldada bilmirlər…
Tipik qələm sahibi, varlı bir ailədən çıxmış Mücib bəy bir gün kağız-qələm götürüb bacısı Medihanın otağına girdikdə rəfiqəsi Nevbərin ona «Yadigar-ı-Mühabbet» deyə imzalayıb verdiyi fotosunu görürkən bu qıza vurulur. Bacısının köməkliyi ilə gerçəkləşən bu macərada qız da bu oğlanı sevməklə Mücibə bir könüldən min könülə vurulur. Bununla belə onların görüşəcəkləri nəzərdə tutularkən qız atasının rahatsızlığı, xəstəliyə tutulması, ailələrinin bir müddət Bursada qalıb yaşaması, Mücib bəyin yatağa düşməsi və vərəm xəstəliyinə tutulub sevgilisini sayıqlaya-sayıqlaya xatırlamasına və ölməsinə yetəcəkti. Əsərdə Mücibin varlı bir bəy ailəsindəki iki uşaqdan biri olduğu göstərilir. O, təhsilini başa vurub diplomunu aldıqdan sonra Bab-i Alidə məmurluğa başladığı bildirilir. O, gözəl qədd-qaməti, şık geyimi, özünə daim diqqət yetirməsi ilə seçilirdi. Kitab oxumaqdan, şeir yazmaqdan çox xoşu gələrdi. Kaytaz-zadənin təsvirində Mücib «mələk kimi məsum» olsa da, həm də iç dünyasında dönükdür. Yeri gəlmişkən qeyd edək ki, bu mənada Mücib və Nevbərin N.Karamzinin «Bədbəxt Liza» povestindəki Erost və Liza ilə və İ.Qutqaşınlının «Rəşid bəy və Səadət xanım» novellasında Rəşid bəylə və Səadət xanım obrazlarının yaxınlığını görmək mümkündür…
Mücibin bacısının hər şeydən xəbəri vardı. O, ata və anasının fikrini öyrənməli idi. Mücib bacısı ilə dərdləşirMediha xanım Mücib bəyin yazdığı şeirləri Nevbərə çatdırmağı lazım bilir. Mücibsə bu arada iş-gücünə getməkdə davam edir. Çalışqanlığı ilə seçilir. Dostlarından fərqləndiyinə görə onlar onu daha çox qısqanırlar. İmkan düşmüş olsa, dostlar onu hətta bir qaşıq suda boğmağa belə hazırdılar.
Bir gün Nevbər xanım anası ilə Mücib bəygilə qonaq gəlir. Mediha bir plan quraraq qızı Mücibə göstərə bilir. Ayrıca onun üçün yazılan şeirləri də qıza verir. Sonrakı gəlişində də Mediha Nevbərin də Mücibi sevdiyini ona söylədir. Bundan sonra onlar sevgilərinin qarşılıqlı olduğuna və ölənədək bir-birindən ayrılmayacaqlarına söz verirlər.
Gənclərin sevgi hissi günü-gündən dərinləşir. Mücib bəy Nevbərin dərdindən yanıb-yaxılır. Atası Manisaya getdiyindən Mücib Nevbər barədə fikrini ona açıqlaya bilmir. Öz atası geri qayıtdıqda isə bu dəfə Nevbərin atası xəstələnir. Yaşadıqları yerin havası düşmədiyindən onun Kadıköyə getməsi məsləhət bilinir. Arada Nevbər anası ilə Medihagilə vidalaşmağa gəldikdə isə Mücib bəyi evdə görmürlər. Nevbər ona göz yaşları içində bir məktub yazıb qoyur.
Mediha sirri ağabəyindən üç gün gizli saxlaya bilir. Məsələnin nə yerdə olduğunu bildikdə Mücib bər birdən yerə yıxılır. Bacısının onu ovundurması da heç bir fayda vermir. Mücib elə düşünür ki, sanki həyatı sona yetib. Bundan sonra yalnız iki sevgili arasında gedib-gələn məktublar onu ovundura bilərdi. Mücibin gənc yaşlarından içinə düşən üzüntüyə onun dözməsi də asan olmur. Kübar ailədən olduqlarından onlar düşdükləri vəziyyət haqqında ata-anaya da heç nə açıqlaya bilmirdilər.
Kadıköydən gəldikdə Mediha fürsət taparaq Nevbəri yenə də Mücib bəylə görüşdürür. Bu anda Mücibin bədəni tir-tir əsir. Mücibin bir günü bir aya bərabər olur. İstanbula dönəcəkləri günü gözləyərkən Nevbərin atasının vəziyyəti kəskinləşdiyindən bu dəfə onun Bursaya getməsinə qərar verilmişdi. Mediha ağabəynin üzgünlüyünü görüncə bu məsələni anasına bildirir və atasına da deyilməsini məsləhət bilir.
Bursada olan Nevbərin atasından heç bir xəbər gəlməməsi Mücibi çox narahat edir. Günlər keçdikcə Medihanın da təsəlliləri bir nəticə vermir. Bununla belə məsələni Mücibin anası atasına da bildirmiş, o da bu işə qarşı çıxmamışdı. Hətta iş o yerə gəlib çıxmışdır ki, Mücib Bursaya getmək haqda da düşünmüşdür. Lakin bəzi fikirlər onu bu səfərdən çəkindirmişdir. Beləliklə, bundan sonra Mücibin ovuntusu yalnız şəkil və məktublar olur. O, Nevbərin şəklini və məktublarını saatlarla çıxarıb baxır, oxuyur, sonra yatağa girir, təlaş içində düşünür.
Mediha isə Nevbərin ona verdiyi şəklini lazıınca saxlamayıb Mücibin əlinə keçməsinə, Nevbərlə bağlı məsələləri ana-anasına vaxtında söyləmədiyindən özünü suçlayır. Artıq Mücibin günləri xəstə yatağında sayıqlamaqla keçir. Bir gün Hüsrev bəylər Nevbərin İstanbula gələcəyindən xəbər tutur. Anası və bacısı isə zavallı Mücibin başı üstə ağlayır. Mücib ölərkən bacısının köməyi ilə Nevbərə vida deməyi də unutmur.
Nevbərgil Bursadan dönəndə isə artıq iş işdən keçmiş olur.
Mücibin bu durumdan xəbərdar olan dostları da cənazəni dəfn etmə mərasiminə qatılırlar…
Bu romanın qısa məzmunudur.
Harid Fədai «Yadigar-ı-Mühabbet»in dilinin zamanına görə anlaşıla bilən bir Osmanlıca olduğunu söyləməklə, onun müasir türkcəyə uyğunlaşdırılması zamanı əsasən o yazını təməl kimi saxlamağa çalışdığını da bildirir. Bununla tədqiqatçı işini bitmiş hesab etməmişdir. O həm də «eskiyən sözcüklərlə söz obyeklerinin anlamları, okucuya kolaylık sağlamak bakımından, ayrı bir kitab halinde verilmiştir» . «Yadigar-ı-Mühabbet» üzrə Harid Fədainin təqdim etdiyi «Sözlük» az qala elə romanın həcmi boydadır. «Yadigar-ı-Mühabbet»i Fuad Mehdun orijinaldan ingiliscəyə çevirmişdir. Qeyd edək ki, bu romanın türk və ingiliscə yayımlanmaya başlaması 13 ildən artıqdır. Kıbrısa səfərlərindən birində «amerikalı prof. Pierre Oberlinge bu romandan söz açılmış, o da ilgi duyarak yayımı için 1989-da ünlü bir kuruluşun sponsorluğunu sağlamayı başarmıştı» .

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.