Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

Malkar-qaraçay «Nart» qəhrəmanlıq eposu
//Digər Qafqaz xalqlarının «Nart»ları ilə oxşar və fərqli cəhətləri\\

Bu günə qədər Azərbaycan türkoloji ədəbiyyatşünaslığında öyrənilməmiş sahələr sırasında Şimali Qafqazda yaşayan azsaylı türk xalqlarının, o cümlədən, malkar, qaraçay, noğay, qumuxların mifologiyası, epik nümunələri, folkloru, klassik və müasir ədəbiyyatının müxəlif problemləridir. Bunanla belə adları çəkilən bu türk xalqları zəngin epik təfəkkür daşıyıcıları olmaqla, möhtəşəm şifahi yaradıcılıq ənənələrinə malikdirlər. Malkar-qaraçay xalqları mədəni-mənəvi örnəklərinin orijinallığı və özünəməxsusluğu ilə seçilir. Onların sırasında «Nartlar» eposu diqqəti daha çox cəlb edir. «Nartlar»ın yaranması və bu xalqlar arasında mövcudluğu olduqca uzaq keçmişə malikdir. «Koroğlu» eposu türklər və qeyri-türklər, «Nibelunqlar nəğməsi» german xalqları arasında, nə qədər geniş yayılmışdır (9, 153). «Nartlar»da bu gün abazinlər, abxazlar, adıqlar, ostinlər, inquşlar, çeçenlər, kabardinlər, və digərləri özlərinin doğma abidəsi hesab edirlər. Yeri gəlmişkən qeyd edək ki, XX əsrin 60-70-ci illərindən «Nartlar»la bağlı tədqiqat işlərinin genişlənməsi və dərinləşməsi həm də bu eposun Zaqafqaziya versiyalarının olduğunu müəyyənləşdirilmişdi (1, 77). Lakin, fikrimizcə, bununla da eposun yayılma və mövcudluğu arealı bitmiş hesab edilə bilməz. Çünki eposun «Güyerdi» fəslindəki Kubu və Qubu qardaşlarının dağlar qoynu Qubda yaşadıqlarını və təsərrüfat həyatı ilə məşğul olduqlarını nəzərə alaraq, elə bu dastanını bəzi yerlərinin Azərbaycan ərazisindəki Quba ilə əlaqələndirməni də xeyli cəhətləri ilə aktuallaşdırır.
Nartşünaslıqda «Nartlar», «Nart» və «Nartiada» kimi adlandırılır.
Uzun əsrlər ərzində Qafqaz xalqları arasında olan sıx iqtisadi, siyasi və mədəni əlaqələr nəticəsində formalaşmış «Nartiada»nın müxtəlif versiyaları arasında oxşarlıq, ümumiliklər və fərqlər tapmaq mümkündür. Çoxsaylı oxşarlıq və ümumuliklərə baxmayaraq, adı çəkilən Qafqaz xalqlarının hər birinin nart dastanlarının məzmunu və məişət realiyalarına, formasına, poetikasına, uslubuna, ifa olunma manerasına görə (qeyd edək ki, adı çəkilən xalqlarda «Nart nəğmələri» də geniş yayılmışdır) milli folklor ənənələrinə, milli düşüncə tərzinə və milli koloritə söykəndiyi açıq-aydın hiss olunur. Nartların malkar-qaraçay versiyaları Qafqaz lokal özünəməxsus epik ənənəsi ilə yanaşı, həm də türk xalqlarının epik ənənələri ilə üzvü surətdə bağlıdır.
Əgər Qafqaz ənənəsi Qafqaz substartı (əsası) və tipoloji birliklə (vahidliklə) izah olunursa, türk paralelləri tipoloji uzlaşma ilə yanaşı, həm də genetik birlik, etnik və dil qohumluğu, ümumi epik arxaika ilə əlaqədardır. Əgər nartları Orta Asiya türklərinin epik abidələrinin dil-üslub cəhətləri, şeirin ritmikası, intonasiyası və digər xüsusiyyətlər yaxınlaşdırırsa, yaqutların, Altay-Sayan xalqlarının eposu ilə burada üst-üstə düşən məqamlar əsasən bir sıra motvlər, situasiyalar, mifoloji və dini oğraz və təsəvvürlərlə bağlıdır.
