Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

«Molla Nəsrəddin»in Kıbrıs və Rum (Yunan) variantları
/ «Hoca Nasriddin» və «Aslani Hoca» /

Məqalələrimizdən birində «Molla Nəsrəddin» lətifələrinin Anadoluda «Hoca Nasreddin» və Qaqauziyada «Nastradin Hoca» fıkraları ilə oxşar və fərqli cəhətlərini nəzərdən keçirmiş, adlarını çəkdiyimiz regionlarda xalq arasında məşhur olan Molla Nəsrəddin fiıkralarının bəzi tərəfləri ilə bağlı mülahizələrimizi oxuculara çatdırmışıq. Molla Nəsrəddin lətifələrinin yayılma arealına nəzər yetirib öyrəndikcə bu areal daha geniş ərazi və xalqları əhatə etdiyini görürük. Araşdırmalar nəticəsində müəyyənləşdirmişik ki, bu lətifələr Kıbrısda da geniş yayılmışdır.
Kuzey Kıbrıs Türk folklorunun, etnoqrafiyasının, klassik ədəbi nümunələrinin yorulmaz tədqiqatçısı Harid Fəadinin poçt vasitəsi ilə bizə ünvanladığı «Kıbrıs Türk Kültürü. Makaleler – 1» Samtay Vakfı tərəfindən 2004-cü ildə ödülə layiq görülmüş fundamental araşdırmalarında «Kıbrıstaki Hoca Nasreddin ya da Aslani Hoca» adlı məqaləsi də təqdim olunmuşdur.
Məqalədə göstərilir ki, Hoca Nasreddin və ya Nasreddin Hoca adı altında yaşayan bu fıkralar Anadoludan tutmuş Kıbrıs türkləri arasında geniş yayılmışdır. Hocanın bu fıkralarının başlıca qayəsi, bizdə olduğu kimi, insanlarda ali mədəni-mənəvi hissləri tərbiyə etmək məqsədini güdür. Harid Fədai yazır ki, fıkraların Nəsrəddin Hocaya aid olub-olmaması heç də başlıca şərt deyildir, mühüm cəhət odur ki, onlar məhz onun adıyla bağlanmışdır. 1991-ci ildə İstanbulda nəşr olunmuş «Nasreddin Hoca» fıkralarını təqdim edən Alpay Kabacalının fikrincə bunlar «Nasreddin Hocanın fıkraları yox, Nasreddin Hoca» fıkralarıdır.
Kıbrısda XX əsrin 90-cı illərinə qədər Nəsrəddin Hoca fıkraları yazılı şəkildə yayılmasa da, xalqın yaddaşında və dilində-ağzında son dərəcə çox gəzib dolaşmışdı. Harid Fədai yazır: «Kahve-kulüp konuşmalarının, özəl söhbətlərlə ailə toplantılarının çağrısız konuğudur Nasreddin Hocamız» (Harid Fedai. Kıbrıstakı Hoca Nasreddin ya da Aslani Hoca. – Kıbrıs Türk Kültürü. Makaleler – 1. – Lefkoşa, 2005, s.399-kitabında).
Elə burada tədqiqatçı sual verir: «Hocamız yalnız Türklər arasında dolaşan bir fıkra tipimidir? Hayır. Kökeninə bakılmaksızın Rumlar arasında da benimsenmiş, kendisini kabul ettirmiştir» (Yenə orada, s.399). Eyni zamanda Rumlar arasında bu fıkralar «Aslani Hoca» adı altında söylənilir. Rumların (yunanların) dilində Aslani Hoca fıkra tipi Hocanın qarşılığında «papaz»a çevrilərək söylənilir. Türk Hocası Rum «Papaz»ın sahib çıxdıqda bunun tamamilə əksi olur ki, onun da təməlində tuhaflığın, komikliyin, muxtəlif xalqlardan (türklərdə və rumlarda) birində «Nasreddin Hoca», o birində isə «Papaz» kimi tanınmaqdadır.
Qeyd etmək lazımdır ki, Kıbrısda Nasreddin Hoca fıkralarının yaxın keçmişə qədər bir kitabda toplanıb nəşr olunması baş verməmişdi. Rumlar (yunanlar) Hoca Nasreddin fıkralarını hələ 1937 və 1939-cu illərdə müvafiq olaraq 16 və 8 səhifədən ibarət nəşr etdirmiş və muxtəlif ad altında («Nasreddin Hocanın Kahkahalarda Güldürən Hikayeleri. Stavrinidis Matbaası. – Lefkoşa, 1939; Nasreddin Hocanın Hikayeleri. Kiryagidis Matbaası. – Lefkoşa, 1939») üç dəfə işıq üzü görmüşdür.