Malkar-qaraçay eposu dövrümüzə nəğmə şəklində çatmışdır. Bu ilk növbədə malkar-qaraçay epik ənənələrinin parlaq və aydın xüsusiyyətləri ilə izah olunmalıdır. Eposun şeir-nəğmə formasında mövcudluğu və yayılması çoxsaylı arxaik elementlərin konservasiyasının getdiyini göstərir. Məsələn, malkar-qaraçay xalqlarının mənəvi-mədəni yaddaşında yüksək mövqedə dayanmış və bu xalqların epik ənənələrinin toplayıcısı S. – Ə.Urusbiyev lap qədim zamanlarda Pyatiqorsk dairəsinin Tersk vilayətində yaşayan dağlı-tatarlarda məşhur olan bu eposu qələmə alarkən aşağıdakıları qeyd etmişdi: «…bir nəsildən digərinə şifahi şəkildə keçməklə nart nəğmələri bəzi dəyişikliklərə uğramasına baxmayaraq, bununla belə bu qəbilələrin heç birində uzaq keçmişi bu şəkildə əhatə etmiş rəvayətlər bu qədər dürüst saxlanılmamışdır» (11, 600).
Malkar-qaraçaylarda olduğu kimi Nartiadaya məxsus digər xalqlarda dastanı təşkil edən böyük və kiçik sikllər mövcuddur. Hər sikl öz növbəsində nart qəbilələrinin yer üzündə yaranması ilə bağlı, qəhrəmanların epik həyatının hadisələri və onların həyat müxtəlif mərhələləri (qəhrəmanın doğulması, batırın uşaqlıq dövrü, ilk qəhrəmanlığı, evlənməsi, mifik möcüzələrlə mübarizəsi və s.) həcm etibarı ilə kiçik dastan və nəğmədən ibarətdir. Kiçik sikldən ibarət nart qəhrəmanları dastanları və nəğmələri, onların «epik» tərcümeyi-halı ilə bağlı sujetlər heç də bütün detalları ilə işlənməmişdir. Bununla belə hər sikl müstəqil və tamamlanmış dastanlar qrupu yaratmaqla, digər sikllərlə qarşılıqlı əlaqədədir. Folklorşünaslar belə qənaətdədirlər ki, «Nartiada»nın malkar-qaraçay versiyası kompozisiya baxımından tamamlanmış yetkin əsərdir.
Malkar-qaraçay dastanlarına görə dünyanın əmələ gəlməsi və nartların doğulması məhz Allahların – Yer Teyrisi, Gün Teyrisi, Kek Teyrisi, Suu Teyrisinin fəaliyyəti ilə bağlıdır. Adı çəkilən Tanrıların hamısı nart qəhrəmanlarının taleyində mühüm rol oynamışdır. Malkar-qaraçay «nartlar»ında, «Nartlan jaratılğqanlar» («Nartları yaradanlar») hissəsindən «Teyrile bla nartla» («Tanrılar və nartlar») bölümündən dastanın başlanğıcına müraciət edək: «Kön Teyrisi könö jaratxandı. Jer Teyrisi jerni jaratxandı. Öçönçöqe tenqizle jaratılqğandıla.
Kёk bla jer jaratılqğandan sora gkisini ortasınıda adam ulu jaratılqğandı. Kёk, Kön, Jer, Suu teyrileri onoulaşık, Suu Teyrisi Adam ulusuna i çerqe suuala Berirqe boynuna alqcandı; Jer Teyrisi da ösökde bereketle bitirip aşatırqca adam ulunu keçindirirqe kesine jökqe alqcandı; Kön Teyrisi meyrileni başıdı, onouçisudu: Ol suulanı, kёkleni, jerleni, kğuduretli beqimidi. Kön Teyrisi uçsuz, bujaksız uzakcdadı. Ol kğaynaydı, jayda jerqe kcatı jılıu beredi, bizden jılıuun Ёksözle duniəsına iedi, alanı jılıtadı» (7, 68).
Tərcüməsi:
Gün Tanrısı günəşi yaratdı. Yer Tanrısı yeri yaratdı. Üçüncü dənizlər yarandı.
Tanrı tərəfindən Göy və Yer yaradıldıqdan sonra, onların arasında insanlar yaradıldı. Göy Tanrısı, Gün Tanrısı, Yer Tanrısı və Su Tanrısı məsləhətləşdilər. Su Tanrısı insanlara içmək üçün su, Yer Tanrısı – işıq vermək, Göy tanrısı – yağış göndərməyi qərarlaşdırdılar.
Gün Tanrısı bütün tanrıların başçısıdı. Dünyanı saxlayan odur. Gün Tanrısı hədsiz-hüdudsuz uzaqlıqdadır. O daim qaynayır: yayda öz hərarətini yerə bəxş edir, qışda isə hərarətinin bir hissəsini Öysüzlər dünyasına bəxş edib, onları isindirir.
Nart kişilik və qəhrəmanlıq mücəssəməsidir. Nartlar qorxu nədi bilmir, ölümün üzünə dik baxır. Bu barədə dastanın «Sosurukun doğulması» bölməsində ətraflı danışılır.
Nart qəhrəmanlarının təsviri spesifikası qədim eposun qəhrəmanlıq, epik estetikası ilə bağlıdır. Onların əksəriyyətinin idealizasiyası doğuluşu və uşaqlığı ilə başlayır. Qeyd edək ki, burada nartların bu hissəsini digər türk qəhrəmanlıq eposunun eyni yeri ilə müqayisə etmək olar (məsələn, «Alpamış», «Koblandı-batır», «Şəryar», «Qırx qız» və digər qəhrəmanlıq dastanları ilə burada çoxsaylı oxşarlıqlar tapmaq mümkündür).
1994-cü ildə Moskvada nəşr olunmuş «Nartla. Malckar-kcaraçay «Nart gpos» kitabında nartlar on iki fəsil, 145 bölmədən ibarətdir. Malkar-qaraçay nartlarının fəsilləri və hər fəslin həcmi heç də bir-birinə proporsional deyildir. Məsələn, əgər dastanın birinci «Nartları yaradanlar» fəsli yeddi bölmədən ibarətdirsə, səkkizinci fəsil «Güyerdi» (8, 251) cəmi dörd dördüncü fəsil isə qırx yeddi bölmədən ibarətdir. Bəzi fəsillər, məsələn, dördüncü - bütün əsərin beşdə birini təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, səkkizinci «Güyerdi» fəslinin 117-ci bəndində Kubu və Qubu adlı qəhrəmanların nartlar dövründə yaşamalarından söhbət açılır və qeyd olunur ki, onlar hər ikisi «Kub» yanında yaşayırlarmış. Təxmin etmək olar ki, bəlkə də bu yer elə bu gün Qafqaz dağları qoynunda yerləşmiş Azərbaycanın Quba şəhərinin əraziləridir. Buradaca bildirək ki, nartların yayıldığı regionlar zaman keçdikcə genişlənir, onların sırasına yeniləri daxil edilir. Məsələn, nartların qumux versiyası. Bu baxımdan nartların bəzi rəvayət və hekayətlərinin məhz Quba ərazilərini əhatə etdiyini söyləmək ehtimalı daha da güclənir. Malkar-qaraçay nartlarının tədqiqatçısı T.Tolqurovun fikri də təxminən nartlara bizim münasibətimizlə üst-üstə düşür. O, yazır: «Şimali Qafqazın «Nartlar» eposu çoxsaylı tranzitiv informasiya blokları ilə zəngindir. Bu tamamilə məntiqə uyğundur. Belə ki, bu epik sistemin genezisi müəyyən mənada bir informasiya məkanının digərləri ilə fasiləsiz inteqrasiya olunma prosesini yaşayır» (10, 410).
Malkar-qaraçay nartları «Nartları yaradanlar», «Yerüzmək və Satanay», «Sosuruk// Sosurka», «Debet – Alauqan - Qaraşauay», «Bir neçə qəhrəmana həsr olunmuş nart nəğmələri və dastanları», «Byödene-Raçıkan», «Şırdan və Nöger», «Güyerdi», «Açey oğlu Açemez», «Dağınıq dastanlar», «Nart nəğmələri» və «Nart qəbiləsinin yer üzündən silinməsi»ndən ibarətdir.
Nartlar haqqında təsəvvürlər Qafqaz xalqlarının düşüncəsində gerçəklikdə mövcud olmuş insan təsiri bağışlayır. Malkar-qaraçay ərazilərində onların adı ilə əlaqələndirilmiş yer adları bu gün də mövcuddur. İnsanlar bu yerlərdə müxtəlif mərasimlər, rituallar həyata keçirirlər. Məsələn, Çeğem dərəsində uzun böyük bir daş vardır ki, onu «Nart daş» adlandırırlar. Malkar-qaraçaylar bu daşın üstə təzə doğulmuş körpələri gətirir, qurban kəsir, ehsan verirlər. «Nart daş»da uşaqları çimizdirirlər körpənin oğlan və ya qız olması ilə bağlı özünəməxsus nəğmələr, ainlər oxuyurlar. Bir sözlə, nart adı ilə malkar-qaraçaylarda xalqın mənəvi mədəniyyəti, hərbi mübarizəsi, mərdliyi, qəhrəmanlığı, xalq müdrikliyi, atalar sözü, zərb məsəlləri, aforizmlər assosiasiya olunur. Təsadüfi deyildir ki, malkarlar və qaraçaylar atalar sözünü elə «Natr sözle» (6, 104) adlandırırlar.