Kıbrıs türklərinə gəlincə isə onlar 1929-cu ilin baharın sonlarında Kıbrısda latın əlifbasından istifadə mümkün olduqdan sonra ibtidai məktəb şagirdləri üçün Nasreddin Hocanın kitabdan yalnız bircə fıkrasını oxumağa müvəffəq olurlar. 1931-ci ildə rum üsyanından sonra regionda kitab nəşri yasağı mövcud idi. Türkiyədən kitab gətirilməsəydi, tədris kitabsız aparılırdı. Bu illərdə türk liseyi müdiri İsmayıl Hikmət bəy ibtidai məktəbin hər sinfi üçün oxu kitabları hazırlayıb şagirdlərin köməyinə yetişmişdir (prof.İsmayıl Hikmət Ortaylan – 1899-1967-ci illərdə yaşamışdır). 5-ci sinif şagirdləri üçün dərslikdə «Hocanın kuzusu» adlı fıkranın bir variantı müxtəsər və uşaqların anlaya biləcəkləri şəkildə təqdim olunmuşdur.
Nəsrəddin Hocanın fıkraları Kıbrısda mənzum şəkildə Türkiyədən gəlmiş pedaqoq-şair İbrahim Zəki Burdurlu (1922-1984-cü illərdə yaşamışdır) tərəfindən yayılmışdır. Bu fıkralar (cəmi 33 ədəd) Lefkoşada təxminən bir il ərzində (noyabr 1951 – oktyabr 1952) «Bozkurt qazetesi»ndə ardıcıl olaraq oxuculara çatdırılsa da, ayrıca kitab kimi nəşr olunmamışdır. Burdurlu fıkraların toplanması və nəşri üzərində işi sonra da davam etdirmişdir.
Sonra Hoca Nəsrəddinin qırx ədəd fıkrasından ibarət olan bu kitab «Ömürsün Nasreddin Hocam» adıyla İzmirdə 1965-ci ildə işıq üzü görmüşdür. Lakin buna qədər 1954-cü ildə Sinasi Tekman «Nasreddin Hoca Şiirleri»ni Lefkoşada nəşr etdirmişdir. Bu kitabdakı 21 fıkradan ikisi nağıl şəklində verilmişdir. Fıkralardan birinin adı «Hoca ilə Papazlar» adlanır. Bu fıkrada Hocanın üç papazla mərc qurduğu (sınav) və bu sınaqdan üstün çıxması anladılır. Kitabçada fıkralara Ahmet H.Çizer səkkiz rəsm çəkmişdir. Üz qabığını Bener Hakkı Hakeri hazırlamışdır.
Bundan sonra Bener Hakkı Hakeri Hocanın fıkralarını mənzum şəkildə Lefkoşada nəşr etdirmişdir.
1971-ci ildə Lefkoşada «Nasreddin Hoca və Kıbrıs» adlı kitabça şəkilli nəşr olunmuşdur. Şəkildə Hoca əldə quyruq tutaraq eşşəyi tərsinə minmiş Makariosun bağrından xəncərlənən türk gəncinin, çadırdakı insanların, yanıb külə dönmüş camilərin, partlayan bombaların, tel örgülərin rəsmləri var.
Kıbrısda yaşanılan çarpıklı – tutarsızlıkları Başpiskopos Makariosun kişiligində Hocanın fıkra qəliblərinə tökərək dilə gətirir. Fıkralarda Kıbrısı Yunanıstana bağlamaq fıkri ilə yola çıxan Makariosun 1974-cü il hərəkatıyla gələn ortamda mənzum halda tragi-komik anlamı vardır. Burada əzəli hoca-papaz ikiləmində bu an Nəsrəddin Hocanın qarşısına Başpiskopos Makariosun çıxarıldığını görürük. Tədqiqatçı Kutlu Adalı bu kitabçanın 1989-cu ildə Ankarada düzənlənən Birinci Milletlerarası Nasreddin Hoca Sempoziyumu Bildirilerinin materiallarında müvafiq nümunələrlə vermişdir. Orada verilmiş nümunələrdən birində aşağıdakıları oxuyuruq: «Bizim Kıbrıs adası da tarih boyunca doğuran bir kazandır»! Çerçi Kıbrıs için Akdenizin batmayan uçak gemisi denir ama, aslında o bir doğurğan Nasreddin Hoca kazanıdır. Bu kazanın içine bugüne degin Doğu Akdenize ve Ortadoğuya kimler olmuşsa girmişlerdir.
Ve bu kazanın içinde tencereler doğurmuşlardır!!
Göründüyü kimi, Molla Nasreddin lətifələri son dərəcə geniş bir arealda yayılmışdır. Yeri gəlmişkən qeyd edək ki, bu lətifələr həm də Şimali Qafqazda yaşayan türklər - qaraçaylar, malkarlar və noğaylar arasında «Nasr Xoca» lətifələri adı altında söylənilir. Gələcəkdə biz bu regionlarda söylənilən Molla Nəsrəddin lətifələrinin ideya-məzmun xüsusiyyətlərinə toxunmaq fikrindəyik.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.