«Nart» sözünün mənasına gəldəikdə isə müasir malkar-qaraçay dilində bu söz nəinki «nart», həm də «qəhrəman», «batır», «qoca», «qədim» kimi assosiasiya olunur. İxtiyar malkar-qaraçay qocaları o biri dünyanı «nart dünyası» adlandırırlar. Onların təsəvvürlərinə görə nartlar yaşanyan dövrlərdən insanlara kömək edər, yer üzündə sülh və əmin-amanlığı qoruyarlarmış. Nartlar daim ölülər dünyasından bu fani dünyaya baxar, onları hər hansı bədbəxtlik bürüyəndə gözlər, qoruyarlarmış. Hətta «Nartların diriməsi» dastanında söylənilir ki, «nartların müqəddəs ruhu qartallara, qarğalara və müxtəlif vəhşi heyvanlara dönüb aulları gəzər və insanları qarşıdan gələn bədbəxtlikdən xəbərdar edərlərmiş».
Malkar-qaraçay nartları ilə yaxından tanış olduqda biz digər xalqların nartları ilə xeyli ümumi cəhətlərlə rastlaşırıq. Burada ən başlıca yaxınlıq dastanların əksəriyyətində rastlaşdığımız əsas qəhrəmanlar və süjet xəttindəki oxşarlıqdır. Onların spesifik cəhətlərinə gəldikdə isə hər bir xalqa məxsus versiyada qəhrəmanın hansı yer tutduğu, hansı funksiyanı yerinə yetirdiyi, siklizasiyanın özünəməxsusluğu, bədii ifadə vasitələrinin fərqliliyini görürük.
Malkar-qaraçay nart qəhrəmanlarından danışan tanınmış folklorşünas, maarifçi-yazıçı S.-Ə.Urusbiyev eposla bağlı XIX əsrin 80-cı illərində yazırdı: «Nartlar çətinlik və məhrumiyyətlərdə bərkimiş qeyri-adi qüvvəyə və nəhəng qamətə malik xalq idi. Onlar bütün həyatını qənimət əldə etmək məqsədi ilə təhlükə altda qoymaqla, sərgüzəştlər axtarmağa, çortuullar adlanan gəzintilərə həsr etmişdilər. Nartlar təhlükəsiz və çətinliksiz ələ keçirilmiş heç bir şeyi qəbul etmirdilər… onlar elə sərgüzəstlər axtarırdılar ki, orada bütün şücaətlərini və güclərini nümayiş etdirə bilsinlər. Çortuullardan asudə vaxtlarda isə onlar şənliklər təşkil edər, batır oyunları və nəğmələrə meydan verərdilər» (11, 600-601). Nartlar qəhrəmanlıq və cəngavərlik simvoludur. Nar qəhrəmanlarının təsviri spesifikasında qədim epik qəhrəmanlıq estetikası ilə sıx bağlılığı görməmək mümkün deyildir. Burada idealizasiya qəhrəmanın doğulması və onun uşaqlıq dövrünün təsviri ilə səciyyələnir.
Müxtəlif milli versiyaların spesifikası özünü əsasən dastanda qəhrəmanın hansı aparıcı yeri, hansı funksiyasını yerinə yetirməsi, necə xarakterizə olunması hansı mərhələləri ilə seçilməsi və versiyanın hansı bədii-ifadə vasitələri ilə zənginliyi ilə bağlıdır. Malkar-qaraçay eposunda Satanay, Yerüzmək, Sosruk, Debet, Alauqan, Qaraşauay, Bödən və Raçikau dastanları qəhrəmanların adları ilə bağlı olmaqla, burada daha üstün mövqedə dayanır.
Nartlarda hər dastan müstəqil süjet xəttinə malikdir. Dastanların ayrı-ayrı hissələri arasında səbəb-məqsəd əlaqələri mövcud deyildir: bu və ya digər batırın «epik biografiyası»ndan olan müxtəlif epizodlar dastanda heç də mütləq məntiqi ardıcıllıqla izah olunmur və eyni zamanda konkret batıra həsr olunmuş dastanların heç də hamısı ifa edilib söylənilmir. Bütün sikllər üçün ümumi yalnız qəhrəmanın özüdür. Bu xüsusiyyət əksər xalqların nart eposu qəhrəmanları üçün səciyyəvidir.
Malkar-qaraçay «Nartiada»sının digər xalqların eyni adlı eposu ilə müqayisəsi zamanı bir sıra maraqlı məqamlara diqqət yetirək. Məsələn, osetin versiyasında biz Tlepş adlı qəhrəmanla rastlaşırıq. Elə buradaca qeyd edək ki, Tlepş /Telepinu/ qədim hett dastanlarının qəhrəmanlarından biridir. Bu resepsiya osetinlərin sak-sarmat-massaqet tayfaları, qədim şumerlər və hettlərlə əlaqələrinə dolayısı ilə olsa da sübutdur. Malkar-qaraçay dastanlarında isə nədənsə biz Tlepşlə rastlaşmırıq. Lakin bu heç də o demək deyil ki, malkar-qaraçaylarda sak-sarmat-massaget izlərini
Malkar-qaraçay nartlarının Debet, Alauqan və Qaraşauay və «Nariada»nın digər versiyalarının müqayisəli təhlili göstərir ki, Debet və Alauqan haqqında nəğmə və dastanlar yalnız malkar-qaraçaylarda mövcuddur. Bu siklin ənənəvi epik detalları, onların özünəməxsusluğu digər türk-monqol xalqlarının dastanları ilə paralellər aparmağa imkan verir. Malkar-qaraçay nart eposundakı obrazlar sistemində Yerüzmək və Satanay başlıca mövqedə durduğu halda adıq eposunda Yerüzməyə son dərəcə passiv rol verilir. Onun adı dastanda son dərəcə az çəkilir. Odur ki, adıq eposunda «Ozırmes tamailə boz fiqur kimi»dır. Osetin eposunda isə Urızmaq nəhəng qəhrəman olmasına baxmayaraq, daim bədbəxtliklər içində və qocalıb əldən düşmüş kimi təsvir olunur.
Malkar-qaraçay nart dastanında Satanayın mədəni-sivil rolu və funksiyası daha parlaq verilir. Belə ki, o, nart qadınlarını toxumaq, tikmək, çörək bişirmək, digər işləri görmək, toxucu dəzgahı düzəltmək, əl dəyirmanı yaratmaq və s. tanış edir. Satanay malkar-qaraçay eposunda digər milli versiyalarda olduğu kimi məftunedici təsir bağışlayır. Çünki Satanay nəinki özü digər obrazlara çevrilə bilir, həm də bəzi əfsunlar oxumaqla bunu digərləri ilə də edir.
Malkar-qaraçay eposunda Yerüzməkdən başqa nartların hamısı düşmənlərlə mübarizədə məkr və hiyləgərlik işlətməklə öz əfsunçu bacarıqlarını nümayiş etdirir (7). Bəlkə də bu ondan irəli gəlir ki, bütün bu funkisyaları Satanay yerinə yetirir və lazım gəldikdə Yerüzmək ondan istifadə edir. Buna görə də Yerüzmək əksər hallarda düşmənləri üzərində qazandığı qələbəni məhz öz müdrik və tədbirli arvadına görə əldə edir. Satanay bu funksiyasını digər milli versiyalarda da yerinə yetirir. Məsələn, abxaz eposunda Satanay-Quaşa bədbəxtliyini görmür, əvvəlcədən hiss edir. Osetin dastanlarında isə onun peyğəmbərlik bacarığı özünü o qədər də nümayiş etdirmir. Osetin, abxaz, adıq versiyalarından fərqli olaraq, malkar-qaraçay eposunda Satanay ölməzdir (8,414-415). Dastanlarda Satanayın Yerüzməyin və nartların ardınca səmalara uçduğu qeyd olunur.
Sosuruk haqqında malkar-qaraçay siklini nəzərdən keçirdikdə Sosurukun doğulması zamanı Satanayın hərəkətləri özünəməxsus şəkildə izah olunur. Belə ki, Sosuruku Daş arasından çıxara-çıxara və onun göbəyini kəsə-kəsə, Satanay ritual yerinə yetirə-yetirə Göy Tanrısına, Yer Tanrısına, Su Tanrısına, Od Tanrısına müraciət edərək deyir: «Onu əsl nart edin, qoy ona nə qılınc, nə də oxa toxunmasın! Qoy o daim düşmənlərinə qalib gəlsin!».
Sonra Satanay yeddi dağın bulağından su götürüb onunla körpənin ağzını yaxalayır və deyir: «Bu yeddi dağ sənin anandır, mən onların südü ilə sənin ağzını yaxaladım». Sadaladığımız bu motivlər də yalnız malkar-qaraçay dastanları üçün xarakterikdir.
Sosuruk siklinin (malkar-qaraçay versiyası) digər xüsusiyyəti Sosurkun batır qüvvəsinin geniş təsviridir ki, bu onda özünü uşaqlıqdan göstərməklə başlayır.
Nartların müxtəlif versiyalarında qəhrəmanların müxtəlif tipli emosiya və hissləri ifadə olunur. Onlar poetik dilin şifahi sabit xalq elementləri kimi nəzərdən keçirilir. Bu obrazlı ifadələr xüsusi məna çalarları daşıyır və daim epik kontekstlə orqanik əlaqədə olur.
Türk xalqlarının epik dastanları, məlum olduğu kimi, nəzmlə nəsrin birləşməsini, uyğunlaşmasını özündə əks etdirir. Malkar-qaraçay nartları da bu baxımdan istisna deyildir. Türk eposu dastançıları epik şeir, onun ənənəvi obrazlılığı, ölçüsü, qafiyəsi və digər cəhətlərə daim üstünlük vermişlər. Nartların malkar-qaraçay versiyasında ənənəvi üslub elementləri mətnə daxil edilir. Və məhz bu cəhət də nartların malkar-qaraçay versiyasını digər versiyalardan fərqləndirir.
Qeyd edək ki, hələ XX əsrin 30-cu illərindən başlayaraq Kabardo-Malkar Elmi-Tədqiqat İnstitutunda «Kabardin folkloru» kitabının nəşrinə başlanılmışdı və bu dövrdə kabardin-malkar folklorşünasları, tədqiqatçıları müxtəlif ərazilərə ekspedisiyaya getmiş, dastançı-söyləyicilərlə görüşmüş, qoca söyləyicilərin konfransını təşkil etmişlər. Nart eposunun tərtibçiləri burada adıq eposunun da əsrin əvvəllərindən yazıya alınmasını da nəzərdən qaçırmamış, eposun oxşar və fərqli cəhətlərinə diqqət yetirmişdir (9).
Ümumiyyətlə, malkar, qaraçay, osetin, adıq, çeçen və inquşların nart dastanları hələ XX əsrin 20-ci illərinə qədər nəinki bu xalqların ana dillərində mövcud olmuş, həm də rus tərcümələrində ayrı-ayrı hissələrdə nərş olmuşdur. Onların rus tərcümələri isə heç də bir-birinə bərabər deyildir. Məsələn, malkar-qaraçay eposu S. – Ə.Urusbiyev, A.N.Dyaçkov – Tarasov, S.P.Tulçinski mətni əsasında, çeçen-inquş eposu Ç.Axriyev, T.Elderxanov, B.K.Dalqat yazıya almaları əsasında aparılmışdır.
Nart dastanlarında hər bir dastan müstəqil süjet xəttinə malikdir. Dastanlar öz aralarında səbəb-məqsəd əlaqələri ilə birləşmir: bu və ya digər batırın «epik tərcümeyi-halının» müxtəlif epizodları heç də dastanlar söylənildikdə sərt və ciddi məntiqi əlaqə ardıcıllığı ilə izah olunmur. Bütün sikllər üçün ümumi yalnız qəhrəmanların özünün çıxış etməsidir. Yeri gəlmişkən qeyd edək ki, mətndə belə volyuntarizmə yol verilməni biz qazax qəhrəmanlıq eposu «Koblandı-babır» da da görə bilərik.
Nart dastanlarının adları çəkilən xalqlar üçün mühüm xüsusiyyəti, «Nartiada»nın dəyərli və ardıcıl tədqiqatçısı A.Əliyevanın fikrincə bütpərəstlik allahları haqqında hekayətlərdən təşkil olunmasıdır. Məsələn, malkar-qaraçay eposunda bu Debetdirsə, osetinlərdə Kurdalaqon, adıqlarda Tlepş, abxazlarda – Aynar-ijiydir. Qeyd etmək yerinə düşər ki, biz Tlepşlə (Telepinu kimi) həm də hettlərin Allahlar panteonunda rastlaşırıq və, heç şübhəsiz ki, bu tamamilə fərqli bir mövzunun söhbətidir. Bununla belə əgər tədqiqatçılar nartların yaranmasını olduqca əski dövrlərlə – matriarxatla, Qafqaz xalqlarının etnik tərkibinə sak-sarmat – massaget tayfalarının köçüb gəlib məskunlaşması ilə bağlayırsa, deməli, müasir Anadolu, Suriya ərazilərində yaşamış hettlərin eposun hansı hissəsinəsə təsirindən, yaxud dastanın müxtəlif məqamlarının onlardan qaynaq almasından da danışmaq olar.
Bütün xalqların nart qəhrəmanları üçün nağıl süjeti geniş yer tutur. Məsələn, qəhrəman bir şallaq dəyməklə itə, ya eşşəyə çevrilir. «Nart» dastanlarına malik bütün xalqların hətta nartlarla bağlı lətifələri də mövguddur və s.
Sosuruk siklindəki «Eməgənin mədəsi» dastanında bir neçə süjetlər vardır ki, onlar yalnız malkar-qaraçay eposu üçün xarakterikdir. Məsələn, Sosuruk və adamyeyən hörümçəklər dastanında Sosuruk insanları yeyən iri hörümçəklərdən nartların xilasedicisi kimi çıxış edir. Sosuruk «Üç nart və üç eməgən» dastanında məhz çoxbaşlı emegənlərin məhvedicisi kimi diqqəti cəlb edir.
Malkar-qaraçay eposunda Raçıkan silkində (osetinlərdə Bedzenrqin oğlu Araxsau, adıqlarda Pşi Badıkoko, abxazlarda Narcxeu) bir neçə nart nəğmələri və dastanları vardır. Malkar-qaraçay eposunda Raçıkan nəhəng nart kimi təsvir ounmaqla, nart çaylarını qurudan yeddibaşlı emegənlə mübarizə aparır və qalib gəlir (bax: «Nart Raçıkan»), nart Raçıkan bir dəfəyə dörd kisə undan bişirilmiş çörəyi, yeyir, qırx igidin güclə qaldırdığı küpədəki suyu bir dəfəyə içir və s. Raçıkan malkar-qaraçay eposunda digər nartlardan istahalıdır. O, batırlıqda da, rəqsdə də onlardan yüksəkdə dayanır. Bu cəhətdə malkar-qaraçay versiyasını digər versiyalardan fərqləndirir.
Malkar-qaraçay eposunda «yerli» qəhrəmanların adı ilə bağlı dastanlar vardır. Gülahsırtan, Sozar, Şırdan, Nöger, Güyerdi, Bora-batır və b. bunlara misaldır.
Bu dastanların başlıca xüsusiyyəti ənənəvi motivlərin türk-monqol aləmi ilə əlaqəsini göstərir. Malkar-qaraçay eposunda iki epik ənənənin (ümumiqafqaz və türk-monqol düşüncə tərzinin) mövcudluğunu nart qəbilələrinin taleyini təsvir edən dastanlarda görə bilirik.
Bundan başqa malkar-qaraçay eposunda elə orijinal özünəməxsus nəğmə və dastanlar vardır ki, onların Nartiadada digər milli versiyalarda paralellərinə rast gəlinmir. Onlar əsasən epikanın arxaik qatlarına aid olmaqla, bu xalqların antropomorfik və dini-təsəvvürləri ilə bağlı olub XIX əsrə qədərki dövrdə ibtidai icma forması ilə xristianlığın mövcud olduğunu göstərir.
Malkar-qaraçaylar da digər türk xalqları kimi oda, suya, səmaya, səma cisimlərinə, heyvanlara, ağaclara, daşlara sitayiş etmişlər və onların təsəvvürüncə hər bir hadisə, predmet öz Tanrısına malikdir. Bütün onlar nart eposunda öz müfəssəl əksini tapmışdır.
Malkar-qaraçayların əcdadları, məlum olduğu kimi, türk olduqlarından onlar da Tanrı şərəfinə qurbanlar kəsirdilər. Qeyd edək ki, Qam-şaman ənənələrinin daşıyıcıları olan Sibir türklərində bu cəhət, bu xüsusiyyət bu gün də saxlanılmaqdadır. Bu ayinlər yerinə yetirildikdə Sibir türkləri kimi, malkar-qaraçay türkləri də Tanrını köməyə çağırır və sanki bununla nartlar bildirmək istəyirlər ki, onların damarında axan qan da Tanrı qanıdır və nartların özü isə Tanrı bədəninin bir hissəsidir.
Malkar-qaraçay dastanlarında nartların emegenlərlə mübarizəsi bir neçə süjetdən ibarətdir. Bu məqamları «Nartiada»nın malkar-qaraçay versiyasının tanınmış tədqiqatçılarından biri T.M.Hacıyeva daha dürüst aydınlaşdırmışdır. O, burada:
«Emegenləri od və suyun qoruyucuları; nartların emegenlərlə təsadüfən görüşməsi; nartların emegenlərlə əvvəlcədən görüş axtarması; nartların yoxluğundan istifadə edən emegenlərin onların ölkəsinə yürüş etməsi və qəzəblənmiş nartların öz daimi düşmənlərinə qalib gəlməsi»ni (12,38) qeyd edir. Bununla belə bir məqamı da qeyd etmək lazımdır ki, malkar-qaraçay eposunda digər milli versiyalardan fərqli olaraq emegenlərin zahiri görünüşü, onların yaşadığı yerlər, məşğuliyyətləri, əmək alətləri, emegenlərin nəhəngliyi, onların fantastik boyu-buxunu, kannibalizmi və d. xüsusiyyətləri daha qabarıq təsvir olunur. Osetin, adıq, abxaz, vaynax versiyalarından fərqli olaraq emegenlərin malkar-qaraçay nart eposunda nəhəngliyi olduqca fərqlidir.
Adıq xalqlarının qəhrəmanlıq eposunu dərindən araşdıran tədqiqatçı A.İ.Əliyeva nartların janrına və tarixi müxtəlifliyi probleminə toxunarkən haqlı olaraq aşağıdakıları qeyd edir: «…nart eposunun süjetləri cəm halda qəhrəmanlıq-fantastik hadisələri, epik-fantastik şücaətlər aləmini əks etdirir. Qəhrəmanlıq-arxain mühiti eposun süjetinin özünəməxsusluğunu müəyyənləşdirməklə, nəinki nartların mifoloji nəhənglərlə, yaxud özgə yerlərdən gələnlərlə ziddiyyətlərini, həm də tayfadaxili çəkişmələri göstərir. Ümumiyyətlə, nart eposunun süjetkasının xarakteri qəhrəmanların tipologiyasına cavab verir. Qədim süjetlərə daxil olmuş sosial kolliziya elementləri buraya açıq-aydın şəkildə sonradan gəldiyini sübut edir»(2,240).
Beləliklə, qeyd etdiklərimiz bir daha təsdiq edir ki, «Nartiada»nın malkar-qaraçay versiyası özünəməxsus yetkin kompozisiya – məzmun xüsusiyyətlərinə məxsus olmaqla, bir tərəfdən, sırf türk-monqol atributları ilə zəngindirsə, digər tərəfdən, bu dastan Şimali Qafqaz arealında formalaşdığından, həm də nartların osetin, adıq, abxaz, vaynax və digər versiyaları ilə oxşarlıqlara, yaxınlıqlara və eyniliklərə malikdir. Bu yaxınlıqların, ayrılıqların müxtəlif tərəflərini dərindən öyrənmək isə folklorşünasların qarşısında duran problemlərdəndir. Təəssüf ki, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda malkar-qaraçay mədəniyyəti və ədəbiyyatı haqqında təsəvvürlər olduqca zəif olduğu kimi, malkar-qaraçay eposu, şifahi xalq ədəbiyyatı haqqında məlumatlar da yox dərəcəsindədir. Folklorşünas və tədqiqatçılarımızın bu sahəyə diqqət yönəltməsi, türk xalqlarından özünəməxsus mədəni-mənəvi dəyərlər daşıyıcısı malkar-qaraçayların folklorunun və ədəbiyyatının öyrənilməsini daha da aktuallaşdırır. Bu əlaqələrin inkişaf etdirilib genişləndirilməsi haqqında 2007-ci ildə Azərbaycanın paytaxtı Bakıda düzənlənən dünya türklərinin XI İşbirliyi qurultayında xüsusi olaraq danışılmışdır.

Ədəbiyyat:

1. Alieva A.İ. Antoloqiə gposa blizkorodstvennıx narodov – Folğklor: izdanie gposa. – M; Nauka, 1977.
2. Alieva A.İ. Janrovo – istoriçeskie raznovidnosti qeroiçeskoqo gposa adıqskix narodov. – Tipoloqiə i vzaimosvəzi folğklora narodov SSSR. – M; Nauka, 1980.
3. Alieva A.İ. İz istorii izdaniə adıqskoqo nartskoqo gposa. – Tekstoloqiçeskoe izuçenie gposa. – M; Nauka, 1971.
4. Qaqloyti Ö.S. – Nekotorıe voprosı istorioqrafii nartskoqo gposa. – Üxinvali, 1977.
5. Mifı narodov mira, T.2.- M, 1982.
6. Literatura narodov Karaçaev – Çerkesii. Çastğ pervaə. – Çerkessk, 1999.
7. Nartla. Malckar-kcaraçay nart gpos. – M; Vostoçn. lit., 1994.
8. Nartla. Malckar-kcaraçay nart gpos.
9. Tağısoy (Məmmədov) N. Balkar-qaraçay «Nart» qəhrəmanlıq eposu
(Digər Qazqaf xalqlarının «Nartlar»ı ilə oxşar və fərqli məqamları) – Müqayisəli ədəbiyyat. «Ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər» - //Beynəlxalq elmi konfransın materialları. 21-22 noyabr 2008. - Bakı, 2008.
10. Tolqurov T. Tranzitivnaə informaüiə gpiçeskoqo teksta i eqo interpretaüiə. - «Ortaq türk keçmişindən ortaq türk gələyinə» IV Uluslararası folklor konfransının materialları. 1-3 noyabr 2006. – Bakı, 2006, məcmuəsində
11. Urusbiev S. – A.Skazaniə o nartskix boqatırəx u tatar-qorüev Pətiqorskoqo Terskoy oblasti /Neskolğko slov ot sobiratelə i perevodçika/. - Nartla. Malckar-kcaraçay nart gpos. – M., Vostoçn. lit., 1994.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.